Həqiqətin böyüyü
Əli bəy
Hüseynzadə-150
Çirkablara daş atmalıdır, həm də doluncaya, edilincəyə, ortadan vücudları qaldırılıncaya qədər daş atmalıdır, mümkün qədər böyük daşlar atmalıdır. Qayalar yuvarlamalıdır... Fədai lazımdır, fədai! Yuxarı sıçrayan murdarlıqlardan qorxmayan fədai! Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli fədai!
Əli bəy HÜSEYNZADƏ
Salyandan başlayan və sonu olmayan
bir yolun yolçusu
Böyük mütəfəkkir Əli bəy
Hüseynzadə Kür sahilində - Salyanda doğuldu. Salyandan
keçən Kür çayı onun həyatından, taleyindən
də keçib getdi. Əvvəlcə bu
çayın mənsəbindən mənbəyinə
doğru - Tiflisə üz tutdu. Bir gün
ordan daha uzaqlara yollandı. Beləliklə, bu yollar onun həyatında
axıracan yazıb bitirə bilmədiyi bir şeirə
çevrildi:
Ucundadır
dilimin
Həqiqətin əzəmi.
Nə
qoydular deyəlim,
Nə kəsdilər dilimi.
Bilirmisən
cahillər
nə
yapdılar Vatana?
Nə
qoydular uyusun,
Nə qoydular oyana.
Ayıltmadı
qələmim
Şu türk ilə əcəmi.
Nə
qoydular yazalım,
Nə qırdılar qələmi.
Sonralar Əli bəylə yolları birləşəndə
Üzeyir bəyin bu sözlərə gözəl bir musiqi
yazdığı da deyilir. İndi o musiqi əlimizdə yoxdur və
onun izlərini
yalnız itib gedən o yollar bilir...
Əli bəy
Hüseynzadə Azərbaycan xalqının milli
oyanışında, əsası Mirzə Fətəli Axundzadə
və Həsən bəy Zərdabi tərəfindən qoyulan
milli maarifçilik hərəkatının,
islamçılıq və qərbçilik ideyalarının
inkişaf etdirilməsində müstəsna rol oynayan, millətimizin
islam ümmətçiliyindən islam milliyyətçiliyinə
və oradan türk milliyyətçiliyinə keçidinin əsas
ideya və əməl rəhbərlərindən biridir. O, "türkləşmək,
islamlaşmaq, avropalaşmaq" milli dirçəliş və
milli istiqlal formulu ilə türkçülüyün siyasi məramnaməsini,
elmi-nəzəri əsaslarını və milli istiqlal
mücadiləsinin "Ana Yasası"nı
hazırladı və tariximizə
"türkçülüyün atası" kimi daxil oldu.
Sonralar milli dövlətçilik ideologiyasına çevrilən
bu üçlük
bayrağımızdakı rənglərdə əbədilik
qazandı və xalqın qan yaddaşına daxil oldu. Türkçülüyün
böyük ideoloqu Ziya Göyalp Əli bəyi
özünün ustadı sayaraq həmin üçlü qayəni
belə ifadə edirdi: "Millətini tanı, ümmətini
tanı, mədəniyyətini tanı!",
yəni "türk millətindənəm, islam ümmətindənəm,
Batı - Avropa mədəniyyətindənəm".
10
yaşlı Əli bəyin sonrakı həyatında əvəzsiz
rolu ilə seçilən böyük Mirzə Fətəli
onun 32 il Qafqaz şeyxülislamı olan
babası Axund Əhmədi belə qiymətləndirirdi:
"Müxtəlif elmlər və fənlər sahəsində
astronomiya, coğrafiya, hesab, riyaziyyat, tarix, hikmət və
xüsusilə fiqh sahəsində bütün Qafqaz ölkəsində
Şeyxülislamın tayı-bərabəri yoxdur. O, filosof təbiətli,
liberal məsləkli, tərəqqi sevən, fitrən fəsahətli
bir adamdır".
