Beynəlxalq hüquq
normaları Xocalı faciəsinin soyqırımı
cinayəti
kimi tövsifi üçün əsas verir
Azərbaycan dövləti erməni şovinistlərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirləri də xüsusi vurğulamaq lazımdır. Məqsəd tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı erməni-şovinist millətçilərinin azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifələrindən biridir. Xocalı soyqırımı Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş qətliamların miqyasca ən dəhşətlisidir. Beynəlxalq hüquq normaları Xocalı faciəsinin soyqırımı cinayəti kimi tövsifi üçün kifayət qədər ciddi əsaslar verir.
İlk dəfə olaraq Nürnberq Hərbi Tribunalının nizamnaməsində beynəlxalq cinayətlərin nədən ibarət olduğu göstərilmişdir. Orada soyqırımı cinayəti insanlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmişdir. BMT-nin "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" 1948-ci il 9 dekabr tarixli Konvensiyasında isə soyqırımı cinayətinin mahiyyəti tam olaraq əksini tapmışdır. Beynəlxalq hüquqa görə soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməl olmaqla müharibə cinayəti sayılır. Soyqırımı hər hansı milli, irqi, etnik və dini əlamətlərinə görə fərqlənən xüsusi bir qrupun tamamilə və ya qismən məhv edilməsinə yönəlmiş aşağıdakı hərəkətlərə deyilir: birincisi, həmin qrupun üzvlərinin öldürülməsi; ikincisi, onların şikəst edilməsi, bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; üçüncüsü, hər hansı qrupun qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması; dördüncüsü, həmin qrupda doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; beşincisi, azyaşlı uşaqların bir insan qrupundan alınıb başqasına verilməsi. Bu hallardan hər hansı birinin mövcudluğu hadisənin soyqırımı kimi qiymətləndirilməsi üçün kifayət edir. Bu meyarlar baxımından Xocalı faciəsi soyqırımı cinayəti kimi qiymətləndirilməlidir.
Soyqırımı - beynəlxalq hüququn qəbul edilmiş ümumi prinsip və normalarının, habelə insan hüquq və azadlıqlarının kobud surətdə pozulmasıdır. Soyqırımın əsas ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayətin törədilməsi nəticəsində ayrıca mədəniyyəti, adətləri, ənənələri, bir sözlə, yaşam tərzi olan milli, etnik, irqi və ya dini qrup tamamilə və ya qismən öz mövcudluğunu itirə bilər. Bu isə insanlar birliyinin müxtəlifliyinin itirilməsinə, beynəlxalq nizamlama qanunauyğunluqlarının əsaslarının sarsılmasına gətirib çıxara bilər. BMT Baş Məçlisinin 10 dekabr 1948-ci ildə qəbul etdiyi "Ümumdünya insan hüquqları" Bəyannaməsində qeyd olunur ki, "...Hər bir insanın yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır, heç kəs insan ləyaqətini alçaldan alçaldıcı və qeyri-insani cəza və işgəncələrə məruz qala bilməz. Hər bir insan onun harada olmasından asılı olmayaraq, hüquq sübyekti hesab olunur və bütün insanlar qanun qarşısında bərabərdir və qanunlarla eyni dərəcədə müdafiə olunurlar".
Xocalı soyqırımı ilə bağlı aparılmış istintaqla müəyyən edilmişdir ki, bu əməldə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" 1948-ci il 9 dekabr tarixli Konvensiyasında və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi var. Cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Xocalı soyqırımını həyata keçirən Ermənistanın hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı separatçı birləşmələr və Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı alayının hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına riayət edilməmişdir. Konkret olaraq 1949-cu il 12 avqust tarixli "Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında", "Hərbi əsirlərlə rəftar haqqında" və "Müharibə zamanı mülki əhalinin qorunması haqqında" Cenevrə konvensiyalarında nəzərdə tutulan tələblər kobud şəkildə pozulmuşdur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsində soyqırımı cinayəti "Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə" kimi qəbul olunur.
70 il tərkibində yaşadığımız imperiya bədnam qonşularımızın 1905-1906 və 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törətdikləri dəhşətli qətliamları, soyqırımıları unutdurma siyasəti yeritdi. 1948-1953-cü illərdə 200 minədək azərbaycanlının Ermənistandan müxtəlif bəhanələrlə deportasiya edilməsi, fiziki-mənəvi məhrumiyyətlərə məruz qalması, yurd-yuvasını itirməsi kimi acı həyat reallıqları da yaddaşımıza əbədi həkk olunmadı. Bütün bunlar azmış kimi, imperiya rəhbərliyinin dəstəyi ilə tarixi Azərbaycan torpaqlarının bir hissəsi Ermənistana verildi. Saxta "beynəlmiləlçilik" ideologiyasının diktə etdiyi unutqanlıq mərəzi 80-ci illərin ortalarında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yenidən baş qaldırmasına gətirib çıxardı. Xalqımız tarixi unutqanlığın dəhşətli nəticələrini taleyində yaşamalı oldu. Zaman-zaman məkrli qonşularımız olan ermənilərin türklərə və azərbaycanlılara qarşı ərazi iddiaları, terror və soyqırımı siyasətini unutmağımız bizlərə baha başa gəlib. Məhz bu tarixi unutqanlıq üzündən də XX əsrin əvvəllərində baş vermiş hadisəni əsrin sonunda yenidən yaşamalı olduq.
