İqtisadi müstəqilliyi müəyyən
edən uğurlu siyasətin bəhrələri
Azərbaycan iqtisadiyyatı müstəqillik dövrünün ilk illərində həm SSRİ dövründən miras qalmış tənəzzül içində idi, həm də səriştəsiz və məsuliyyətsiz idarəçilik nəticəsində daha sürətlə geriləməkdə davam edərək dərin böhran keçirirdi.
Dağlıq Qarabağ problemi və bununla əlaqədar olaraq Azərbaycanın zorla müharibəyə cəlb edilməsi, torpaqlarımızın 20 faizinin erməni qəsbkarları tərəfindən işğal olunması, 1 milyona qədər qaçqın və məcburi köçkün, respublikada siyasi sabitliyin olmaması nəticəsində iqtisadiyyat ağır böhran keçirirdi.
Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev respublikanı ağır fəlakətdən qurtarmaq üçün onun tarixi inkişaf xüsusiyyətlərini, milli-mənəvi dəyərlərini, qlobal dünyada baş verən prosesləri milli maraqlar baxımından obyektiv qiymətləndirərək Azərbaycanın uzun bir gələcəyə hədəflənən inkişaf strategiyasını hazırladı. 1994-cü ildə Bakıda dünyanın ən iri transmilli şirkətləri ilə "Əsrin müqaviləsi" neft kontraktı imzalandı. Bu müqaviləni imzalamaqla sübut etdi ki, Azərbaycan müstəqil dövlətdir və onun ərazisində olan bütün təbii sərvətlərin sahibidir, bu sərvətlərdən xalqın naminə istifadə etmək onun müstəqil hüququdur.
Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya olunmasına, dövlətimizin iqtisadi qüdrətinin, maliyyə imkanlarının artmasına güclü təkan verdi. 1999-cu ildə neftin satışından daxil olan gəlirlərin səmərəli istifadə olunması məqsədi ilə Azərbaycan dövləti özünün Neft Fondunu yaratdı. Bu, Heydər Əliyevin ölkəmizin uzun illər dinamik inkişafına xidmət edəcək bir strateji xətti idi. Neft Fondunun cəmi 14 yaşı var. Bu dövr ərzində Neft Fondunun gəlirləri əhəmiyyətli dərəcədə artmış, onun gəlirləri hesabına dövlətin vacib ehtiyacları ödənilmiş, ölkəmizin milli təhlükəsizliyi gücləndirilmiş, iqtisadiyyatımızın davamlı inkişafı, iqtisadi-maliyyə imkanları möhkəmlənmişdir. İlham Əliyev demişdir: "Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik. Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələdir. İqtisadi imkanları bizə məhz neft strategiyamız yaratmışdır. O da həqiqətdir ki, biz bu imkanlardan bəzi başqa ölkələrdən fərqli olaraq səmərəli şəkildə istifadə etdik - neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik. Beləliklə, infrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar əslində, imkan verdi ki, biz bugünkü reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bilək".
Bir məqamı da qeyd etmək istərdik. XX əsrin əvvəllərində Azərbaycan dünyada istifadə edilən neftin 50%-ni verirdi. Azərbaycan 70 il SSRİ kimi nəhəng dövlətin mühüm yanacaq bazası hesab edilirdi. Bakı nefti olmasaydı, faşizm üzərində qələbə çalmaq da mümkün olmazdı! Amma xalqımızın bu tarixi xidmətləri nə çar Rusiyası, nə də SSRİ dövründə lazımınca qiymətləndirilmədi. Bu gün isə vəziyyət tamamilə başqadır. Son 20 ildə Azərbaycan dünyada yenə də neft sahəsində sözünü deyən müstəqil bir dövlət kimi tanınır, onun inkişafındakı uğurlu nəticələri hamı, o cümlədən dünyanın aparıcı dövlətləri, nüfuzlu siyasətçilər də etiraf edirlər. Dövlətimiz ərazisində olan bütün təbii sərvətlərin sahibidir, milli maraqları qorumağa xidmət edən müstəqil siyasət yeridir. Məhz belə bir siyasətin nəticəsidir ki, müstəqilliyimizin ilk illərində ağır böhran şəraitində yaşayan, onilliklər ərzində böyük zəhmət hesabına yaradılan iqtisadi potensialının yarıdan çoxunu itirən Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının uğurla reallaşması nəticəsində bu gün nəinki regionda, eləcə də dünyada böyük nüfuzu, iqtisadi gücü olan dövlət kimi tanınır. Neft strategiyasının reallaşdırılması nəticəsində dünyanın aparıcı şirkətlərinin Azərbaycanın neft sənayesinə milyard dollarla vəsait qoyması, birgə səmərəli əməkdaşlıq ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, onun demokratik, azad bazar münasibətlərinə əsaslanan yeni iqtisadi sisteminin formalaşmasına, bütövlükdə ölkənin sürətli inkişafına güclü dəstək oldu.