Sankt-Peterburqda
universitet təhsili alan Əli bəy sonradan Türkiyəyə
gedərək 1890-1995-ci illərdə İstanbul Universitetinin əsgəri-tibb fakültəsində
ali tibb təhsili də alır. Bir müddət
həkim - dermatoloq, sonralar İstanbul Universitetində elmi
araşdırmalarla məşğul olam Əli bəy
Hüseynzadə, eyni zamanda siyasi fəaliyyətini də
genişləndirir. Nəticədə Sultan II
Əbdülhəmidin həbs qərarı ilə bağlı
təqiblərə məruz qaldığı
üçün şəhəri tərk etməli olur və
deyilənə görə, 1903-cü ildə bir hindli tacirin gəmisində
gizli şəkildə Hindistana, oradan Çinə, ordan da
Bakıya gəlib çıxır...
"Türklər ya ölər, ya
hicrət edərlər, fəqət, qul olmazlar"
"Qafqazdakı
türk balalarına türklüyünü bildirən, həsəb-nəsəbini
(soykökünü) öyrədən", "rəsuli- həqq"
("haqq elçisi"), "irqin (türklərin) ən
mükəmməl öndəri", "külli-müsəlman
aləminin iftixarı", "türk xalqlarına kimliyini
bildirən dahi", "bütün türk dünyasında
peyğəmbər kimi üfüqlər açan",
"ilk turançı", "dahi mütəfəkkir",
"fövqəlbəşər", "qüzey günəşi",
"bütün türk dünyasının mücahidi",
"türkçülüyün atası", "yazı
ustadı"...
Bütün bunlar Əli bəy Hüseynzadənin
böyük və mürəkkəb portretini canlandırmaqda
iştirak edən epitetlərin yalnız bir qismidir.
1903-1910-cu
illərdə Əli bəy Hüseynzadə Bakıda Əlimərdan
bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu
kimi tanınmış ziyalılarla, böyük mesenat,
maarifçi-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə
əlaqələr qurur və millətin oyanışında,
xalqın maariflənməsində əvəzsiz rolu olan mətbuat
vasitəsilə milli mücadiləyə başlayır. Çünki o dövrün ziyalıları hesab
edirdilər ki, "mətbuat bir millətin lisanı (dili),
samiəsi (qulağı), nəzəri (gözü), beyni deməkdir.
Mətbuatsız millət söyləyəməz, eşidəməz,
görəməz... ("Füyuzat", 1907, ¹ 29)...
Bu illərdə Rusiyada baş verən siyasi proseslər
çar hökumətini müəyyən islahatlar aparmaq məcburiyyətinə
qoyur. Bu tarixi şəraitdən yararlanmaq istəyən Azərbaycan
ziyalıları - Əlimərdan bəy Topçubaşov,
Əhməd bəy Ağaoğlu, Əsədulla bəy
Muradxanov, Fərrux bəy Vəzirov, Adilxan Ziyadxanov, Mirzə Əsədullayev,
Mustafa ağa Vəkilov və Əli bəy Hüseynzadə 1905-ci il martın
15-də Hacı Zeynalabdin Tağıyevin mülkündə
yığıncaq keçirərək yerli azərbaycanlılara
da mədəni, sosial-iqtisadi, siyasi hüquq və
azadlıqların, o cümlədən ana dilində ümumi təhsilin
verilməsinə, mətbuat və kitabların nəşr
edilməsinə dair Rusiya hökumətinə təqdim etmək
üçün ərizə - petisiya hazırlayırlar. Həmin
il aprelin 21-də Qafqaza yeni canişin təyin
olunmuş Vorontsov-Daşkovla görüşən Azərbaycan
ziyalıları ana dilində "Həyat" qəzetinin nəşrinə
çətinliklə də olsa, razılıq ala bilirlər. "Həyat" qəzetinin sahibi Hacı Zeynalabdin
Tağıyev, naşiri Əlimərdan bəy
Topçubaşov, redaktorları Əli bəy Hüseynzadə
və Əhməd bəy Ağaoğlu idi. "Həyat" qəzeti o dövrdə Azərbaycanda
nəşr olunan yeganə anadilli qəzet idi. Cəmi 10 ay (07.06.1905- 04.09.1906) yaşasa da, Azərbaycan
xalqının milli dirçəlişində,
türkçülük ideyalarının yayılmasında
bu qəzetin müstəsna rolu oldu.
"...Ey türk! İstər
darıx, istər karıx, yaxandan əl çəkəcək
deyiləm..."
