Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı

 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli HƏSƏNOV dedi:

 

- Hörmətli Mehriban xanım.

 

Hörmətli tədbir iştirakçıları.

 

Azərbaycanın birinci xanımı hörmətli Mehriban Əliyevanın rəhbərliyi altında keçirilən bu tədbir ölkəmizin bu günü, gələcəyi üçün çox vacibdir. İndi xatırlayıram, ötən əsrin 70-ci illərinin axırı - 80-ci illərinin əvvəllərində Sumqayıt şəhərində bu sahəyə katib kimi mən nəzarət edirdim. Hələ biz o vaxt belə bir proqram hazırlamışdıq - uşaq bağçası, orta məktəb və ali təhsil müəssisəsi. Bu üç təhsil ocağının birgə fəaliyyətinə bir orqanizm kimi yanaşırdıq. Orta məktəbə gələn uşaqlarda biliklərin bünövrəsi bağçalarda qoyulurdu.

 

Hörmətli Mehriban xanım, bu gün Sizin diqqət yetirdiyiniz bu sahə, həqiqətən, həyati vacib bir məsələdir. Belə bir sosioloji sorğu aparmışdıq, evlərdə tərbiyə alıb birbaşa məktəbə gedən uşaqlarbağçalarda tərbiyə alıb məktəbə gedən uşaqlar. Hər kateqoriya üzrə 50 uşaq seçmişdik. Həm tərbiyədə, həm fiziki, həm də zehni hazırlıqda fərq böyük idi. Ona görə ulu öndər Heydər Əliyev deyirdi ki, gənclər bizim gələcəyimizdir, təhsilə də o cür yanaşırdı, təhsili gələcəyimiz kimi qiymətləndirirdi. Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev, Mehriban xanım, şəxsən Siz bu gün çox uğurla həyata keçirirsiniz. Mən bunu qeyd etməyi özümə borc bilirəm ki, dünya ölkələrinin birinci xanımları içərisində Siz öz ölkəsinin Prezidentinə, öz dövlətinə, öz xalqına, millətinə kömək edən birinci xanımsınız. Siz Azərbaycan elminin, təhsilinin, səhiyyəsinin, mədəniyyətinin inkişafına böyük töhfələr verirsiniz. Siz Azərbaycan qadınlarını bütün dünyada ləyaqətlə təmsil edirsiniz.

 

Ona görə bu gün müzakirə olunan məsələnin vacibliyini dərk edərək, mənə həvalə olunmuş sahədə Prezidentimizin fərman və sərəncamlarını, xüsusi tapşırıqlarını yüksək səviyyədə həyata keçirməyə çalışıram. Son 10 ildə bizə ayrılmış vəsait çərçivəsində tikilmiş 83 müasir qəsəbə və şəhərcikdə 28 min şagird yerlik 140 orta məktəb binası inşa olunubdur. Beynəlxalq humanitar təşkilatların vəsaiti hesabına isə 130 məktəb binasını təmir etmişik. Həmin qəsəbələrdə 50 müasir uşaq bağçası tikilib, 44 bağça isə təmir olunubdur. Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Siz həmin qəsəbələrin əksəriyyətinin açılışlarında iştirak etmisiniz, məktəblərin, bağçaların yüksək səviyyədə tikilməsinin və təminatının şahidi olmusunuz.

 

