Respublika Hərbi Prokurorluğunda
Memorial Soyqırımı Muzeyi
açılmışdır
Son illərdə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artmaqdadır. Bu işin təməlini ümummilli lider Heydər Əliyev qoymuş və hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Bu məsələdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm və tarixi işlər görür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır.
AzərTAc xəbər verir ki, fevralın 24-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı Muzeyinin açılışı olmuşdur.
Muzeyin açılışında Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov, İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova, işğal olunmuş rayonlarımızın icra hakimiyyətlərinin başçıları, Milli Məclisin deputatları, xarici ölkələrin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev mərasim iştirakçılarını salamlayaraq bildirmişdir ki, bu gün biz Respublika Hərbi Prokurorluğunda Memorial Soyqırımı Muzeyinin açılışına toplaşmışıq. XX əsrin əvvəllərində erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində xalqımıza qarşı soyqırımı törətmişlər. Erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə cinayətlərin tarixin yaddaşına həkk olunması, bütövlükdə Qarabağ hadisələri ilə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi məqsədi ilə Respublika Hərbi Prokurorluğunun təşəbbüsü bəyənilərək 2013-cü il iyulun 19-da baş prokuror Zakir Qaralov tərəfindən Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırımı Muzeyinin yaradılması barədə əmr imzalanmışdır. Həmin əmrin icrası ilə əlaqədar Respublika Hərbi Prokurorunun müvafiq sərəncamına əsasən işçi qrupu yaradılmışdır. İşçi qrupu tərəfindən qısa müddətdə toplanmış zəngin tarixi sənədlər, faktlar və istintaq materialları əsasında Memorial Soyqırımı Muzeyi yaradılmışdır. Muzey XX əsrin əvvəllərindən bəri bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilmişdir.
Mərasimdə çıxış edən baş prokuror Zakir Qaralov muzeyin yaradılmasının tarixi hadisə olduğunu bildirərək onun açılışının ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin dünyada tanıdılması istiqamətində əhəmiyyətini vurğulamışdır. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktlarının beynəlxalq aləmdə tanıdılması üçün görülmüş işlərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edən baş prokuror xalqımıza qarşı qətliamlar törədilməsini təsdiqləyən bir çox faktların göz önündə olduğunu vurğulamışdır. Bildirilmişdir ki, bu cinayətləri törədənlər ədalət mühakiməsi qarşısında əməllərinə görə cavab verməlidirlər.
Sonra tədbir iştirakçıları muzeylə tanış olmuşlar.
Muzey 4 bölmədən - tarix, deportasiya-repressiya, soyqırımı və terror bölməsindən ibarət olmaqla 320 kvadratmetr sahədə yerləşmişdir. Muzeyin girişində asılmış rəsm əsərləri ürəkləri parçalayan şiddətli ağrıları təcəssüm etdirir. Bu rəsmlər həqiqəti gizlətməyin mümkün olmadığını göstərir. Rəsm əsərləri soyqırımı qurbanlarının matəm sükutunu özündə əks etdirir. "Xocalı fəryadı" adlı rəsm əsəri buna əyani sübutdur. Muzey xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin ədəbiyyat fondu ilə təchiz olunmuşdur. Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılmışdır. Həmçinin muzeyin girişində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012-ci il fevralın 26-da Prezident İlham Əliyevin rəhbərliyi altında 100 mindən artıq insanın Xətai rayonu ərazisində ucaldılmış "Ana fəryadı" abidəsinə keçirilmiş yürüşünün irihəcmli fotoşəkli yerləşdirilmişdir.
Muzeyin tarix və deportasiya-repressiya bölmələrində XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif ərazilərinin dağıdılıb viran qoyulmuş görüntüləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Muzeydə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördükləri işlərin və imzaladıqları sərəncamların nümayiş etdirildiyi guşə də yaradılmışdır. Həmçinin muzeydə Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar vardır. Bu guşələrdə həm də qəzaların əhalisi, müdafiəçiləri, müsəlman qırğınları üzrə Fövqəladə Təhqiqat Komissiyasının məlumatları, sənədləri, Rusiya imperiyası və İran dövləti arasında bağlanmış və Azərbaycanı ikiyə bölən Gülüstan və Türkmənçay müqavilələri, "Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasətinin deportasiya və sürgün mərhələsi" kompozisiyası, 1930-cu illərdə repressiya qurbanı olmuş Azərbaycan ziyalıları və görkəmli şəxsiyyətləri haqqında cinayət işlərindən götürülmüş fraqmentlər, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından son deportasiyasını əks etdirən fotoşəkillər sərgilənir.
Muzeyin soyqırımı və terror bölmələrində erməni silahlı birləşmələri və keçmiş sovet ordusunun 366-cı alayının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə birgə hücumunu əks etdirən maket və fotolar, habelə digər eksponatlar yerləşdirilmişdir.
Həmin bölmədə 1992-ci il fevralın 26-da Xocalını və ətraf əraziləri özündə əks etdirən 1:7500 miqyasında maket qurulmuşdur. Respublika Hərbi Prokurorluğu tərəfindən aparılmış ibtidai istintaq materiallarına uyğun olaraq hücum zamanı erməni silahlı birləşmələri və 366-cı alayın bölmələrinin yerləşdiyi ərazilər və onlar tərəfindən xüsusi amansızlıqla kütləvi qətlə yetirilmiş dinc əhalinin meyitlərinin olduğu yerlər də maketdə öz əksini tapmışdır.
2005-ci il mayın 5-dən etibarən Respublika Hərbi Prokurorluğu tərəfindən istintaq olunan həmin iş üzrə sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin təqsirləndirilən şəxs qismində cəlb olunmalarına dair qərarlar çıxarılmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və axtarışları elan edilmişdir.
Bölmədə fakt üzrə aparılan cinayət işinin cildləri, hadisə yerinə baxış protokolları, erməni təcavüzkarlarının törətdikləri vəhşilikləri sübut edən əşyalar, ekspert rəyləri, ifadələr, meyitlərin fotoşəkilləri və eləcə də Xocalıda, Meşəlidə, Qaradağlıda və digər yaşayış məntəqələrində cinayətin izlərini özündə əks etdirən əşyalar yer almışdır. Həmin əşyalar sırasında Meşəlidə bütünlüklə qətlə yetirilmiş Novruzovlar ailəsinə məxsus fotoşəkillər, əşyalar, üst geyim paltarları, yarımçıq qalmış toxuma da vardır. Muzeyin eksponatları arasında bütünlüklə qətlə yetirilmiş ailələrin, eləcə də qadınların, qocaların, uşaqların fotoşəkilləri və əşyaları da yer almışdır.
Erməni terrorçularının istifadə etdikləri partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də muzeydə saxlanılır.
Tədbirin sonunda mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımı və deportasiyası ilə bağlı çıxışlarını, sərəncamlarını, habelə həmin faktları özündə əks etdirən sənədli filmlərdən ibarət videoçarxa baxmışlar.
Respublika
Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan
xalqının gələcək nəsillərinin qan
yaddaşının qorunmasına və soyqırımı
qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə
xidmət edən ağır bir tarixi hadisəni özündə
əks etdirən nümunədir. Müstəqilliyimizin
bizə bəxş etdiyi töhfələrdən
biri də tarixi həqiqətlərimizi,
tariximizi obyektiv şəkildə
araşdırmaq, bu faktları gələcək
nəsillərə olduğu kimi çatdırmaq və əcnəbiləri
məlumatlandırmaqdan ibarətdir.
Azərbaycan.-2014.- 25 fevral.- S.9.