Xocalı soyqırımının ildönümü ilə əlaqədar

Tehranda da anma mərasimi keçirildi

 

Azərbaycanın İrandakı səfirliyində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.

Səfirlikdən verilən məlumata görə, İran rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, Tehrandakı diplomatik korpusun təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, Tehran, Qəzvin və Məşhəddə təhsil alan azərbaycanlı və xarici tələbələrin iştirakı ilə keçirilmiş tədbirdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, ruhlarına dualar oxunmuş, "Qarabağın son azanı" səsləndirilmişdir.

Mərasimdə çıxış edən səfir Cavanşir Axundov iştirakçılara Xocalı faciəsinin dəhşətləri və "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının məqsədi və bu kampaniya çərçivəsində görülən işlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, XX əsrin əvvəllərində - 1905-1907-ci,  1918-1920-ci  illərdə də Quba, Şamaxı, Gəncə, Zəngəzur, Naxçıvan və Azərbaycanın bir sıra digər bölgələrində erməni millətçiləri dinc müsəlman əhaliyə qarşı oxşar qətliamlar törətmişlər. Səfir 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdikləri Xocalı qətliamının İslam Əməkdaşlıq Təşkilatı, bu qurumun Parlament İttifaqı, habelə bir çox dövlətlərin parlamentləri tərəfindən soyqırımı aktı kimi tanındığını diqqətə çatdırmışdır. C.Axundov ümidvar olduğunu bildirmişdir ki, Xocalı soyqırımı haqqında məlumatlar bundan sonra da  İran xalqına çatdırılacaq və faciəyə bu ölkədə də siyasi-hüquqi qiymət veriləcəkdir.     

Tehran Universitetində təhsil alan türkiyəli tələbə Sara Polad çıxış edərək nümayiş olunmuş sənədli filmdə gördüklərindən çox təsirləndiyini söyləmiş, erməni cinayətkarlarının layiqincə cəzalandırılacağına ümid etdiyini bildirmişdir. O, Pakistan, Çexiya, Kolumbiya, Peru, Meksika və digər ölkələrin parlamentlərinin Xocalıda baş verən hadisələrə hüquqi qiymət verərək soyqırımı aktı kimi tanıdıqlarını xatırlatmışdır.

Tehran Universitetinin tədqiqatçısı Məhəmməd Rza Aftab çıxışında Xocalı  soyqırımının beynəlxalq hüquqi aspektlərdən təhlilini vermiş, bu faciəni törədənlərin cəzalandırılmalı olduğunu vurğulamışdır.  

İran Avrasiya Araşdırmalar İnstitutunun elmi işçisi İlyas Vahidi çıxışında Xocalı soyqırımının insanlığa qarşı bəşəri cinayət olduğunu vurğulamış, tədbirdə nümayiş etdirilmiş bu sənədli filmin İran telekanallarında yayımlanacağına ümidvar olduğunu söyləmişdir.

Azərbaycanın İrandakı səfirliyinin ikinci katibi Tariyel İsmayılov bildirmişdir ki, müsəlman dünyasının Xocalı soyqırımının tanınmasında, faciəyə siyasi-hüquqi qiymət verilməsində vahid, həmrəy mövqedən çıxış etməsi günün tələbidir.       

Qeyd edək ki, yerli mətbuat orqanlarının redaksiyalarına Xocalı faciəsi ilə bağlı Azərbaycan, farsingilis dillərində press-relizlər göndərilmişdir.

Tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair və Xocalı soyqırımının dəhşətlərini əks etdirən kitablar, jurnallar, bukletlər paylanmışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 27 fevral.- S.4.