Heç bir cinayət cəzasız qalmayacaq

 

Milli Məclisin iclasında

 

Milli Məclisin dünən keçirilən növbəti plenar iclası Xocalı soyqırımında şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə işinə başladı.

Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, 26 fevral 1992-ci ildə baş verən Xocalı soyqırımı XX əsrdə Azərbaycan xalqına qarşı törədilən ən dəhşətli faciələrdən biridir: "Azərbaycan dövləti Xocalı faciəsini soyqırımı kimi qiymətləndirib. Milli Məclisin müvafiq qərarına əsasən fevralın 26-sı Xocalı Soyqırımı Günü kimi qeyd edilir. Bununla bağlı bütün beynəlxalq təşkilatlara müraciət olunub. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinin dünya miqyasında tanıdılması üçün görülən tədbirlər mütəşəkkil xarakter almışdı. Bu məsələdə Azərbaycana verilən beynəlxalq dəstək ildən-ilə daha da güclənir".

Oqtay Əsədov vurğuladı ki, dünyanın bir çöx ölkələrində hər il Xocalı faciəsinin ildönümü qeyd edilir. Ölkəmizə verilən beynəlxalq dəstək ildən-ilə daha da güclənir. Bir çox dövlətlər Azərbaycana qarşı törədilmiş bu cinayət əməlini soyqırımı aktı kimi tanımışlar. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Macarıstan, PanamaHonduras parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilən kütləvi qətllər soyqırımı kimi qəbul edilmişdir. Rumıniya, BosniyaHerseqovina, İordaniya parlamentləri, eləcə də ABŞ-ın 20-dək ştatında icraqanunverici orqanları bu faciəni qətliam kimi qiymətləndirərək qətiyyətlə bunu pisləmişlər: "Bu da, təbii ki, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin, digər dövlət orqanlarının, eləcə də Milli Məclisin, QHT-lərin fəaliyyətinin nəticəsidir. Onu da xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası realkonkret nəticələr verməkdədir. Əminik ki, heç bir cinayət cəzasız qalmayacaq. Xocalı faciəsində günahsız insanların canını alan ermənilər gec-tez öz layiqli cəzalarını alacaqlar. Azərbaycan günü-gündən həm siyasi, həm də iqtisadi cəhətdən güclənir. Buna görə də əminik ki, həm Dağlıq Qarabağı, həm də onun ətrafındakı 7 rayonu tezliklə işğaldan azad edəcəyik".

Sonra müzakirələr başlandı. Çıxış edən deputatlar Zahid Oruc, Asim Mollazadə, Qüdrət Həsənquliyev, Bəxtiyar Əliyev, Fazil Mustafa, Xanhüseyn Kazımlı, Rəbiyyət Aslanova, Siyavuş Novruzov və Fəzail Ağamalı Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində görülən işlərdən, bəzi beynəlxalq təşkilatların hələ də Azərbaycana qarşı ikili standartlar prinsipi ilə yanaşmasından söz açdılar. Qeyd edildi ki, Azərbaycan xalqı hər zaman Xocalı faciəsinə görə kədər hissi keçirir. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması saxta erməni soyqırımına dirəniş göstərmək üçün ən mühüm məsələdir.

Çıxış edən deputatlar vurğuladılar ki, saxta erməni soyqırımı məsələsi Ermənistanın dövlət quruculuğunun tərkib hissəsinə çevrilib. Amma biz faciələrimizdən heç zaman belə istifadə edə bilməmişik.

Deputat Bəxtiyar Əliyev dedi ki, ermənilərin törətdikləri cinayətlərə, Xocalı soyqırımına ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən ədalətli qiymət verilsəydi, indiki vəziyyət hökm sürməzdi. Deputat Fazil Mustafa isə söylədi ki, Xocalı soyqırımı ilə bağlı Azərbaycanın əlində kifayət qədər faktlar varonu sübut etmək şansı böyükdür. O, hər il Xocalı Soyqırımı Günü ərəfəsində Azərbaycanın səfirlikləri tərəfindən Xocalı faciəsi haqqında materialların bütün ölkələrin nazirliklərinə göndərilməsini təklif etdi.

Deputat Fərəc Quliyev isə diqqətə çatdırdı ki, Milli Məclis Xocalı soyqırımını tanıyan ölkələrə təşəkkür məktubu göndərməli və onların işğalçılara qarşı sanksiya tətbiq edilməsi üçün prosesə dəstək vermək təşəbbüsünü dəstəkləməlidir.

 

Spiker Oqtay Əsədov bildirdi ki, Milli Məclis Xocalı soyqırımının dünyada tanıdılması üçün müxtəlif tədbirlər görür: "Biz Xocalı soyqırımını dünyaya tanıtmalı, göstərməliyik ki, ermənilər yazıq, miskin yox, yırtıcı xalqdır".

YAP-ın icraçı katibinin müavini, deputat Siyavuş Novruzovun fikrincə, bu gün Ermənistan rəhbərliyində təmsil olunanlar Xocalı faciəsinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar ki, gələcəkdə belə hadisələr təkrarlanmasın. Onun sözlərinə görə, ermənilər öz saxta soyqırımlarını dünyada tanıtmaq üçün 100 ildir ki, lobbiləri ilə işlər görürlər: "Ancaq Azərbaycan Xocalı soyqırımını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün 10 il ərzində kifayət qədər işlər görübbundan sonra da bu istiqamətdə işlər həyata keçiriləcək".

