«O dünya»dan qayıdan var...

 

O, əsirlikdə adi iynə-sapla cərrahiyyə əməliyyatı aparıb

 

 

Xocalı dəhşətlərini yaşamış, əsirlikdə erməni vandallarının insanlığa yaraşmayan hərəkətlərini görənlərdən biri Xocalı rayon mərkəzi xəstəxanasının baş həkimi Məmməd Nağıyevdir. Azərbaycan Tibb Universitetini bitirib, 1979-cu ildən Xankəndidə həkimliyə başlayıb. 1988-ci ildən "DQMV hadisələri" ilə əlaqədar ona qarşı da təzyiqlər artıb. Orada yaşayan soydaşlarımıza tibbi xidmət göstərmək üçün ermənilərin bütün təqib həqarətlərinə dözərək yerini 1989-cu ilin yanvar ayına kimi tərk etməyib.

Həmin tarixdən etibarən o, Xankəndi, Ballıca, Xənzək kəndlərinin əhatəsində, əslində, ermənilərin mühasirəsində qalan Cəmillidə peşə xidmətini davam etdirib. Ağdam-Şuşa yolu ermənilər tərəfindən bağlananda helikopterlə Xocalıdan Şuşaya uçar, oradan isə dolayı yollarla Cəmilliyə işə gedərdi.

...Cəmilliyə gedən yollar çox qorxulu idi. 1991-ci ildə Şəkidən Cəmilliyə köməyə gələn milis işçiləri ermənilər tərəfindən məhz o yolda, meşəlikdə güllələnmişdilər. Həmin il avqust ayının 23-də növbəti dəfə Şuşadan Cəmilliyə  gedərkən ermənilər meşədə gizləndikləri yerdən çıxaraq avtobusu atəşə tutmuşdular. Avtobusdakı 21 nəfərdən 3-ü şəhid olmuş, 15 nəfər isə müxtəlif dərəcədə ağır yaralanmışdı. Məmməd həkimin həmin maşında olması yaralıları amansız vaxtsız ölümün pəncəsindən xilas etmişdi. Çünki təcili olaraq yaralıları geriyə, Şuşa xəstəxanasına qaytara bilmişdilər.

Dağlıq Qarabağ Təşkilat Komitəsi yaradıldıqdan sonra da Məmməd Nağıyev erməni daşnakları ilə üz-üzə az qalmayıb: "Arkadi Volskinin rəhbərlik etdiyi Dağlıq Qarabağ Təşkilat Komitəsinin tətbiq etdiyi "komendant saatı" rejimi xəstə üstünə getməyimizə mane olurdu. 1990-cı il fevral ayının 13-də gecə fin evlərinin birindəki xəstəyə baxıb qayıdırdım. Yolda Əsgəranın hərbi komendantı təcili yardım maşınımızı saxladıb yoxladı. "Hərbi rejimin qanunu"na tabe olmadığımızı irad tutanda bildirdim ki, xəstə yanından gəlirik. Qəzəblə  dedi: "Sən kimsən ki, "komendant saatı"nı pozursan"?!  O, mənə inanmadı xəstəni görmək üçün birlikdə geri qayıtmağımızı əmr etdi. Biz xəstə olan evə getdik. Komendant xəstə uşağı gördükdən sonra bizi yenə hədələdi: "...Bir "komendant saatı"nda xəstə üstünə getsən, cəzan ağır olacaq!"

Verdiyim cavab onu özündən bir az da çıxartdı. Əsgəranda 3 gün kamerada saxlanmağım da məhz həkim kimi andıma sadiqlik nümayişim idi".

Həkim o dəhşətli illəri müdhiş gecəni silinməz iz kimi yaddaşına yazıb. Xocalı özünümüdafiə taboru yaradılanda orada tibbi xidmət rəisi kimi fəaliyyət göstərib. Əsir düşməsi məhz tibbi xidməti ilə bağlı olub: "O dəhşətli gecə, təxminən saat 4 radələri, yəni səhərəyaxın digərləri kimi, biz mühasirədən çıxmaq üçün Qarqar çayını keçib meşələrə üz tutmuşduq. Təxminən 150 nəfər idik. O gecə sanki təbiətin xocalılılara qəzəbi tutmuşdu: soyuq insanı qılınc kimi kəsirdi. Yalın ayaqları don vurmuşdu, ona görə çoxu taqətdən düşmüşdü. Erməni vandalları isə meşədə pusquda dayanmış, yolları kəsmişdi. Camaata qarşı hər cür vəhşilik edir, alçaqcasına, qocaya, cavana, uşağa, hamilə qadınlara belə fərq qoymadan atəş açırdılar. Xocalılıları o gecə son nəfərinədək qırmaq istəyirdilər. İki gün idi ki, meşədəydik. Aclıq, soyuq, şaxta çoxlarını taqətdən salmışdı. Ayaqları buz bağlayan qocaları irəli aparmaq olmurdu. Fevralın 27-də Dəhraz kəndi yaxınlığında erməni quldurları ilə üz-üzə gəldik. Atışma başlayanda biz yaxınlıqdakı dərəyə endik. Birdən məndən irəlidə gedən qadının on yaşlı uşağını yaraladılar. Uşağın yarasını sarımaq üçün ona tərəf sürünəndə güllə papağımın günlüyünü deşib keçdi. Bir qədər gözləyib uşağa tərəf yenidən süründüm yarasını sarıdım. Uşağa baxdığımdan ləngimişdim"...

