Milli qəhrəmanlar abidəsi açıldı

 

Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində Binəqədi rayonu Biləcəri qəsəbəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş milli qəhrəmanlarımızın şərəfinə ucaldılmış abidənin açılış mərasimi keçirilmişdir.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Milli Məclisin deputatı Madər Musayev, rayon icra strukturlarının rəhbərləri, fəal gəncləri, hərbçilər, məktəblilər və ictimaiyyətin digər nümayəndələri iştirak etmişdilər. Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov bildirmişdir ki, tarixi torpağımız, dədə-baba yurdumuz olan Dağlıq Qarabağ uğrunda müharibə başlayanda torpağa Ana deyib onun uğrunda ölüm-dirim savaşına atılaraq şəhidlik zirvəsinə yüksələnlər heç zaman unudulmurlar. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir! Bu ucalığa yüksələnlərin, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Şəhidlər özlərindən sonra bitib tükənməyən qəhrəmanlıq salnamələri qoyub gedirlər. Gələn nəsillərə örnək olurlar. Qarabağ uğrunda müharibə başlayanda torpağa Ana deyib ölüm-dirim savaşına atılanların qəlbində bircə hiss var idi: Vətəni düşməndən qoruyaraq ona layiqli oğul olmaq!

İ.Süleymanov həmçinin vurğulamışdır ki, hər bir Azərbaycan vətəndaşı milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şey öyrənməlidir. İ.Süleymanov ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda sinələrini sipər etmiş qəhrəman həmvətənlərimizin daim dövlətin diqqətində olduğunu bildirmişdir. Qeyd etmişdir ki, Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar barədə məlumat verərkən qətiyyətlə vurğulamışdır: "Gün gələcək ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırılan Xalq Cümhuriyyətinin bayrağı Xankəndidə, Şuşada dalğalanacaq. Mən buna inanıram. Əminəm ki, Azərbaycan xalqı buna inanır və bu inamı reallığa çevirmək üçün biz daha da fəal işləməliyik, siyasətimizi daha da məqsədyönlü şəkildə irəliyə aparmalıyıq. Vətən, torpaq uğrunda vuruşmuş, canından keçmiş övladlarımızın xatirəsi daim bizim ürəyimizdədir. Qarabağ böyük yaramızdır. Əminəm ki, ərazi bütövlüyümüz bərpa olunacaq, məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar, haqq-ədalət zəfər çalacaqdır. Çünki haqq-ədalət bizim tərəfimizdədir".

İlqar Süleymanovun çıxışından sonra abidənin açılışı olmuşdur. Rayon icra hakimiyyətin adından abidənin önünə əklil qoyulmasının ardınca orkestrin müşayiəti ilə Azərbaycan dövlət himni səsləndirilmişdir.

Milli Qəhrəman Mirzə Quliyev tədbirdə çıxış edərək milli qəhrəmanların xatirəsini daim əziz tutduğuna, belə bir parkın yaradılmasına və şəhid milli qəhrəmanların büstlərinin ucaldılmasına görə Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirmişdir.   Mərasimdə çıxış edən milli qəhrəmanlar Rasim İbrahimovun oğlu Nizami İbrahimov, Allahverdi Bağırovun qızı Aynur Bağırova, Elxan Zülfüqarovun bacısı Naridə Zülfüqarova qəhrəman vətən övladlarının xatirəsinə göstərilən ehtirama görə dövlət başçısına minnətdarlıq etmişlər. Onlar bu parkın açılışı və büstlərin qoyulmasını qəhrəmanlara yüksək ehtiramın bariz göstəricisi kimi səciyyələndirmişlər. Milli Qəhrəman Allahverdi Bağırovun qızı Aynur Bağırova vurğulamışdır ki, Dağlıq Qarabağ münaqişəsinin hələ də davam etməsi onlar üçün çox ağırdır. Çünki atası Ağdam Şəhidlər xiyabanında dəfn olunub və 21 ildir onun qəbrini ziyarət edə bilmirlər. Ancaq Azərbaycan Prezidenti  İlham Əliyevin diqqət və qayğısı, eləcə də xüsusi göstərişi sayəsində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan milli qəhrəmanlar abidəsi onlar üçün mənəvi təskinlik oldu. Artıq bu ünvan Bağırovlar ailəsi üçün ziyarət məkanı sayılır.

Mərasimdə Binəqədi rayonu 299 saylı orta məktəbin şagirdlərinin ifasında ağrılı-acılı müharibə illərini canlandıran səhnələr nümayiş etdirilmiş, milli qəhrəmanların həyat yolları barədə tədbir iştirakçılarına məlumat verilmiş, məktəblilərin ifasında vətənpərvərlik ruhunda musiqi parçaları ifa edilmişdir. Nümayiş olunan səhnələr milli qəhrəmanların yaxınları və ailələri tərəfindən göz yaşları ilə qarşılanmışdır. Bu göz yaşlarının içərisində kədərlə yanaşı qürur da var. Çünki şəhidlər ölümləri ilə əbədiyyət qazanmışlar. Qanı torpağa tökülən igidlər xatirələrdə əbədiləşir. Bu gün Azərbaycan xalqı Vətən uğrunda şəhid olmuş vətəndaşlarını ehtiramla yad edir, dövlət onların ailələrini  yüksək səviyyədə qayğı ilə əhatə edir. Vətənpərvərlik təkcə itirdiyimiz torpaqlari geri qaytarmaq istəyi deyil. Vətənpərvərlik, ilk növbədə dininə, dilinə, tarixinə, keçmişinə, ətrafdakı insanlara sevgi deməkdir. Vətənə sevgi məhz vətənpərvərlikdən başlayır. Abidələri ucaldılmış milli qəhrəmanlar bizim müstəqil, suveren  azad yaşamağımız üçün canlarından keçdilər. Bu gün onların xatirəsi əziz tutulur və vətəni sevən hər bir azərbaycanlının qəlbində daim yaşayacaqlar.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 27 fevral.- S.4.