Artıq bütün dünya etiraf edir ki, müstəqilliyinin 22-ci ilini arxada qoyan Azərbaycan dövləti qısa zaman kəsiyində böyük inkişaf yolu keçmiş, özünün iqtisadi təhlükəsizliyini təmin edən, güclü iqtisadiyyata malik olan dövlətə çevrilmişdir. İnkişafın Azərbaycan modelinin uğurla reallaşması ölkədə azad bazar münasibətlərinə əsaslanan yeni iqtisadi sistemin formalaşmasını, iqtisadiyyatda keçid dövrünün başa çatmasını təmin etmiş, xalqın daha firavan yaşaması üçün güclü əsaslar yaratmışdır.
Son 10 ildə Azərbaycan iqtisadiyyatının inkişafında baş verən kəmiyyət, keyfiyyət dəyişiklikləri miqyası və nəticələrinə görə, sözün əsl mənasında, müstəqilliyimiz tarixində analoqu olmayan nailiyyətlər kimi qiymətləndirilə bilər. Bu dövrdə ölkənin ÜDM-i 3,4 dəfə artmış, inkişaf səviyyəsini xarakterizə edən bütün əsas göstəricilər əhəmiyyətli dərəcədə yaxşılaşmış, Azərbaycan regionda ən güclü iqtisadi potensiala malik olan ölkəyə çevrilmişdir.
Azərbaycan qlobal dünya böhranı illərində də öz dinamik inkişafını davam etdirmişdir. Bu, təkcə neft amili hesabına olmamışdır. Düşünülmüş, qabaqlayıcı tədbirlər, qanunvericilik bazasının möhkəmləndirilməsi, milli maraqların qorunması istiqamətində atılan cəsarətli addımlar ölkə iqtisadiyyatının ahəngdar fəaliyyəti üçün mühüm rol oynamışdır.
Bir neçə fakta müraciət edək: SSRİ-nin dağılması ərəfəsində və müstəqilliyin ilk illərində Cənubi Qafqazın üç respublikasının ümumi daxili məhsulunda Azərbaycanın payı 49% idi. Hazırda Cənubi Qafqazda istehsal olunan ÜDM-in 80 faizi Azərbaycanın payına düşür. 2013-cü ildə ölkə əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 7000 ABŞ dollarını ötmüşdür. Bizim hesablamalara görə, yaxın 4-5 ildə respublikamızın ÜDM-nin həcmi 100 milyard ABŞ dolları, onun əhalinin hər nəfərinə düşən həcmi isə 10 min ABŞ dollarını ötəcəkdir.
Biz bu gün böyük qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycanın ahəngdar fəaliyyət göstərən yanacaq-energetika kompleksinə malik olması daimi kapital, daimi siyasi mövqe, daimi məşğulluq, daimi gəlir mənbəyidir.
Dövlət başçısı xüsusi olaraq vurğulayır ki, xarici siyasətlə bağlı təşəbbüslərimiz, eyni zamanda, bizim iqtisadi imkanlarımızı da artırır. Çünki hazırda Azərbaycanın iqtisadi inkişafı, o cümlədən xaricə qoyulan investisiyaları ilə də bağlı olacaqdır. Belə olan halda, dünyada nə qədər çox dostlarımız olsa, bizim iqtisadi inkişafımız o qədər də uğurlu olacaqdır.
