DSMF-də Xocalı soyqırımı ilə bağlı tədbir keçirildi

 

Dünən Dövlət Sosial Müdafiə Fondunda (DSMF)  Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş səhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələrin Azərbaycanın tarixinə qanlı hərflərlə yazıldığını vurğulayıb.

Bildirib ki, o gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının döyüş texnikasının və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum edərək dinc əhalisinə amansızcasına divan tutmuşlar. Aylarla blokadada qalaraq zəifləmiş Xocalı şəhərinin müdafiəçiləri sayca onlardan qat-qat çox olan, təpədən-dırnağa qədər silahlanmış ermənilərin hücumunu dəf  edə bilməmişlər.

Elman Mehdiyev Xocalı soyqırımının qanlı statistikası barədə də açıqlama veribqeyd edib ki, hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülərək çox ağır işgəncələrə məruz qalıb, 150 nəfərin taleyi hələ də məlum deyil. 8 ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə -azərbaycanlı olduqlarına görə amansızcasına öldürülmüş, işgəncələrə məruz qalmış və şikəst edilmişlər.

DSMF-nin sədri daha sonra qeyd edib ki, Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanmışdır. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı "Xocalı soyqırımı günü" elan edilmişdir. Ümummilli lider Heydər Əliyev bildirmişdir ki, bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində vəhşilik aktıdır. Bu soyqırımı bəşəriyyətə qarşı tarixi cinayətdir.

Tədbirdə Xocalı soyqırımının beynəlxalq aləmdə soyqırımı aktı kimi tanınması istiqamətində Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticələri, həmçinin 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyasının əhəmiyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, bu kampaniyanın nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri "insanlığa qarşı kütləvi cinayət" kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb. PakistanMeksika parlamentləri də bu qırğının soyqırımı aktı kimi tanınması haqqında qətnamələr qəbul ediblər.

O da vurğulanıb ki, ermənilərin məlum təcavüzü nəticəsində Xocalıda əlil olan, ailə başçısını itirən soydaşlarımız dövlətimizin hərtərəfli sosial qayğısı ilə əhatə olunmuşlar. Onlara verilən pensiya və müavinətlərin məbləği ilbəil artırılır.

Anım mərasimi Xocalı soyqırımından bəhs edən "Sözün bitdiyi zaman" sənədli filminin nümayişi ilə başa çatıb.

 

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2014.- 25 fevral.- S.5.