«ADA» Universiteti ilə İqtisadiyyat və Sənaye Nazirliyi
arasında əməkdaşlıq
haqqında memorandum imzalanmışdır
"ADA" Universiteti ilə İqtisadiyyat və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.
İqtisadiyyat
və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, sənədi xarici işlər nazirinin
müavini, "ADA" Universitetinin rektoru Hafiz Paşayev və
iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev
imzalamışlar.
Memorandumda
"ADA" Universiteti ilə İqtisadiyyat və Sənaye
Nazirliyi arasında bir sıra istiqamətlər üzrə əməkdaşlıq
məsələləri əksini tapmışdır. Belə ki, "ADA"
Universitetində yaradılacaq İnnovasiya
Laboratoriyası və İqtisadiyyat və
Sənaye Nazirliyinin müvafiq
strukturları kiçik və orta sahibkarlığın inkişafını
dəstəkləyəcək biznes inkubatorunun formalaşdırılması üçün təcrübə mübadiləsi
aparacaq və nazirliyin
biznes inkubatorları ilə
qarşılıqlı əməkdaşlıq həyata
keçiriləcəkdir. Sənədə uyğun olaraq, tərəflər
Sumqayıt Kimya Sənaye Parkının,
digər potensial iqtisadi
zonaların marketinq və brendinq
strategiyalarının, habelə ölkənin qeyri-neft
sektoruna birbaşa xarici investisiyaların cəlb olunması
konsepsiyasının hazırlanmasında, eyni
zamanda, "ADA" Universitetinin
Biznes İnstitutu (School of Business)
və nazirliyin Bakı Biznes Tədris Mərkəzi sahibkarlar
üçün təlimlərin
keçirilməsi, təlim strategiyasının təkmilləşdirilməsi,
tələbələr arasında innovasiya
müsabiqələrinin təşkili istiqamətində əməkdaşlıq
edəcəklər.
Memorandumda
həmçinin nazirliyin İqtisadi İslahatlar Elmi-Tədqiqat
İnstitutu və "ADA" Universiteti tərəfindən
İqtisadi Əməkdaşlıq Təşkilatının
İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətinin dəstəkləməsi,
birgə elmi-praktik konfransların, biznes forumların və digər
müştərək tədbirlərin keçirilməsi,
elmi-tədqiqatların aparılması nəzərdə
tutulur.
Azərbaycan.-2014.- 25 fevral.- S.3.