Müharibə uşaqları sevmir

 

Xocalıda şəhid olan 63 körpənin iztirabı

 

 

 

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Facebook" sosial şəbəkəsindəki səhifəsində Qarabağda, xüsusilə Xocalıda baş verən qətliamlarla bağlı fikirlərini bölüşərək yazır ki, elə tarixi hadisələr var ki, onlar barədə nə qədər yazılsa da, hər dəfə oxuyanda onun acısını daha çox duyursan və təəssüf hissi ilə anırsan:

"Bu hisslər insan aqressiyasının doğurduğu saysız-hesabsız iztirab və ağrıları görəndə yaranır. Düşünürsən ki, müəyyən qruplaşmaların siyasi maraqları necə böyük dəhşətlərlə nəticələnir, məsələn, Srebrenitsa və Xocalıda baş vermiş faciələr kimi".

İnsan aqressiyasının doğurduğu bu hisslər uşaqlarımızın, qadınlarımızın, əlsiz-ayaqsız qocalarımızın "saysız-hesabsız iztirab və ağrıları"nı görəndə daha dəhşətli, daha dözülməz olur. Bu qətliamların başında bir dövlətin rəhbəri dayanırsa, bu "absurd teatraonun aktyorları"nın "şərəf"inə söz tapmaq olmur: "Xocalı soyqırımı kimi Azərbaycanın Xankəndi şəhərinin Kərkicahan, Əsgəran rayonunun Meşəli, Xocavənd rayonunun Qaradağlı, Qazax rayonunun Boğanis-Ayrım və s. kəndlərinin əhalisinin xüsusi amansızlıqla yer üzündən silinməsi faktları vardır. Lakin Xocalı faciəsi erməni xalqının siyasi rəhbərlərinin və erməni kilsəsinin Azərbaycan xalqına qarşı təxminən iki yüz il ərzində yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin ən dəhşətli simvolu oldu. Məhz 1992-ci ildə Xocalıda dinc azərbaycanlı əhalinin məruz qaldığı soyqırımı hazırkı Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən soyuqqanlılıqla hazırlanaraq icra olunmuş, dünya ictimaiyyətinə də Sumqayıt hadisələrinin ildönümü münasibəti ilə "əvəz-əvəz aktı" kimi təqdim edilmişdi. Əslində, 1988-ci il Sumqayıt hadisələrini SSRİ DTK-nın razılığı ilə erməni xüsusi xidmət orqanları diaspor təşkilatları ilə birgə planlaşdıraraq həyata keçirmişdi".

1987-ci ildə başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ən müdhiş, faciəli hadisələrdən biri Qarabağda - Xocalıda baş verən soyqırımıdır. Miqyasına və amansızlığına görə Xocalı faciəsi ancaq XX əsrin dəhşətləri ilə - Xatın, Xirosima, Srebrenitsa qırğınları ilə müqayisə oluna bilər. Vaxtilə Xankəndidən 14 km məsafədə yerləşən, ermənilərin "xidmət"i sayəsində uzun illər o  qədər də inkişaf etməyən, tanınmayan bu şəhər 1992-ci ilin o qanlı fevral gecəsindən sonra həmin ermənilərin növbəti "xidməti, fədakarlığı" hesabına bütün dünyada tanındı. Hazırda öz faciəsilə birlikdə bu şəhəri dünyanın 53 ölkəsi tanıyır. Faciəyə qədər Xocalıda 7 min insan yaşayırdı. Ermənistandan, Xankəndidən  didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də bu şəhərdə məskunlaşmışdı.

 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açaraq şəhəri tamamilə xarabazara çevirdilər. Şəhəri tərk etmək məcburiyyətində qalanları isə qarşıda daha ağır faciələr gözləyirdi. Hər tərəfdə silahlılar dinc əhalini güllələyir, onlara amansız divan tuturdular. Meşələrə, dağlara qaçanların da çoxu soyuqdan, şaxtadan məhv oldu. 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilərək diri-diri yandırıldı, başları kəsildi, dərisi soyuldu. Uşaqların gözləri çıxarıldı, süngü ilə hamilə qadınların qarınları yarıldı...

Şahidlərin bildirdiyinə görə, şəhərin yaxınlığındakı Qaraqaya deyilən yerdə eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti görüblər. Onların arasında uşaqlar da vardı: "Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitləri isə tikə-tikə doğramışdılar".

