Çexiyalı səfir Radek
MATULA: «Erməni
cəlladları alman faşistlərindən
betər imiş»
Xocalının mərkəzi hesab edilən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində bir abidənin önündə dayanmışıq. Abidə Çexiya Respublikası Lidice qəsəbəsi şəhidlərinin xatirəsinə ucaldılıb. 1942- ci il iyun ayının 10-da faşist Almaniyasının qoşunları Lidicedə misli görünməmiş faciə törədiblər. 50 ildən sonra belə bir bəşəri cinayət erməni cəlladları tərəfindən Azərbaycanın Xocalı şəhərində təkrar olunub.
Dərdli dərdlini tez anlayır. Üç il bundan əvvəl həm Aşağı Ağcakənd qəsəbəsində, həm də Lidicedə soyqırımı qurbanlarının xatirəsinə abidələr ucaldıldı. Aşağı Ağcakəndin küçələrindən birinə Lidice, Lidicedə isə Xocalı adı verildi. Beləliklə, qarşılıqlı əlaqələrin təməli qoyuldu. Vaxtaşırı xocalılılar Lidiceyə gedir, çexiyalılar isə xocalılıların xatirəsinə ucaldılan abidəni ziyarət edirlər.
Açılış zamanı Çexiya Respublikasının Azərbaycandakı səfiri Radek Matula və digər qonaqlar Aşağı Ağcakəndə gəldilər. Sonra YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Lidiceyə getdi. Ümumi dərd əlindən yaranan əlaqələr səmimi dostluğa, qarşılıqlı ünsiyyətə çevrildi. Abidənin açılışı zamanı çıxış edən Radek Matula dedi ki, bizim qəsəbədə də alman faşistləri 400-dən çox adamı öldürdülər. Qəsəbəni yerlə-yeksan etdilər. Amma sizdə törədilmiş faciə daha dəhşətlidir. Bu, əsl soyqırımı, bəşəri cinayətdir. Rəzalətə bir baxın: həm torpaqlar işğal olunur, həm də milli zəmində kütləvi şəkildə insanlar qırılır. Erməni cəlladları dinc əhalinin başına min oyun açıblar: uşaqları süngüyə keçiriblər, qadınları, qocaları diri-diri yandırıblar. Meyitlərin gözləri çıxarılmış, baş dərisi soyulmuş, əl-ayağı kəsilmiş, hamilə qadınların başına min bir oyun açılmışdır. Belə görünür ki, erməni cəlladları alman faşistlərindən də betər imiş.
Faktlar göstərir ki, həqiqətən də bu, belədir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilər yer üzündə görünməmiş soyqırımı törədib. O faciəli gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıq və işgəncə verilməklə öldürülmüş, 76-sı uşaq olmaqla 487 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 1275 sakin - uşaqlar, qadınlar və qocalar girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qalmış, 150 nəfər itkin düşmüşdür. Sonradan onlardan - əsir götürülənlərdən yalnız 1165 nəfərini geri almaq mümkün olub. Bu qətliam zamanı 25 uşaq hər iki valideyndən, 224 uşaq bir valideyndən məhrum olub. Bundan başqa, 230 ailə öz başçısını itirib. 200 nəfərin ayaqları soyuqdan don vurdu. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil.
O müdhiş gecədə səkkiz ailə tamamilə məhv edilib. 1992-ci il fevralın 26-da rus operatoru tərəfindən yeni Xocalının çay məhəlləsində bir lent çəkilib. Sağ tərəfdə görünən hasara alınmış ev Azərbaycanın Milli Qəhrəmanı mərhum Tofiq Hüseynovun ata mənzilidir. Sol tərəfdəki beton dirəyinin yanında görünən bina isə uzun müddət Xocalıda kənd soveti sədri işləmiş Əliş Şükürovun evidir. Hasarın dibində, işıq dirəyinin altında qalaqlanmış meyitlərə baxmaq olmur. Hamısı Tofiq Hüseynovun ailə üzvləri və yaxın qohumlarıdır. Faciə gecəsi mərmilərdən qorunmaq üçün yaxın qohumu Qəyyum Aslanovun zirzəmisinə sığınıblarmış. Səhəri günü öz evlərinə qayıdarkən yolda ermənilər tərəfindən vəhşicəsinə güllələniblər. Kimdi bu bədbəxtlər? Tofiq Hüseynovun atası Mirsiyab Nəzrətdil oğlu, anası Minəş Cümşüd qızı, həyat yoldaşı Məxmər, baldızı Məhbubə, Məhbubənin övladları - qızı Gülnarə, oğlu Gündüz.