S.Novruzov onu da əlavə etdi ki, bir neçə gündür Xocalı faciəsi ilə bağlı qəzet səhifələrində dünya ölkələrinə müraciətlər edilir, müxtəlif tədbirlər keçirilir. Ancaq nədənsə özünü "müxalifət" adlandıran siyasi partiyalar bu barədə bir dənə də olsun tədbir keçirməyib. O dedi:  "Xocalı tək iqtidarın faciəsi deyil. Siyasi baxışlarından asılı olmayaraq, hamı zərbəni bir yerə vurmalıdır".

YAP-ın icraçı katibinin müavini Mübariz Qurbanlı isə Xətai rayonunda yerləşən "Ana harayı" memorial kompleksinin Şəhidlər xiyabanına köçürülməsini təklif etdi. M.Qurbanlı hesab edir ki, Xocalı soyqırımını əks etdirən bu abidə rəsmi protokola daxil edilməlidir: "Ana harayı" abidəsi Şəhidlər xiyabanına köçürülsə, o zaman Azərbaycana gələn xarici qonaqlar da Xocalı soyqırımı ilə daha yaxından tanış ola bilərlər".

Çıxışlardan sonra gündəlikdə duran məsələlərin müzakirəsi başlandı. "Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında" protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi haqqında Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verdi. O, qeyd etdi ki, protokola əsasən, razılığa gələn tərəflər quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində Xəzər dənizinin ətraf mühitinin və sahilyanı ərazilərinin çirklənmədən qarşısını almaq, belə çirklənməyə nəzarət etmək, onu azaltmaqmümkün olan maksimal həddi aradan qaldırmaq üçün konvensiyanın müddəalarına əsasən fərdi və ya birgə bütün zəruri tədbirləri həyata keçirirlər. Tərəflər məlumat mübadiləsi aparacaq, ətraf mühitə təsirin qiymətləndirilməsi və monitorinq istiqamətində birgə tədbirlər görəcəklər.

Müzakirələrdə çıxış edən deputat Zahid Oruc və Fəzail Ağamalı vurğuladılar ki, bu layihə Azərbaycan üçün önəmli sənədlərdən biridir. Çünki Azərbaycanın indiyədək əldə etdiyi uğurların çoxu Xəzərin nefti ilə bağlıdır. Neft Azərbaycanın ən böyük sərvətidir. Sonra sənəd səsə qoyularaq təsdiq olundu.

Gündəlikdə duran ikinci məsələ isə "Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında" sazişin (2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə) təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi idi. Sənədlə bağlı Milli Məclisin  İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirdi ki, Azərbaycan hökuməti ilə Almaniya Federativ Respublikası hökuməti arasında əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Bu saziş də əlaqələrin daha da möhkəmlənməsinə, dərinləşməsinə xidmət edəcək. Sənəd deputatlar tərəfindən müsbət qiymətləndirildi və səsə qoyularaq qəbul edildi. Saziş 2013-cü il noyabrın 28-də Azərbaycan Respublikasının sosialiqtisadi inkişafına kömək məqsədilə Azərbaycan və Almaniya hökumətləri arasında imzalanıb.

 

Sazişə əsasən, Azərbaycan hökuməti ölkədə müxtəlif layihələrin həyata keçirilməsi üçün dövlət əməkdaşlığı çərçivəsində Almaniyanın KfW bankından milyonlarla avro həcmində güzəştli ssuda vəsaitləri ala biləcək.         

İclasda "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna əlavələr də edildi. Sənədlə bağlı məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, yeniliyə görə Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin, Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin zabit heyətinə diplomatik pasportlar veriləcək.

Gündəliyin sonuncu məsələsi isə "Dəniz limanları haqqında" yeni qanun layihəsi (I oxunuşda) idi. Qanun layihəsi barədə məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, son zamanlar Bakıda və ölkənin digər bölgələrində yeni limanlar tikilir. Onun sözlərinə görə, yeni qanun layihəsinin qəbulu Azərbaycanın Xəzər dənizində digər ölkələrlə liman əlaqələrinin genişlənməsinə və inkişafına olduqca böyük töhfə verəcək. Qanun ölkənin Konstitusiyasına, beynəlxalq hüququn prinsip və normalarına, Azərbaycanın tərəf çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Ticarət Gəmiçiliyi Məcəlləsinə və ölkənin digər qanunlarına və normativ-hüquqi aktlarına zidd olmamalıdır: "Bu qanun xüsusi ərazidə və akvatoriyada yerləşən və ticarət gəmiçiliyi məqsədilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, yüklərlə əməliyyatların aparılması və dəniz limanlarında həyata keçirilən digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub".

Müzakirələr zamanı çıxış edən deputatlar Elmira Axundova, İlyas İsmayılov, Tahir Rzayev, Muxtar Babayevvitse-spiker Valeh Ələsgərov yeni qanun layihəsinin əhəmiyyətindən danışdılar və ilk oxunuşda  təkliflərini bildirdilər. Sonda qanun layihəsi birinci oxunuşda qəbul edildi.

Bununla da Milli Məclisin fevralın 25-də keçirilən iclası öz işini başa vurdu.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 26 fevral.- S.4.