Siz qeyd etdiniz, Ermənistanın təcavüzü nəticəsində ərazilərimizin 20 faizi işğala məruz qalıb, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. O vaxtkı hakimiyyətin səriştəsizliyi ucbatından bu insanların özləri hara gəldi, necə gəldi, yerləşiblər. Yəni qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi üçün heç bir sistem, heç bir mexanizm, idarəçilik olmayıbdır. Onları mərkəzləşmiş qaydada yerləşdirə bilməyiblər. Bu insanlar harada boş yer görürdülərsə, orada da yerləşirdilər. O cümlədən məktəb və bağçalarda da yerləşiblər. Məlumat üçün bildirirəm ki, ölkə üzrə 262 məktəbdə 2 min 800 ailə yerləşmişdir. Son 10 ildə Prezidentin tapşırığı ilə 1800 ailəni artıq məktəblərdən köçürmüşük. Mən xüsusi qeyd etmək istəyirəm ki, Mingəçevirdə, Bərdədə, Ağdamda - 2 rayon, 1 şəhərdə bütün məktəb və bağçalarda köçkünlər yaşayırdı. Artıq biz həmin rayonların və şəhərin bütün məktəblərini, bağçalarını boşaltmışıq. Bakı şəhərində 16 məktəbdə 55 ailə yerləşibdir. Hələlik onlardan 6-nı köçürmüşük. Ölkə üzrə 202 bağçada 3 min 260 ailə yerləşibdir. Prezidentin tapşırığı ilə son vaxtlar biz 540 ailəni artıq bağçalardan köçürmüşük. Bakı şəhərində 133 bağçada yerləşmişdilər. Artıq 50 bağçada yaşayan məcburi köçkünləri yeni qəsəbələrə köçürmüşük. Hazırda bütün respublika üzrə məktəblərdə 1000 ailə, Bakıda isə 49 ailə qalıbdır. Bağçalarda bu gün bütün respublika üzrə 2 min 720 ailə yaşayır.

 

Azərbaycan Prezidentinin tapşırığı ilə köçürmə zamanı biz, ilk növbədə, məhz təhsil ocaqlarını boşaldırıq. Yəqin bugünkü tədbirin də əhəmiyyətini, Sizin tövsiyələrinizi nəzərə alaraq, hesab edirəm ki, Bakı şəhərində bağçalarda yaşayan ailələri yaxın 2 ayda mütləq yeni mənzillərə köçürəcəyik. Bu proses davam edəcəkdir. Təhsil Nazirliyinə, təhsil müəssisələrimizə lazım olan müddətdə də qalan bağçalarda məskunlaşmış məcburi köçkün ailələri yeni mənzillərə köçürüləcəkdir.

 

Diqqətinizə görə sağ olun.

 

Təhsil naziri Mikayıl CABBAROV çıxış edərək dedi:

 

- Çox hörmətli Mehriban xanım.

 

Hörmətli tədbir iştirakçıları.

 

Əvvəlcə bütün təhsil ictimaiyyəti adından Heydər Əliyev Fondunaonun prezidenti xanım Mehriban Əliyevaya məktəbəqədər təhsilin daha da inkişaf etdirilməsi və kütləvi xarakter alması məqsədlərinə xidmət edən yeni təşəbbüsünə görə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

 

Məktəbəqədər təhsil müasir dünyada insanı şəxsiyyət kimi formalaşdıran bünövrədir. O, təhsilin ilk və ən vacib pilləsi olmaqla uşaqların erkən yaş dövründən həmyaşıdları ilə ünsiyyət qurmaq, cəmiyyətə inteqrasiya olunmaq, təfəkkürün və ilkin həyati biliklərin yaranmasını, məktəb təliminə hazırlığı, təbiətə və insanlara həssas münasibətin formalaşmasını təmin edir. Bu mərhələdə uşağın aldığı biliklər onun gələcək təhsilə münasibətini və potensialını şərtləndirir.

 

Danılmaz həqiqətdir ki, maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsildə qoyulur. Təhsil Nazirliyi tərəfindən aparılmış milli qiymətləndirmə tədqiqatları da sübut edir ki, məktəbəqədər təhsil müəssisələrinə getmiş şagirdlər ibtidai sinifdə daha yuxarı nəticələr göstərirlər. Məndən öncə çıxış edən natiqlər bunu vurğuladılar. Dövlət sərmayələrinin səmərəliliyini təhlil edərkən Avropa İqtisadi Əməkdaşlıq Təşkilatının məlumatına əsasən, ölkənin uzunmüddətli iqtisadi inkişafına daha çox müsbət səmərə verən bütün təhsil pillələrindən ən yüksək təsir edən məhz məktəbəqədər təhsil hazırlığıdır. Lakin bəzi valideynlər məktəbəqədər təhsilin əhəmiyyətini kifayət qədər dərk etmir, övladlarını evdə tərbiyə etməyə üstünlük verirlər. Bu da uşaqları zəruri tərbiyə, təlim və inkişafyönümlü tədbirlərdən təcrid edir. Təqdirəlayiq haldır ki, son illərdə bu sahədə müəyyən irəliləyişlərə nail olunmuş, məktəbəqədər təhsil müəssisələrində təlim şəraiti yaxşılaşdıqca, şəbəkə genişləndikcə valideynlərin də düşüncələrində müsbət dəyişikliklər baş vermiş, daha çox valideyn övladını məktəbəqədər təhsilə cəlb etməyə maraq göstərməyə başlamışdır.

