Bakı və Bakıətrafı qəsəbələrin
elektrik enerjisi ilə təchizatının
yaxşılaşdırılması
istiqamətində «Bakıelektrikşəbəkə»
ASC mühüm
addımlar atır
Bunu görülən
çoxsaylı işlər də təsdiqləyir
Elektrik enerjisi təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunması işinə ölkədə həyata keçirilən sürətli sosial-iqtisadi siyasət əlverişli şərait yaratmışdır. Tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan müstəqil Azərbaycanın energetika sistemi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif vaxtlarda təsdiq olunmuş dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində daha da inkişaf etdirilərək dünya standartlarına uyğun səviyyədə yenidən qurulmaqdadır. "Bakıelektrikşəbəkə"nin fəaliyyəti bərpa olunduqdan sonra paytaxt və ətraf ərazilərin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülməyə başlanmışdır. Bu sahədə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində paytaxtın dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchizatı təmin olunmuş, şəbəkədə itkilər minimuma endirilmiş, ötürücü güclər artırılmış, qəza açılmaları aradan qaldırılmışdır.
Energetika sisteminin inkişaf etdirilməsində ölkənin enerji sisteminin 10 illik dövr üçün inkişaf istiqamətlərini müəyyən edən "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" strateji bir sənəddir. Məhz həmin proqram çərçivəsində həyata keçirilən tədbirlər respublikanın yanacaq-enerji kompleksini bütünlüklə, o cümlədən Bakı şəhəri üzrə elektrikpaylayıcı şəbəkənin dinamik inkişafının əsasını qoymuşdur.
Bu dövlət proqramı çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər ölkədə makroiqtisadi sabitliyi təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş, əhalinin həyat səviyyəsini xeyli yaxşılaşdırmışdır. Dövlət başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və eləcə də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif dövlət proqramları enerjisistemin yenidən qurulması ilə bağlı həyata keçirilən tədbirlərin uğurla davam etdirilməsində çox mühüm stimul olmuşdur. Məhz həmin proqramların yerinə yetirilməsi bütün ölkədə olduğu kimi, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi infrastrukturunun inkişafına daha da təkan vermiş, xüsusən yol təsərrüfatının və nəqliyyatın işinin yaxşılaşdırılmasına, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin yüksəlməsinə səbəb olmuşdur. Həmin proqramların tələblərinin yerinə yetirilməsi nəticəsində Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi infrastrukturunun inkşafına nail olunmuş və həmin proqramlar yol təsərrüfatının və kommunal xidmətlərin işinin yaxşılaşdırılmasına təkan vermişdir.
"Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar "Bakıelektrikşəbəkə" ASC tərəfindən paytaxt və ətraf qəsəbələrin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, abunəçilərə yüksəksəviyyəli xidmət göstərilməsi, elektrik şəbəkəsinin dünya standartlarına uyğun yenidən qurulması istiqamətində genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir.
