Suraxanı abadlaşıb gözəlləşir

 

İlin uğurlu yekunları

 

Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosiomədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Beynəlxalq təşkilatlar tərəfindən də ciddi maraqla qarşılanaraq geniş elmi müzakirələrə səbəb olan bu model özünəməxsus cəhətləri ilə əlverişli coğrafigeoiqtisadi məkanda yerləşən respublikamızı yeni iqtisadi fenomenə çevirmiş, davamlı və sabit inkişaf yoluna çıxarmışdır. Bu model unikallığı ilə Azərbaycana hər bir mərhələdə dinamik inkişafa zəmin yaradan məqsədyönlü tədbirlər sistemini daha çevik və işlək mexanizmlər əsasında həyata keçirmək imkanı yaratmışdır.

Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi çoxşaxəli islahatlar kursu respublikamızın yeni sosial-iqtisadi təmayüllərini dəqiq şəkildə müəyyənləşdirməklə yanaşı, böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə gətirib çıxarıb. Təsadüfi deyil ki, son 10 ildə iqtisadiyyatımız 3 dəfə artıb və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Davos İqtisadi Forumu Azərbaycanı dünyada 39-cu yerə layiq görüb. Bu, əsasən islahatların aparılması və təbii sərvətlərin düzgün istifadə edilməsi, insan  kapitalına və infrastruktura yenidən sərmayələrin qoyulması və biznes  imkanlarının yaxşılaşdırılması sayəsində mümkün olub.

Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş iclası Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin əsas təminatçılarından birinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın iqtisadi sahədə yeni nailiyyətlərə imza atdığını göstərir. Bir çox dünya ölkələrində qlobal maliyyə-iqtisadi böhranın mənfi təsirlərinin hələ tam aradan qalxmadığı şəraitdə Azərbaycanda ümumi daxili məhsulun 5,8 faiz, qeyri-neft sektorunun 10 faiz, əhalinin pul gəlirlərinin 8 faiz artması, respublikanın strateji valyuta ehtiyatlarının 50 milyard dollara yüksəlməsi, bütün bunların fonunda inflyasiyanın cəmi 2,4 faiz təşkil etməsi hesabat dövrünün uğurları barədə kifayət qədər dolğun mənzərə yaradır.

 

 

 

Abadlıq və quruculuq işləri sürətlə aparılır

 

 

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramları çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər ölkədə makroiqtisadi sabitliyi təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş, əhalinin həyat səviyyəsini xeyli yaxşılaşdırmışdır. Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Bakı şəhərinin Suraxanı rayonunda da abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşmasına şərait yaratmış, yol təsərrüfatının yaxşılaşdırılması, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidməti, sosial infrastruktur sahəsində xidmət səviyyəsinin yüksəldilməsi üzrə layihələr həyata keçirilmiş, tikinti işləri geniş vüsət almış, yeni yerləri açılmışdır.

Ötən il qazanılan uğurlarda Suraxanı rayonunun da payı az olmamışdır. Bütün iqtisadi göstəricilər rayonun sürətli inkişafından xəbər verir. Prezident İlham Əliyevin Suraxanı rayonuna göstərdiyi diqqət və qayğının nəticəsində adıçəkilən rayonunun sosial-iqtisadi inkişafına nail olunmuşdur. 2013-cü ildə ölkə başçısı Suraxanı rayonuna gəlmiş, martın 29-da rayon ərazisindəki "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuş, 27 dekabr tarixdə isə Fövqəladə Hallar Nazirliyi Akademiyasının Hövsan qəsəbəsində yerləşən binasının açılış mərasimində iştirak etmişdir.

Məlumat üçün bildirək ki, 2013-cü  ildə rayonda sənaye məhsulu istehsalı  353,6 milyon, tikinti-quraşdırma işləri 224,3 milyon, nəqliyyat xidmətləri 20,3 milyon, əsas kapitala yönəldilən investisiyalar 168,7 milyon, kənd təsərrüfatı 3,7 milyon manat, orta aylıq əməkhaqqı 575,3 manat olmuş, 2380 yeni iş yeri açılmışdır. Hazırda rayonda 4 mindən artıq hüquqifiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

