Xocalı faciəsi erməni faşizmini əbədi ittiham edəcək

 

Xocalıya ədalət

 

Fevralın 25-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək XX əsrin görünməmiş faciəsini törətdiklərini, günahsız insanları görünməmiş qəddarlıqla  qətlə yetirdiklərini diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, həmin gecə erməni quldur birləşmələri Xocalıda etnik təmizləmə və soyqırımı siyasəti törətmişlər.

Hadisə nəticəsində 7 min əhalisi olan Xocalı şəhəri yer üzündən silinmiş, 613 nəfər amansızcasına qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdür.

Ə.Abbasov bildirmişdir ki, Xocalı faciəsi təsadüfi hadisə deyildir. Dəhşətli faciəni törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, onu tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

Vurğulanmışdır ki, Xocalı faciəsinə ilk hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Məhz ulu öndərin hakimiyyətə gəlişindən sonra Xocalı faciəsi ciddi araşdırılmış, bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlər görülmüşdür. Bu sahədə Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə görülən işlər, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində görülmüş genişmiqyaslı tədbirlər xüsusi vurğulanmışdır.

Tədbirdə çıxış edən rabitəçi, faciənin canlı şahidlərindən olan Dürdanə Ağayeva Türkiyədə Xocalı faciəsi ilə bağlı keçirdiyi görüşlərdən bəhs etmiş, qardaş ölkənin ictimaiyyətinə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktı haqqında ətraflı məlumat vermişdir.

Çıxış edən digər rabitəçilər də bu qanlı hadisədə günahı olanların ciddi cəzalandırılmasını tələb etmiş, faciənin xalqımızın qan yaddaşından heç zaman silinməyəcəyini söyləmişlər.

 

Azərbaycan.-2014.- 26 fevral.- S.8.