Dövrün
ziddiyyətlərini, çətinliklərini, dil və mədəniyyət
problemlərini görüb anlamaq baxımından məşhur
publisist Ömər Faiq Nemanzadənin yazdıqlarına diqqət
yetirmək kifayətdir: "Hə, ey türk! İstər
darıx, istər karıx, yaxandan əl çəkəcək
deyiləm. Sən hər şeyi öyrənmək istədiyin
halda bircə zadı-yəni
özünü bilmək istəmirsən, niyə öz
soy və nəslindən xəbərin
yox? Niyə sənə "Kimsən?" dedikləri
vaxt həqiqi cavabında aciz qalırsan? Niyə
sadəcə deyə bilmirsən ki, mən türkəm.
Niyə deyə
bilmirsən ki, şiəlikdən, sünnilikdən,
babılıqdan əvvəl sən
türk idin. İndi də türksən və bundan sonra
da türk qalacaqsan...".
Tədqiqatçılardan
Əsgər Quliyev qeyd edir ki, belə bir tarixi şəraitdə,
yəni "türk" kəlməsinin hətta dilə belə
gətirilmədiyi bir tarixi məqamda Əli bəy
Hüseynzadə "Həyat" qəzetinin səhifələrində
çap etdirdiyi "Türklər kimdir və kimlərdən
ibarətdir?" adlı əsəri ilə türk
xalqlarına, o cümlədən Azərbaycan türklərinə
üz tutaraq "Biz ki, türk oğlu türkük, biz ki,
millətlərin ən qədimi və ulusuyuq", - deyə
hayqırır, bəzi mətbuat orqanlarında Çingiz
xanın və Əmir Teymurun monqol kimi göstərilməsini
tənqid edir, onların türk olduqlarını və nəsillərindən
olan şəxsiyyətlərin də adlarını çəkərək
onların hər zaman türkcə
danışdıqlarını və türkcə
yazdıqlarını bildirirdi. Məşhur Amerika
tarixçisi Tadeuş Svyatoxovski Azərbaycan tarixi ilə
bağlı araşdırmalarında xüsusi olaraq qeyd edir
ki, "XX əsrin əvvəllərində türk
xalqlarına kimliyini bildirən bir nəfər var idi. O da Əli
bəy Hüseynzadə idi".
Çətinliklər çox idi. Bir yandan da ermənilərin
"Həyat" qəzeti barədə donosları bitib
tükənmirdi. Onların diktəsi ilə
Qafqaz canişini təcili olaraq "Həyat"ın sərlövhəsindəki
"türk" sözünün "tatar" sözü
ilə əvəzlənməsini tələb edirdi. Təzyiqlərə
dözməyən "Həyat"ı qapamaqdan başqa bir
yol qalmadı... Çox keçmədi ki,
böyük maarifçi, xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyevin maliyyə yardımı ilə
"Füyuzat" dərgisi nəşrə başladı.
Əli bəy "Həyat"da başladığı
türkçülük ideyalarını
"Füyuzat"da da davam etdirərək,
türkçülüyün siyasi proqramı olan
"türkləşmək, islamlaşmaq, avropalaşmaq"
formulunu bitkin bir sistem halına gətirdi:
"Füyuzat"ın tutduğu yol türklük, müsəlmanlıq
və avropalılıqdır" ("Füyuzat", 1907,
¹ 23). Professor Şamil Vəliyev
füyüzatçılıqla bağlı yazır:
"Füyuzatçılıq hiss, duyğu və
düşüncənin coşqunluğunun, ümumxalq
yaşantılarının mükəmməl ifadəsini həyat
səhnəsinə çıxarır, bədii-publisistik
şüurun etnogenetik enerjidən bəhrələnmə
forma və üsullarını müəyyənləşdirirdi..." "Füyuzat" jurnalı, eyni
zamanda Azərbaycan ədəbiyyatında yeni bir istiqamətin - Hüseyn Cavid, Məhəmməd
Hadi, Abbas Səhhət, Abdulla Şaiq və
başqalarının təmsil olunduğu romantik
"Füyuzat" ədəbi məktəbinin yaranmasına
səbəb oldu. Lakin bu dərginin də ömrü uzun
olmadı... Abdulla Şaiqin təbirincə desək, "Azərbaycan
türklərinin milli haqlarının aynası" olan
"Füyuzat" dərgisi Sultan 2-ci Əbdülhəmidin təzyiqi
ilə 1907-ci il noyabrın 1-də
qapandı.