Yola saldığımız ildə rayonda pərakəndə ticarət dövriyyəsinin həcmi artaraq 246,3 milyon manat olmuş, iaşə müəssisələri tərəfindən əhaliyə 14,6 milyon manatlıq və ya 21 faiz çox xidmət göstərilmiş, pullu xidmətlərin həcmi 26 faiz artaraq 255,6 milyon manat olmuşdur. Bu dövr ərzində 154,6 min p/m yeni qaz, 116,8 min p/m yeni su, 4,9 min p/m yeni kanalizasiya xətləri çəkilmiş, 6,8 min ədəd mexaniki qaz sayğacı "Smart-kart" tipli elektron qaz sayğacı ilə əvəz edilmiş, 3 min yeni abonent qazla təmin edilmiş, 2,1 min ədəd mexaniki və 13,6 min ədəd smart tipli su sayğacı, 33 KTM quraşdırılmış, 1 TM əsaslı təmir olunmuş, 1 TM-in binası sökülərək yerində yenisi tikilmiş, 47,6 min p/m kabel xətti, 41,2 min p/m naqil çəkilmiş, 5,7 min p/m. su, 1,6 min p/m kanalizasiya xətti dəyişdirilmiş, 4 istilik qazanxanasının tikintisi başa çatdırılmış, 2 istilik məntəqəsi modernləşdirilərək qazanxanaya çevirilmiş, Bülbülə və Əmircan qəsəbələrində hər birinin tutumu 2000 nömrə olmaqla ATS-lər istifadəyə verilmişdir. Hövsan qəsəbəsində tutumu 2000 nömrə ATS-in tikintisi başa çatmaq üzrədir.

İl ərzində rayonda 501 min kvadratmetr asfalt örtüyü salınmış, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bülbülə və Əmircan qəsəbələrinin ərazisində qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədilə Suraxanı RİH-ə ayrılmış 2 milyon manat vəsait hesabına 57 mindən artıq əhalinin istifadə etdiyi ümumi uzunluğu 18,11 kilometr, sahəsi 118,13 min kvadratmetr olan qəsəbədaxili yollar asfaltlanmışdır. Rayon ərazisində 335 ədəd küçə işıqlandırma dirəyi, 665 ədəd çılçıraq, 6 ədəd müasir avtobus dayanacağı quraşdırılmışdır. Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolundan Qala istiqamətində uzunluğu 9 kilometr, Suraxanı rayonunun ərazisindən keçən hissəsinin 4 kilometr olduğu avtomobil yolunun tikintisi başa çatdırılmışdır.

 

 

 

Sakinlərin sosial rifah halı ildən-ilə yüksəlir

 

 

 

Bu gün ölkəmizin müxtəlif bölgələrində olduğu kimi, Suraxanı rayonunda da yeni sosial obyektlər tikilir, bir çoxu əsaslı təmir edilir və sakinlərin istifadəsinə verilir. 2013-cü il ərzində 2 saylı bərpa xəstəxanasının köhnə binasının yerində yeni xəstəxana binası, 3 məktəbdə 1300 şagirdlik əlavə tədris korpusları tikilmiş, 2 xəstəxana, 2 poliklinika, 2 saylı uşaq evi, 7 uşaq bağçası əsaslı təmir edilmiş, 1 idman meydançası salınmış, "Rayon Gənclər evi"nin, 84 saylı orta məktəbin yerində 960 şagirdlik yeni məktəb binasının, 104 saylı orta məktəb üçün 600 şagirdlik əlavə tədris korpusunun, şahmat məktəbinin tikintisi, 2 uşaq bağçasında əsaslı təmir işləri davam etdirilmiş (5 və 262 saylı), 1 orta məktəbdə (282) və 1 uşaq bağçasında (Qasım Qasımov adına) əsaslı təmir işlərinə başlanılmış və hazırda davam etdirilir.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən əlavə, Hövsan qəsəbəsinin İlqar Əhlimanov küçəsində yerləşən və sahəsi 15,5 min kvadratmetr olan park yenidən qurulmuş, parkda fəvvarə, uşaqlar üçün əyləncə-oyun meydançası, istirahət guşələri tikilmiş, 40 ədəd oturacaq, 26 ədəd dibçək, 35 ədəd tullantı tutumu qoyulmuş, 2 ədəd söhbətgah, 71 ədəd kiçik və 10 ədəd böyük işıq dirəyi, suvarma sistemi quraşdırılmış, 5,3 min kvadratmetr sahəyə tamet, 809 kvadratmetr sahəyə qazon döşənmiş, 6133 kvadratmetr sahəyə yeni ağac və bəzək bitkiləri əkilmiş və beləliklə, qəsəbə sakinlərinin istirahəti üçün gözəl bir məkanda əlverişli şərait yaradılmışdır.