Hazırda respublikamızda təhsilin bütün sahələrinə, o cümlədən məktəbəqədər təhsilə dövlətimiz və dövlətimizin başçısı tərəfindən xüsusi diqqət və qayğı göstərilir, çoxsaylı dövlət proqramları həyata keçirilir. Məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması, təhsilin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması istiqamətində kompleks tədbirlər yerinə yetirilir. Məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyi ilə birbaşa tabeçilik münasibətlərinin olmamasına baxmayaraq, son 10 ayda nazirlik ümumtəhsil məktəblərində məktəbə hazırlıq qruplarının yaranmasını dəstəkləyən addımlar atmışdır. Belə ki, bu qruplarda məşğul olmuş uşaqların vaxtından əvvəl birinci sinfə müsahibəsiz qəbul olunması barədə qərar qəbul edilmişdir.

Dövlət məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, Mehriban xanım, sizin də vurğuladığınız kimi, özəl sektorun da inkişafı böyük əhəmiyyət kəsb edir. Yeni qəbul olunmuş qanuna əsasən, 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə məktəbəqədər təhsil müəssisələri, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslər mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad edilirlər. Bu isə uşaqların intellektual, fizikipsixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək və bu sahədə sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədi daşıyır.

Təhsil Nazirliyi özəl investisiyaların cəlb edilməsinin əhəmiyyətini dərk edərək, bu sahədə fəaliyyət göstərmək üçün müraciət edən fizikihüquqi şəxslərə lisenziya verilməsi prosedurlarını təkmilləşdirmiş və hazırda lisenziya əsasında fəaliyyət göstərən özəl məktəbəqədər təhsil müəssisələrinin sayı artmışdır.

Beynəlxalq əməkdaşlıq səviyyəsində də məktəbəqədər təhsil tədricən ön plana çıxır. Belə ki, Azərbaycanın Avropa İttifaqı ilə 2014-2017-ci illəri əhatə edən birgə fəaliyyət proqramında təhsil məsələləri, xüsusilə məktəbəqədər təhsil prioritet istiqamət kimi müəyyən edilmişdir. UNİCEF ilə əməkdaşlıqda da bu sahəyə xüsusi diqqət yetirilir.

Məktəbəqədər təhsil pilləsinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi ölkənin gələcək inkişafı baxımından çox vacibdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" məktəbəqədər təhsilin inkişaf etdirilməsinə yönəlmiş bir sıra hədəfləri - məktəbə hazırlıq təhsilinin bir il icbariliyinin təmin olunmasını, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılmasını, qabaqcıl beynəlxalq təcrübə əsasında məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətinin müstəqil sertifikatlaşdırma sisteminin yaradılmasını, məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmanı təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil standartlarının və yeni kurrikulumların hazırlanmasını özündə ehtiva edir.

Bu gün ölkəmizdə məktəbəqədər təhsil sahəsində görülmüş müsbət işlərlə yanaşı, həllini gözləyən bir sıra problemlər də mövcuddurbu problemləri 3 əsas hissəyə ayırmaq olar - məzmun, müəllim və infrastruktur. Məzmun dedikdə, hazırda uşaq bağçaları təhsil müəssisələrindən daha çox obrazla desək, saxlama kameraları, yəni uşağa baxım müəssisəsi kimi qəbul edilir. Uşağa qulluq, qidalanmauşaqla vaxt keçirmə məsələləri tədris və tərbiyə komponentlərini kölgədə qoymuşdur. Təbii olaraq, bu amil müəllim-pedaqoji kadrların hazırlığı ilə bilavasitə əlaqəlidir. Bu sahə günün tələblərindən geri qalır və vəziyyətin yaxşılaşdırılması nazirliyimizin prioritetlərindən biridir. Hazırda respublika üzrə məktəbəqədər təhsil müəssisələrində 14 min 614 pedaqoji işçi çalışır. Lakin son illərdə onların ixtisasının artırılması, müasir metodikalar üzrə təlimatlandırılması, kurrikulum əsasında hazırlanması müəyyən mənada unudulmuşdur.

