Xocalıda insanları yalnız azərbaycanlı olduqları üçün qətlə yetiriblər

 

Fevralın 25-də Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş  tədbir keçirilmişdir.

Mərasimdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Xocalı faciəsinin XX əsr tarixinin ən ağrılı və qanlı səhifələrindən birini təşkil etdiyini, Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində silah gücünə doğma torpaqlarından zorla çıxarılan bir milyondan artıq azərbaycanlının öz  vətənlərində qaçqın və məcburi köçkün kimi yaşadıqlarını diqqətə çatdırmışdır.

Xocalı soyqırımından 22 il keçməsinə baxmayaraq, bütün dünyada yaşayan azərbaycanlıların xatirəsində əbədi iz qoyduğunu vurğulayan səfir bu faciəni bəşəriyyətə qarşı nifrət oyadan cinayət kimi dəyərləndirmiş, Xocalıda insanların yalnız azərbaycanlı olduqları üçün qətlə yetirildiyini bildirmişdir.

Diplomat demişdir ki, Xocalı soyqırımı bundan əvvəl baş vermiş cinayətlərdən daha dəhşətlisidir. Faciə qurbanları və onların ailə üzvləri beynəlxalq təşkilatlardan soyqırımına ədalətli qiymət verilməsini gözləyirlər.

Xocalı soyqırımının beynəlxalq təşkilatlar tərəfindən tanınmasının vacibliyini vurğulayan səfir Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş "Xocalıya ədalət!" kampaniyası çərçivəsində hər il dünyanın bütün ölkələrində müxtəlif tədbirlərin keçirildiyini və faciə qurbanlarının xatirəsinin yad edildiyini bildirmişdir.

E.Əmirbəyov bu cinayəti törədənlərin bir gün ədalət məhkəməsi qarşısında cavab verəcəklərinə əminliyini ifadə etmişdir.

Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənmişdir.

Tədbirdə fransız ictimaiyyətinin nümayəndələri,  Azərbaycanın  UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diasporumuzun təmsilçiləri və tələbələr iştirak etmişlər.

 

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

Azərbaycan.-2014.- 27 fevral.- S.3.