"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda bərpa və yenidənqurma işləri aparılmış, qoruqətrafı ərazilərdə, Atamoğlan Rzayev, Səttar Bəhlulzadə, Vladimir Balandin küçələrində genişmiqyaslı abadlıq işlərinə başlanılmış, fərdi yaşayış evlərinin fasadları abadlaşdırılmış, dam örtükləri dəyişdirilmiş, Atamoğlan Rzayev küçəsi asfaltlanmış və küçəyə qranit bardürlər, səki daşları və işıq dirəkləri quraşdırılmış, Səttar Bəhlulzadə dairəsindəki park yenidən qurulmuşdur.

2013-cü ildə rayonda dörd çoxmənzilli yaşayış binası istifadəyə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən, Zığ qəsəbəsində qəza nəticəsində yararsız vəziyyətə düşmüş yaşayış binası sökülmüş, əvəzinə yeni 5 mərtəbəli, 2 girişli, 25 mənzilli yaşayış binası tikilmiş və sakinlər tam şəraitli evlərə köçürülmüşlər. Hövsan qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 9 mərtəbəli 81 mənzilli yaşayış binası, Əmircan qəsəbəsində isə FHN-in əməkdaşları üçün iki 12 mərtəbəli hər biri 72 mənzilli yaşayış binaları tikilib istifadəyə verilmişdir.

Sahibkarlığa Kömək Milli FonduRİH-in birgə təçkilatçılığı, 320 nəfər sahibkarın iştirakı ilə QaraçuxurYeni Suraxanı qəsəbələrində iki kredit yarmarkası keçirilmiş, Suraxanı rayonundan olan 20 sahibkara 235 min manat məbləğində güzəştli şərtlərlə kreditlər verilmişdir. Ötən il ərzində Suraxanı rayonu ərazisində sanitar təmizliyin təmin edilməsi də əsas məqsəd kimi qarşıya qoyulmuş, Azərbaycan Respublikası hökuməti və Dünya Bankı tərəfindən birlikdə icra edilən "Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi" çərçivəsində Zığ və Bülbülə qəsəbələrində, Yeni Günəşli yaşayış sahəsində əvvəllər mövcud olmuş məişət tullantıxanaları, Zığ qəsəbəsi, "Dədə Qorqud" adlandırılan yaşayış sahəsinin yanında əvvəllər mövcud olmuş rayon tullantıxanası təmizlənmişdir.

Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülmüş işləri davam etdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli 232 nömrəli sərəncamı ilə "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və müvafiq "Tədbirlər Planı" təsdiq edilmiş, əvvəlki illərdə icra olunmamış tədbirlərin başa çatdırılması da nəzərdə tutulmuşdur.

Yeni Dövlət Proqramının rayonda həyata keçirilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı imzalanmış, qərargah yaradılmışdır. Tədbirlər Planında Suraxanı rayonu üzrə 51, ümumərazi inkişaf üzrə üç tədbir nəzərdə tutulmuşdur. Dövlət Proqramında qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, yolların asfaltlanması, ərazilərin abadlaşdırılması, yaşıllıqların salınması, Zığ və Bülbülə göllərinin ekoloji vəziyyətlərinin normallaşdırılması, səhiyyə, təhsil, məktəbəqədər, mədəniyyət, idman müəssisələrinin əsaslı təmiri, tikintisibir çox digər işlərin görülməsi nəzərdə tutulmuşdur.

 

 

 

Rayonun Heydər Əliyev Mərkəzi ideoloji mərkəzə çevrilib

 

 

Ötən dövr ərzində təsdiq edilmiş tədbirlər planlarına əsasən, rayonda bir çox ictimai-siyasi tədbir keçirilmiş, bu günə kimi Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 45000-dən yuxarı yerlixarici ziyarətçi tanış olmuş, mərkəzin elektron kitabxanasının xidmətindən 12 mindən artıq istifadəçi faydalanmışdır. Mərkəzdə bu günə qədər müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlarla birgə 120-dən çox tədbir keçirilmişdir.