İnfrastruktura gəldikdə, Mehriban xanım, siz çox geniş məlumat verdiniz, mən təkrarlamayacağam və ona görə bu mənada Heydər Əliyev Fondunun respublikanın bütün yaşayış məntəqələrində kütləvi şəkildə yeni uşaq bağçalarının inşası sayəsində erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin kəskin artırılması barədə təşəbbüsü bu sahədə də köklü dəyişikliklərə səbəb olacağını deməyə əsas verir.

Diqqətinizə görə təşəkkür edirəm.

 

* * *

 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala ABUTALIBOV dedi:

 

- Çox hörmətli Mehriban xanım.

 

Sizin rəhbərliyinizlə keçirilən bugünkü tədbiri və qarşıya qoyulan vəzifələri çox yüksək təqdir edirəm. Əminəm ki, bunun nəticəsi tez bir zamanda özünü əyani surətdə göstərəcəkdir. Hazırda Bakı şəhərindəki 343 məktəbəqədər təhsil müəssisəsindən 301-i 2011-ci ilin dekabrında Təhsil Nazirliyinin tabeliyindən alınmışdır. 39 bağça isə 2012-ci ilin avqustunda Dövlət Neft Şirkətinin tabeliyindən alınmışdır. Başqa sözlə, bu gün 345 müəssisə tam fəaliyyətdədir. Bu müəssisələrdə 36.977 uşaq təlim-tərbiyə alır. Bu günə qədər 345 məktəbəqədər təhsil müəssisəsindən 174-ü iki il ərzində dövlət vəsaiti hesabına tam təmir olunmuş və təminat məsələsi yüksək səviyyədə həll edilmişdir. Bu bağçalarda uşaqlar gündə 4 dəfə təzə ərzaq məhsullarından hazırlanmış yeməklə təmin edilirlər.

 

Bu il 34 bağça tam təmir olunub istifadəyə veriləcəkdir. Bundan başqa, bu gün 166 qrupda uşaqların qəbulu tam azaddır. Maliyyə Nazirliyindən verilən məlumata görə, gələn həftənin axırına qədər həmin qruplar müəyyənləşəndən, yəni maliyyə yardımı alınandan sonra 2500-dək uşağı biz yenidən bağçalara qəbul edə biləcəyik. Lakın statistika məlumatına görə, bu gün 1 yaşından 5 yaşına qədər 157.349 uşaq bağça gözləyir. Başqa sözlə, 1 yaşından 5 yaşına qədər uşaqların yalnız 23 faizdən çoxu bağçalarda təhsil alır. Bir məsələni də diqqətinizə çatdırım ki, hazırda 48 özəlləşdirilmiş məktəbəqədər təhsil müəssisəmiz vardır. Onlardan yalnız 9-u fəaliyyət göstərir, qalanları isə boşdur. Sizə dərin minnətdarlığımı bildirirəm ki, özəlləşməyə açıq elan edilmiş 64 bağçanın özəlləşdirilməsi Sizin təşəbbüsünüzlə möhtərəm Prezidentimiz tərəfindən dayandırıldı. Bu bağçalarda artıq təmir işlərinə başlanılıb. Əgər bu bağçaların, həmçinin qaçqın və məcburi köçkünlərin yaşadıqları bağçaların hamısını təmir etsək, bizdə 402 bağça olacaqdır. Deməli, 1 yaşından 5 yaşına qədər uşaqların builki statistikasını nəzərə alsaq və əgər 6 qruplu bağçalar tiksək, bizim 1105 bağçaya ehtiyacımız vardır. Əgər 4 qruplu bağçalar tiksək, söhbət 1505 bağçadan gedəcək.