Bu millətin məcnunları və
ya "Həqiqətin dadı və ləzzəti var"
Publisistik fəaliyyətlə yanaşı, Əli bəy
Hüseynzadə pedaqoji sahəyə də xüsusi diqqət
ayırırdı. 1907-ci ilin
avqustun 25-dən sentyabrın 4-dək Bakıda
keçirilən Azərbaycan
müəllimlərinin II
qurultayının təşkili və keçirilməsində
onun da müstəsna rolu vardı. "Füyuzat" məcmuəsi
bağlandıqdan sonra Əli bəy 1908-1910-cu illərdə
"Səadət" Ruhani Xeyriyyə Cəmiyyətinin
Bakıda təsis etdiyi "Səadət"
məktəbində əvvəlcə
türk dili və ədəbiyyətı
müəllimi, sonra həmin məktəbin müdiri oldu. Bu
dövrdə müəllimlər işə müsabiqə
yolu ilə qəbul
edilirdi. Belə müəllimlərdən
biri də məşhur Üzeyir bəy Hacıbəyli idi.
Əli bəyin Üzeyir bəylə əməkdaşlığı
və dostluğu təkcə məktəb həyatı və
mətbuatla məhdudlaşmırdı. Türk-islam
dünyasında ilk opera sayılan Üzeyir bəy Hacıbəylinin "Leyli və
Məcnun" operasının Hacı Zeynalabdin
Tağıyevin teatrında
baş tutan ilk tamaşasının (1908) bədii tərtibatçısı,
rəssamı da Əli bəy
Hüseynzadə idi.
Zaman
sürətlə dəyişirdi və
"Füyuzat"ın qapadılmasından az
sonra Sultan II Əbdülhəmid də öz taxt-tacı ilə
vidalaşmalı oldu. Ardınca keçmiş
inqilabçı dostlarının - gənc türklərin dəvətilə
Əli bəy 1910-cu ilin sonunda Türkiyəyə
köçmək qərarına gəlir. Ə.Quliyev
qeyd edir ki, dövrün tanınmış ziyalılarından
Əlabbas Müznib Əli bəyi "bir bölük maarif yetimi olan
Qafqaz müsəlmanlarının
atası" adlandırır, onu "dilsizlərin dili,
karların qulağı, korların görən
gözü" hesab edir, onun gedişiylə "Qafqaz əhalisinin
başsız, böyüksüz" qalacağını
ürək ağrısı ilə dilə gətirirdi...
Əli bəy
Hüseynzadə Bakı-İstanbul marşrutu ilə səfəri
zamanı Tiflisdə
dəmiryol vağzalında böyük ədib Cəlil
Məmmədquluzadə ilə görüşür. Sovet ədəbiyyatşünaslığında
molla nəsrəddinçilərlə füyuzatçılar
həmişə üz-üzə qoyulsa da, C.Məmmədquluzadə
Əli bəyin ictimai-siyasi fəaliyyətini yüksək qiymətləndirirdi:
"Əli bəy Hüseynzadə kimi bir yazı ustadı mən
tək bir cavan yazıçıya yazı barəsində
dediyi sözü mən ciddi bir söz hesab edəm gərək".
Türkiyəyə dönən Əli bəy
Hüseynzadə İstanbul Universitetininin professoru kimi
universitet bağlanana qədər (1933) pedaqoji fəaliyyətlə
məşğul olur. Onun vaxtı ilə Avropa dəyərləri ilə
bağlı söylədiyi fikirlər indi də
aktuallığını itirməyib: "Biz
avropalıların ədəbiyyatlarına, sənayelərinə,
elm və maariflərinə, kəşfiyyat və
ixtiralarına müraciət etmək istəyirik, özlərinə
deyil! Biz istəyirik
ki, islam ölkəsinə onların beyinləri
girsin, boğazları, mədələri girməsin. Biz istərik
ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində
həzm olunmasın..."
