Azərbaycan İstiqlal
Muzeyində «Şəhid şəhər» sərgisinin
açılışı olmuşdur
Fevralın 25-də Azərbaycan İstiqlal Muzeyində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş "Şəhid şəhər" sərgisinin açılışı olmuşdur.
AzərTAc
xəbər verir ki, sərgidə muzeyin fonduna bu il daxil
olmuş yeni eksponatlar - Xocalı şəhərinin
müdafiəsində iştirak etmiş Azərbaycanın
milli qəhrəmanları Hikmət Nəzirli, Füzuli Rüstəmov və Tofiq Rüstəmovun
şəxsi əşyaları, habelə Mehriban Şəmsəddinskayanın "Boş damarlar" triptixi, Nazim
Məmmədovun həmin
mövzuda tablolara eskizləri təqdim olunmuşdur.
Muzeyin
direktoru Fəridə Şəmsi
sərgini açaraq bildirmişdir ki, xalqımız bəşəriyyətin
tarixində ən amansız cinayətlərdən biri olan
Xocalı faciəsini heç vaxt unutmayacaqdır.
Baki
Dövlət Universitetinin tarix fakültəsinin müəllimi
Boran Əziz
vurğulamışdır ki,
Xocalı soyqırımına
həsr olunmuş tədbirlər keçirmək və
həmin tədbirlərdə iştirak etmək hər bir azərbaycanlının
borcudur. O demişdir: "Biz güclü xalqıq. Azərbaycanlılar
bütün çətinlikləri dəf edərək müstəqil dövlət
yaratmışlar".
Azərbaycan
Tibb Universitetinin İnsan anatomiyası kafedrasının
professoru, tibb elmləri doktoru Mübariz Allahverdiyev bildirmişdir ki, Xocalı faciəsi Azərbaycanın tarixi
torpaqlarını ələ keçirmək məqsədi
güdən ermənilərin 200 illik təcavüzkarlıq
siyasətinin nəticəsidir.
O demişdir: "Mən misilsiz qəhrəmanlıq və
şücaət göstərmiş şəhidlərin və
milli qəhrəmanların xatirəsi qarşısında
baş əyirəm. Torpaqlarımızı geri qaytarmaq
üçün mümkün olan hər şeyi etməliyik.
"Xocalıya ədalət!" kampaniyasının təşkilinə və
keçirilməsinə görə
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya
çox sağ olun deyirik.
Tədbirdə şəhidlərin və milli qəhrəmanların ailə üzvləri, məcburi köçkünlər,
Gənc Turistlər və Diyarşünaslar Mərkəzinin
nümayəndələri, Milli Qvardiyanın əsgərləri,
Sərhəd Qoşunlarının və Hərbi Dəniz
Qüvvələrinin şəxsi heyəti iştirak
etmişdir.
Sərgidə
Xocalı soyqırımına həsr olunmuş sənədli
film nümayiş etdirilmişdir.
Sərgi
martın 1-dək davam edəcəkdir.
Azərbaycan.-2014.- 26 fevral.- S.16.