Əmlak Məsələləri Dövlət
Komitəsinin sədri
Ucarda vətəndaşları qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə kömək göstərirlər.
AzərTAc xəbər verir ki, növbəti belə qəbul fevralın 25-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilmişdir.
Qəbulda Ucar, Kürdəmir, Zərdab və Göyçay rayonlarından olan vətəndaşların müraciətləri dinlənilmişdir.
Vətəndaşların müraciətləri əsasən daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, sosial və s. məsələlərlə bağlı olmuşdur.
Qəbula gələn hər bir vətəndaşın müraciətinə komitə sədri tərəfindən diqqətlə yanaşılmışdır. Komitənin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Qaldırılan müraciətlərin əksəriyyəti qanunvericiliyə uyğun olaraq yerindəcə həllini tapmışdır.
Vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı hüquqi qaydalar izah edilmiş və araşdırılmalı olan müraciətlər qeydiyyata alınmışdır. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.
Qəbula
gələn vətəndaşlar onlar üçün
yaradılmış bu imkandan razı qaldıqlarını
bildirmişlər.
Azərbaycan.-2014.- 26 fevral.- S.13.