Küveyt Dövlətinin milli bayramı şərəfinə

 

Küveyt Dövlətinin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin 53-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir. AzərTAc xəbər verir ki, tədbirdə Küveytin Azərbaycandakı səfiri   Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi çıxış edərək tədbirin, eyni zamanda Küveyt Dövlətinin azadlıq bayramının 23-cü ildönümünə həsr olunduğunu bildirmişdir.

Səfir ölkəsinin inkişaf yolundan danışmış, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulamışdır.

Diplomat dost ölkələr olan Küveyt ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin 2009-cu ildə Küveyt Dövlətinə rəsmi səfərinin əlaqələrimizin inkişafına təkan verdiyi vurğulanmışdır.

Təhsil naziri Mikayıl Cabbarov əlamətdar gün münasibətilə dost Küveyt xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etmiş, dövlət başçısının xoş arzularını çatdırmışdır.

Nazir qeyd etmişdir ki, son zamanlar Azərbaycan ilə Küveyt arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir. Azərbaycan ilə Küveyt arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan M.Cabbarov dost ölkənin beynəlxalq təşkilatlarda respublikamızın mövqeyini birmənalı olaraq müdafiə etdiyini söyləmişdir. Nazir əmin olduğunu bildirmişdir ki, ölkələrimiz arasında dostluq münasibətləri getdikcə daha da möhkəmlənəcək və dərinləşəcəkdir.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

Azərbaycan.-2014.- 26 fevral.- S.1.