«Azərsun Sənaye Parkı»nda
yaradılmış Sumqayıt
yağ fabriki istifadəyə verilmişdir
Azərbaycan
Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinə
səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də "Azərsun Sənaye Parkı"nın nəzdində yaradılan Sumqayıt yağ fabrikinin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmiz sürətlə tərəqqi edir. Son illərdə iqtisadiyyatın qeyri-neft sektorunun davamlı inkişafına nail olunmuşdur. Buna imkan yaradan əsas amillərdən biri özəl sektorun inkişafının diqqət mərkəzində saxlanılmasıdır. Təsadüfi deyildir ki, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. Bütün bunlar dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etməsinə geniş imkanlar açmışdır.
Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Bu sahəyə yönəldilən investisiyalar keyfiyyətli yerli məhsullar istehsalının genişləndirilməsinə hərtərəfli təkan verir. "Azərsun Sənaye Parkı"nın nəzdində Sumqayıt yağ fabrikinin yaradılması da məhz rəqabətədavamlı və müasir standartlara cavab verən qida sənayesinin inkişafına mühüm töhfə hesab oluna bilər. Belə layihələrin reallaşması ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar dövlət başçısının verdiyi tapşırıqların icrasının uğurlu və davamlı xarakter daşıdığını nümayiş etdirir.
Fabrikin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin "Azərsun Holdinq" MMC-nin müəssisələrində olduqları zaman çəkilmiş fotoları nümayiş etdirilir.
Dövlət başçısı müəssisəni işə saldı.
Prezident İlham Əliyevə fabrikin fəaliyyəti və istehsal prosesi barədə məlumat verildi.
Müasir texnologiyalarla təchiz edilən fabrik dövlətin ayırdığı güzəştli kredit və "Azərsun Holdinq" MMC-nin vəsaiti hesabına inşa olunmuşdur. Xam yağ qəbulu, rafinləşdirmə bölmələri, marqarin paketləmə, duru yağ qablaşdırma, şokolad istehsalı, əridilmiş yağın qablaşdırılması və metal qablaşdırma sahələrindən ibarət müəssisədə müxtəlif istehsal xətləri quraşdırılmışdır. İstehsal sahələri böyük təcrübəyə malik şirkətlərin müasir avadanlığı ilə təchiz edilmişdir.
Fabrikdə xam yağın kənar maddələrdən təmizlənməsi üçün rafinləşdirmə bölməsi yaradılmışdır. Saflaşdırılma üsulları əsas prosesin getdiyi mexanizmə uyğun olaraq fiziki-kimyəvi üsullarla aparılır. Fabrikdə illik 270 min ton yağ məmulatı, o cümlədən qarğıdalı, günəbaxan, marqarin yağları və əridilmiş yağlar, şokolad yağları və mayonezlər istehsal olunacaqdır. Müasir texnologiyaların və avadanlığın hesabına burada istehsal edilən məhsullar ekoloji cəhətdən təmiz olmaqla yanaşı, rəqabətədavamlılığı ilə seçilir. Məhsulların Gürcüstan, İraq, Tacikistan, Qazaxıstan, Türkmənistan və digər ölkələrə ixrac edilməsi də nəzərdə tutulmuşdur. Fabrikdə 250 yeni iş yeri yaradılmışdır. Gələcəkdə iş yerlərinin sayının 700-ə çatdırılması nəzərdə tutulur.
Bu müəssisənin işə düşməsi bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yerli xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində kompleks tədbirlər uğurla davam etdirilir.
Müəssisə ilə tanışlıqdan sonra kollektivlə görüşən dövlət başçısı İlham ƏLİYEV dedi:
- Bu gün Sumqayıtda əlamətdar bir gündür. Sumqayıt şəhərində üç zavodun açılışı baş verir. Onlardan ikisi bu ərazidədir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu zavodların fəaliyyətə başlaması Azərbaycanda sənayenin inkişafının təzahürüdür. Sənayenin inkişafı bizim üçün prioritetdir və təsadüfi deyil ki, bu il Azərbaycanda "Sənaye ili" elan edilmişdir.
Biz bundan sonra daha da çox çalışmalıyıq ki, Azərbaycanda qeyri-neft sənayesinin inkişafı yüksək sürətlə getsin. Əslində, bu islahatlar artıq uzun illərdir ki, aparılır. Bu islahatlar nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafı, neft amilindən asılılığımızın azaldılması idi. Biz demək olar ki, buna nail ola bilmişik. Hazırda bizim ümumi iqtisadi potensialımızın 55 faizi qeyri-neft sektorunda formalaşır. Əlbəttə, biz gələcəkdə çalışmalıyıq ki, qeyri-neft sənayesinin inkişafı daha da sürətlə getsin. Belə böyük zavodların fəaliyyətə başlaması əlbəttə ki, bu istiqamətdə aparılan siyasətin nəticəsidir.