2012-ci il TANAP layihəsinə, 2013-cü il
Trans-Adriatik boru kəməri layihəsinə start verildi. Azərbaycanın təşəbbüskarlığı
ilə həyata keçirilən bu layihələr
dünyamiqyaslı, strateji əhəmiyyətə malik olan
layihələrdir ki, onlar da Azərbaycan dövlətinə və
xalqına onilliklər bundan sonra da xidmət edəcək,
bizim iqtisadi müstəqilliyimizi daha da möhkəmləndirəcəkdir".
2013-cü
ilin dekabrında Azərbaycanın müstəqilliyinin, o
cümlədən iqtisadi müstəqilliyinin daha da möhkəmləndirilməsi
üçün çox vacib olan "Şahdəniz-2"
layihəsi ilə bağlı kontrakt bağlandı. Bu
möhtəşəm imzalanma mərasimində Prezident
İlham Əliyev qeyd etdi ki, "Şahdəniz-2"
dünyanın ən iri enerji layihələrindən biridir:
"Bu layihə ölkəmizin uzunmüddətli və
dayanıqlı iqtisadi inkişafını təmin edəcək,
Azərbaycanın enerji siyasəti iqtisadiyyatımızın
transformasiyasına və şaxələndirilməsinə
imkan yaradacaqdır. Bu səbəbdən enerji
siyasəti, beynəlxalq təsisatlarla sıx əməkdaşlıq,
şaxələndirmə və şəffaflıq uğurlu
inkişafın əsas elementlərindəndir. Biz beynəlxalq əməkdaşlığı
yüksək qiymətləndiririk, çünki xarici şirkətlərin
bilik və təcrübəsi bizim üçün çox əhəmiyyətlidir.
Bu tarixi layihədə iştirakçı dövlət
və şirkətlərin geniş əməkdaşlığı
təmin ediləcəkdir. Biz buna ümummilli liderimiz Heydər
Əliyevin müdrikliyi və uzaqgörənliyi nəticəsində
hazırladığı Azərbaycanın enerji strategiyası
əsasında nail olmuşuq. Müstəqillik əldə
etdikdən sadəcə, 3 il sonra Azərbaycan
xarici tərəfdaşları ilə birlikdə "Əsrin
müqaviləsi"ni imzalamışdır. Bu
hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə
açmışdır və ölkəmizin uğurlu iqtisadi
inkişafını təmin etmişdir. Həmin
müqavilə XX əsrin müqaviləsi
adlandırılmışdır. "Şahdəniz"
isə heç şübhəsiz ki, XXI əsrin müqaviləsi
olacaqdır. Bu, müstəqil Azərbaycanın
enerji sahəsinin inkişafında mühüm tarixi hadisədir.
Yeni layihə regionun və Avropanın enerji xəritəsini
dəyişdirəcəkdir. Azərbaycanın qaz
ehtiyatları bu sərvəti gözləməkdə olan
bazarlara nəql ediləcəkdir. Bizim
hesablamalarımıza görə, Azərbaycanın qaz
ehtiyatı 3 trilyon kubmetrə bərabərdir.
"Şahdəniz-2", TANAP və TAP dünyanın ən
iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində
sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən
ölkələrdə 30 mindən çox yeni iş yeri
yaradılacaqdır. Hər bir ölkənin
enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin
tərkib hissəsidir. Enerji təhlükəsizliyinin
əsas elementlərindən biri təbii qazdır. Bu səbəbdən enerji təhlükəsizliyi və
enerjinin şaxələndirilməsi Azərbaycan kimi
istehsalçı, həmçinin tranzit və
istehlakçı ölkələr üçün eyni dərəcədə
vacibdir.
Heydər Əliyevin Azərbaycan xalqı
qarşısında misilsiz xidmətlərindən biri də qədim
İpək Yolu nəqliyyat dəhlizində
respublikamızın aktiv iştirakını təmin etməsidir. Çünki
bu dəhlizin fəaliyyəti respublikamızın sosial-iqtisadi
dirçəlişinə böyük təsir göstərəcəkdir.
İpək Yolu kimi beynəlxalq əhəmiyyətli nəqliyyat
dəhlizində Azərbaycanın aktiv iştirakı ölkəmiz
üçün əsrlər boyu faydası olacaq bir vasitədir. Çünki
qloballaşan dünyada əlverişli nəqliyyat dəhlizlərinə
yiyələnmək, bu mümkün olmadıqda isə
alternativ yollar axtarmaq istiqamətində böyük mübarizələr
gedir.
