Ankaranın Keçiören
rayonunda Xocalı soyqırımı abidəsi
açılmışdır
Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə silsilə tədbirlər davam etdirilir.
Silsilə tədbirlər çərçivəsində fevralın 26-da Ankaranın Keçiören rayon bələdiyyəsi ilə Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə rayondakı Xocalı soyqırımı meydanında ucaldılmış abidənin açılışı olmuşdur.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, abidənin açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlar Arif Rəhimzadə, Qənirə Paşayeva, Rüstəm Xəlilov, qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) xarici əlaqələr üzrə sədr müavini Yasin Aktay, AKP-nin icraçi katibi Haluk İpek, Keçiören bələdiyyəsinin sədri Mustafa Ak, Türkiyə parlamentinin deputatları, mətbuat nümayəndələri və sakinlər iştirak etmişlər.
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra qardaş ölkələrimizin dövlət himnləri səsləndirilmişdir.
İslam Konfransı Gənclər Forumunun (İKGF) beynəlxalq katibliyinin rəhbəri Elməddin Mehdiyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın mərasim iştirakçılarına ünvanladığı məktubu oxumuşdur.
Tədbirdə çıxış edən Mustafa Ak, Faiq Bağırov, Qənirə Paşayeva, Türkiyə parlamentinin deputatı İsmail Safi, Yasin Aktay, Haluk İpek, Ziyafət Əsgərov və Cəmil Çiçək Xocalı soyqırımının dəhşətlərindən, Qərb dünyasının bu vəhşiliklərlə bağlı ikili mövqeyindən və Ermənistanın destruktiv siyasətdən əl çəkməsi üçün qətiyyətli addımların atılmasının vacibliyindən söz açmışlar. Qardaş ölkələrimizin əlaqələrinin məmnunedici yüksək səviyyəsindən söz açan Cəmil Çiçək Ermənistan rəhbərliyi ilə bağlı demişdir: "Çox insan elə bilir, ölkə rəhbərləri cinayət törətməzlər. Lakin hazırda Ermənistan rəhbərliyində olan insanlar qatil və cinayətkarlardır. Xocalı soyqırımını da onlar törətmişlər". O, həmçinin qeyd etmişdir ki, Azərbaycan bizim ikinci dövlətimizdir.
Çıxışlardan sonra abidənin açılışı olmuşdur.
Açılışdan sonra
müəllifi heykəltəraş, xalq rəssamı
Natiq Əliyev olan
Xocalı soyqırımı abidəsinin önünə qərənfillər
düzülmüşdür.
Azərbaycan.-2014.- 27 fevral.- S.2.