Etiraf etməliyik ki, 22-ci ildönümü ilə bağlı anım tədbirləri keçirdiyimiz Xocalı soyqırımı müəyyən mənada tarixi unutqanlığımız nəticəsində baş verdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş amansız qətliam isə nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş dəhşətli genosid aktı idi.
Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri ünsür sayılır. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri xarakterinə görə şüurlu, bilərəkdən və iradə əsasında diktə olunan əməllərdir. Həmin əməllər heç bir halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin əməlləri törətmək niyyəti və onların mümkün nəticələrinin ümumən dərk edilməsi əməlin soyqırımı kimi tövsifi üçün kifayət deyildir. Burada cinayətkarın fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı olan konkret niyyətini ortaya çıxarmaq tələb olunur.
Beynəlxalq hüquq normalarına görə soyqırımı cinayəti törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırımı cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, BMT-nin "Soyqırımı cinayətinin qarşısının alınması və cinayətkarların cəzalandırılması haqqında" Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı dövlətlər soyqırımı cinayətini törətməklə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə əsasən, həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidirlər. Soyqırımı cinayətinin təkcə icraçıları deyil, soyqırımı törətməyə sui-qəsd, soyqırımına birbaşa və açıq təhrikçilik, soyqırımına cəhd və soyqırımında iştirak da cinayət məsuliyyəti doğurur.
Soyqırımı cinayəti törətmiş şəxslərə qarşı universal yuridiksiya prinsipi tətbiq edilir. Başqa sözlə, soyqırımı cinayətini törətməkdə əmrin icrası istinad şəxsi cinayət məsuliyyətindən əsla azad etmir. Dövlətin aktları onun vəzifəli şəxslərinin fəaliyyəti olduğundan təqsirə görə yalnız dövlətə qarşı sanksiya tətbiq edilməsi ilə kifayətlənmək olmaz. Belə hallarda cinayətkar əməlin təşkilatçıları, rəhbərləri, icraçıları, konkret fiziki şəxslər də cəzalandırılmalıdırlar. Soyqırımı cinayətinin törədilməsinə görə dövlətin cinayətkar əmrlər verən, bu əmrləri icra edən vəzifəli şəxsləri də məsuliyyət daşıyır. Xocalı soyqırımına görə təkcə bu beynəlxalq cinayəti törətmiş şəxslər deyil, həm də həmin cinayətlərin qarşısını almaq üçün heç bir tədbir görməmiş mülki hakimiyyət və rəis heyəti də məsuliyyət daşıyır.
BMT Baş Məclisinin 26 noyabr 1968-ci il tarixli 2931 nömrəli qətnaməsi əsasında qəbul edilmiş "Müddətin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə tətbiq edilməməsi haqqında" Konvensiyasının 1-ci maddəsinə əsasən, müharibə cinayətləri törədildiyi vaxtdan asılı olmayaraq, onlara cinayət məsuliyyətinə cəlbetmə müddəti tətbiq olunmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.5-ci maddəsinə əsasən, məcəllənin xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş şəxslərə müddət barədə müddəalar tətbiq olunmur. Həmin cinayətləri törətmiş şəxslər cinayətin törədilməsi vaxtından asılı olmayaraq, cinayət məsuliyyətinə cəlb edilməli və məhkum olunmalıdırlar.
Beynəlxalq cinayətlərə görə məsuliyyətə cəlbetmə müddətinin tətbiq olunmaması ona dəlalət edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş beynəlxalq cinayətlərdən, o cümlədən Xocalı soyqırımından nə qədər vaxt ötsə də, həmin cinayətləri törətmiş şəxslər məsuliyyətdən yayına bilməzlər. Soyqırımı törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilməsi üçün tələb olunan dövlətə verilməlidir.
BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya, Hürnberq Hərbi Tribunalının Nizamnaməsi (Nizamnamədə birbaşa soyqırımı cinayəti göstərilməsə də, həmin cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuşdur), Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi, Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (maddə 1), Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (maddə 6), Azərbaycan Respublikası Cinayət Məcəlləsi (maddə 103) və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınmasına tam əsaslar yaradır.
