Türkiyədə «Xocalı
soyqırımı və Qarabağ problemi»
mövzusunda beynəlxalq konfrans
keçirilmişdir
Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin və Türkiyə Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə fevralın 25-də Türkiyədə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş "Xocalı soyqırımı və Qarabağ problemi" mövzusunda iki sessiyadan ibarət konfrans keçirilmişdir.
Səfirlikdən
AzərTAc-a bildirmişlər ki, tədbir Xocalı
soyqırımı ilə bağlı türk dilində
hazırlanmış sənədli filmin nümayişi ilə
başlanmışdır.
Azərbaycanın
Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə
Vəkillər Kollegiyası idarə heyətinin üzvü
İzzet Varan və Azərbaycan Milli Məclisinin Regional məsələlər
komitəsinin sədri Arif Rəhimzadə
çıxış etmiş, ermənilərin Xocalıda
törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə
çatdırılmasının vacibliyindən
danışmışlar.
Konfransın "Qarabağ problemi beynəlxalq hüquq prizmasında" mövzusunda olan birinci sessiyası Türkiyə Vəkillər Kollegiyası İnsan Hüquqları Mərkəzinin Elmi Şurasının üzvü Abullah Buksırın moderatorluğu ilə keçmişdir. Sessiyada Milli Məclisin deputatı Qənirə Paşayeva, tanınmış alim Ümit Özdağ, Qazi Universitetinin professoru Cəmaləddin Taşkıran və Giresun Universitetinin rektoru professor Aygün Attar çıxış etmişlər.
Türkiyə Vəkillər Kollegiyası İnsan Hüquqları Mərkəzinin Elmi Şurasının üzvü Əhməd Dəmirçinin moderatorluğu ilə keçən ikinci sessiya "Xocalı soyqırımı beynəlxalq hüquq prizmasında" mövzusuna həsr olunmuşdur. Bu hissədə Azərbaycan Respublikası Vəkillər Kollegiyası rəyasət heyətinin sədri Azər Tağıyev, "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının Türkiyə üzrə nümayəndəsi Gözge Kılıç Yaşın, Milli Məclisin deputatı Rüstəm Xəlilov və Cümhuriyyət Xalq Partiyasından olan sabiq millət vəkili Onur Öymen çıxış etmişlər.
Konfrans iştirakçılarına Xocalı soyqırımı ilə bağlı təbliğat materialları təqdim olunmuşdur.
Tədbirdə Türkiyədə
fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının
rəhbərləri, müxtəlif siyasi
partiyaların nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər, elm
adamları, ekspertlər və kütləvi informasiya
vasitələrinin əməkdaşları iştirak
etmişlər.
Azərbaycan.-2014.- 27 fevral.- S.6.