Burada ən müasir avadanlıq quraşdırılıbdır, ən son texnologiyalar tətbiq edilir, iş şəraiti çox yaxşıdır. Burada istehsal olunan məhsullar rəqabətqabiliyyətli məhsullardır. Bu da əsas məsələdir. Biz çalışmalıyıq ki, Azərbaycanda yaranmaqda olan, yaxud da ki, yaradılacaq bütün zavodların məhsulları rəqabətqabiliyyətli olsun, dünyanın istənilən ölkəsinə ixrac edilə bilsin və beləliklə, biz xarici bazarlara keyfiyyətli hazır məhsullarla daha da böyük həcmdə çıxa bilək.
Bu gün iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyi
artır. Beynəlxalq
qurumlar da bunu qeyd edir. Belə zavodların fəaliyyətə
başlaması bizim potensialımızı daha da
artıracaqdır. Bu zavodlarda yüzlərlə iş
yerləri açılır, yüksək maaş
verilir. Gələcəkdə sənayenin
inkişafı daha da sürətlə gedəcəkdir.
Bildiyiniz kimi, Sumqayıt şəhəri Azərbaycanın
sənaye mərkəzidir. Bakıdan sonra Cənubi
Qafqazda ikinci böyük sənaye şəhəridir. Əslində, Sumqayıt sənaye şəhəri
kimi yaradılmışdır. Hazırda
Sumqayıt müasir sənaye şəhərinə
çevrilir. Burada onlarla zavod, fabrik fəaliyyət
göstərir. Sumqayıt Texnologiyalar
Parkı neçə ildir ki, fəaliyyət göstərir.
Texnologiyalar parkında 13 zavod fəaliyyət
göstərir, 5 zavod tikilir. Keçən il Sumqayıtda Kimya Sənaye Parkının təməl
daşı qoyulmuşdur. 200 hektara yaxın ərazidə
yaxın illərdə böyük bir sənaye şəhəri
yaradılacaqdır. O zavodların fəaliyyəti
genişlənəcəkdir. Bir sözlə,
Sumqayıt müasir sənaye şəhəri kimi bu gün
ölkəmizin sənaye potensialının inkişafında
mühüm rol oynayır. Demək olar ki,
işsizlik aradan qaldırılmışdır. Sumqayıtda sosial infrastrukturun yaranmasına diqqət
göstərilir. İnfrastruktur layihələri
icra edilir, şəhər abadlaşır, yeni xiyabanlar
salınır, binalar bərpa edilir. Sumqayıt
parklar şəhərinə çevrilir. Əlbəttə
ki, sənayenin inkişafı sosial sahənin inkişafı ilə
də birbaşa bağlı olmalıdır.
Ətraf mühitin qorunmasına böyük diqqət
göstərilir. Bu gün Sumqayıtda fəaliyyətə
başlayan bütün sənaye müəssisələri ən
yüksək ekoloji standartlara cavab verməlidir. Qarşıya bu məqsəd qoyulub, nəinki
Sumqayıtda, bütün Azərbaycanda fəaliyyət
göstərən zavodlarda ekoloji standartlar ən yüksək
səviyyədə olmalıdır. Çünki
vaxtilə Sumqayıtın ekoloji vəziyyəti ilə
bağlı problemlər olmuşdur. Bu
problemlər demək olar ki, aradan qaldırılıbdır.
Bir sözlə, bu gün "Sənaye ili"ndə əlamətdar
bir gündür. Bu zavodların fəaliyyətinə dəstək
olan bütün vətəndaşlara öz minnətdarlığımı
bildirmək istəyirəm. Burada əlbəttə
ki, investorlar əsas rol oynamışlar, böyük
investisiyalar qoyulmuşdur. Hər iki zavoda
90 milyon manat investisiya qoyulmuşdur. Bu, investorların
Azərbaycan iqtisadiyyatına verdikləri dəstəkdir, Azərbaycanın
uğurlu gələcəyinə onların inamının təzahürüdür.
Çünki ölkəmiz sürətlə
inkişaf edir, bütün məsələlər uğurla həll
edilir. Biz çalışmalıyıq
ki, daxili və xarici investorları Azərbaycana daha da çox
cəlb edək. Burada biznes mühiti də
yaxşıdır. Gəlirli sahələr
yaradılır. Yəni, həm sahibkarlar,
həm burada işləyənlər, həm də dövlət
bundan fayda götürür və götürməlidir.
Bax, bu müştərək fayda əsasında
Azərbaycan iqtisadiyyatı inkişaf edir.
Bu gün özəl sektor iqtisadiyyatımızın əsas
hissəsini təşkil edir. Biznes üçün
gözəl şərait yaradılıbdır. İş adamları ilə mənim mütəmadi
görüşlərimdə daim onlara öz dəstəyimi
göstərirəm. Dövlət öz xətti
ilə maliyyə resurslarını da cəlb edir, hər iki
zavodda Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti də
nəzərdə tutulmuşdur. Yəni,
burada dövlət və özəl sektor bir məqsədi
güdür ki, ölkə inkişaf etsin, sənaye
potensialı möhkəmlənsin, güclənsin, insanlar
işlə təmin olunsunlar. Bax, biz bundan sonra da bu yolla gedəcəyik.