"Ərzincanda bir quş var"
Sonrakı
dövrdə Əli bəy Hüseynzadə Azərbaycanda iki dəfə
olur - 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti
müvəqqəti olaraq Gəncədə fəaliyyət göstərdiyi
dövrdə (16 iyun 1918-17 sentyabr 1918) Əhməd bəy
Ağaoğlu, Axund Yusif Talıbzadə ilə birlikdə
dövlət quruculuğu məsələlərini Azərbaycanın
siyasi və hökumət rəhbərləri ilə
müzakirə etmək üçün və 1926-cı
ildə Bakıda keçirilən Türkoloji qurultayda. Bakıda keçirilən I Beynəlxalq Türkoloji
qurultayda iştirak edən Ə.Hüseynzadənin "Qərbin
iki dastanında türk" adlı məruzəsi o dövrdə
Bakıda nəşr olunub. 1926-cı il
martın 25-də Vətəndən sonuncu dəfə
ayrılan Əli bəy Hüseynzadə bir müddət
Atatürkə sui-qəsddə iştirak iddaiası ilə
Ankarada məhkəmə qarşısında dayanmalı olsa
da, az sonra sərbəst buraxılır. Ancaq Atatürk 1938-ci
ildə dünyasını dəyişəndə Əli bəy
ən gözəl şeirlərindən birini yazır:
"Ondan öncə və sonra".
Kamal
günündən öncə
Ellər bizim deyildi.
Günlər
olmuşdu gecə
Yollar bizim deyildi.
Tarix
unudulmuşdu,
Yazılar pozulmuşdu.
Oxuyanlar
bayquşdu,
Dillər bizim deyildi.
Əli bəy Hüseynzadənin mətbuatda dərc
olunan son yazısı 15 yanvar 1940-cı ilə aiddir. Şeir Ərzincan zəlzələsinə
həsr olunsa da, Əli bəy Hüseynzadənin yorulmaz tədqiqatçılarından
olan Azər Turan yazır ki, onu həm də Əli bəyin vəsiyyəti
kimi də qəbul etmək olar:
Ərzincanda
bir quş var,
Dalda yuva arıyor.
Qanadından
qan sızar,
Dərdə dəva arıyor.
Gördü
fəci bir ölüm
İraq yerdən gələn var.
Üzərində
kəfən: Qar,
Ya rəbb, nədir bu zülüm?
Bu hadisədən
az sonra - 1940-cı il martın 17-də Əli bəy İstanbulda
dünyasını dəyişib və şəhərin
Qaracaəhməd məzarlığında dəfn olunub.
Əli bəyin özündən sonra yaşayan ideyaları və övladları qaldı. Əslən çərkəz qızı olan Ədhiyyə xanımla izdivacdan oğlu, məşhur rəssam Səlim Turan, qızları Saidə və Feyzavər dünyaya gəliblər. Yüksək təhsil alan övladlarından böyük qızı Saidə bəyim 2002-ci ildə, Səlim Turan 1994-cü ildə dünyasını dəyişib. Üçüncü övladı 1920-ci ildə doğulan Feyzavər bəyim İstanbulda yaşamaqdadır.
P.S. Görkəmli alim Yaşar Qarayevin sözləri ilə desək, Azərbaycan sovet ədəbiyyatşünaslığında və siyasi-ictimai fikrində Əli bəy Hüseynzadəyə və "Füyuzat" ədəbi məktəbinə qarşı yağdırılmış iftira və böhtan fəvvarəsi ilə müqayisədə hətta üzdəniraq "erməni mənbələri" və "əlyazmaları" da "toya getməli" görünürdü... Bu mənada müstəqil ölkəmizdə "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Prezidentinin 21 yanvar 2014-cü il tarixli sərəncamı böyük tarixi əhəmiyyətə malikdir. Əli bəy Hüseynzadə milli mədəniyyət və ictimai-siyasi fikir tariximizdə təkcə dahi mütəfəkkir şəxsiyyət kimi deyil, eyni zamanda böyük maarifçi, həkim-tibb professoru, rəssam, musiqişünas, tərcüməçi idi. Bu mənada Əli bəyin müasiri, görkəmli tarixçi Yusif Akçuraoğlu haqlı olaraq yazırdı ki, "Əfsanəvi Əli bəy dünyanın bütün dillərini, elm və fənlərin hər növünü, ədəbiyyat və incəsənətin hər şöbəsini tamamən əhatə etmiş və tətbiqə müvəffəq olmuş fövqəlbəşər idi..."
Bəxtiyar QARACA,
Azərbaycan.-2014.- 25 fevral.- S.10.