Xocalı soyqırımı qurbanlarının xatirəsi xarici ölkələrdə anılmışdır

 

İordaniya

 

 

Azərbaycanın İordaniyadakı səfirliyində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə İordaniyanın dövlət və hökumət rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, səfirliyin əməkdaşları iştirak etmişlər.

Səfir Sabir Ağabəyov tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışmış, erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini və bununla da, bir milyondan artıq insanın öz yurdlarından didərgin düşdüyünü diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşilik bütün bəşəriyyətə qarşı cinayətdir. S.Ağabəyov İordaniya Senatı tərəfindən Xocalı soyqırımı ilə bağlı bəyanatın qəbul edildiyini xatırlatmış, yaxın vaxtlarda parlamentin aşağı palatası tərəfindən də müvafiq qərarın qəbul ediləcəyinə ümidvar olduğunu bildirmişdir.

Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Kral II Abdullaha və İordaniya xalqına Azərbaycan rəhbərliyinin təşəkkürünü çatdırmışdır.

Bərpa Olunan Enerji üzrə Ərəb Komissiyasının baş katibi, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin üzvü Saleh Ruşeydat Xocalı soyqırımının dünya tarixində ən kədərli səhifələrdən biri olduğunu bildirmişdir. Bildirilmişdir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Şurasının 9-cu iclasında qəbul edilmiş qətnamənin 3-cü bəndində Parlament İttifaqına üzv qanunverici orqanlar erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlıq əleyhinə cinayət kimi tanımışdır. Xocalı soyqırımının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş cinayətlərin ən dəhşətlisi olduğunu bildirən S.Ruşeydat münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini vurğulamışdır. S.Ruşeydat Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən başlayaraq Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlərin görüldüyünü diqqətə çatdırmışdır.

İordaniyanın tanınmış yazıçı-publisisti və jurnalisti, teleaparıcı Sultan Həttab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Xocalı faciəsindən və məhv edilmiş bu şəhərin əhalisinin qəddarlıqla qətlə yetirilməsindən danışmışdır.

İordaniyanın bələdiyyələrlə iş üzrə nazirinin müşaviri, BMT-nin İnkişaf Proqramının əlaqələndiricisi Salam Tval Xocalı soyqırımına ədalətli qiymət verilməsi üçün dünya ictimaiyyətinin daha çox məlumatlandırılmasının, bu faciənin törədilməsində rolu olanların cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini vurğulamışdır.

Filadelfiya Universitetinin professoru Amer Nizar 1982-1992-ci illərdə Azərbaycanda təhsil aldığını, Ermənistanın ölkəmizə qarşı təcavüzünün nəticələrini öz gözləri ilə gördüyünü diqqətə çatdıraraq bu barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.

İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycanlı Qadınlar Komitəsinin sədri Zümrüd Dadaşova da Xocalı faciəsi barədə danışmışdır.

Sonda Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı ilə bağlı ingilis dilində hazırlanmış film nümayiş etdirilmişdir.

Qeyd edək ki, səfirliyin əsas zalında Xocalı faciəsi ilə bağlı sərgi təşkil edilmiş, iştirakçılara kitablar və digər materiallar paylanmışdır.

 

 

 

Səudiyyə Ərəbistanı

 

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı bəyanatı Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi tərəfindən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında yayılması məqsədi ilə bu quruma göndərilmişdi.

İƏT-dən səfirliyə daxil olmuş notada bildirilir ki, həmin bəyanat fevralın 24-də təşkilat tərəfindən üzv ölkələr arasında yayılmışdır.

Səfirlikdən AzərTAc-a verilən məlumata görə, Səudiyyə Ərəbistanı Krallığında nəşr olunan nüfuzlu "Ər-Riyad" qəzetində Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı məqalə dərc edilmişdir.

Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə sovet ordusunun Xankəndidə yerləşmiş 366-cı motoatıcı alayının zirehli texnika və hərbçilərinin köməyi ilə erməni yaraqlılarının Xocalı şəhərini yerlə-yeksan etmələri, burada yaşayan dinc sakinləri qəddarlıqla qətlə yetirmələri vurğulanır. Qeyd edilir ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca öldürülmüş, 1275 dinc sakin əsir götürülmüşdür. Bu qətliam sübut etdi ki, Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək yolunda hər cür hərəkətlərə hazırdır.

Məqalənin sonunda İƏT-nin cari il fevralın 6-7-də Qahirədə keçirilmiş 12-ci sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəndin Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənməsinə və Xocalı faciəsini insanlığa qarşı törədilmiş cinayət və soyqırımı aktı kimi tanınmasına görə bu ölkəyə minnətdarlıq bildirilir.

 

 

 

İtaliya

 

 

Milanda Azərbaycan-İtaliya Gənclər Assosiasiyası (AİGA) tərəfindən "Xocalıya ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar aksiya keçirilmişdir. Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə təşkil edilmiş tədbirin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətləri İtaliya ictimaiyyətinə çatdırmaq olmuşdur.

Duomo meydanında keçirilən aksiya zamanı yerli sakinlərə və turistlərə məlumat verilmişdir ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu kütləvi qırğın nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla ümumilikdə 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 1275 dinc sakin əsir götürülmüşdür.

Tədbir çərçivəsində həmçinin AİGA-nın fəalları, azərbaycanlı tələbələr və Milanda yaşayan soydaşlarımız tərəfindən Xocalı soyqırımı ilə bağlı məlumatları əks etdirən bukletlər paylanmışdır.

Xatırladaq ki, "Xocalıya ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının yaradılması təşəbbüsü 2008-ci il mayın 8-də, Şuşanın işğalının ildönümü günü Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüşdür. Faciənin mənəvi, siyasi və hüquqi müstəvidə tanınmasına yönələn bu kampaniya hazırda dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilməkdədir.

 

 

 

İndoneziya

 

 

 

Fevralın 26-da İndoneziyanın 130 min məscidində "Qazi Qarabağ azanı" səsləndiriləcəkdir. Dağlıq Qarabağı işğal edən və Xocalı soyqırımını törədən ermənilər həmin məscidlərin imamlarının xütbələrində lənətlənəcəklər.

Azərbaycanın İndoneziyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, bunu Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar səfir Tamerlan Qarayev ilə birgə keçirdiyi mətbuat konfransında 80 milyon üzvü olan, dünyanın ən böyük qeyri-hökumət təşkilatı "Nahdlatul Ulama" müsəlman dini qurumunun sədri, professor Aqil Sirac bildirmişdir.

 

 

 

Yunanıstan

 

 

Yunanıstanın aparıcı mətbu və elektron KİV-si Xocalı faciəsinə böyük diqqət yetirirlər.

AzərTAc xəbər verir ki, "Elefterotipia" ("Müstəqil") qəzetində  Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev ilə müsahibə dərc olunmuşdur. Məqalədə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası haqqında məlumat verilir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin səbəbləri açılır, Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti ilə bağlı digər faktlar göstərilir.

Qəzetin bir milyondan çox istifadəçisi olan elektron portalı -  enet.gr səfirin müsahibəsinin tam versiyası ilə birlikdə  Xocalı faciəsi qurbanlarının şəkillərini yerləşdirmişdir.

Yunanıstanın bir çox populyar elektron qəzetləri də Xocalı soyqırımı barədə materiallar dərc etmişdir. Həmin materiallarda 22 il əvvəl baş vermiş hadisələr təkcə Azərbaycana qarşı deyil, həm də bəşəriyyət əleyhinə cinayət adlandırılır və Ermənistanın indiki liderlərinin dinc Xocalı sakinlərinə qarşı törədilən cinayətlərə görə birbaşa məsuliyyət daşıdıqları vurğulanır.

 

 

 

Rumıniya

 

 

 

AzərTAc-ın Rumıniyadakı xüsusi müxbiri İqbal Hacıyevin bu ölkənin nüfuzlu "Ultima ora" ("Son saat") qəzetinin 25 fevral tarixli nömrəsində "Xocalı soyqırımı - XX əsrin ən dəhşətli faciəsi" sərlövhəli məqaləsi dərc edilmişdir.      