Ermənilər Xocalıda uşaqlara qarşı etdikləri vəhşilikləri özləri də etiraf ediblər: "...Mən və Xaçatur onların saxlandığı zirzəmiyə daxil olanda artıq əsgərlərimiz bir uşağı pəncərənin çərçivəsinə mismarlamışdılar. Onun çox səs-küy etməməsi üçün anasının kəsilmiş döşünü ağzına soxmuşdular. Sonra mən 13 yaşlı bir türkün baş, sinə və qarnından dərisini qopardım. Təxminən 7 dəqiqədən sonra uşaq qan itkisindən öldü. Mən birinci dərəcəli həkim kimi humanistəm, ona görə də uşağın başına gətirdiyim zülmlərdən xoşbəxtlik hiss eləmirdim. Lakin daxilən sevinirdim... Xaçatur uşağın cəsədini tikə-tikə doğradı və itlərə yem kimi atdı. Həmin axşam biz daha 3 türk törəməsinin başına həmin oyunu açdıq. Mən patriot, vətəndaş, erməni borcunu yerinə yetirirdim. Xaçaturun və digərlərinin gözlərində mən güclü qisas mübarizəsi görürdüm. Sonra mayor Suren mənə dedi: "Biz vəhşi deyilik, lakin soyuqqanlı olmalıyıq". Ertəsi gün biz kilsəyə getdik. Orada 1905-ci ildə ölən ermənilərin ruhlarına dua oxuduq" (Zori Balayan, "Ruhumuzun dirilməsi").

Ermənistanın Azərbaycana qarşı apardığı hərbi əməliyyatlar zamanı işğal edilən ərazilərdə girov götürülən uşaqlardan 168-i (onların 65-i azyaşlı qızdır) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti nəticəsində azad edilib. Bu uşaqlar arasında Xocalıdan olanlar da çoxdur. Amma uşaq ikən girov götürülən xeyli uşağın taleyi hələ də qaranlıq olaraq qalır.

Bəzi məlumatlara görə, uşaq ikən əsir götürülən insanlarımız hələ də girovluq həyatı yaşamaqda, Vətənə qayıdacağı günü gözləməkdədir. O uşaqların hansı müsibətləri yaşadığını təsəvvür etmək üçün azad edilmişlərin taleyinə nəzər salmaq kifayətdir - bəzilərinin bədən orqanları çıxarılaraq şikəst edilib, bəziləri, ümumiyyətlə, öldürülərək məhv edilib. Onlardan biri - 3 yaşlı Şövqi Əliyevin bazu sümüyü Xankəndidə ermənilər tərəfindən çıxarılıb, 15 yaşlı Nəzakət Məmmədovanın isə qulaqları kəsilib. Anası bunlara dözməyərək dəli olub.

Uşaq ikən girov götürülən uşaqlarımızın sayı isə onlarladır. Hazırda o uşaqlardan hansı sağdır, hansı dünyasını dəyişib?.. Bunu bircə Allah bilir...

Hazırda Xocalıdan, Ağdamdan, Şuşadan, Laçından, Kəlbəcərdən... uzaqda qarabağlı uşaqlar böyüyür. Onların bir çoxu işğaldan sonra doğulub. Amma heç vaxt görmədikləri, yalnız ata-analarının söhbətlərindən tanıdıqları, ekranda gördükləri torpaqların övladları olduqlarını unutmurlar. Çünki yaxşı bilirlər -  getməsələr də, görməsələr də, o kənd, o şəhər onlarındır.

Xocalı sakini Əntiqə Qəhrəmanova hər dəfə o dəhşət dolu günləri yada salanda 8 yaşlı nəvəsinin dedikləri gözünün qarşısına gəlir: "Nəvəm ermənilərin ayağını qucaqladı ki, "ay erməni, qadan alım, atama dəymə, bəs bizi kim saxlayacaq?" Erməni də dedi ki, "atana deynən torpaq erməninindir, buraxım".

Əntiqə nənənin qızını, kürəkənini, nəvəsini gözünün qabağında öldürüblər.  O, üç nəvəsi ilə birgə əsirlikdən azad olunandan sonra Bakıda yerləşib. O zaman böyük nəvəsinin 8 yaşı, lap kiçiyinin isə bir yaşı da yox imiş. Artıq o uşaqlar böyüyüblər. Belə uşaqların sayı isə minlərlədir. Uşaqların ürəyindəki həsrət, kədər, qisas hissionlarla bərabər böyüməkdədir...

Bu həm də itməyən, inləyən bir yaddaş deməkdir. Alman filosofu Karl Yaspersin 1949-cu ildə "Tarixin mənası və təyinatı" əsərində bu problemə münasibət daha düşündürücüdür. Çünki akademik Ramiz Mehdiyevin yazdığı kimi, "Bu hisslər saysız ağrıları görəndə yaranır": "Keçmişin kabusunun unudulmasına heç bir vəchlə yol vermək olmaz. Keçmişi daim xatırlatmaq lazımdır. Keçmiş baş veribonun təkrarlanması ehtimalı hələ də qalmaqdadır. Yalnız biliklər bu təkrarlanmanın qarşısını ala bilər. Təhlükəli məqam isə keçmiş haqqında bilgi almaq istəməmək, onu unutmağa cəhd göstərmək və bütün bunların, həqiqətən, baş verdiyinə inanmamaqdır".

 

 

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2014.- 26 fevral.- S.10.