İstehlakçıları
fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin
etmək məqsədilə "Bakıelektrikşəbəkə"
ASC elektrik enerjisinin təchizatı sahəsində
ixtisaslaşmış, zəngin təcrübəyə malik
bir müəssisə olmaqla uzun bir tarixi inkişaf yolu
keçmişdir. Təəssüf hissi ilə
qeyd olunmalıdır ki, müstəqilliyin əldə
olunduğu ilk illərdə, o cümlədən şəbəkənin
xarici sərmayədarın idarəçiliyinə verildiyi
dövrlərdə paytaxtın paylayıcı şəbəkəsinin
maddi-texniki bazasının yeniləşməsinə, şəbəkə
infrastrukturunun yenidənqurulmasına və genişləndirilməsinə
əsaslı vəsait yatırılmaması paytaxtın
elektrik şəbəkələrini ağır bir duruma gətirib
çıxarmışdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yaranmış vəziyyəti nəzərə alaraq şəbəkənin fəaliyyətini yenidən qurmaq, istehlakçıların elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq və enerji haqlarının yığımında mövcud olan ağır vəziyyəti aradan qaldırmaq məqsədi ilə "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyətinin yenidən bərpa edilməsinə dair 10.08.2006-cı il tarixli sərəncam imzaladı. Elektrik təchizatında yaranmış ağır böhranın aradan qaldırılmasına yönələn bu sərəncamdan irəli gələn vəzifələrin həlli məqsədi ilə ilk olaraq "Bakıelektrikşəbəkə" ASC tərəfindən İnvestisiya Proqramı hazırlandı. Bununla da şəhərin elektrik enerjisinə tələbatının tam təmin olunması üçün bütövlükdə paytaxtın elektrik şəbəkələrinin yenidən qurulması, yeni güc mərkəzlərinin yaradılması, yeni texnologiyaların tətbiqi yolu ilə şəbəkələrin modernləşdirilməsi və xidmət personalının peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə ciddi kadr islahatlarının həyata keçirilməsi kimi irimiqyaslı tədbirləri əhatə edən işlərə başlanıldı. Bu gün əminliklə demək olar ki, göstərilən dövlət qayğısı nəticəsində "Bakıelektrikşəbəkə" keyfiyyətcə yeni mərhələdədir.
Görülən tədbirlər sayəsində paytaxtda dairəvi təchizat sistemi yaradılmış və bu sistemin tətbiq olunması paylayıcı və ötürücü şəbəkələrin dayanıqlığını artırmışdır. Bununla əlaqədar investisiya proqramında bu sistemə daxil olan 110 kV-luq yarımstansiyaların tikintisi prioritet yer tutur. Qeyd olunan sxem gələcəkdə paytaxtın elektrik enerjisinə olan tələbatın tam ödənilməsinə zəmanət verəcəkdir.
Ötən il sentyabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Nizami rayonu ərazisində istifadəyə verilən 110/35/6 kV-luq 204 nömrəli yarımstansiyanın açılışında iştrak etmişdir. Həmin yarımstansiyanın əsaslı şəkildə yenidən qurulması da bu sahədə həyata keçirilən ardıcıl tədbirlərin davamıdır. Bu yarımstansiya Heydər Əliyev adına Neft Emalı Zavodunu və digər sənaye obyektlərini elektrik enerjisi ilə təchiz etmək üçün 1980-ci ildə inşa edilmişdi. Ötən müddət ərzində yarımstansiyadakı avadanlıq istismar müddətini başa vurmuşdu. Yarımstansiya artıq müasir tələblərə cavab vermirdi. Son illər respublikada, o cümlədən Bakı şəhərində həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf, ətraf ərazilərdə inşa edilən Gimnastika Kompleksinin, Olimpiya stadionunun, Olimpiya şəhərciyinin, müxtəlif yol infrastrukturunun, Heydər Əliyev prospekti boyu inşa edilən yeni obyektlərin istifadəyə verilməsi dayanıqlı, fasiləsiz elektrik enerjisinə tələbatı artırmışdı. Bu məqsədlə 110/6 kV-luq köhnə yarımstansiyanın əvəzinə müasir, qapalı tipli 110/35/6 kV-luq yeni yarımstansiya tikilib istismara verilmişdir. Yuxarıda adıçəkilən obyektləri və çoxsaylı yaşayış binalarını elektrik enerjisi ilə təchiz etmək üçün 110/35/6 kV-luq 204 nömrəli yarımstansiyadan qidalanan 3 yeni 35/6 kV-luq "Koroğlu", 208 və 217 nömrəli yarımstansiyalar da inşa edilmişdir. Bu yarımstansiyalar qapalı tipli olmaqla, eleqaz və vakuum tipli avadanlıqlar, elektron rele mühafizəsi sistemi quraşdırılmaqla SCADA sisteminə qoşulmuşdur.
Əgər əvvəllər köhnə yarımstansiya açıq tipli paylayıcı qurğusu və yardımçı binaları ilə birlikdə 5 min kvadratmetrdən artıq ərazini əhatə edirdisə, əsaslı yenidənqurma işlərindən sonra yeni qapalı tipli yarımstansiya 1800 kvadratmetrdən artıq ərazidə yerləşdirilmişdir. Ümumi sahəsi 3200 kvadratmetrə yaxın olan yarımstansiyanın binası zirzəmisi ilə birlikdə üç mərtəbədən ibarətdir.