Məqalədə Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğu göstərilmiş, Ermənistan tərəfindən ölkəmizə qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasəti, onun ağır nəticələrindən bəhs edilmiş, bu qətliamın insanlığa sığmayan hərəkət olduğu qeyd edilmişdir. Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşən Xocalıya ermənilərin göstərdiyi marağın şəhərin mühüm strateji mövqeyə malik olmasından irəli gəldiyi oxucuların diqqətinə çatdırılmışdır. Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı qüvvələri dinc azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törətmişlər. Erməni silahlı qüvvələrinin sovet ordusunun 366-cı motoatıcı alayının silahlı texnikasının köməyi ilə Xocalıda törətdikləri qanlı qırğın nəticəsində 613 dinc sakin qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.

Müəllif Xocalı soyqırımının əsl mahiyyətinin açıqlanmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd etmiş, 1994-cü ilin fevralında Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini bildirmişdir. Məqalədə vurğulanmışdır ki, Xocalı soyqırımını törədənlər cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Məqalənin tam mətnini http://www.ultima-ora.ro/2014/02/24/genocidul-din-hodjali-una-dintre-cele-mai-monstruoase-tragedii-ale-secolului-%D1%85x/  linkindən oxumaq olar.

 

 

 

Pakistan

 

 

Fevralın 25-də Pakistanın Preston Universitetində Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş "Xocalı soyqırımı-günahsız qurbanlar üçün ədalət axtarışında" adlı seminar keçirilmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Pakistanın tanınmış ictimai-siyasi xadimləri, aparıcı universitetlərin rektorları və professorları, Türkiyə, Bosniya və Herseqovina, o cümlədən Mərkəzi Asiya respublikalarının səfirləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Preston Universitetinin rektoru Əbdül Basit, müxtəlif dövrlərdə ticarət, enerji naziri və Senatın xarici əlaqələr komitəsinin sədri vəzifələrində çalışmış Səlim Seyfulla Xan, daxili işlər üzrə dövlət naziri və senatoru olmuş Şahzad Vasim, ABŞ-ın Con Hopkins Universitetinin professoru, Qafqaz üzrə ekspert Aftab Kazi və Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti Asif Nur tədbirdə çıxış etmişlər.

Çıxışlarda Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülkü əhaliyə qarşı törədilmiş soyqırımının Dağlıq Qarabağ münaqişəsinin ən qanlı və faciəli səhifəsi olduğu qeyd edilmişdir. Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanın Pakistan tərəfindən dövlət kimi tanınmadığı vurğulanmışdır. Pakistan Senatında Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edildiyi bildirilmişdir. ATƏT-in Minsk qrupunun fəaliyyəti, regionda son zamanlar gedən proseslər, qüvvələr balansının həm siyasi, həm də hərbi nöqteyi-nəzərdən Azərbaycanın xeyrinə dəyişdiyi qeyd olunmuşdur.

Tədbirin sonunda Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxış edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında geniş məlumat vermişdir.

Seminarın rəsmi hissəsindən sonra səfir Daşqın Şikarov Pakistan və Türkiyə KİV-sinə müsahibə vermişdir. Səfir bu cinayətin təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədildiyini vurğulayaraq, bildirmişdir ki, bu kimi hadisələrin gələcəkdə də təkrar olunmaması üçün Xocalı soyqırımına bütün dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən lazımi hüquqi-siyasi qiymət verilməlidir.

 

 

 

İsrail

 

 

 

"Xocalı qurbanlarının bu qorxunc fotoşəkilləri ilk dəfə görəndə şok keçirdim. Xocalıda faciəli hadisələrə həsr olunmuş bu fotosərgi məni sarsıtdı. Gördüklərimdən şoka düşmüşəm. Fotoşəkillərdə gördüklərim - uşaqların, qocaların və qadınların qətli amansızlıq və vəhşilikdir".