Müxtəlif vaxtlarda rayona gələn yerlixarici qonaqlar, Milli Məclisin deputatları böyük maraqla mərkəzin fəaliyyəti ilə tanış olurlar. Mərkəzə gələn xarici qonaqlar sırasında UNESCO-nun keçmiş baş katibi Koişiro Matsuuranı, Slovakiyanın keçmış prezidenti Rudolf Şusteri, Avropa parlamentinin üzvü, Estoniya parlamentinin birinci vitse-spikeri xanım Kristina Oyulandı, Latviyanın ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Raymonds Veyonisi, Estoniya parlamentinin deputatı, Estoniya-Azərbaycan parlament qrupunun rəhbəri Eldar Əfəndiyevi, "Uralsib" Maliyyə Korporasiyasının Direktorlar Şurasının sədri Nikolay Svetkovu, Estoniyanın Tallin Şəhər Dumasının sədri Tomas Vitsutu, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının plenar sessiyasında iştirak etmək üçün Azərbaycana gəlmiş nümayəndələri, Latviya Bələdiyyələr Birliyinin, RiqaTallin şəhər dumalarının nümayəndə heyətlərini qeyd etmək olar.

Rayondakı Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında "Heydər Əliyev və müasir Azərbaycan tarixi" mövzusunda açıq dərslər keçirilir. Açıq dərslər ayda bir dəfə olmaqla 2013-2014-cü tədris ilinin sonuna qədər davam etdiriləcək və rayonun bütün məktəblərini əhatə edəcək. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ərəfəsində keçirilən açıq dərslərə yekun vurulacaq, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılacaqlar.

Eyni zamanda, "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" və "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzuları üzrə cari ilin fevral-may aylarında rayon icra hakimiyyətinin təşkilatçılığı ilə mərkəzdə XI sinif şagirdlərinə tədris olunması üçün rayonun bütün məktəblərini əhatə edən qrafik tərtib edilmiş, ixtisaslı tarix müəllimlərindən və ölkəmizin nüfuzlu ali təhsil və elmi müəssisələrində çalışan tarixçilərdən ibarət tərkib seçilmişdir. Dərslərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün bütün zəruri təşkilati məsələlər həll edilmişdir. 17 fevral 2014-cü il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" mövzusunda ilk dərs tədris olunmuşdur.

Ötən tədris ilində Suraxanı rayonu ərazisində fəaliyyət göstərən təhsil işçiləri bir sıra nailiyyətlər qazanmışlar. Belə ki, 2012-2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qalibləri arasında 275 saylı tam orta məktəb də olmuş, 290 nömrəli tam orta məktəbin müəllimi Rüstəmova Xalidə Ədalət qızı isə ikinci dəfə "Ən yaxşı müəllim" adına layiq görülmüşdür. Suraxanı rayonu üzrə 2012-2013-cü tədris ilində 1899 nəfər tam orta təhsil haqqında attestat almış, onlardan 1631 nəfəri ali məktəblərə sənəd vermiş və 992 nəfəri, yəni imtahanda iştirak edənlərin 60,8 faizi tələbə adını qazanmışdır.

2012-2013-cü tədris ilində 4 məzun orta məktəbi qızıl medalla bitirmiş, abituriyentlərdən 49 nəfəri 600-dən yuxarı bal toplamış, 5 məzun Prezident təqaüdçüsü adına layiq görülmüşdür. 278 nömrəli məktəbin 9 məzunu, 275 nömrəli məktəbin 6 məzunu, Xarici Dillər Təmayüllü Gimnaziyanın 5 məzunu, 270 nömrəli məktəbin 4 məzunu 600-dən yuxarı bal toplamışdır. Respublika üzrə keçirilən "Şahin" hərbi-idman yarışında 76 nömrəli məktəb üçüncü yeri, "Cəsurlar" hərbi-idman və turizm yarışlarında isə 285 nömrəli məktəb ikinci yeri tutmuşdur.

2013-cü ildə dövlət gənclər siyasəti çərçivəsində rayonda 74 tədbir keçirilmiş,  13290 nəfər uşaq, yeniyetmə və gənc iştirak etmiş, dövlət idman siyasəti çərçivəsində 71 tədbir keçirilmiş, 14212 nəfər uşaq, yeniyetmə və gənc iştirak etmiş,  idmanla məşğul olan gənclərin sayı 9156 nəfər olmuşdur. 2013-cü ildə rayonda 16 klub, 22 federasiya, "Neftçi" İdman Sağlamlıq Mərkəzi və Hövsan Olimpiya İdman  Kompleksi fəaliyyət göstərmiş, uşaq, yeniyetmə və gənclərin sağlam böyüməsi üçün təmənnasız olaraq idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün şərait yaradılmışdır.

