Heydər Əliyev Sarayında Xocalı soyqırımı

 ilə bağlı anma mərasimi olmuşdur

 

Heydər Əliyev Sarayında Xocalı soyqırımı ilə bağlı anma mərasimi keçirilmişdir. Sarayın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımını özündə əks etdirən kitablara və fotostendə baxış olmuşdur.

Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbiri Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev vaxtilə ümummilli liderimizin Xocalı faciəsi haqqında "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir", - sözləri ilə açmışdır.

Direktor Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmasından, ermənilər tərəfindən törədilən ağır qırğının nəticələrindən danışmışdır.

Fərhad Babayev xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın Heydər Əliyev Fondu ilə birgə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması və tanıdılması istiqamətində müxtəlif ölkələrdə tədbirlər və aksiyalar keçirməsi barədə məlumat vermişdir.

Tədbirdə iştirak edən Xocalı faciəsinin canlı şahidləri bildirmişlər ki, həmin gecə erməni silahlı birləşmələri Xocalı şəhərini yerlə-yeksan etmişlər. O müdhiş gecədə əliyalın dinc mülki əhali kütləvi qırğına məruz qalmışdır. Şahidlər bir çox qohumlarının ağır işgəncələrə məruz qalaraq öldürüldüyünü, girov götürülən yaxınlarının talelərinin bu gün də məlum olmadığını söyləmişlər.

Qeyd edilmişdir ki, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan Respublikasının ərazilərində törətdiyi hərbi cinayətə - Xocalı faciəsinə əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Cinayət cəzasız qalmamalıdır.

Tədbirdə digər çıxış edənlər də Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olmasından, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətindən, onun ağır nəticələrindən danışmışlar. Sonda Xocalı soyqırımının dəhşətlərini əks etdirən sənədli film nümayiş olunmuşdur.

 

Azərbaycan.-2014.- 26 fevral.- S.9.