Bu zavodların uğurlu fəaliyyəti ölkəmizin
ümumi inkişaf strategiyasını əks etdirir.
Kağız
və karton istehsalat kombinatının fəaliyyəti sayəsində
nəinki Sumqayıtda, bütün respublikamızda məntəqələr
açılacaq, orada da iş yerləri yaradılacaqdır. O
köhnə kağızları yığmaq üçün
məntəqələr yaranacaq və biz, eyni zamanda, ekoloji
problemlərin həllinə də töhfəmizi vermiş
oluruq. Çünki hazırda köhnə
kağızlar, qəzetlər, sıradan
çıxmış digər əşyalar
yandırılır və havanı çirkləndirir. İndi bütün kağız tullantıları
burada yığılacaq və beləliklə, ekoloji vəziyyətin
yaxşılaşdırılmasına da biz dəstək
olacağıq. Bu iki müəssisənin
xüsusiyyəti ondan ibarətdir ki, onların fəaliyyəti
nəticəsində biz karton, kağız və bitki
yağları sahəsində özümüzü 100 faiz təmin
edəcəyik. Yəni, qarşıya bu hədəf
də qoyulmuşdur. Mən dəfələrlə
demişəm ki, Azərbaycanda tələb olunan bütün
məhsullar istehsal edilməlidir. İxrac
potensialı da yaradılır. Həm bitki
yağları, həm kağız-karton məhsulları xaricə
ixrac ediləcəkdir.
Bir sözlə, müəssisələrin fəaliyyətə
başlaması əlamətdar hadisədir, məni çox
sevindirir. Ona
görə ki, burada iş yerləri, müasir sənaye sahələri
yaradılır. Ona görə ki, Azərbaycanın
dövlət siyasətinin nə qədər düzgün
olmasını bax, bu müəssisələrin fəaliyyətə
başlaması bir daha təsdiqləyir. Sizi
ürəkdən təbrik edirəm, sizə uğurlar
arzulayıram.
* * *
Müəssisənin
əməkdaşı Şərbət MİRZƏYEV dedi:
- Möhtərəm
cənab Prezidentimiz! İcazə verin, müəssisəmizin
işçiləri adından Sizi salamlayım. Yaxşı xatirimdədir, 1997-ci ildə şirkətimizin
ilk müəssisəsi açılan zaman mənə ulu
öndərimizlə görüşmək nəsib
olmuşdur. Bu gün
özümü çox xoşbəxt hiss edirəm ki, Sizinlə
də görüşürəm. Biz Sizin
çıxışlarınızı mütəmadi izləyirik.
Bilirik ki, 2014-cü ili "Sənaye
ili" elan etmisiniz. İlin əvvəlindən
keçən qısa müddət ərzində bir neçə
müəssisəni açmısınız. Bu gün Azərbaycan sənayesi üçün
modern texnologiyalara malik, tam avtomatlaşdırılmış
sistemlə işləyən zavodun açılmasının
xeyir-duasını verirsiniz. Bizim müəssisəmizdə
gözəl iş yerləri, gözəl iş şəraiti
yaradılmışdır. Müəssisəmizin
işçiləri adından bir daha Sizə
yaradılmış bu şəraitə görə dərin
minnətdarlığımızı bildiririk, cənab
Prezidentimiz! Çox sağ olun.
Müəssisənin
digər əməkdaşı Fəxrəddin
KƏRİMBƏYLİ burada yaradılan yüksək şəraitə
görə dövlət başçısına minnətdarlıq
edərək dedi:
- Cənab
Prezident! Mən kağız və karton
istehsalı kombinatında gənc mütəxəssis olaraq
çalışıram. Azərbaycan
Texniki Universitetini bitirmişəm. Müəssisənin
bünövrəsi qoyulandan burada çalışıram.
Müəssisəmizdə
çalışanların 80 faizini sumqayıtlı gənclər
təşkil edir. Müəssisədə bizlər
üçün yüksək iş şəraiti
yaradılmışdır, yüksək əməkhaqqı ilə
təmin edilmişik. Bütün bunlar Sizin
biz gənclərə göstərdiyiniz qayğı və
diqqətin nəticəsidir. Buna görə biz
gənclər Sizə minnətdarlığımızı bildiririk.
Müəssisəmiz ekologiyaya da müsbət təsir
edir. Belə
ki, xammal olaraq tullantı kağızlardan istifadə etdiyimiz
üçün il ərzində 850 min
şam ağacının kəsilməsinin qarşısı
alınacaqdır. Bütün bunlar Sizin
düşünülmüş siyasətinizin nəticəsidir.
Möhtərəm
cənab Prezident! Bizə töhfə etdiyiniz müəssisələrə,
iş yerlərinə görə, biz cavanlar Sizə təşəkkürümüzü
bildiririk.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2014.- 26 fevral.- S.2.