27 sentyabr tarixdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva "Yeni Günəşli" yaşayış massivində yerləşən 2 nömrəli uşaq evində olmuşdur. Leyla xanım burada təhsil alan uşaqlarla görüşmüş, onlarla söhbət etmiş, yaşayış şəraiti ilə maraqlanmışdır.

 

 

 

Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır

 

 

Vətəndaşların rifah halının daha da yaxşılaşdırılması, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi işi daim rayonun dövlət orqanlarının diqqət mərkəzindədir. Ötən dövr ərzində vətəndaşların müraciətlərinə qayğı ilə yanaşılmış, onların problemlərinin həllinə hərtərəfli kömək göstərilmişdir. 2013-cü il ərzində RİH-ə 5198 vətəndaşın müraciəti daxil olmuş, onlardan 1230-u təkrar, 427-si kollektiv ərizələr olmuşdur.

Müraciətlərin böyük hissəsi sukanalizasiya xətlərinin çəkilməsi, küçə və yolların asfaltlanması və işıqlandırılması, fərdi yaşayış evlərinin tikintisi, mənzillərin sənədləşdirilməsi, işlə təmin olunma, torpaq sürüşməsi-çökməsi zonasında yerləşən evlərin təhlükəsizliyi, qəyyumluq, himayə və addəyişmə məsələləri, qonşu münaqişələri, sosial yardım göstərilməsi və s. haqqında olmuşdur.

Vətəndaş müraciətlərinin 2039-u müsbət, 45-i qismən həll olunmuş, 2294-nə müvafiq izahat verilmiş, 18-i əsassız sayılmış, 94-ü isə icraatdadır, 235-nin icrası nəzərdə tutulmuş, 473-ü baxılmaq üçün tabeli qurumlara və aidiyyəti orqanlara göndərilmişdir.

Səyyar görüş-qəbullar hər növbəti ay üçün təsdiq olunmuş qrafikə uyğun keçirilir. 2013-cü ildə 2806 nəfərin iştirakı ilə 41 səyyar görüş-qəbul olmuşdur. Səyyar görüşlərdə qaldırılmış 110 məsələdən 42-si müsbət həll edilmiş, 16-na qanunamüvafiq izah verilmiş, 58-nin dövlət və yerli proqramlarda icrası nəzərdə tutulmuşdur. 2013-cü ildə RİHB tərəfindən 1397 nəfər vətəndaş, ümumiyyətlə isə RİH-də 3178 nəfər vətəndaş qəbul edilmişdir.

RİH-də yaradılmış operativ idarəetmə mərkəzinin, Heydər Əliyev parkında və Qaraçuxur qəsəbəsində yerləşdirilmiş elektron lövhələrin, Heydər Əliyev Mərkəzinin elektron vasitələrinin imkanlarından istifadə etməklə İnformasiya-Kommunikasiya Texnologiyaları ili və İKT vasitələri əyani təbliğ edilmişdir. 

2013-cü ildə müntəzəm yeniləşən www.surakhani-ih.gov.az internet saytı, mail@ surakhani-ih.gov.az elektron poçt ünvanı, "qaynar xətt" kimi mütərəqqi əlaqə və informasiya vasitələrindən, yerlərdə quraşdırılmış "Şikayət və təkliflər" səyyar poçt qutularından geniş istifadə edilmiş, elektron poçt ünvanına daxil olmuş sual və təklif xarakterli 194 ədəd məktub cavablandırılmışdır. Rayon icra hakimiyyətində 2009-cu ildən tətbiq olunan "Elektron icraçı" Avtomatlaşdırılmış İdarəetmə Sisteminin imkanlarından 2013-cü ildə də geniş istifadə edilmiş, daxil olan və göndərilən korrespondensiyanın "Elektron icraçı" proqramına daxil edilməsi davam etdirilmişdir.

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmət olmalıdır. Fəaliyyətini məhz bu prinsip əsasında quran Suraxanı RİH də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə töhfəsini verməyə çalışır. Ulu öndərin hakimiyyəti dövründə özü üçün güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış Suraxanı rayonu Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir. Bütün bunlar rayonun həyatında başlanmış yeni intibah mərhələsinin uğurlu başlanğıcıdır. Hazırda hər bir Suraxanı sakini dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurları həyatında daha qabarıq hiss edir, yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 27 fevral.- S.3.