Yarımstansiyanın zirzəmisində müxtəlif
gərginlikli kabellər yerləşdirilmişdir. Birinci mərtəbədə
Dispetçer İdarəetmə Mərkəzi, 35 və 6
kV-luq qapalı paylayıcı qurğular, reaktorlar, transformator
bölmələri, əməkdaşlar üçün
iş otaqları, mətbəx və digər
yardımçı otaqlar vardır. Yarımstansiyanın 2-ci
mərtəbəsində 110 kV-luq elektrik avadanlıqları
quraşdırılmışdır. Yarımstansiya
havalandırma və yanğına qarşı xəbərdarlıq
sistemləri ilə təmin olunmuşdur.
Ümumiyyətlə, "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyətə başladığı 2006-cı ildən indiyədək şəbəkədə güc artımı 90 faizə çatmışdır. İstismara verilən yarımstansiyalar texniki baxımdan ən müasir avadanlıqla və idarəetmə sistemi ilə təmin olunmuşdur.
Yarımstansiyanın
açılışı mərasimində Prezident İlham
Əliyev dedi: "Bir neçə il bundan əvvəl
mənim göstərişimlə Bakı Elektrik Şəbəkəsi
dövlətə qaytarıldı. İdarəetmə artıq
dövlət nəzarətinə keçdi və yeni
inkişaf dövrü başlandı. Dövlət büdcəsində
hər il şəbəkənin inkişafına kapital
qoyuluşu nəzərdə tutulur. Bunun nəticəsində
bu gün Bakıda elektrik təsərrüfatı ən
yüksək səviyyədədir. Burada ən yüksək
standartların tələblərinə cavab verən
avadanlıqlar quraşdırılmışdır. Sevindirici
hal ondan ibarətdir ki, burada quraşdırılan
avadanlığın böyük əksəriyyəti Azərbaycanda
istehsal olunur. Yəni dövlət tərəfindən qoyulan
investisiyalar özəl sektorun inkişafına da təkan
vermişdir. Beləliklə, biznes mühiti
yaradılmış imkanlardan istifadə edir. Bildiyiniz kimi,
növbəti illər üçün Azərbaycanda istehlak
edilən bütün mallar ölkəmizdə istehsal
olunacaqdır, istər ərzaq məhsulları olsun, istər
tikinti materialları, yaxud da ki, müasir avadanlıq. Bu istiqamətdə
aparılan işlər, əlbəttə ki,
hamımızı çox sevindirir. Son on il ərzində Azərbaycanda
2800 meqavata qədər yeni enerji gücü
yaradılmışdır, 14 elektrik stansiyası
tikilmişdir. Demək olar ki, bizim mövcud olan enerji
potensialımızın 50 faizi son on ildə
yaradılmışdır. Əlbəttə, belə
olan halda həm Bakıda, həm də bölgələrdə
şəbəkələrin inkişafı xüsusi əhəmiyyət
daşıyır. İndi mənə məlumat
verildi ki, hələ 12 stansiyanın təmirinə ehtiyac
vardır, eyni zamanda, bölgələrdə. Əminəm ki, gələcəkdə yeni stansiyaların
tikintisinə ehtiyac olacaqdır. Çünki
Azərbaycanın inkişafı o qədər
güclüdür ki, 5-10 ildən sonra indiki güclər bizə
kifayət etməyəcəkdir. Mən
çox şadam ki, Bakı Elektrik Şəbəkəsi
uğurla fəaliyyət göstərir. Eyni
zamanda, qeyd etməliyəm ki, şəbəkənin tam şəkildə
dövlətə qayıtması barədə vaxtilə qəbul
etdiyim qərar öz səmərəsini verməkdədir.
