Prezidentin əhalinin
sağlamlığının qorunmasına dair
tapşırıq və göstərişləri
uğurla icra olunur
Bakı
Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizdə iqtisadiyyatın inkişafı səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Bakının Səbail rayonunda 25 tibb müəssisəsi fəaliyyət göstərir. Təkcə son iki il ərzində rayonda Milli Təhlükəsizlik Nazirliyinin yeni hərbi hospitalı istifadəyə verilmiş, 1, 2, 15, 33 nömrəli şəhər poliklinikaları, 3 nömrəli vərəm əleyhinə dispanser, 3 nömrəli təcili tibbi yardım stansiyası əsaslı təmir olunmuş, yeni açılan 19 nömrəli köməkçi təcili yardım stansiyası bütün zəruri avadanlıqlarla təchiz olunmuşdur.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq fevralın 17-dən respublikamızın bütün bölgələrində olduğu kimi, Səbail rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinə başlanılmışdır.
Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya yaradılmış, xüsusi qrafiklər tərtib olunmuşdur. Rayonda, onun qəsəbə və yaşayış sahələrində aksiya ilə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmışdır.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova bildirmişdir ki, tibbi müayinələrin yüksək səviyyədə keçirilməsi üçün 1 və 2, Bayıl yaşayış sahəsindəki 33 və Badamdar qəsəbəsindəki 34 nömrəli şəhər poliklinikalarında lazımi şərait yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədilə səyyar həkim briqadaları da təşkil olunmuşdur. Fevralın 17-dən etibarən artıq rayon üzrə 10 min nəfərdən çox insanın müayinələrdən keçməsi təmin olunmuşdur.
1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova rəhbərlik etdiyi tibb müəssisəsinin keçən il dövlət proqramına uyğun olaraq əsaslı təmir olunduğunu və ən müasir tibbi avadanlıqlarla təchiz olunduğunu demişdir. Bildirmişdir ki, poliklinikada həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insanlara evlərində xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikanın həkim heyəti, burada yaradılan şəraitdən razılıq etmişlər.
Müayinədən
keçən rayon sakini, əməkdar artist Nübar Novruzova
rayon sakinləri adından onların
sağlamlığının qeydinə qaldığı
üçün Prezident İlham Əliyevə minnətdarlığını
bildirmişdir.
Goranboy
Respublika Prezidenti İlham Əliyevin tapşırığı ilə təşkil olunmuş tibbi müayinələrin Goranboy rayonunda da yüksək səviyyədə keçirilməsi üçün hər bir şərait yaradılmışdır. Müayinələrin əksəriyyəti müasir tibbi avadanlıqlarla təchiz edilən mərkəzi rayon xəstəxanasının cərrahiyyə, poliklinika və fizioterapiya şöbələrində aparılır. Müxtəlif ixtisaslı peşəkar həkimlər kompyuter-tomoqrafiya, ultrasəs müayinəsi, exo-kardioqrafiya və digər müayinələr həyata keçirirlər.
Rayon icra hakimiyyəti başçısının müavini Elçin İsmayılov demişdir ki, tibbi müayinələr 87 yaşayış məntəqəsi üzrə 3 xəstəxanada və 20 kənd həkim məntəqəsində həyata keçirilir. Fevralın 17-dən indiyədək rayonda əhalinin 11 min 29 nəfəri, yəni 10 faizi müayinə olunmuşdur. Bundan başqa, rayon ərazisində məskunlaşan məcburi köçkünlərin də aksiyaya cəlb olunmasına ciddi yanaşılır. Səyyar həkim briqadaları onların məskunlaşdıqları ərazilərə gedərək müayinələr aparırlar.
Humanitar aksiyanın mütəşəkkil keçməsini təmin etmək üçün xüsusi qərargah yaradılmışdır. Müayinədən keçən bütün sakinlər onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edirlər.
AzərTAc
Azərbaycan.-2014.- 26 fevral.- S.14.