Xocalı səmasında sonuncu
əməliyyat
Ona Qarabağ
cəngavəri deyirdilər. El-oba arasında belə fərqli adlar, titullar hər adama qismət olmur. Özü də cəmi
35 yaşında. Söhbət Milli Qəhrəman Əlif Hacıyevdən gedir. Elə ilk görüşümüzdə
- 1991-ci ildə bizi xeyli təəccübləndirmişdi.
Çevik və ötkəm
cavabları, milli təəssübkeşliyi diqqətimizi
cəlb etdi. Onda Xocalı aeroportuna təzəcə rəis təyin olunmuşdu.
Bakıdan gələn vertolyotda
respublikanın baş
Naziri Həsən Həsənovu qarşılayırdı.
Azərbaycan televiziyasının çəkiliş
qrupu da məqamları lentə köçürürdü. Qətiyyən tərəddüd etmirdi.
Hadisələri necə görürdüsə,
eləcə də güzəştsiz təhlil
edirdi. Çəkinmədən,
zərrə qədər
də nigarançılıq
keçirmədən Baş
nazirə dedi ki, Xocalı aeroportunu erməni millətçilərinin nəzarətindən
tamamilə çıxarmaq
üçün hələ
xeyli iş görməliyik. Gərək siz də kömək edəsiniz.
Onda hələ
müharibə başlamamışdı. Amma Əlif
Hacıyev hər şeyi tam aydınlığı
ilə görürdü.
Deyirdi ki, erməni yaraqlıları rus hərbçiləri ilə
birləşiblər. Bizi ağır təcavüz gözləyir. Hər
an mübarizəyə
hazır olmalıyıq.
Ən azı öz torpaqlarımızı qorumağı
bacarmalıyıq. Yaşına uyğun olmayan müdrikliklə danışırdı,
faktları, arqumentləri
yerli-yerində sadalayırdı.
Doğrusu, Baş nazir
də onu axıradək səbrlə
dinlədi. Son sözü
də bu oldu ki, sizi
köməksiz qoymarıq...
Əlif
Hacıyev yenə diribaşlıqla müdaxilə
etdi: "Öz taleyimdən narahat deyiləm. Günahsız adamlar əziyyət
çəkəcək. Bəri başdan deyirəm ki, tədbirli olaq. Yoxsa vəziyyət gündən-günə
çətinləşir", Onda Əlif Hacıyev cəmi iki ay idi ki,
Xocalı aeroportuna rəis təyin olunmuşdu. Elə erməniləri
lərzəyə salan
da Qarabağ cəngavərinin yeni vəzifə təyinatı
idi. Hələ bir vaxtlar -
1987-ci ildə erməni
millətçiləri Əlif
Hacıyevi müxtəlif
bəhanələrlə, şər
və böhtanla günahlandırmışdılar. Onu qondarma ittihamlarla
on il həbs
cəzasına məhkum
etmişdilər. Əslində səbəb bəlli idi. O, Dağlıq Qarabağ Muxtar Vilayətində işləyərkən
uzun müddət fəaliyyət göstərən
gizli erməni millətçi mərkəzini
ifşa etmişdi. Buna görə erməni
millətçiləri əlbir
olub Əlif Hacıyevi saxta ittihamlarla həbs etdirmişdilər. Düz
dörd il
həbs cəzası çəkəndən sonra
hüquq müstəvisində
apardığı mübarizədə
ermənilərə qalib
gəlmişdi, bəraət
alıb azadlığa
çıxmışdı. Ömrünün çoxunu erməni
separatçılarının iyrənc əməlləri
ilə mübarizəyə
sərf etmiş Əlif Hacıyev onların hər üzünə bələd
idi. Ona görə Xocalı
aeroportunda ilk əməliyyatı
strateji ərazini erməni millətçilərinin
nəzarətindən çıxarmaq
oldu. İlk hədəfdə uğur qazanan Qarabağ cəngavəri yurd-yuvasını xəyanətkarların
caynağından xilas
etmək üçün
xeyli vaxt sərf etməli oldu. Doğrudur, onda erməni
millətçilərinin dayağı
və himayəsi xeyli güclü idi. Buna baxmayaraq, Əlif Hacıyev bir an belə
geri çəkilmir, meydanı tərk etmək istəmirdi. Adamlar inanırdı ki, köməksiz qalmayacaqlar.
Amma bilmirdilər ki, Bakıda açıq və ya gizli vəzifə
davası gedir, Xocalı o qədər də yada düşmür...
Həmin gecə - fevralın 25-də
Əlif və onun dəstəsi səhər saat beşə qədər düşmənə ciddi
müqavimət göstərdilər. Amma döyüşlər
qeyri-bərabər qüvvələr
arasında gedirdi.
