Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi Əli bəy

 Hüseynzadənin 150 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilmişdir

 

Fevralın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilmişdir.

Akademiyanın əsas binasında keçirilən sessiyada institutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək tədbirin əhəmiyyətindən danışmış, elmi sessiyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 21 yanvar tarixli sərəncamına əsasən keçirildiyini bildirmişdir.

Qeyd edilmişdir ki, böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olmuş Əli bəy Hüseynzadə təkcə Azərbaycan milli tarixinin deyil, bütövlükdə türk islam dünyasının nadir simalarından biridir. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş, bu sahələrin hər birində özünəməxsus iz qoymuşdur. O, XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində də müstəsna xidmətlər göstərmişdir.

Bildirilmişdir ki, bu görkəmli mütəfəkkir XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan xalqına və eyni zamanda, türk islam xalqlarına yol göstərən və müxtəlif elm sahələrini layiqincə təmsil edən tarixi şəxsiyyətlərdən olmuşdur. Onun yaradıcılığı, dünyagörüşü və özündən sonra gələn nəsillərə göstərdiyi yol parlaq şəkildə sübut edir ki, ictimai fikir sahəsində böyük kəşflər elmlərin qovşağında baş verir. Çünki Əli bəy Hüseynzadə fizika-riyaziyyat sahəsində ali təhsil almasına baxmayaraq, təbabət sahəsində də dünyanın ən qabaqcıl universitetlərindən birini bitirmişdir. O, publisistikada çox böyük söz sahibi, insan həyatının müxtəlif sahələrini öyrənmək və ona yol göstərməkdə misilsiz tarixi simadır.

Əli bəy Hüseynzadə milli mücadilə tariximizdə də misilsiz xidmətlər göstərmişdir. Bu tarixi şəxsiyyət xalqımıza, türklərə və islam mənəviyyatına qarşı olan basqılara həmişə öz haqq səsini ucaltmış, daim bu hücumların qarşısını almağa çalışaraq dünyada bu xalqların mübarizliyini təmin etmiş fəlsəfi fikirlərin sahibi olmuşdur. Bu nadir sima türkçülüyün, islam dünyasının azadlığı uğrunda mübarizəyə başlayanda ilk növbədə, insanlığı, humanizm fəlsəfəsini əsas götürmüşdür.

Vurğulanmışdır ki, bu görkəmli mütəfəkkirin düşüncələri daim aktual olmuşdur. Ə.Hüseynzadə ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının, rənglərinin formalaşmasında bu tarixi şəxsiyyətin böyük rolu olmuşdur.

İnstitutun direktoru Əli bəy Hüseynzadənin "Türk qanlı, islam imanlı və firəng qiyafəli olalım" həyat devizini xatırlatmışdır.

Bu görkəmli şəxsiyyəti rəssam kimi də xarakterizə edən Yaqub Mahmudov onun bu sahədə böyük şöhrət qazandığını bildirmiş, Əli bəy Hüseynzadənin  "Bibiheybət məscidi" tablosunu xüsusilə vurğulamışdır.

Tədbirdə tarix üzrə elmlər doktoru İradə Bağırovanın  "Əli bəy Hüseynzadənin yaradıcılığında türkçülük və ümumislam birliyi məsələləri", tarix üzrə fəlsəfə doktoru Sevinc Əliyevanın "Əli bəy Hüseynzadə türkçülüyün görkəmli ideoloqu kimi" mövzularında məruzələri dinlənilmişdir.

 

Azərbaycan.-2014.- 25 fevral.- S.10.