Siz - şəbəkənin əməkdaşları
bunu bilirsiniz, bu fərqi görürsünüz. Görürsünüz ki, strateji obyekt dövlətin
əlində olanda burada nəzarət də, investisiya da və
inkişaf da olacaqdır".
Qeyd olunan yarımstansiya "Bakıelektrikşəbəkə"
ASC tərəfindən tikilən yeganə yarımstansiya
deyil. Ötən
ilin əvvəlində Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev "Bakıelektrikşəbəkə"
Açıq Səhmdar Cəmiyyətinin paytaxtın Nərimanov
rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyanın
açılışında da iştirak etmiş, həmçinin
videokonfrans vasitəsilə Nəsimi rayonundakı 117 nömrəli,
Suraxanı rayonundakı "Hövsan", Binəqədi
rayonundakı 207 nömrəli, Səbail rayonunun Bibiheybət qəsəbəsindəki
102 və 118 nömrəli 35 kilovoltluq yarımstansiyaların,
eləcə də Xəzər, Suraxanı, Sabunçu,
Qaradağ, Yasamal rayonları idarələrinin inzibati
binalarının və Nəzarət Departamentinin ofisinin
açılış mərasimləri olmuşdur.
Dövlət başçısının ıştraki
ilə Nərimanov rayonundakı 110/35/6 kilovoltluq
yarımstansiyanın açılışı olmuşdur. Bu
yarımstansiya 1974-cü ildə Nərimanov rayonundakı sənaye
müəssisələrini, o cümlədən Bakı Məişət
Kondisionerləri Zavodunu elektrik enerjisi ilə təchiz etmək
üçün tikilib istismara verilmişdir.
Ötən müddətdə tamamilə köhnələn
həmin energetika qurğusunun yerində perspektiv inkişaf da nəzərə
alınmaqla ən müasir standartlara cavab verən yeni
yarımstansiya inşa olunmuşdur. Açıq
paylayıcı qurğu və yardımçı binaları
ilə birlikdə əvvəlki yarımstansiya 16 min kvadratmetrdən
çox sahədə yerləşirdisə, qapalı tipli yeni
yarımstansiyanın yerləşdiyi ərazi bundan 7 dəfə
azdır. Bu yeni energetika qurğusunun
qoyuluş gücü 100 meqavoltamperdir. Son
illərdə tikilən digər yarımstansiyalarda olduğu
kimi, bu qurğunun binası da konstruktiv həlli və
memarlıq görünüşü ilə diqqəti çəkir,
şəhərin ümumi görünüşünə əlavə
çalarlar qatır. Ətrafda
böyük bir ərazidə abadlıq və
yaşıllaşdırma işləri
aparılmışdır.
Yarımstansiyanın girişində ulu öndər Heydər
Əliyevin barelyefi qoyulmuş, burada ümummilli liderin və
Prezident İlham Əliyevin ölkənin elektroenergetika
sisteminin, həmçinin paytaxtın ötürücü və
paylayıcı şəbəkəsinin inkişafı
üçün həyata keçirdikləri kompleks tədbirlərə
dair fotoguşə yaradılmışdır.
Prezident
İlham Əliyev yarımstansiyanın dispetçer idarəetmə
mərkəzi ilə tanış oldu. Qeyd
edildi ki, bu müasir mərkəz fiberoptik kabel vasitəsilə
"Bakıelektrikşəbəkə"nin
Mərkəzi Dispetçer Xidmətinə - SCADA sisteminə
qoşulmuşdur. Yarımstansiya
"Xırdalan" və "Müşfiq"
yarımstansiyaları arasındakı dairəvi sxemin tərkib
hissəsi olmaqla yanaşı, "Nizami"
yarımstansiyası ilə də əlaqələndirilmişdir.