Bu, yeganə ailədirmi? Təəssüf ki, yox! O müdhiş gecədə Vaqif Məmmədov, həyat yoldaşı Afilə, üç övladları - Azər, Ceyhun və Niyaməddinlə birqə qətlə yetiriliblər. Başqa bir ailə. Hüseyn İsmayıl oğlu, həyat yoldaşı Əzizə xanım, iki oğlu və bir qızı vəhşicəsinə öldürülüb. Firdovsi İsa oğlunun yoldaşı Heyran və iki oğlu - Elçin və Elgün valideynlərinin gözü qarşısında qətlə yetirilib. Kütləvi şəkildə qırılan ailələrdən birinin qohumu Gəncədə yaşayır.
Rauf Qənbərov yeddi nəfər əzizini itirib. Deyir ki, bir gecədə ürəyimə yeddi yara dəydi.
Onlar Xankəndidə yaşayırdılar. 1988-ci ilin sentyabr ayında yurd-yuvalarından didərgin salındılar. Belə köçkünlərdən biri Qarsalan Qənbərovun ailəsi idi. Qarsalan kişi Xocalı şəhərinə pənah gətirir. Bu yerlərə köçəndə ailə səkkiz nəfərdən ibarət idi. Xocalı qırğını zamanı ailənin yeddi nəfəri məhv edildi.
Qarsalan kişi el arasında
sayılıb-seçilirdi. Vətənpərvər, torpağa
bağlı insan idi.
Düşmən gülləsinə tuş gəldi. Həyat yoldaşı Validə də erməni terrorunun qurbanı oldu.
Qarsalanın üç oğlu
var idi: Səfər, Nadir və Rauf. Xocalını qara buludlar alanda Səfər döyüşən batalyonun
üzvü idi. Qardaşı Raufla birlikdə
ermənilərin Meşəlidən
çıxarılmasında və digər əməliyyatlarda iştirak
etmişdi. Xocalı faciəsi
zamanı son gülləsinə
qədər vuruşmuş
və qəhrəmancasına
həlak olmuşdur.
Səfərin həyat yoldaşı
Mətanət də ürək nahiyəsindən
yaralanaraq vəfat etmişdir.
Səfərin uşaqları körpə
idi, oğlu Elmin və qızı
Esmira. Onların hər ikisi
nənələri ilə
birlikdə qətlə
yetirilib.
Qarsalanın oğlu Nadir də Qarabağ uğrunda gedən döyüşlərin
bir çoxunda iştirak etmişdi. Xocalı faciəsi
zamanı son nəfəsinə
qədər vuruşmuş
və itkin düşmüşdür.
Qənbərovlar ailəsinin sağ qalan yeganə üzvü Raufdur. 1992-ci ilin fevral ayından
Gəncə şəhərində
bir saylı liseyin yataqxanasında yaşayır.
O ağır günlər haqqında Raufla danışmaq da çətindir.
- Atam, anam, qardaşlarım,
gəlinimiz, körpə
balalar getdi. Deyir, onlardan sonra
özümü tənha
və kimsəsiz sayıram. Ata yurdunda yaxşı ev-eşiyimiz var idi. Bir gecənin içində
hamımız pərən-pərən
düşdük.
Güc-bəla ilə gəlib Ağdama çıxdıq. Sonra da Gəncə həyatı.
Neçə vaxtdır bir
ürəkdə yeddi
yara yaşadıram.
O dəhşətli günlər
bir an da
olsun məni rahat buraxmır. Lakin ümidsiz deyilik. Qəlbən inanıram ki, xalqımız hökmən düşməndən
qisas alacaq, torpaqlarımız azad olunacaq.
İkinci
qrup Qarabağ əlili Yaşar Əlimərdanovun hekayəti
də ürəkləri
göynədir:
- Beş qardaş, iki bacı idik
- deyir. - Qardaşım
Faiq ali məktəbdə oxuyurdu.
O biri qardaşım Namiq isə Xankəndidə sürücü
işləyirdi. Xocalı faciəsi
zamanı postda idim. Ermənilər hər yanı
oda qalamışdılar.
Doğma
yurdu tərk etməkdən başqa yolumuz yox idi.
Kəmalə bacımın həyat
yoldaşı ilk həmlədə
şəhid oldu.
Hamı Kətik meşəsi ilə Ağdama keçmək istəyirdi.
Üç nəfərə bircə avtomatımız var idi. Patron da ki, az... Arvad-uşağın ah-naləsi ərşə
qalxırdı. Kətikdə erməni postuna rast gəldik. Bizi gülləyə tutdular.
Ölən öldü, sağ
qalanlar müxtəlif
istiqamətlərə qaçdılar.
Qatmaqarışıqda ailə üzvlərimizdən
ayrı düşdüm.