O  gecə mühasirəni yara bilməyən xocalılılardan biri Məmməd Nağıyev oldu. "O dünyadan gələn" həkim, aradan illər keçsə , gördüklərindən söz açmağa çətinlik çəkir. Əsirlik həyatında da o, həkim kimi peşə andına sadiq qalaraq 7 nəfər ağır yaralı soydaşımızı amansız ölümün pəncəsindən qurtarıb. Hətta Rövşən adlı  əsirin yarasından axan qanı dayandırmaq üçün o, burada "cərrah"a da çevrilib: adi  tikiş iynə-sapı ilə onun yarasını tikib vaxtsız ölümdən xilas edib: "Əsir aldıqdan sonra ermənilər bizi ictimai binaya yığıb, üstümüzdəki qiymətli əşyaları əlimizdən aldılar. Hətta bəzilərinin qızıl dişini adi kəlbətinlə çıxarmaqdan çəkinmədilər. Əsir götürüldüyümüz təxminən bir saat olardı. Beş-altı erməni dığası içəri soxulub qışqır-bağır saldılar. Anlatdılar ki, hansınınsa birinin qohumu bizimkilər tərəfindən öldürülüb. Ona görə onun qisasını almağa gəliblər. Bir erməni quldurunun məhv olmasına görə bizdən 13 nəfəri bayıra çıxarıb güllələdilər. Ondan da dəhşətlisi türk Əhməd adlanan bir nəfərin başını kəsib top kimi oynatmaları oldu. Növbə, deyəsən, mənə çatmışdı. İçəridən avtomatın qundağı ilə məni vurub bayıra atdılar. Bizim dəstədə pulemyotun kimdə olduğunu soruşdular. Bilmədiyimi dedim. Yıxılana qədər döyüb, sonuncu  dəfə xəbərdarlıq etdilər: "...əgər 15 dəqiqəyə kimi deməsən, başın kəsiləcək"! Mən içəri qaytarılana kimi pulemyotçunun kimliyi artıq onlara məlum olmuşdu. Buna baxmayaraq, məndən əl çəkmək fikirləri yox idi. Həkim kimi döyüşçülərimizə yardım etməyim onları azğınlaşdırmışdı. O qədər döymüşdülər ki, yerə yıxılmışdım. Biri cibindən iri bıçaq çıxarıb sinəmə çökmüşdü. Bu an bir maşın  gəldi. İçərisindən iki nəfər mülki geyimli düşüb bizə yaxınlaşdı. Ermənicə danışdılarsa, onlar məni yerdən qaldırıb içəri, camaatımızın yanına itələyib saldılar...".

O günlər arxada qalsa da, həmin yaşantılar öz dəhşətləri ilə Məmməd Nağıyevin yaddaşına qan rəngində yazılıb. 1992-ci ilin may ayında Xocalı taborunun yenidən bərpasında iştirak edən həkim 1995-ci ilə kimi Milli Ordunun sıralarında, əsasən ön cəbhədə - Ağdam bölgəsində düşmənlə üz-üzə dayanan əsgərlərimizlə çiyin-çiyinə olub: Qaraqaya, Şelli, Naxçıvanik, Pircamal, Aranzəmin, Abdal, Gülablı, Bağbanlar, Fərrux, Papravənd Şahbulaq uğrunda gedən döyüşlərdə onlarla yaralıya yerində ilk tibbi yardım göstərib. O, bu gün xocalılıların sağlamlığının keşiyində həm "Azərbaycan Bayrağı" ordenli, əməkdar həkim kimi dayanıb.

 

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2014.- 26 fevral.- S.11.