 

Sizin böyük təşəbbüsünüz nəticəsində möhtərəm Prezidentimizin verdiyi tapşırığa əsasən, bağçaların ərazisində qeyri-qanuni tikililərin hamısı ləğv edilib. Hazırda faktiki olaraq bağçalarda ən azı 1 və ya 1,5 hektar boş torpaq sahələrimiz vardır. Burada yeni bağçalar tikmək mümkündür. Əgər bu bağçaları da tiksək, mövcud bağçalarla birlikdə uşaqların 70-75 faizə qədərini təmin etmiş olarıq. Qalır 25 faiz, bunu da yeni bağçalar tikməklə problemi həll edə bilərik.

 

Bugünkü tədbirin uşaqlarımızın yüksək təlim-tərbiyə almasında mühüm rolu olacaqdır. Bu təşəbbüsünüzə görə Sizə və Heydər Əliyev Fonduna dərin minnətdarlığımı bildirirəm.

 

Sağ olun.

 

* * *

 

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark HERVORD dedi:

 

- Hörmətli Mehriban xanım Əliyeva.

 

Xanımlar cənablar.

 

Bu gün burada olmaq mənim üçün böyük şərəfdir.

Bu yeni təşəbbüs Azərbaycanda yeni bir dalğanın başlanğıcıdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə uşaqlara kömək məqsədilə həyata keçirilən böyük bir təşəbbüsə qoşulmaq mənim üçün doğrudan da çox fəxarətlidir. Biz hamımız bilirik ki, erkən təhsil qədər vacibdir. Bildiyimiz kimi, Nobel  mükafatı laureatı iqtisadçı Ceyms Hekman müəyyən etmişdir ki, erkən təhsilə qoyulan investisiya daha çox gəlir gətirir, nəinki təhsilin digər mərhələlərində qoyulan investisiya. UNİCEF-in hesablamalarına görə, bütün uşaqlar üçün erkən təhsilə qoyulan investisiyanın iqtisadi gəlirliyi ildə 150 milyon manatdır. Bu, həm iqtisadiyyatın inkişafı üçün yaxşı bir amildir. Ona görə belə bir təşəbbüsə qoşulmağımıza çox şadıq.

Mən erkən məktəbəqədər təhsillə bağlı bir misal gətirmək istəyirəm. Yəni bəzi ailələr şəhərdə, bəziləri rayonda yaşayır, bəzilərində hər iki valideyn işləyir. Erkən təhsillə bağlı müxtəlif formalar fikirləşmək lazımdır. Cənab nazir də vurğuladığı kimi, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası məhz uşaqların 90 faizinin məktəbəqədər təhsilə cəlb olunmasını nəzərdə tutur. Mən erkən məktəbəqədər təhsili paxlavaya bənzədirəm. Çünki mənim çox xoşladığım paxlava bir neçə qatdan ibarətdir. Təhsil də bir neçə mərhələdən ibarətdir. Paxlavanın ən üst qatı daha dadlı olduğu kimi, məktəbəqədər təlim-tərbiyə də təhsilin çox əhəmiyyətli mərhələsidir.

Biz bu yaxınlarda nazirliklə bir neçə formanı müzakirə etmişik. Çalışırıq ki, 2020 Konsepsiyasına daha uyğun olanını seçək. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən digər layihələrdən çıxış edərək deyə bilərəm ki, yeni bağçalar çox gözəl tikiləcəkdir.  Bu gün müzakirə etdiyimiz məsələ övladlarımızın, o cümlədən əlilliyi olan uşaqların gələcəyi üçün çox gözəl başlanğıc olacaqdır. Çünki bu qəbildən uşaqlar da inklüziv təhsil olan bağçadan başlamalıdırlar.

Məni dəvət etdiyiniz üçün bir daha təşəkkürümü bildirirəm. Bu yeni təşəbbüsünüzdə sizə uğurlar arzu edirəm.

Sağ olun.

 

Azərbaycan.-2013.- 28 fevral.- S.2;3.