Onları tapmaq ümidi
ilə geriyə qayıtdım. İnsan axınının
qar üstündəki
izlərini tutaraq meşənin içi ilə 5-6 saat sürünə-sürünə getdim. Qucağında iki yaşlı
körpə olan Nadirlə rastlaşdım.
Dedi ki, sizinkilər meşə ilə gediblər.
Hər tərəfdən
yolumuzu kəsmişdilər. Düz üç
gün ac-susuz meşədə qaldıq.
Artıq
əl-ayağım keyləşmişdi.
Qəfildən həyat yoldaşımla
rastlaşdım. Ayaqyalın idi.
Şərfi ayaqlarına doladım.
Həmin
gecəni də meşədə qaldıq.
Sonra bizi girov götürüb
ermənilər yaşayan
Pircamal kəndinə gətirdilər. Xocalılıların böyük bir hissəsini fermaya doldurmuşdular. Bizi də
onlara qatdılar.
Orada məhsəti türkü
olan iki ekiz qardaşı güllələdilər. Bizə olmazın əzab və işgəncələr
verirdilər. Başımızı
mal peyininə soxub deyirdilər ki, yeyin, bu da
sizin torpağınız...
Sanki insanlara zülm
etməkdə yarış
gedirdi. Qansızlıqda, qəddarlıqda daha çox fərqlənənlər xüsusi
mükafatlara layiq görülürdü. A.Cidçiyan adlı birisi 14 nəfərlik Babayevlər
ailəsinin güllələnməsi
ilə "fərqlənmişdi".
Buna görə ona Fransa erməni
diasporu tərəfindən
150 min dollar və "kilsə
mükafatı" verilir.
Bundan əlavə, A.Citçiyana
Fransaya köçüb
yaşaması üçün
hər cür şərait yaradılmışdı.
"ASALA" terror təşkilatının
başçısı İllarion
Allahverdiyan döyüşlərdəki
"şücaətinə görə" 24 nəfərə
təntənəli surətdə
pul mükafatı vermişdi. Rus zabiti Yevgeni Qolubyevə üstündə
"ASALA" sözü yazılmış
25 qıramlıq qızıl
orden və 5 min
ABŞ dolları məbləğində
pul mükafatı, terrorçu Anastas İvanova 10 min dollar, "Hunday"
markalı avtomobilin açarları təqdim olunmuşdu. 1992-ci ildə
Paris yaxınlığında məxfi təlim keçmiş 26 nəfər
terrorçu ilə birlikdə Xankəndinə
gələn polkovnik Yevgeni Zadviqarova "ilk tanışlıq üçün"
36 min ABŞ dolları, sonra general rütbəsi verilmişdir.
Xocalı dəhşətlərini öz gözləri ilə görüb həqiqəti söyləyənlərdən biri də Vladimir Savelyevdir. O, Rusiya Federasiyası baş hərbi kəşfiyyat idarəsinin polkovniki idi. O zaman Dağlıq Qarabağda hərbi hissənin əks-kəşfiyyat şöbəsinin rəisi olub. Qanlı qırğının canlı şahidi olmuş polkovnik, yuxarı təşkilatlara çatdırılması üçün əsl həqiqəti açıb göstərən "məxfi arayış" tərtib edir. "Mən bütün bunları yazmaya bilmərəm, - deyir. - Hər şey gözlərimin önündə baş verib. İnsanların deşik-deşik olmuş bədənlərini unutmaq olmur. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrin qarşısının alınması üçün əlimdən heç nə gəlmədi. Yalnız insanlara əsl həqiqəti söyləyə bilərəm. Şahidi olduğum həqiqətləri yazmışam. On doqquz səhifəlik məxfi arayışı həm BMT-yə, Avropa Şurasına, həm də Kremlə, Müdafiə Nazirliyinə, Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi... Bu oyunlara rusları qoşmaqla onları alçaltdılar və zabit şərəfimizə lənət damğası vurdular. Mən on addımlıqda güllə yarasından can verən 8-9 yaşlı qızcığaza heç cür kömək əlimi uzada bilmədim, sözün tam mənasında, sarsılmışdım..."
V.Savelyev sonra yazır: "Onları yarım metr qazılmış çalalara atıb üstünü torpaqlayırdılar. Axşamlar çalaların ətrafında itlərin və çaqqalların səs-küyündən, dartışmalarından qulaq tutulur, adam vahimələnirdi. Hər yerdən laxtalanmış qan və cəsəd iyi gəlirdi".
Bütün
bunları xatırladıqca çexiyalı səfir Radek
Matulanın sözləri bir daha yada düşür: "Erməni
cəlladları alman faşistlərindən betər
imiş".
Əhməd
İSAYEV,
Azərbaycan.-2014.- 26 fevral.- S.11.