Qədim İpək Yolu kimi dünya əhəmiyyətli
nəqliyyat dəhlizində fəal iştirakı Azərbaycan
dövlətinin müstəqilliyinin qorunması, iqtisadi təhlükəsizliyinin
təmin edilməsi üçün çox vacibdir.
Bütün dünya dövlətləri Azərbaycana
son dərəcə əlverişli coğrafi mövqeyi, daxili
bazarın böyük potensialı və zəngin təbii sərvətləri
baxımından xüsusi diqqət ayırır. Böyük və
Kiçik Qafqaz sıra dağlarının yamacları
arasında, Kür-Araz və Lənkəran
ovalıqlarında, Avropa - Mərkəzi Asiya və Skandinaviya
- Rusiya - Ön Asiya nəqliyyat oxlarının kəsiyində
mərkəzi mövqe tutan Bakı-Tbilisi-Qars dəmir yolunun da
istifadəyə verilməsi bütövlükdə nəqliyyat
sisteminin qlobal rəqabət mübarizəsində ahəngdar
fəaliyyət göstərəcəyinə əminliyimizi
bir daha artıracaqdır. Bu, həqiqətən,
Azərbaycan üçün mühüm tarixi nailiyyətdir.
Biz qloballaşan dünyada yaşayırıq. Bu gün
etiraf edilməlidir ki, qloballaşmanın üstünlükləri
ilə yanaşı, mənfi nəticələri də
vardır. Bu barədə çox misallar
göstərmək olar. Real həyat onu
sübut edir ki, transmilli şirkətlərin çoxsaylı
ölkələrdə fəaliyyəti genişləndikcə
beynəlxalq maliyyə bazarı, dünya ticarəti qlobal
xarakter aldıqca ölkələrin iqtisadi təhlükəsizliyi,
iqtisadi müstəqilliyini təmin etmək işində bir
sıra problemlər yaranır. Dünyanın
aparıcı alimlərinin, professional mütəxəssislərinin
fikrincə, davamlı və keyfiyyətli inkişaf
üçün təkcə makroiqtisadi sabitlik, az inflyasiya, minimal büdcə kəsiri kifayət
deyil.
İqtisadi inkişafda əsas məsələlərdən
biri iqtisadi maliyyə sektoru ilə real sektor arasında
tarazlığın təmin edilməsidir. Artıq
çoxları belə hesab edir ki, məhz bu
tarazlığın pozulması qlobal dünya iqtisadi
böhranını şərtləndirən ən
mühüm amillərdən biridir.
Ona
görə də gündən-günə sərtləşən
qlobal rəqabət mübarizəsində uduzmamaq, mütərəqqi
inkişafdan qalmamaq üçün real sektorun inkişafı
ön plana çəkilməli, ən qabaqcıl İKT-yə
nail olmalı, müasir texnologiyaya əsaslanan məhsul və
xidmətlərin istehsalı genişləndirilməli, insan
kapitalından səmərəli istifadə etmək
üçün bütün işlər yüksək sürətlə
və keyfiyyətlə görülməlidir.
Son illərdə Azərbaycan hökuməti
innovasiyalı iqtisadiyyatın qurulması istiqamətində
çox mühüm addımlar atır. Bununla əlaqədar
təkmil qanunvericilik bazası yaradılır, texnoparklar, sənaye
zonalarının formalaşması prosesi sürətlənir.
Dövlət Azərbaycan iqtisadiyyatının
keyfiyyətli inkişafı üçün ilkin mərhələdə
bu mühüm layihələrə sanballı, təşkilati
maliyyə dəstəyi verir, özəl sektorun da bu işə
getdikcə daha aktiv cəlb edilməsini vacib sayır.
Hesablamalar
göstərir ki, 2020-ci ilə qədər
proqnozlaşdırılan ÜDM-in artım sürəti
region, Avropa və dünya üzrə olan göstəricilərdən
yüksək olacaqdır ki, bu da Azərbaycanın iqtisadi
inkişaf səviyyəsinə görə qabaqcıl ölkələrin
səviyyəsinə çatması üçün möhkəm
baza yaradacaqdır. Qarşıdakı dövrdə
qeyri-neft sektrorunda ÜDM-in 2 dəfə artırılması
nəzərdə tutulmuşdur. Bu hədəfə
çatmaq üçün kifayət qədər imkanlar var.