Bu sözləri "Eş Atid" ("Gələcək var") mərkəzçi partiyasından Knessetin deputatı Rina Frenkel səsləndirmişdir.

AzərTAc "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasına ("Azİz") istinadla xəbər verir ki, deputat bu fikri Heydər Əliyev Fondunun dəstəyi ilə Təl-Əvivdə, Şimon Peres adına nüfuzlu və mötəbər Dünya Mərkəzində "Azİz" assosiasiyası tərəfindən təşkil edilən "Xocalıya ədalət!" fotosərgisi ilə tanış olduqdan sonra  demişdir.

İsrail deputatının sözlərinə görə, "Xocalıya ədalət!"  fotosərgisi ona bu ilin yanvarında İsrail nümayəndə heyətinin tərkibində Polşaya səfərini xatırlatmışdır. Burada o, Osvensim həbs düşərgəsi muzeyində olmuşdur.

R.Frenkel demişdir: "Günahsız uşaqlara, qadınlara və qocalara münasibətdə belə qəddarlığı izah etmək mümkün deyil. İnana bilmirsən ki, bu hadisə XX əsrin sonlarında baş verib. Bu  qorxunc  fotoşəkilləri görəndən sonra həbs düşərgəsini və Osvensim ölüm düşərgəsini yada saldım. Bilirəm ki, azərbaycanlılar və yəhudilər  bir-birini həmişə qardaş sayıblar. Holokostu yaşamış yəhudi xalqı  dəhşətli və qanlı Xocalı qırğını ilə üzləşmiş Azərbaycan xalqını hamıdan yaxşı başa düşür. Dünya Azərbaycanın Xocalı şəhərində qanlı qırğın barədə həqiqəti bilməlidir".

 

 

 

Sverdlovsk vilayəti

 

 

 

Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulluğu və Ümumrusiya Azərbaycan Konqresinin "Azərbaycan" Sverdlovsk vilayət ictimai qurumunun təşkilatçılığı ilə Yekaterinburqda "Xocalıya ədalət" adlı konfrans keçirilmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsçüsü olduğu "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində təşkil edilmiş konfransda Rusiyanın bu regionunda yaşayan soydaşlarımız, vilayət və şəhər administrasiyasının, KİV-nin nümayəndələri iştirak etmişlər.

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra faciə haqqında film nümayiş etdirilmişdir.

Konfransda Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov çıxış edərək 22 il əvvəl Azərbaycanın Xocalı şəhərində erməni quldurları tərəfindən törədilmiş qanlı hadisələr barədə məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan xalqına qarşı törədilmiş bu faciə XX əsrin ən qanlı hadisələrindən biridir. Erməni quldur dəstələrinin Xocalı şəhərinə basqını nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca öldürülmüş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 dinc sakin girov götürülmüşdür. Onlardan 150 nəfərinin taleyi indiyədək məlum deyildir. Xocalı soyqırımının Azərbaycan tarixində ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu qeyd edən baş konsul bu qanlı hadisələrin erməni millətçi-şovinistlərinin Azərbaycan xalqına qarşı 200 il ərzində davamlı olaraq həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin nəticəsi olduğunu vurğulamışdır.

S.Qasımov XX əsrin faciəsi olan Xocalı soyqırımının Ermənistan dövlətinin beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı özünə birləşdirmək məqsədilə həyata keçirdiyi təcavüzkar və cinayətkar siyasətin davamı olduğunu bildirmişdir. XX əsrin sonunda baş vermiş bu faciənin təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğu və əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayandığı vurğulanmışdır.

Tədbirdə "Azərbaycan" Sverdlovsk vilayət ictimai təşkilatının sədri Şahin Şıxlinski, "Xocalıya ədalət" kampaniyasının Moskva üzrə əlaqələndiricisi Kristina Mojayeva, Sverdlovsk vilayəti Azərbaycan Gənclər Təşkilatının sədri V.Vəliyev və Azərbaycanın Sverdlovsk vilayətində yaşayan fəalları iştirak etmişlər.

