AMEA Naxçıvan Bölməsində
«Xocalı faciəsi: insanlığa
qarşı
cinayət» adlı konfrans keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində keçirilən konfransda ilk olaraq Xocalıda və Azərbaycanın ərazi bütövlüyünün qorunmasında şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransı giriş sözü ilə bölmənin sədri, Milli Məclisin deputatı, akademik İsmayıl Hacıyev açmışdır. Akademik qeyd etmişdir ki, Xocalı faciəsi XX əsrin ən qanlı faciələrindən biridir və bu, bir millətə qarşı törədilmiş soyqırımıdır. Bu cinayətin arxasında ermənilərin azərbaycanlılara qarşı əsrlər boyu apardığı amansız siyasət planı dayanır. Bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsi də məhz həmin siyasətin növbəti təzahürü idi.
Konfransda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə "Xocalı faciəsinin siyasi və milli mahiyyəti", institutun elmi katibi tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov "Xocalı faciəsi ərəfəsində Azərbaycanda vəziyyət", institutun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilov "Xocalı faciəsi: tarixi, səbəbləri və dərsləri", institutun şöbə müdiri dosent Emin Şıxəliyev "Xocalı faciəsi Ermənistanın Azərbaycan xalqına qarşı apardığı soyqırımlarının tərkib hissəsi kimi", institutun elmi işçisi tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyeva "Xocalı qəhrəmanları" mövzularında məruzələrlə çıxış ediblər.
Çıxışlarda Xocalı faciəsinin insanlıq tarixinin ən amansız faciəsi olduğu bildirilmiş və vurğulanmışdır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayı ilə birlikdə Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı soyqırımı törətmiş, yüzlərlə sakin bu vəhşiliyin qurbanı olmuş, əsir alınmış və itkin düşmüşdür. O da qeyd edilmişdir ki, dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Xocalı faciəsinin bir çox dünya dövlətləri tərəfindən tanınmasının Azərbaycan üçün böyük əhəmiyyəti var.
Elxan MƏMMƏDOV,
Azərbaycan.-2014.- 26 fevral.- S.16.