Belə bir dinamika yaxın onillikdə ÜDM-in
artımının tamamilə qeyri-neft sektoru hesabına
olmasını təmin edəcəkdir. Qeyri-neft sektorunun
ÜDM-də xüsusi çəkisi 2011-ci ildəki 48,6%-dən 2014-cü ildə 61,5%-ə yüksələcəkdir.
2017-ci ildə bu rəqəm 72,4%
olacaqdır. Bu rəqəmlər
iqtisadiyyatın neft sektorundan asılılığının
azaldılması barədə müəyyən edilmiş
dövlət siyasətinin uğurla həyata keçirilməsini
əyani surətdə sübut edir.
Ölkə iqtisadiyyatında özünü göstərən
müsbət meyillər, geniş təkrar istehsal
üçün yaradılmış güclü əsaslar,
yaxın və uzaq gələcək üçün
mühüm strateji vəzifələrin daha əsaslı
müəyyən edilməsi vəzifəsi idarəetmə
strukturunun təkmilləşməsini zəruri edir.
Bu baxımdan, Prezident İlham Əliyevin İqtisadiyyat və
Sənaye, Energetika nazirliklərinin yaradılması barədə
sərəncamları mühüm əhəmiyyət kəsb
edir.
Şübhəsiz ki, yeni yaradılan İqtisadiyyat və Sənaye
Nazirliyi daha təkmil funksiyalara malik olacaq, ölkə
iqtisadiyyatının sürət və proporsiyalarının
optimallığının təmin edilməsi
üçün zəruri olan iqtisadi metod və mexanizmlərdən
səmərəli istifadə olunmasına, iqtisadi strukturlar
arasında koordinasiyanın təkmilləşdirilməsinə
əhəmiyyətli dərəcədə müsbət təsir
edəcəkdir. Çünki qloballaşan
dünya iqtisadiyyatı, rəqabət mübarizəsinin kəskinləşdiyi
şəraitdə ölkənin gələcəyə hədəflənmiş
inkişaf strategiyasının hazırlanması daha dəqiq
metodologiyaya, elmi araşdırmaların nəticələrinə
əsaslanmalıdır.
Yeri gəlmişkən, bir məsələni də qeyd
etmək istərdim. Son illərdə regional inkişaf
proqramlarının hazırlanması sahəsində əldə
olunan təcrübə bütövlükdə respublika
üzrə məhsuldar qüvvələrin inkişafı və
yerləşdirilməsi sxeminin hazırlanmasını, bizim
fikrimizcə, obyektiv reallığa çevirir. Bu sxemi, heç də sovet sistemində hazırlanan
müvafiq sənədlə eyniləşdirmək olmaz. Çünki azad bazar münasibətləri şəraitində
idarəetmənin regional prinsipləri, tətbiq edilən
iqtisadi mexanizmlərin mahiyyəti tamamilə fərqlidir.
Dünya maliyyə-iqtisadi böhranı təsdiqlədi
ki, azad bazarı fetişləşdirmək olmaz. Dövlətin
iqtisadi siyasətinin reallaşdırılması prosesində
bu kimi incə, eyni zamanda, taleyüklü məqamların nəzərə
alınması ölkənin iqtisadi müstəqilliyi
üçün son dərəcə vacib olan əsasları əhəmiyyətli
dərəcədə möhkəmləndirdi.
