Türkiyə məscidlərində «Qazi Qarabağ azanı» səsləndirilmişdir

 

Fevralın 26-da Xocalı soyqırımının anım günü Ankara şəhərində Türkiyənin böyük tarixi ibadət evlərindən biri olan "Hacı Bayram Vəli" məscidində "Qazi Qarabağ azanı"nın təqdimat mərasimi keçirilmişdir.

Təqdimatda Azərbaycandan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Türkiyə tərəfdən Diyanət işləri başqanının müavini Hasan Kamil Yılmaz, respublikamızın qardaş ölkədəki səfirliyinin nümayəndələri, bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr və yüzlərlə yerli sakin iştirak etmişlər.

Qeyd olunmuşdur ki, yüz illər ərzində formalaşmış dini ənənələri və Diyanət İşləri Başqanlığı kimi nüfuzlu dini təşkilatı olan Türkiyənin məscidlərində başqa bir ölkədən gətirilmiş azanın oxudulması və xüsusi olaraq onun təqdimatının keçirilməsi ilk dəfədir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, G.İsmayılov təqdimat mərasimində çıxış edərək bu gün "Xocalıya ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində soyqırımın 22-ci ildönümü ilə əlaqədar əksər müsəlman ölkələrinin məscidlərində "Qazi Qarabağ azanı"nın səsləndirildiyini və tarixi "Hacı Bayram Vəli" məscidindəki təqdimatın da həmin tədbirlərdən biri olduğunu vurğulamışdır.

İşğal edilənə qədər Ağdam və Şuşa "Cümə" məscidlərində oxudulmuş "Qazi Qarabağ azanı"nın 20 ildən sonra ilk dəfə 2013-cü ildə dini icmaların təşəbbüsü və Dövlət Komitəsinin dəstəyi ilə bərpa olunduğunu diqqətə çatdıran G.İsmayılov qeyd etmişdir ki, bu azanın Xocalı soyqırımının anım günündə müsəlman ölkələrinin məscidlərində səsləndirilməsi təşəbbüsünü ilk gündən Diyanət İşləri Başqanlığı dəstəkləmişdir. Dövlət Komitəsinin rəsmisi bildirmişdir ki, Türkiyədəki məscidlərdə cümə günü Xocalı soyqırımı ilə bağlı xütbə oxunması və "Qazi Qarabağ azanı"nın səsləndirilməsi təkcə qardaşlığımızın və həmrəyliyimizin deyil, həm də haqq və ədalətsevər Anadolu insanının bu dəyərlərə həmişə olduğu kimi, bu günsadiq qalmasının və Xocalıya ədalət tələb etməsinin göstəricisidir.

H.Yılmaz isə, öz növbəsində, Xocalı soyqırımı ilə bağlı Diyanət İşləri Başqanlığı tərəfindən həyata keçirilmiş və gələcəkdə planlaşdırılan tədbirlər barədə geniş məlumat vermişdir. Diyanət İşləri Başqanlığının rəsmisi qeyd etmişdir ki, ötən il olduğu kimi, bu il də Xocalı soyqırımının ildönümü ərəfəsində - fevralın 21-də Türkiyənin bütün mərkəzi məscidlərində soyqırımı qurbanlarının xatirəsi anılmış və bu barədə xüsusi moizə verilmişdir. Bunun artıq ənənə halı aldığını deyən H.Yılmaz bildirmişdir ki, fevralın 26-da "Qazi Qarabağ azanı"nın təqdimatı "Hacı Bayram Vəli" məscidi ilə yanaşı, İstanbuldakı "Eyyub Sultan" məscidində və İğdırın mərkəzi məscidində də təşkil edilmişdir. Məqsəd isə Xocalı soyqırımını və "Qazi Qarabağ azanı"nı Türkiyədə tanıtmaqdır. "Qazi Qarabağ azanı"nın qardaş ölkənin işğal olunmuş torpaqlarında yenidən səsləndirilməsi təkcə Azərbaycanın deyil, eyni zamanda, Türkiyənin də mühüm vəzifələrindəndir.

Çıxışlardan sonra "Qazi Qarabağ azanı" səsləndirilmiş və günorta namazı qılınmışdır. Mərasimdə şəhidlərin ruhunaişğal olunmuş torpaqların tezliklə azad edilməsi üçün birgə dualar oxunmuşdur.

Təqdimat "TRT Avaz" telekanalında canlı yayımlanmışdır.

 

Azərbaycan.-2014.- 28 fevral.- S.10.