Qanlı faciənin şahidi
Erməni qatillərinin xalqımıza qarşı törətdikləri, dünyanın ən dəhşətli qətliamlarından olan Xocalı soyqırımından 22 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən o qarlı-şaxtalı gecədə qədim Xocalı şəhəri bir gecənin içində məhv edildi, sakinləri faciələrlə üzləşdi...
Ermənilər Dağlıq Qarabağda Azərbaycanın ərazi suverenliyini pozanda, torpaqlarımızı işğal edəndə, dinc əhaliyə qarşı qətliamlar törədəndə müdafiəyə və mübarizəyə qalxan yüzlərlə qarabağlıdan, könüllü döyüşçülərdən biri də Ağdamın Əhmədavar kəndindən Oruc Cabbarov olmuşdur. 1988-ci ilin fevralında ermənilər həyasızcasına Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi arzusu ilə yerli azərbaycanlıları tarixi dədə-baba yurdlarından, torpaqlarından qovanda, ev-eşiklərindən zorla çıxarıb çöllərə salanda, erməni silahlılarından müdafiə məqsədilə yaradılan könüllülər dəstəsinə qoşulanlardan biri də Rusiyanın Əfqanıstanla sərhədində hərbi xidmət keçmiş 25 yaşlı Oruc Cabbarov olmuşdur. 70-80 nəfərdən ibarət bu dəstənin əksəriyyəti Orucun orta məktəb yoldaşları, bir də ətraf rayonlardan köməyə gələn gənclər idi. Oruc hərbi qayda-qanunları bildiyinə və yerli coğrafi ərazilərə yaxşı bələd olduğuna görə 1991-ci ildən "Qarabağ şahinləri" adlı batalyonun tərkibindəki bölməyə taqım komandiri təyin olunmuşdu. Xocalı erməni vandalları tərəfindən darmadağın edilənədək Qaraqayada, Yeddixırmanda, Mərək dağlarında, Qarqaraçayda, Xatın arxının ətrafında və digər ərazilərdə erməni qatillərinin hücumlarının qarşısını almaq üçün dəfələrlə ölüm-dirim mübarizəsinə çıxmışdı. Azərbaycanın Milli Qəhrəmanı sabirabadlı Mübariz Əhmədovla. Azərbaycanın Milli Qəhrəmanı, şagird yoldaşı Canpolad Rzayevlə, həmkəndliləri Azərbaycanın Milli Qəhrəmanı Baxşeyiş Paşayevlə, Məhəbbət Tağıyevlə, Bəxtiyar Hümbətovla, Fikrət Əliyevlə, Ağdamın Şelli kəndindən "Azərbaycan Bayrağı" ordenli Xosrov Məmmədovla, Yasir Bayramovla, kiçik qardaşı Ələddinlə, bacısının həyat yoldaşı Asif Qarayevlə bir yerdə odlu-alovlu, ölümlü-qalımlı döyüş yolu keçib. Yeddi dəfə ağır yaralansa da, yenidən döyüş yoldaşlarının yanına qayıdıb. Şəhid ailəsi, Qarabağ müharibəsi veteranıdır.
Qanlı faciənin canlı şahidi Oruc Cabbarov 1992-ci il fevralın 25-dən 26-na keçən gecəni belə xatırlayır: "Axşamdan xeyli keçmiş Xocalı tərəfdən aramsız mərmi və güllə səsləri eşidilirdi. Rabitə əlaqəsi olmadığından orada nə baş verdiyindən xəbərsiz idik. Atəş səhərə qədər davam etdi. Hava işıqlanana yaxın Xocalıda qırğın törədildiyi barədə məlumat aldıq. Bundan sonra taborumla, tank komandiri Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayev isə öz zirehli maşınında Qaraqayaya doğru irəliləməyə başladıq. İlk həmlədə ermənilərin Qaraqayadakı postunu ələ keçirdik.