Yeni yarımstansiya 2-ci 110 kilovoltluq dairəvi təchizat
sxeminin yaradılmasında baza rolunu oynamaqla Heydər Əliyev
adına Neftayırma Zavodunun, həmçinin
bir sıra digər mühüm sənaye obyektlərinin enerji
təchizatının etibarlılığını
artırır. Avtomatik açılmalar və
güc çatışmazlığı zamanı bu
yarımstansiya dövriyyəyə qoşula bilər. Həmin
energetika qurğusu Heydər Əliyev Mərkəzi, Heydər
Əliyev prospekti, Dövlət Neft Fondu, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin yeni inzibati
binası, yeni inşa edilən Gimnastika Federasiyası, Nəqliyyatın
İntellektual İdarəetmə Mərkəzi və digər
mühüm obyektləri elektrik enerjisi ilə təchiz edir.
Təsdiq
edilmiş İnvestisiya Proqramına uyğun olaraq
"Müşfiq"- "Bayıl",
"Xırdalan-203" hava xətləri əsaslı təmir
edilmiş, 227, 203, 215 saylı yarımstansiyalar yenidən
qurulmuş, dairəvi sistemə daxil olan müasir tipli 110/35/10
kV-luq 2x50 MVA gücündə "Liman" və 110/35/6
kV-luq 2x40 MVA gücündə "İçərişəhər",
110/20/6 kV-luq 2x40 MVA gücündə "Yeni Bayıl"
yarımstansiyaları inşa edilmişdir.
Bakı
şəhərinin elektrik şəbəkəsinin müasir
avadanlıq və yeni texnologiyanın tətbiqi ilə yenidənqurulmasını,
şəhərsalmanın günbəgün geniş vüsət
aldığı paytaxtda yeni güc mərkəzlərinin
yaradılmasını nəzərdə tutan İnvestisiya
Proqramı çərçivəsində həyata
keçirilən tədbirlər ölkə
başçısının gündəlik nəzarətində
olmuş, dövlət əhəmiyyətli bu vəzifələrin
uğurla həyata keçirilməsi və şəbəkənin
maddi-texniki bazasının gücləndirilməsi dövlət
başçısı tərəfindən daim dəstəklənmişdir.
2006-cı
ildən fəaliyyəti bərpa olunan səhmdar cəmiyyəti
tərəfindən keçən dövr ərzində 23 ədəd
müasir tipli 110 kV-luq və 61 ədəd 35 kV-luq yeni
yarımstansiya inşa edilmiş, 2000-dək Transformator Məntəqəsi
(TM) və Komplektləşmiş Transformator Məntəqəsi
(KTM) tikilmiş və əsaslı təmir olunmuş, 16 min
km-dən artıq elektrik veriliş xətləri çəkilmişdir.
Həmçinin 1748,4 km uzunluğunda 110 və 35 kV-luq kabel xətti
çəkilmişdir, 3210,1 km uzunluğunda 10 kV-luq və
4020,7 km uzunluğunda 0,4 kV-luq elektrik veriliş xətti çəkilib
təhvil verilmiş, 11153,4 km uzunluğunda hava xətləri
müasir tipli özünüdaşıyan izolyasiyalı
naqillərlə (ÖİN) yenidən qurulmuşdur. Hazırda 110 kV-luq və 35 kV-luq yarımstansiyalarda
yenidənqurma, təmir-bərpa işləri davam etdirilir.
Həyata keçirilən tədbirlər nəticəsində
şəbəkənin qoyuluş gücü 3048 MVA-dan 5816,4 MVA-dək və 2006-cı illə müqayisədə
90 faiz artmışdır.
Görülən tədbirlər nəticəsində
şəbəkə üzrə texniki itkilərin səviyyəsi
8 faizə qədər azaldılmış, ifrat yüklənmə
halları tamamilə aradan qaldırılmışdır.
Şəbəkədə
aparılan əsaslı yenidənqurma işləri və
uçot sisteminin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi
nəticəsində enerji haqqının
yığımında əsaslı dönüş yaranmış
və hazırda səhmdar cəmiyyəti üzrə bu
göstərici 93%-dən yuxarıdır.
Uçot sisteminin müasir texnologiyalar əsasında
yenidənqurulması işləri bu gün də davam
etdirilir.
