Strasburqda Xocalı soyqırımı
qurbanları anılmışdır
Azərbaycanın Avropa Şurası (AŞ) yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə Strasburq şəhərində yerləşən "Saint Pierre-le-Jeune" kilsəsində XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Mərasimdə Avropa Şurası yanında akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, xarici qonaqlar, Strasburq Universitetində təhsil alan azərbaycanlı və əcnəbi tələbələr, eləcə də Elzas regionunda yaşayan soydaşlarımız iştirak etmişlər.
Mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Emin Eyyubov Xocalı soyqırımı haqqında məlumat verərək bildirmişdir ki, Dağlıq Qarabağ bölgəsinin "Qafqazın Srebrenitsası" adlandırılan Xocalı şəhərində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri dinc əhaliyə qarşı soyqırımı aktı həyata keçirmişlər. Şəhərin əhalisi məhz azərbaycanlı olduğu üçün Ermənistan ordusu tərəfindən kütləvi qırğına məruz qalmışdır. Xocalıda cinayətkar ordu günahsız insanlara - qocalara, uşaqlara, qadınlara aman verməmiş, misli görünməmiş divan tutmuşdur.
Səfir Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionu da daxil olmaqla 20 faiz ərazisini işğal altında saxladığını diqqətə çatdırmışdır. Diplomat Azərbaycanın münaqişənin beynəlxalq hüquq prinsipləri, xüsusilə də ərazi bütövlüyü prinsipi əsasında dinc yolla həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etməsinə baxmayaraq, Ermənistanın işğalçılıq və hərbi təcavüz siyasətindən bu gün də əl çəkmədiyini diqqətə çatdırmışdır. "Xocalıya ədalət" kampaniyası haqqında məlumat verən E.Eyyubov Azərbaycan xalqının dünyanın sülhsevər dövlətlərindən və xalqlarından Xocalıya ədalət istədiyini vurğulamışdır.
Səfir, həmçinin Xocalı faciəsinin dünyanın bir çox ölkələri tərəfindən soyqırımı kimi tanındığını qeyd etmiş və bunun Azərbaycanın xarici siyasətinin uğuru olduğunu bildirmişdir.
Sonra çıxış edən fransız bəstəkar, "Xocalı 613" əsərinin müəllifi Pyer Tilua qeyd etmişdir ki, Azərbaycanı yaxından tanıyandan sonra bu ölkəyə sözün həqiqi mənasında heyran olmuşdur. Bəstəkar Azərbaycanın ən ağrılı yaralarından olan Xocalı soyqırımı haqqında məlumat aldıqdan sonra "Xocalı 613" əsərini bəstələdiyini və soyqırımı qurbanlarının acılarını musiqinin dili ilə çatdırdığını vurğulamışdır.
Anım
mərasimində Bordo və Strasburq filarmonik orkestrlərinin
solistlərindən ibarət musiqi qrupu Pyer Tiluanın
"Xocalı 613" əsərinin simli kvartet
üçün uyğunlaşdırılmış
versiyası ilə yanaşı, Xəyyam Mirzəzadə və
Ciakomo Puçininin də əsərlərini ifa etmişlər.
Əsgər
ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2014.- 25 fevral.- S.11.