Ferma tərəfdən bizə tərəf yıxılıb dura-dura gələn insanlar addımlayırdılar. Səhərin ala-toranında qarşıdan gələnin kim olduğunu seçmək mümkün deyildi, ferma tərəfdən gələnlərin Qaraqaya ilə Əsgəran qayası arasında Xocalı sakinləri olduğunu bildik. Onlara doğru daha sürətlə irəlilədik. Adamların lap yaxınlığına çatanda böyürtkən kollarının arasından atılan düşmən gülləsi Xosrov Məmmədovu yerə sərdi və o, aldığı güllə yarasından yerindəcə şəhid oldu. Biz həmin ərazini mühasirəyə alıb erməni yaraqlısını əsir götürdük. Əlavə iki nəfər ermənini də ələ keçirdik. Bu yaraqlı ermənilər 40 nəfərə yaxın xocalılını əsir götürüb Əsgərana qaytarmaq istəyirdilər. Ancaq biz buna imkan verməyib neçə-neçə xocalılını ölümdən, əsirlikdən xilas etdik. Sonralar dediklərimi əks etdirən fraqmentlər bir çox qəzet-jurnal səhifələrində, Xocalı soyqırımı ilə bağlı video və kinofilmlərdə də əksini tapıb".
Bu faciəni yaşayanlar, eləcə də bütün qarabağlılar göstərdiyi fədəkarlığa görə Oruc Cabbarovu həmişə xüsusi hörmətlə xatırlayırlar. Təsadüfi deyil ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonuna səfəri zamanı Cabbarovlar ailəsinin qonağı olmuş, vətənpərvər döyüşçünün sosial-məişət problemləri ilə maraqlanmışdır.
Oruc Cabbarovun anadan olduğu kənd, dədə-baba yurdu ermənilər tərəfindən işğal olunandan sonra ailəsi və yaxınları ilə 15 ilə yaxın çadır şəhərciyində yaşamışdır. Hazırda qəhrəman döyüşçü məcburi köçkünlər üçün dövlət tərəfindən dörd il bundan əvvəl salınmış Quzanlı qəsəbəsində hər cür şəraiti olan dördotaqlı mənzildə yaşayır. Bu evin o vaxt ilk qonağı Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva olmuş, ailəni yeni mənzilə köçmələri münasibətilə təbrik etmişdilər. Oruc Cabbarov və onun ailəsi həmin günü heç zaman unutmadıqlarını və hər vaxt minnətdarlıqla xatırladıqlarını bildirirlər.
Oruc Cabbarovu doyüçü dostları da həmişə arayıb-axtarır, o günləri birlikdə yada salır, torpaqlarımızın azadlığı uğrunda şəhid olan yoldaşlarını anır, xatirəsini ehtiramla yad edirlər. Belə görüşlərdən biri ötən ilin iyul ayında olmuşdur. Vaxtıilə Qarabağa köməyə gəlmiş könüllülərdən, hazırda Lerik rayonunun Cəngəmiran kəndində müəllim işləyən Müşfiq Məmmədov Quzanlı qəsəbəsində olmuş, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ağdam Rayon Şöbəsinin sədri Baxşeyiş Abbasoğlunun köməyi ilə Oruc və digər döyüşçü dostları ilə görüşmüşdür. Onlar cəbhə yoldaşlarını xatırlamış, şəhid olmuş döyüşçü dostlarının qəbrini ziyarət etmişlər. Həmin görüşü "Ağdam" qəzeti geniş işıqlandırmışdır. Müşfiq müəllim qəzetin müxbirinə müsahibəsində demişdir: "Mənim igid, qorxmaz doyüşçü dostlarım olub. Onlardan İdris Əliyevi, Çingiz Səmədovu, Yavər Abbasovu və bölük komandirimiz Oruc Cabbarovu heç vaxt unuda bilmirəm. O qanlı-qadalı illərdə ağdamlılar döyüşdülər, vuruşdular, xeyli şəhid verdilər. Amma neynəməli, arxalı köpək qurd basar, deyirlər. Ermənilər o vaxt 366-cı alayın tabeliyində olan zirehli texnikanın hesabına Xocalı faciəsini törətdilər. Təəssüf! Çox təəssüf! Bəşər tarixində əbədi həkk olunmuş Xocalı faciəsini unutmaq mümkün deyil.
Əgər Ali Baş Komandan nə vaxt əmr verərsə, keçmiş döyüşçü dostlarımla ölkəmizin suverenliyi naminə, habelə erməni vandallarının qətlə yetirdiyi bacı və qardaşlarımızın qisasını almaq üçün döyüşməyə hazırıq. İnanıram ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan xalqının haqq işi qalib gələcək, gec-tez torpaqlarımız işğaldan azad olacaqdır".
Rəhman SALMANLI,
Azərbaycan.-2014.- 26 fevral.- S.11.