Xocalıda sönən çıraqlar
Respublikamızın əksər bölgələrinə səpələnmiş xocalılılardan bir zamanlar cənnət-məkan sayılan, sonralar qaçqın-köçkün sığınacağına çevrilən Hacıkənd qəsəbəsinə də pənah gətirənlər az olmayıb. Əsasən də kəndlərdən olan xocalılılar 22 ildir ki, burada yurd həsrətli, torpaq itkisinin ağrı-acısını yaşayan digər qarabağlı, göyçəli, laçınlı, kəlbəcərlilərlə qaynayıb-qarışıb. Sən demə, dərd, ağrı insanları bir-birinə daha tez yaxınlaşdırırmış. Buradakı dərdli-naləlilərin çəkdiyi qəm şələsi daş-torpaq ağırlığında, dodaqları bayatı-ağılı, sinələri isə övlad dağlıdır.
Əlif Hacıyevin son kəlmələri,
yaxud hava telefonunun qəfil susması
Xocalının istər mühasirə
illərində, istərsə
də son günlərində
düşmənlə üz-üzə
dayanan ağsaqqallarından
biri də vaxtilə Kosalar kənd sovetliyinin mühasibi işləmiş, 22 ildir ki, Hacıkənddə ötən illərin acılı-şirinli xatirələrini
yaddaşına yumaq kimi sarıyan Kamran Məmmədovdur. Azərbaycanın Milli Qəhrəmanı Əlif
Hacıyevin o müdhiş gecə son kəlmələrini eşidən
və hönkürtüsü
heç yana yetməyən müdrik el
ağsaqqalı Qarabağın
bir parçası olan Xocalının sanki canlı ensiklopediyasıdır: "Kosalar
700 illik tarixə malik qədim türk kəndidir. O, ilk sakinlərindən birinin -
Hacı Avazın adını (ona kosa Avaz da
deyirmişlər) daşıyır.
Kosaların adlı-şanlı kişiləri bolşevizmə
və erməni daşnaklarının çirkin
niyyətlərinə qarşı
olublar. İgidliklərindən
nağıl-dastanlar danışılan
Qaçaq Mahmudun, Kosalar, Ballıca, Xan bağı, Xanəzək və digər kəndlərdə
böyük mülkləri
olmuş Məhəmməd
ağanın doğulduğu kənd kimi tanınıb. Ötən əsrin otuzuncu illərinin repressiyası bu kənddən də yan keçməyib.
25 nəfər repressiyanın qurbanı olub - güllələnənlərdən
savayı neçələri
də Sibirə ömürlük sürgün
ediliblər. 1941-45-ci illər müharibəsi də bu kəndin
oğullarını əlindən
alıb.
Müharibəyə aparılmış 122 nəfərdən 71-i cəbhədən
qayıtmayıb. Qayıdanlar
isə şikəst, əlil və yaralılar olub".
Kosalar Dağlıq Qarabağın
azərbaycanlılar yaşayan ən sonuncu işğal edilən yaşayış
məntəqəsi olub.
Kəndin 18 nəfər
şəhidi olduğunu
deyir Kamran Məmmədov: "...Xocalının
yer üzündən silinməsindən sonra o ərazilərdə azərbaycanlıların
yaşadığı kənd-kəsək
hər saat atəş altında idi. Ona görə də
kəndlərdə özünümüdafiə
dəstələri yaratmışdıq.
Özüm də silah götürmüşdüm. Postları yiyəsiz qoya bilməzdik. Kosalar camaatı Şuşanın
işğalından bir
gün sonra, yəni 9 may 1992-ci il tarixində kəndi məcburi şəkildə tərk etməli oldu. Şuşa artıq erməni
qoşunlarının əlində
idi".