Tədbirin sonunda Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymət verilməsi məqsədilə hazırlanmış petisiyaya beynəlxalq imzatoplama aksiyası keçirilmişdir.

 

 

 

Litva

 

 

Xocalı soyqırımı barədə məlumatların Litvanın geniş ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən faciənin 22-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində Vilnüs şəhərinin mərkəzi küçələrində altı xətt üzrə hərəkət edən sərnişin nəqliyyatlarının üzərinə səfirliyin nümayəndələri tərəfindən Xocalı faciəsinə dair posterlər yapışdırılmış, şəhərin küçələrində qətliamla bağı təbliğat materialları yerləşdirilmişdir.

Fevralın 24-də səfirliyin və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Vilnüs şəhərindəki Litva Mikolas Romeris Universitetində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş "Beynəlxalq kontekstdə Cənubi Qafqazda həll olunmamış münaqişələr - Xocalı soyqırımı" adlı konfrans keçirilmişdir.

Konfransda Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Yuras Pojela, Geosiyasi Araşdırmalar Mərkəzi İctimai Birliyinin direktoru Qreta Monika Tuçkute, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşları Mustafa Qurbanlı və Aytac Əlixanlı, Litva-Azərbaycan Assosiasiyasının sədri İmantas Melianas, Mikolas Romeris Universitetinin prorektoru və müəllim heyəti, universitetin beynəlxalq münasibətlər və hüquq fakültəsinin tələbələri, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) üzvləri iştirak etmişlər.

Konfransda Mikolas Romeris Universitetinin prorektoru Stasis Vaitkeviçüs Xocalı soyqırımı haqqında danışaraq bu qətliamın XX əsrin ən böyük faciələrindən biri olduğunu qeyd etmiş, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinin vacibliyini vurğulamışdır.

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə çıxış edərək konfrans iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir. O, Xocalıda Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı soyqırımı aktının həyata keçirildiyini vurğulamış və rəsmi Bakının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Geosiyasi Araşdırmalar Mərkəzi İctimai Birliyinin direktoru Qreta Monika Tuçkute, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Mustafa Qurbanlı, Mikolas Romeris Universitetinin professoru Laurinas Biekşa Xocalı soyqırımı ilə bağlı fikirlərini toplantı iştirakçıları ilə bölüşmüşlər. Onlar Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu vurğulamış, Avropa İttifaqı və Litva tərəfindən münaqişənin həllinə daha çox diqqətin ayrılmasının vacibliyini qeyd etmişlər.

Səfirlik tərəfindən elan olunmuş "Mən Qarabağ haqqında nə bilirəm" inşa müsabiqəsinin qalibləri tədbirdə mükafatlandırılmışlar.

Sonda Xocalı soyqırımına həsr edilmiş film nümayiş olunmuş, iştirakçılara faciə ilə bağlı məlumatları özündə əks etdirən sənədlər toplusu paylanmışdır.

Fevralın 25-də Litvanın nüfuzlu qəzetlərindən biri olan "Lietuvos zinios"da "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayevin "Xocalı - naməlum faciə" adlı müsahibəsi dərc edilmişdir.

Xocalı soyqırımı ilə bağlı həqiqətlərin Litvanın digər şəhərlərinə çatdırılması məqsədilə fevralın 26-da Kaunasda Litva Azərbaycanlı Gənclər Təşkilatı və həmin şəhərdə təhsil alan tələbələrimiz tərəfindən "Xocalıya ədalət" adlı aksiya keçiriləcəkdir. Aksiya zamanı Kaunasın mərkəzi prospektində üzərində "Justice for Khojaly" yazıları olan köynəklər və Xocalı haqqında bukletlər paylanacaqdır.

Eyni zamanda, Klaypeda şəhərində yaşayan soydaşlarımız və tələbələrimiz tərəfindən də Xocalı soyqırımı ilə bağlı tədbir keçiriləcəkdir.

