Azərbaycan ilə Mozambik arasında müxtəlif sahələrdə

 əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Afrika regionuna səfəri çərçivəsində Mozambik Respublikasında rəsmi səfərdə olmuşbu ölkənin xarici işlər naziri Oldemiro Baloi ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Mozambik arasında siyasi, iqtisadi, mədəni, təhsil və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilmiş və qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və problemin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barəsində məlumat verən Elmar Məmmədyarov münaqişə nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal edildiyini və bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirmişdir.

Nazir BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnamənin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini və işğalçı ölkənin öz təcavüzkar siyasətini bu gün də davam etdirdiyini diqqətə çatdırmışdır.

Elmar Məmmədyarov təhsil, neft-qaz və digər sahələrdə Mozambik mütəxəssislərinin hazırlanması, təcrübə mübadiləsinin aparılması və "ADA" Universitetində Mozambik diplomatlarının və digər peşə sahiblərinin təhsil almalarının mümkünlüyünü bildirmiş və Mozambikin xarici işlər naziri Oldemiro Baloiyini Azərbaycana səfərə dəvət etmişdir.

Dəvəti məmnuniyyətlə qəbul etdiyini deyən Oldemiro Baloi Elmar Məmmədyarovun Cənubi Afrika regionuna və Mozambikə səfərinin region və ölkəsi üçün xüsusi siyasi əhəmiyyət daşıdığını qeyd etmişdir.

O, yerləşdiyi regionda mühüm rola və dinamik iqtisadiyyata malik olan Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu bildirmiş və bu xüsusda ikitərəfli hüquqi bazanın yaradılmasının vacibliyini vurğulamışdır. O.Baloi Mozambikdə həyata keçirilən infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı və ölkəsinə Azərbaycan sərmayələrinin cəlb edilməsində maraqlı olduqlarını vurğulamışdır.

 

Azərbaycan.-2014.- 25 fevral.- S.2.