O, Məhəmməd Şükürovun
"Xocalı: daş
yaddaşım, qan yaddaşım" kitabını
vərəqləyib əlavə
edir ki, nə yaxşı əli qələm tutan vətənpərvərlər
faciəli günlərin
gələcək nəsillərə
çatdırılmasına çalışırlar. Dövlət başçısı
İlham Əliyev xalqımızın
yaşadığı faciələrin
tarixini yazıb gələcək nəsillərə
çatdırılmasının vacibliyini bildirib. Ermənilərin vandallığını,
insanlığa yaraşmayan
hərəkətləri dünya
xalqlarına da çatdırılmalıdır: "Kosaların da tarixi, o müdhiş illərdə və son günlərində yaşayıb,
düşmənlə necə
döyüşdüklərindən az
yazılmayıb. Əlbəttə,
erməni-rus hərbi birləşmələrinə qarşı
mətinliklə
qəhrəmanlıqla döyüşüb şəhid
olandan sonra "Azərbaycan Respublikasının
Milli Qəhrəmanı"
fəxri adına layiq görülən Tabil Qasım oğlu Həsənovun, Natiq Elyas oğlu
Əhmədovun, Möhsün
Şahin oğlu Məmmədovun, eləcə
də "Azərbaycan
Bayrağı" ordeni ilə təltif edilən Xəzani Kərəm oğlu Əsgərovun, ümumiyyətlə,
torpaq, yurd, Vətən uğrunda canlarından keçən
şəhidlərimizin şərəfli
ömür yollarının
örnəyə çevrilməsi
üçün onların
haqqında yazılmalıdır.
Bu, həm də
bizim müsibətlərimizin
qanlı salnaməsidir.
Kəndimizin beş oğulu (Sərvər Məmmədov, Mahir Abdullayev, Eldar Rüstəmov, Rasim Ağayev və Ramiz Həsənov) isə şəhid olduqdan sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Xocalının mühasirə illərindən
Kosalar kənd məktəbində qərargah
yaradılmışdı. Xocalı odlara
qalanan gecə qərargahda mən idim. Hava telefonunda Qarabağın igid, cəsur oğlu, Azərbaycanın
Milli Qəhrəmanı
Əlif Hacıyevin
səsini eşitdim. Haray çəkirdi, Xocalıya
kömək istəyirdi.
Gecə saat 12-ni keçmişdi.
O, Xocalının od tutub yandığını
bildirir, hücumun qarşısını kəsmək
və ləngitmək üçün
Həsənabad və
Xankəndinin hədəfə
alınmasını istəyirdi.
Canhəsən postunda bir topla, qrad qurğusu
var idi. O gecə Əlif Hacıyevin hava telefonu ilə "sizdən də bizə kömək olmadı..."-harayı Ağsu aşırımındakı milis
postunda da eşidildi. Qəhrəman, igid komandirin
sonuncu kəlmələri
də Xocalıya kömək göstərilməməsini
təsdiqləyirdi. Xocalı
təklənmiş, yerdən-göydən
əli üzülmüş
xocalılılar kimi,
o gecə sonuncu harayını eşitdirdi
Əlif Hacıyevin səsində, təəssüf
ki, susduruldu...".
Bir başa iki qapaz: azğın düşmənin qəzəbi
və əzabı
Hacıkənddə Xocalı rayonu Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Şahid Rzayev o faciədə az qala kökü kəsiləcək ailələrdən daha birinin sığındığı
ünvanı göstərdi.
Doqquz nəfərlik ailədən o gecə "salamat" çıxan Xalidə və qardaşı Rauf Qəmbərovlar olublar. Xalidə Qəmbərova ilə
Xocalının tarixini
özündə əks
etdirən Yaloba kənd tarix-diyarşünaslıq
muzeyində görüşdük.
Dərd
insanı tez
dilləndirər, amma
bir nəslin yadigarı olan Xalidə Qəmbərova sanki susmağı ilə anlatmağa çalışdı gördüyü,
yaşadığı, çəkdiyi
müsibətləri. Bir
ayın gəlini olan Xalidə xanım-xatınlıq günlərini
əlindən alan o müdhiş gecədən salamat çıxmasına nəinki
sevinir, əksinə, yurdu dağılan, ocağı sönən xocalılılardan danışmağın
əzabını yaşayır.
Bəzi məqamları
ona xatırladan Yaloba kənd tarix-diyarşünaslıq muzeyinin
direktoru Tofiq Məmmədov divardakı
şəkilləri bir-bir
göstərərək izahat
verir: "Bu, yeddi nəfərini bir gecədə itirmiş ailənin başçısı
Qəmbərov Qarsalan
Gəray oğludur. 1941-ci ildə Xocalının
Kosalar kəndində anadan olmuşdu. Onun necə vətənpərvər
olmasını yalnız
Xocalı sakinləri deyil, Xankəndidə erməni yaraqlıları
da yaxşı bilirdi. Məktəbyaşlı
nəvələri ilə
birlikdə qətlə
yetirilən Qəmbərova
Validə Boran qızı onun ömür-gün yoldaşı idi. 50 yaşında erməni
gülləsinə tuş
gəldi. Qəmbərov Nadir Qarsalan oğlu da 1972-ci ildə Xankəndidə doğulmuşdu.
