“Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər

 İnkişaf Konsepsiyası” təsdiq edilmişdir

 

AMEA-nın iyunun 30-da keçirilmiş ümumi yığıncağında “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” təsdiq edilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə regionun iqtisadisiyasi mərkəzi olan Azərbaycanın bölgənin elm mərkəzinə çevrilməsi üçün zəmin yarandığını bildirmişdir. Qeyd olunmuşdur ki, dövlətimizin başçısı İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkəmiz üçün bütün prioritet istiqamətlərdə, o cümlədən elm sahəsində əsas inkişaf hədəfləri müəyyənləşdirilmişdir. Konsepsiyada elmi potensialın inkişafı və ondan ölkəmizin tərəqqisi üçün istifadə mühüm məqsəd kimi qarşıya qoyulmuşdur. “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” məhz həmin sənəddəki məqsəd və vəzifələrdən irəli gəlir.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev sənədin əhəmiyyətindən danışaraq vurğulamışdır ki, konsepsiyada elmin inkişafının dövlətin vacib vəzifələrindən biri kimi müəyyən edilməsi, elmi tədqiqat müəssisələrində və ali məktəblərdə həyata keçirilən tədqiqatların vahid mərkəzdən idarə olunması, regionlarda elmi tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, texnoparklar şəbəkəsinin genişləndirilməsi kimi mühüm məsələlər əksini tapmışdır. Sənəddə AMEA-nın infrastrukturunda fəaliyyət göstərən funksional xidmətlərin metodikmaddi-texniki bazasının yaradılması, elmi məhsulun qiymətləndirilməsi və satılması, intellektual mülkiyyətin beynəlxalq bazara çıxarılması kimi aktual məsələlərdən də bəhs edilir. Konsepsiyada qeyd olunur ki, elmi-texniki siyasət dövlət strukturları, sənaye birlikləri, bank kapitalı və kiçik biznes nümayəndələrinin iştirakı ilə müəyyənləşdirilməli və həyata keçirilməli, həmçinin elmin informasiya təminatını inkişaf etdirmək məqsədi ilə elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələr işinin inkişafı sürətləndirilməlidir. Bundan əlavə, “AMEA-nın eksperimental texnoparkı” elmi-texniki proqramı işlənilib hazırlanmalı, elmi avadanlığın yenilənməsi üzrə dövlət proqramı qəbul edilməli, elm və istehsalın inteqrasiyasını reallaşdırmaq üçünelm və sənaye” müştərək layihələrini maliyyələşdirən xüsusi qrant fondu yaradılmalıdır.

Bildirilmişdir ki, akademiyanın ölkədə beynəlxalq elmi layihə və proqramlarını həyata keçirən mərkəz kimi formalaşdırılması da konsepsiyada vacib məsələlərdən biri kimi irəli sürülür. Sənəddə alimləri tədqiqatlara daha da həvəsləndirmək niyyəti ilə dövlət tərəfindən təqaüd və qrant imkanlarının artırılması, dünyanın aparıcı elmi müəssisələrində araşdırmalar aparmaq imkanlarının genişləndirilməsi, həmçinin alim və mütəxəssislər üçün normal həyat səviyyəsinin təmin edilməsi məqsədilə müəssisə və ipoteka mənzili tikintisi proqramının həyata keçirilməsi də nəzərdə tutulur.

Yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası”nın müddəalarının icrası ilə əlaqədar tədbirlər planının hazırlanıb həyata keçirilməsi qərara alınmışdır.

 

Azərbaycan.-2014.- 1 iyul.- S.3.