Xocalının işğalı zamanı müharibə qaydaları kobud surətdə

 pozulmuş və bütöv bir şəhər Yer üzündən silinmişdir

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir  dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimi açan Xidmət rəisinin müavini, polkovnik Zaur Abdullayev Xocalının işğalı zamanı hətta müharibə qaydalarının pozulduğunu, bütöv bir şəhərin Yer üzündən silindiyini vurğulamışdır.  Qeyd etmişdir ki, bizim sıralarımızda xidmət edən döyüşlərin iştirakçısı olmuş zabitlərimiz daha yaxşı bilirlər ki, müharibənin öz qaydaları vardır və bu qaydalarda dinc əhaliyə, qadınlara, uşaqlara toxunmamaq əsas götürülür. Amma Xocalıda biz heç kimə fərq qoyulmadığının şahidi olduq. Xocalı faciəsi məhz buna görə insanlığa qarşı cinayətlərlə eyni sırada dayanır.

Xocalı faciəsinə hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu qeyd edilmiş, Heydər Əliyev Fondunun bu soyqırımı aktının dünyada tanıtdırılması istiqamətində gördüyü işlərdən söz açılmışdır. Bildirilmişdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası nəticəsini verir və artıq dünya Xocalı hadisələrini soyqırımı kimi tanıyır.

Daha sonra Azərbaycan Respublikasının Diasporla üzrə Dövlət Komitəsinin idarə rəisi Cavanşir Vəliyev çıxış edərək "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində diaspor təşkilatları tərəfindən aparılan işlərdən söz açmışdır.

Cavanşir Vəliyev kampaniyanın nəticəsi olaraq bir neçə ölkədə Xocalı soyqırımının tanındığını vurğulayaraq, bununla kifayətlənməli olmadığımızı demişdir. O, komitə tərəfindən Xocalı soyqırımının dünyaya çatdırılması ilə bağlı tədbirlərin yalnız fevralın 26-da deyil, il ərzində həyata keçirildiyini qeyd etmişdir.

Müstəqil tədqiqatçı Rövşən Məmmədov isə Xocalı faciəsinin tarixindən ətraflı söhbət açmışdır. O, həmçinin Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşr etdiyi "Xocalı-1992" kitabını təqdim etmişdir.

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov Xocalı soyqırımının dünyada tanıtdırılmasında QHT-lərin, gənclərin, tələbələrin rolundan danışmışdır.

Daha sonra "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin Xocalı soyqırımına həsr etdiyi sosial çarx nümayiş olunmuşdur.

 

Azərbaycan.-2014.- 27 fevral.- S.4.