Kənd təsərrüfatı naziri Qubada ölkənin

 şimal bölgəsindən olan vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, fevralın 25-də kənd təsərrüfatı naziri Heydər Əsədov Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Quba şəhərindəki Heydər Əliyev Mərkəzində nazirliyin müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 50 nəfərədək vətəndaşın müraciətinə baxılmışdır.

Qəbula gələnlər əsasən  heyvandarlığın inkişafı, kiçik istehsal sexlərinin açılması üçün güzəştli kreditlərin verilməsi, təsərrüfatlarda istifadə olunan dərman preparatlarının satışına nəzarətin gücləndirilməsi, müasir suvarma sistemlərinin alınması, mineral gübrələrin qiymətlərinin aşağı salınması, istehsal olunan kənd təsərrüfatı məhsullarının alışının dövlət səviyyəsində mərkəzləşdirilmiş qaydada təşkili və bu zaman qiymətləndirməyə nəzarət və digər məsələlər barədə müraciət etmişlər.

Kənd təsərrüfatı naziri Heydər Əsədov vətəndaşları diqqətlə dinləmiş, müraciətlərin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun operativ həlli üçün konkret tapşırıqlar vermişdir.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq strukturlara çatdırılmaq üçün qeydiyyata götürülmüşdür.

Qəbula gələn fermerlər, eləcə də fiziki şəxslər müraciətlərinin operativ həllinə, qarşılaşdıqları çətinliklərə həssas və qayğıkeş münasibətə, görüş üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirmişlər.

 

Azərbaycan.-2014.- 26 fevral.- S.13.