Hazırda Nəsimi, Nərimanov, Səbail, Xətai, Binəqədi
və başqa rayonların ərazisində ən müasir
uçot sistemi olan "SMS smart" sayğaclarının
quraşdırılması işləri müvəffəqiyyətlə
aparılır. Həmin sayğacların
üstünlüyü ondan ibarətdir ki, bu ölçü
cihazları vasitəsilə hər bir istehlakçı istifadə
etdiyi elektrik enerjisinin sərfiyyatına şəxsən
özü nəzarət edir, kommunal xidmətlə
bağlı aylıq ailə büdcəsini əvvəlcədən
planlaşdıra bilir və ən əsası isə, bu
sayğacların tətbiqi ilə kənar müdaxilə
hallarının qarşısı, demək olar ki, tam
alınır.
"Dövlət
orqanlarının elektron xidmətlər göstərilməsinin
təşkili sahəsində bəzi tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin
23.05.2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar
olaraq "Bakıelektrikşəbəkə" ASC-nin rəsmi
internet saytında abunəçilərə göstərilməsi
nəzərdə tutulan xidmətlərin növləri, habelə
müəssisənin struktur rəhbərlərinin
"Əlaqə telefonları", "Elektron müraciət",
"Qaynar xətt", "Qəbul günləri",
"Enerji haqqının elektron ödənişi",
"Borcun öyrənilməsi" və s.
başlıqlı səhifələr fəaliyyətdədir.
Həmin səhifələrə daxil olan abonentlərin
müraciətləri ətraflı araşdırılaraq ən
qısa müddətdə cavablandırılır.
Göstərilən xidmətlərin səviyyəsinin daha da
artırılması məqsədi ilə yaxın günlərdə
şəbəkəyə qoşulma, sayğacdəyişmə,
texniki şərtin alınması, borcun
araşdırılması və s. məsələlər
üzrə abonentlərə elektron xidmətlərin göstərilməsinin
həyata keçirilməsi nəzərdə tutulur.
"Bakıelektrikşəbəkə" ASC sistemində "199 Qəza Xidməti" və "Qaynar Xətt" fəaliyyət göstərir ki, bu xidmətlər vasitəsilə istehlakçılar 24 saat ərzində onları maraqlandıran suallara cavab ala bilir, enerji təchizatı ilə bağlı texniki məsələlərin operativ həllinin şahidi olurlar. Göstərilən xidmətlərin operativ icrası üçün aidiyyəti qurumlar zəruri texniki və rabitə avadanlıqları, müasir texnoloji vasitələrlə təchiz edilmiş, əməkdaşları xüsusi treninqlərdən keçmiş mütəxəssislərdən ibarətdir. Operativ xidmətlərin təşkili və bütün informasiyaların mərkəzləşdirilməsi məlumatların struktur bölmələr üzrə operativ çatdırılmasına imkan yaradır ki, bu da, öz növbəsində, şəbəkənin normal iş rejimində saxlanılmasına və nəticədə abonentlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına imkan yaradır.
Hazırda SCADA sisteminə 26 yarımstansiya qoşulmuşdur, əlavə 10 yarımstansiyanın bu sistemə qoşulması üçün avadanlıq quraşdırılır və kabellər çəkilir. Yaxın gələcəkdə bütün 110 və 35 kV-luq yarımstansiyalar SCADA sisteminin tərkib hissəsi olaraq uzaq məsafədən operativ idarə olunacaq. Bütün qeyd olunan işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daimi diqqət və qayğısı nəticəsində həyata keçirilmişdir və istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchizatında çox mühüm dövlət təminatıdır.
Sonda
onu da qeyd edim ki, ölkə energetikləri həmişə
olduğu kimi, bundan sonra da dövlətimizin enerji təhlükəsizliyinin
möhkəmləndirilməsi, xalqımızın
rifahının daha da yüksəldilməsi naminə
ümummilli lider Heydər Əliyev ideyalarının gerçəkləşməsi
üçün var qüvvələri ilə
çalışacaqlar.
Baba RZAYEV,
"Bakıelektrikşəbəkə"
ASC-nin İdarə Heyətinin sədri
Azərbaycan.-2014.- 28 fevral.- S.4.