Ona görə də azğın düşmənin
müqavimətini qırmaq
o qədər də asan deyildi. Qarabağ cəngavəri yenə gücünə, adamların
etibarına və etimadına inanıb geri çəkilmədi.
İlk növbədə dinc əhalini nisbətən təhlükəsiz yerə
çatdırmağa cəhd
göstərdi. Qanlı döyüş
gecəsində adamların
bir hissəsini Ağdamın Şelli kəndinə çatdıra
bildi. Amma hələ də təhlükədə xeyli
adam vardı
və bu adamlar Əlif Hacıyevin yolunu gözləyirdi. Belə məqamda Qarabağ şahini bir an belə dinclik
tapmırdı, qətiyyətlə
yenidən geriyə döndü. Məqam axtarırdı ki,
silahının - avtomatın
heç olmasa boşalan darağını
dəyişsin. Düşmən bu fürsəti də ona çox
gördü - Qarabağ
cəngavəri elə
cövlan etdiyi Qarabağ səmasında da susduruldu.
Xocalı bir gecənin unudulmaz faciəsini yaşadı. Bəşər tarixində belə
soyqırımıları az-az
hallarda təkrarlanır.
Elə Xocalı da hər kəsin yaddaşında tarixin qanlı səhifəsi kimi qaldı. Erməni yaraqlıları heç kəsə fərq qoymurdu - qocaları, xəstələri, uşaqları
bir-birinə qatıb güllələyirdilər. Şəhid balasının fəryadı,
ah-naləsi, günahsız
adamların göz yaşları bu gün də qurumur. Xocalı hər bir azərbaycanlının qan
yaddaşına yazılan
faciənin ünvanıdır.
O yerlər bizim Xoca deyib dəyər
verdiyimiz babalarımızın
müqəddəs yurd
yeridir. Yurdun qədrini bilmək,
onun dağını-daşını
qorumaq varislərin borcudur. Biz inanırıq
ki, Xocalı səması nə vaxtsa aydınlıq işığına qovuşacaq.
Onda bu yerlərə yeni uçuşlar başlayacaq. Xocalı aeroportu
yeni uçuşların
koordinasiya mərkəzinə
çevriləcək. Bu təzə ünvana ürəyimizdən keçən
bir ad veriləcək:
Qarabağ cəngavəri
Əlif Hacıyevin adı!
Bu gün onun yurdunda iki övlad
böyüyür - Zərinə
və İradə. Vaxt gələcək
ki, onlar da atalarının döyüş yolu keçdiyi Qarabağ səmasına ziyarətgah
kimi dönəcək.
Qəhrəman atalarının ruhu
qarşısında varislik
borclarını ləyaqətlə
ödəyəcəklər. Biz bir də
ona inanırıq ki, Azərbaycan xalqı Xocalı fəaciəsinin qisasını
əvəzsiz qoymayacaq.
Prezident İlham Əliyev Xocalı soyqırımının 20-ci ildönümündə
xalqımıza müraciətlə
demişdi: "Azərbaycan
dövləti erməni
faşistlərinin törətdiyi
Xocalı faciəsi haqqındakı həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılması və beynəlxalq aləmdə soyqırımı
kimi tanıdılması
istiqamətində iyirmi
ildən çoxdur ki, məqsədyönlü
və sistemli iş aparır. Son illərdə "Xocalıya
ədalət" beynəlxalq
kampaniyası çərçivəsində
soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş
cəmiyyəti institutları,
gənclər təşkilatları
və diaspor qurumları bu sahədə hakimiyyət strukturları
ilə birgə səmərəli fəaliyyət
göstərirlər. Artıq
yalan və saxtakarlıq üzərində
qurulmuş erməni təbliğat maşınının
iç üzü ifşa olunur və dünya ictimai fikri Xocalı
həqiqətlərini qəbul
etməyə başlayır.
İslam
Əməkdaşlıq Təşkilatı
Parlament İttifaqı
bu faktı "İnsanlığa qarşı
törədilmiş kütləvi
cinayət" hadisəsi
kimi tanımış
və üzv dövlətləri həmin
faciəyə müvafiq
siyasi-hüquqi qiymət
verməyə çağırmışdır".
Əlbəttə, dünya ictimaiyyətinin
Xocalı faciəsini soyqırımı kimi tanıması istiqamətində
görülən işlər
hələ də davam edir. Bunlar itkilərimizin əvəzini ödəməsə
də, heç olmasa faciənin hüquq müstəvisində
qiymətləndirilməsi üçün
zəmin yaradır...
Bəşir
ŞƏRİFLİ,
Azərbaycan.-2014.- 25 fevral.- S.8.