Bir çox ölkələrin "hər şeyi bazar həll
edir" şüarını Qərbdə olan hakim
ideologiyanın məhsulu kimi ön plana çəkməsi,
dövlətin mühüm strateji vəzifələrdən
uzaqlaşdırılması həmin ölkələrin
iqtisadiyyatında ciddi uyğunsuzluqların baş verməsi, cəmiyyətdə
sosial gərginliklərin artması ilə nəticələndi. Bu barədə cənab
İlham Əliyev deyir: "Bəzi hallarda Azərbaycanda maliyyə
sektorundakı müəyyən konservativ meyillər beynəlxalq
maliyyə qurumları tərəfindən tənqid edilirdi. Bəzən bizə tövsiyə olunurdu ki,
inteqrasiya meyillərinə daha da sürətlə qoşulaq,
beynəlxalq ticarət qurumlarına inteqrasiya edək. Ancaq bizim mövqeyimiz bütün zamanlarda çox
ehtiyatlı idi. Çünki Azərbaycan
iqtisadiyyatı özünü təmin edən
iqtisadiyyatdır. Bəzi başqa ölkələr
kimi, biz xarici yardımlardan asılı deyilik. Bizim böyük, zəngin neft-qaz yataqlarımız,
əlverişli coğrafi mövqeyimiz var. Artıq çox
müasir və möhkəm enerji və nəqliyyat
infrastrukturumuz var. Biz neft gəlirlərindən səmərəli
istifadə etməklə iqtisadiyyatımızı
böyük dərəcədə şaxələndirə
bilmişik və Azərbaycanda iqtisadi artım sürəti
bunun bariz nümunəsidir. Ona gorə biz
beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə
həmişə öz mövqeyimizdən
yanaşmışıq.
Böhran onu göstərdi ki, elə ölkələr
var onlar öz hesabına yaşaya bilmir, başqa ölkələrin
yardımına möhtacdır və bu yardımları
alırlar. Bəzi hallarda beynəlxalq maliyyə qurumlarından
kreditlər şəklində yardımlar alırlar. Ancaq o da həqiqətdir ki, bu kreditlər gec-tez
qaytarılmalıdır və bu yardımı edənlər də
müəyyən şərtlər irəli sürür.
Azərbaycan o nadir ölkələrdəndir ki,
nəinki heç kimə yardım üçün müraciət
etməyib, eyni zamanda, bizə dəfələrlə başqa
yerlərdən kreditlərin verilməsi ilə əlaqədar
müraciətlər daxil olmuşdur".
Azərbaycan
dövləti bu yolla getmədi, yəni, azad bazarı
fetişləşdirmədi, özünün müstəqil
inkişaf modelini seçdi, iqtisadi inkişafa təsir edən
xarici və daxili amilləri ölkənin spesifik xüsusiyyətləri,
milli maraqlarını nəzərə alaraq qiymətləndirdi,
malik olduğu strateji resursları, ilk növbədə təbii
ehtiyatları dövlət mülkiyyətində saxladı, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətini özəlləşdirmədi.
Prezident
İlham Əliyev andiçmə mərasimində demişdir:
"Biz ətrafda baş verən hadisələrə
baxırıq, izləyirik, dünyada baş verən hadisələrə
biganə qalmırıq. Görürük, o
ölkələrdə ki, iqtisadi müstəqillik yoxdur, o
ölkələr şantaj obyektinə çevrilir, o ölkələrə
təzyiqlər göstərilir və o təzyiqlər nəticə
verir. O ölkələr demək olar ki, xahiş edən
ölkələr sırasındadır. Azərbaycan
heç kimdən heç nə xahiş etməmişdir,
etmir və etməyəcəkdir. Biz
müstəqil siyasət aparırıq. Müstəqil
siyasətin təməlində iqtisadi müstəqillikdir.
İqtisadi müstəqilliyin yaradılması mənim
üçün Prezident kimi ən vacib məsələlərdən
biri idi. Çünki mən 10 il
bundan əvvəl çox yaxşı başa
düşürdüm ki, əgər biz buna nail olmasaq, Azərbaycan
gələcəkdə böyük problemlərlə üzləşə
bilər. Dünyada ikili standartlar təcrübəsi
artıq heç kimə sirr deyildir. Bu barədə
daha danışmağa da dəyməz. Çünki
bu, bir aksiomadır.
Təsəvvür edin, əgər iqtisadi müstəqilliyimiz
olmasaydı, bizə hansı qərarları qəbul etdirərdilər. İqtisadi
müstəqillik, güclü ordu potensialı, cəsarətli,
birmənalı siyasət, milli maraqlarımızın
qorunması - bu amillər bizi problemlərdən qoruya bildi.
Azərbaycanın gələcəkdə
uğurlu inkişafı üçün bütün bu amillər
daha da güclənməlidir".