 

 

 

Gürcüstan

 

 

 

Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Sonra muzeyin direktoru Leyla Əliyeva XX əsrin ən dəhşətli soyqırımı barədə ətraflı məlumat vermişdir.

Tədbirdə Xocalı soyqırımından bəhs edən film,  fotosərgi nümayiş etdirilmiş, Azərbaycan Respublikası ombudsmanının Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı bəyanatı (Azərbaycan, gürcü və ingilis dillərində) iştirakçılara paylanılmışdır.

Tibb elmləri doktoru, professor Vladimir Askurava AzərTAc-ın xüsusi  müxbirinə müsahibəsində demişdir ki, azərbaycanlılar rəhmli, gözəl xalqdır. Bu xalq öz işini gözəl bilir və hamıya mərhəmətlidir. Məhz bu keyfiyyətlərinə görə də Azərbaycan dünyanın ən gözəl nemətlərinə malikdir.

Alim azərbaycanlıların soyqırımına məruz qalmalarından kədərləndiyini bildirmiş, belə faciələrin bir daha təkrar olunmamasını arzulamışdır.

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev demişdir ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşəriyyətin faciəsidir. Əminəm ki, bu hadisəyə hüquqi, siyasi qiymət veriləcəkdir. "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma və təbliğat kampaniyasının bütün dünyada, o cümlədən Gürcüstanda geniş vüsət alması bunu deməyə əsas verir. Artıq Gürcüstanda Xocalı soyqırımına həsr olunmuş tədbirlər standart təbliğat çərçivəsindən çıxmışdır. Belə mərasimlərdə gürcü ictimaiyyəti geniş tərkibdə təmsil olunur, ətraflı məlumatlandırılır. Gürcüstan dövləti Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir və Azərbaycana səfəri zamanı Gürcüstan Prezidenti Georgi Marqvelaşvili də bunu bir daha bəyan etmişdir.

Mahir Dərziyev diqqətə çatdırmışdır ki, soyqırımı qurbanlarının ruhları qarşısında borcluyuq və dünya ictimaiyyəti bu faciə barədə tam məlumata malik olmayınca, şəhid qanının qisası alınmayınca, soyqırımının səbəbkarları cəzalandırılmayınca heç bir azərbaycanlının dinc yaşamağa mənəvi haqqı yoxdur!

Tarix elmləri doktoru, professor Quram Marxulia Xocalı faciəsinin təkcə Azərbaycan xalqının deyil, həm də gürcü xalqının faciəsi olduğunu qeyd etmişdir. Professor ermənilərin Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaratmaq iddialarından  bu iyrənc niyyətlərinə çatmaq məqsədilə uzun illər ərzində Azərbaycan xalqına qarşı soyqırımı aktları törətmələrindən ətraflı söhbət açmışdır. O demişdir ki, ermənilər Azərbaycan ilə yanaşı, Türkiyə və Gürcüstana qarşı da ərazi iddialarından əl çəkmirlər. Xocalı ermənilərin azərbaycanlılara qarşı törətdikləri ilk soyqırımı deyildir. Belə faciələr dəfələrlə baş vermişdir.

Qulam Marxulia bu vəhşiliklərin təkrar olunmaması üçün bütün səyləri birləşdirməyin vacibliyini vurğulamışdır. O, Xocalı soyqırımını törədənlərin hazırda Ermənistan dövlətinə başçılıq etdiklərindən təəssüfləndiyini bildirmiş, bu vəhşiliyə dünya ictimaiyyəti sussa belə, tarixin susmayacağını bildirmişdir.

Gürcüstan parlamentinin deputatı, akademik Demur Başaleişvili Xocalı soyqırımının hamının kədəri olduğunu vurğulamış, şərəfli tarixi keçmişi olan Azərbaycan xalqının bu sınaqdan da uğurla çıxacağına, haqq-ədalətin qalib gələcəyinə və gürcü xalqının da bu sevincə şərik olacağına əmin olduğunu bildirmişdir.

 

Azərbaycan.-2014.- 26 fevral.- S.15.