Oradakı N.Gəncəvi
adına orta məktəbin IX sinifində
oxuyanda, yəni 1988-ci
ildə Xankəndidə ermənilərin
Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsi tələbi ilə nümayişlər
keçirəndə dəfələrlə
daşnakların hücumuna
məruz qalmışdı.
Həmin ilin sentyabrında azərbaycanlıların
Xankəndidə vəziyyətlərinin
ağırlaşdığı günlərdə onların
da ailəsi Xocalıya pənah gətirənlərdən
olmuşdu. Ona görə də
düşmənə nifrəti
gündən-günə artmışdı.
Nadirin böyük qardaşı
Səfər də
1963-cü ildə Xankəndidə
anadan olmuşdu.
Taleyinə Xocalının
25 fevral 1992-ci il müsibəti yazılanlardanlır.
O gecə Səfər,
həyat yoldaşı
və iki balası (1983-cü il təvəllüdlü Esmira
və 7 yaşlı Emin) ilə erməni vandalizminin qurbanına çevriliblər".
Ailənin daha bir şəhid üzvü - Qəmbərova Mətanət
Hacı qızı
isə Xocalıya Naxçıvandan gəlin
köçmüşdü. Qarabağ adət-ənənəsi ilə
toyları çalınanda
ağlına da gətirməzdi ki, onun ailə-uşaqcanlı
olduğundan, qohum-qonşularla
tezliklə qaynayıb-qarışmasından,
başına and içilməsindən
daha çox müsibətindən, amansızcasına
qətlə yetirilməsindən
danışılacaq. İki balası və həyat yoldaşını qəfil
itirəcəyinə inanmasa
da, illər idi ki, xofda
yaşayırdılar...
Qarsalan Qəmbərovun
yeganə oğul yadigarı Raufdur. "Xocalının
səsi" qəzetinin redaktoru
Qasım Qırxqızlı
"bir ürəkdə
yeddi yara"
adlandırır bu müsibəti yaşamış ailənin faciəsini: "..Xocalının başı üzərini qara bulud alanda Səfər qardaşı Raufla döyüşən batalyonun sıralarında idi. Ermənilərin Meşəlidən çıxarılmasında və digər əməliyyatlarda fədakarlıq göstərmişdi. Qaniçən daşnaklar Səfərin iki balasını və həyat yoldaşı Mətanəti ürəyindən vurmuşdular. Bir nəslin yeddi üzvü beləcə getdi".
O faciəli günləri Rauf da xatırlaya bilmir, dəhşətli günlərdə itirdiyi əzizləri və doğmalarının müsibətlərini dilə gətirməyi bacarmasa da, deyir ki, bir gecənin içində hamımız pərən-pərən düşdük. Bilmirdik ki, kim harada qalıb. Anam və gəlinimiz ağır yaralı idi. Onlara heç cür kömək göstərə bilmədiyimizə görə, məni hələ də yandırır.
Xocalının o gecə susdurulmuş haraylarının son zamanlar kifayət qədər eşidilməsi bir daha göstərir ki, dünya ictimaiyyəti bu haqsızlıqla həmişə barışa bilməzdi. Azərbaycanın regionda söz sahibinə çevrilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları, beynəlxalq norma və prinsiplər əsasında öz həllini tapması üçün göstərdiyi konstruktiv mövqenin bir sıra beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən dəstək alması, "Xocalıya ədalət!" kampaniyasının daha geniş arenada keçirilməsi Qarabağın aranlı-dağlı ellərinə də fəsillərin öz vaxtında gələcəyinə əminlik yaradır.
Əlbəttə, qarlı-çovğunlu qışdan sonra təbiətə, elə insan ömrünə də bahar gəlir. Qarabağın baharı da gələcək, həm də tezliklə. Çünki bu gün bəşəriyyətdə milli və etnik münaqişələrin aradan qaldırılmasına çalışanların, haqq-ədalət tərəfdarlarının sayı, Azərbaycanımızın isə gücü, qüqdrəti hərtərəfli artmaqdadır...
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2014.- 25 fevral.- S.6.