Xocalıda baş verənlərin soyqırımı olduğunu həmin dövrdə bir sıra ölkələrin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri də təsdiqləmişlər. Bu baxımdan faciə baş verən gün Xankəndidə ezamiyyətdə olmuş Fransanın "Libardion" qəzetinin əməkdaşı Jul Gen Vaynerin qeydləri xüsusi maraq doğurur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi çoxlu müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazmışdır. Jurnalist "Libardion" qəzetində çap etdirdiyi "Erməni terroriziminin canlı şahidi oldum" sərlövhəli yazıda Xocalıda baş verənlərin qabaqcadan cızılan ssenari olduğunu açıq bəyan etmişdir. Onun fikrincə, bunda məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olmuş, erməni terrorizimi dünyanı məhz bu yolla "ram etməyə" çalışmışdır. Fransalı müxbir Xocalı qətliamında iştirak edən erməni terror dəstələrinin necə amansızlıq etdiklərinin canlı şahildi olduğunu yazmışdır. Mənfur sovet ordusunun 366-cı motoatıcı alayının ermənilərlə birgə Xocalı üzərinə hücumundan bir gün əvvəl Xankəndidə bu alayın qərargahında olan Vayner orada rus polkovniki Zaviqarovun əməliyyata ciddi hazırlaşdığının şahidi olduğunu göstərmişdir. "Hələ Xocalı işğal edilməmişdən bir gün əvvəl 49 azərbaycanlı əsir alınaraq kütləvi şəkildə güllələndi. Batalyon və hərbi hissələrin komandirləri dinc əhalinin məhvinə qərar vermişdilər. Hücumdan bir neçə saat əvvəl 366-cı alayın qərargahında 58 azərbaycanlı qətlə yetirildi. Onların çoxu qadın və uşaqlar idi. Cəsədlərin gömüldüyü quyuların yanından keçmək mümkün deyildi. Çünki oradan dəhşətli dərəcədə meyit iyi gəlir, itlərin, çaqqalların səsləri eşidilirdi" - deyə müşahidələrini obyektiv şəkildə qeydə almış fransalı jurnalist Xocalıya hücum ərəfəsində Ermənistanın hakimiyyət orqanları rəhbərlərinin 366-cı motoatıcı alayın qərargahında olduğunu da vurğulamışdır.
Bu faktlar, canlı şahid ifadələri, foto və videomateriallardan istifadə edən Azərbaycan bütün dünyada Xocalı soyqırımı ilə bağlı geniş təbliğat aparmaq imkanlarını genişləndirir. Əlbəttə, bu istiqamətdə indiyədək görülmüş işlər daha da genişləndirilməli, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları bu işə ciddi dəstək verməlidirlər. Bunun üçün virtual məkanın - internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalı, eyni zamanda, səfirliklər, diaspor təşkilatları birgə işləməli, faciə ilə bağlı həqiqətlərin yerləşdikləri ölkələrin ictimaiyyətinə çatdırılması üçün fəallıq göstərməlidirlər.
Xüsusi vurğulamaq lazımdır ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması ilə bağlı ilk praktik təşəbbüs isə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir. Ulu öndər ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi, orada narkotik maddələrin yetişdirilməsi, mədəni abidələrin məhv edilməsi və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bu məqsədlə atılan mühüm addımlardan biri də erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi olmuşdur.
Ümummilli liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etmişdir. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 12.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.
Son 22 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır. Heydər Əliyev Fondu da Xocalı həqiqətlərinin tanıdılması istiqamətində uğurlu fəaliyyət göstərir. Fondun Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası da bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.
Ümumilikdə Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu yöndə bütün imkanlar səfərbərliyə alınmış, beynəlxalq aləmin Azərbaycan həqiqətlərinə münasibətində erməni yalanlarının ifşasına yönəlmiş bir sıra pozitiv irəliləyişlər nəzərə çarpmağa başlamışdır. Son illərdə dünyanın bir sıra ölkələri, ABŞ-ın bir neçə ştatı, o cümlədən Çexiya parlamenti də Xocalı faciəsini soyqırımı kimi tanımışdır. Əlbəttə ki, Xocalı soyqırımının dünyada tanıdılması bir neçə ilin işi deyildir. Bu istiqamətdə hələ uzun illər ərzində fəal iş aparmaq lazımdır. İnanırıq ki, dövlət başçısı İlham Əliyevin hücum diplomatiyası nəticəsində biz həqiqətlərimizi dünyaya qəbul etdirə biləcəyik.
Elnur HACALIYEV,
Azərbaycan.-2014.- 26 fevral.- S.5;6.