Hazırda Cənubi Qafqazın 3 respublikasının
dövlət büdcələri həcminin 80%-i Azərbaycanın
payına düşür. Müstəqilliyin ilk
illərində Azərbaycan iqtisadiyyatına o qədər
böyük zərbələr vurulmuşdu ki, əhalinin hər
nəfərinə düşən büdcə xərcləri,
o cümlədən sosial xərclərə görə biz
xeyli geri qalırdıq. Bu gün isə Azərbaycanda
əhalinin hər nəfərinə düşən sosial xərclər
qonşu respublikalar üzrə orta səviyyədən 2 dəfə
çoxdur.
Azərbaycan dövləti ölkədə investisiya,
biznes mühitini yaxşılaşdırmaq, sahibkarlığı
inkişaf etdirmək üçün iqtisadi müstəqilliyin
daha da güclü olmasına xidmət edən irimiqyaslı
infrastruktur layihələri həyata keçirir.
Emal sənayesinin, onun strukturunun təkmilləşməsinə
xidmət edən müasir zavodlar istifadəyə verilir,
güclü neft-kimyası kompleksi yaradılır,
investisiyalı iqtisadiyyatın, İKT-nin sürətli
inkişafı istiqamətində cəsarətli addımlar
atılır.
Son 10 ildə Azərbaycan iqtisadiyyatına 150 milyard dollar
sərmayə qoyulmuşdur. Bu proses getdikcə qeyri-neft sektorunun
inkişafına yönəldilir.
Ölkəmizin dinamik inkişafını, iqtisadi
müstəqilliyini təmin edən vacib amillərdən biri
sahibkarlıqdır. Bu barədə çox danışmaq
olar. Ancaq inkaredilməz bir həqiqətdir
ki, bu gün Azərbaycan sahibkarlığı ölkənin
strateji resursu kimi çıxış edir. Özəl sektorun payına ÜDM-in 80%-dən
çoxu düşür. Heç
şübhəsiz ki, bu rəqəmin arxasında müstəqil
Azərbaycanın azad bazar münasibətlərinə əsaslanan
yeni iqtisadi sisteminin yaradılması, onunla bağlı təşkilati-hüquqi-iqtisadi
tədbirlər sistemi durur. Eyni zamanda, onu da qeyd etmək
lazımdır ki, sahibkarlığın inkişafı
üçün yaradılmış bütün imkanlardan səmərəli
istifadə olunmalı və sahibkarlığın ölkənin
inkişafının strateji resursu kimi daha güclü
çıxış etməsi istiqamətində
qarşıdakı illərdə də xeyli iş
görülməlidir.
2012-ci ilin məlumatlarına görə respublika iqtisadiyyatının bütün sahələrində 248 min kiçik sahibkar çalışmışdır ki, onun da 90%-ni fərdi sahibkarlar təşkil etmişdir. Kiçik sahibkarların fəaliyyəti nəticəsində yaradılan məhsul və xidmətin dövriyyəsinin həcmi 5,2 milyard manat təşkil etmişdir. Təhlil onu da göstərir ki, kiçik sahibkarlar tərəfindən yaradılan əlavə dəyərin həcmi 1,4 milyard manat, əldə edilən mənfəət 122,3 milyon manat olmuşdur. Ölkə iqtisadiyyatında kiçik sahibkarlığın xüsusi çəkisi illik dövriyyə göstəricisinə görə 9,6%, qeyri-neft sektoru üzrə 19,5%, işçilərin orta illik sayına görə 6,4% təşkil edir. Əlbəttə, bu rəqəmlər sahibkarlığa edilən diqqət, qayğı baxımından daha yüksək ola bilərdi. Bizim fikrimizcə, müvafiq qurumlar kiçik sahibkarlığın səmərəlilik göstəricilərinin səviyyəsini, ona təsir edən amilləri ətraflı təhlil etməli, sahibkarlığın inkişafına əlavə dəstəklər vermək məqsədilə iqtisadi mexanizmlərin təkmilləşməsi ilə bağlı konkret tədbirlər görməlidir.
(Ardı var)
Ziyad
SƏMƏDZADƏ,
Milli Məclisin
İqtisadi siyasət komitəsinin sədri, akademik
Azərbaycan.-2014.- 28 fevral.- S.6.