ATƏT-lə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub
Prezident İlham ƏLİYEV:
“Status-kvonu dəyişmək üçün
Ermənistan
öz qoşunlarını torpaqlarımızdan
çıxarmağa başlamalıdır”
Azərbaycan Respublikasının 1992-ci ildən üzvü olduğu ATƏT Avropa qitəsinin bütün dövlətlərini əhatə edən və onlar arasında münasibətlərin və ümumi təhlükəsizliyin norma və prinsiplərini təsbit edən yeganə regional təşkilatdır. ATƏT-in Helsinki Yekun Aktı və digər sənədləri regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün prinsipial siyasi əsasdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün oynadığı rol baxımından ATƏT-lə əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətində xüsusi yer tutur. Azərbaycan Respublikası digər sahələrdə də ATƏT-lə əməkdaşlıq edir. Ölkəmiz ATƏT-in yeni siyasi mühitdə yerini nəzərə alaraq təşkilatın səmərəliliyinin, xüsusən də onun prinsiplərinə riayət edilməsi istiqamətində bütün təşkilat üzvlərinin xoşməramlı niyyəti və fəal iştirakı şəraitində müvafiq islahatların aparılması yolu ilə onun rolunun artırılmasında maraqlıdır.
Münaqişənin həllinə beynəlxalq səviyyədə yönəlmiş səylərin nəzərə çarpacaq dərəcədə güclənməsi ATƏT-in Minsk qrupu səviyyəsində aparılan danışıqların da intensivləşməsinə öz təsirini göstərir. ATƏT-in faktaraşdırıcı missiyası 2005-ci ildə regiona səfər edərək Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə aparılan qanunsuz fəaliyyətlə bağlı məruzə hazırlamışdır. Bu fakt bir daha işğalçı dövlətin “status-kvo”nu saxlamaq və danışıqlar prosesini müddətsiz etmək niyyətini göstərdi.
Ümumiyyətlə, Avropa strukturlarında təmsilçilik, ölkənin gələcəyinin sivil bir Avropa ölkəsi kimi qurulması müstəqilliyin ilk illərindən Azərbaycan Respublikasının qarşıya qoyduğu əsas məqsədlərdən biridir. Eyni zamanda, Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi ATƏT üzvü olan dövlətlərin respublikamızla münasibətləri inkişaf etdirmək marağını artırır. Rəsmi Bakı 2003-2013-cu illərdə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyasi olmuş, ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük vermişdir.
Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında keçirilən iyirmi üçüncü illik sessiyasının plenar iclasında adıçəkilən qurumla əməkdaşlığımızın uğurla inkişaf etdiyini bir daha göstərdi. Sessiyada ATƏT-in 2011-2014-cü illərdə gördüyü işlərdən danışıldı, eləcə də Azərbaycanın qurumdakı fəaliyyəti ilə bağlı fotolar da xüsusi yer aldı. Sessiyanın plenar iclasının açılışında ATƏT-in Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç Azərbaycanın belə bir mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyi üçün ölkəmizin Prezidentinə minnətdarlıq etdi.
Sessiyanın siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclasında ATƏT-ə üzv dövlətlərin sərhədlərinin pozulmamasının və Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü prinsipinə əməl edilməsinin vacibliyi vurğulandı. Həmçinin kibermüharibə və terrorizm kimi təhdidlərə qarşı mübarizənin, bu cür təhlükələrin qarşısının alınmasının zəruriliyi qeyd edildi. Bundan əlavə, münaqişə regionlarında hər il çoxlu sayda insanın qətlə yetirilməsinə səbəb olan silahların qanunsuz ticarətinin qarşısının alınması üçün yeni tədbirlərin görülməsinə çağırış səsləndirildi. Sessiya çərçivəsində “Ekstremizm, radikalizm və ksenofobiyanın artması: ATƏT regionu üçün çağırış” mövzusunda xüsusi müzakirə keçirildi. Müzakirələrdə ekstremizm, radikalizm və ksenofobiyanın region və bütün dünya üçün yaratdığı təhlükədən bəhs edildi. Quruma üzv ölkələrin bu problemlərlə mübarizə istiqamətində daha sıx əməkdaşlığının zəruriliyi vurğulandı.
Prezident İlham Əliyev sessiyada çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi toxundu: “ATƏT işğal edilən ərazilərə iki missiya ezam edib. Hər ikisi - faktaraşdırıcı və qiymətləndirmə missiyaları işğal edilən ərazilərdə hər şeyin tam dağıdıldığını qeyd ediblər. Bu, ölü zonadır. Şəhərlərimiz yerlə yeksan olunub, tarixi abidələrimiz dağıdılıb, məscid və qəbiristanlıqlarımız ermənilər tərəfindən məhv edilib. Bu, faktaraşdırıcı və qiymətləndirmə missiyaları tərəfindən etiraf olunur. Biz bu təşəbbüslərə görə ATƏT-ə minnətdarıq. Lakin yenə də bu hesabatlar münaqişənin həllində heç bir rol oynamır. Biz münaqişənin nizamlanmasına nail olmalıyıq. Bu, bizim ölkəmizə, xalqımıza, qaçqınlarımıza lazımdır. Region buna ehtiyac duyur. Çünki Ermənistan-Azərbaycan münaqişəsi region üçün əsas təhlükə mənbəyidir. Gərginliyin azaldılması, etimad doğuran mexanizmlərin yaradılması və etimad doğuran tədbirlərin gücləndirilməsi üçün ən münasib yol erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının başlanması ola bilər”.
Etiraf etmək lazımdır ki, Ermənistanı destruktiv mövqedən çıxış etməyə şirnikləndirən başlıca səbəblərdən biri də məhz danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin təcavüzkar dövlətə təsir göstərmək üçün zəruri təzyiq vasitələrindən istifadə etməməsidir. Ərazi və milli-etnik separatizm zəminində baş qaldıran münaqişələrin həlli ilə bağlı beynəlxalq hüquqda konkret normalar və sivil tənzimləmə presedentləri mövcud olsa da, həmsədrlər ötən müddət ərzində “Ermənistan və Azərbaycanın siyasi razılığa gəlməsi” kimi bir mövqeyi önə çəkiblər. Belə süni balans siyasəti isə son nəticədə beynəlxalq hüquq normalarının praktik təsir gücünə əsaslı şübhə yaradır. Buna görə də işğalçı tərəf indiyə qədər müəyyən bəhanələrlə danışıqlar prosesini uzatmağa, vaxt qazanmağa çalışır, bunu ən pis variantlar sırasında “ən optimal gediş” kimi dəyərləndirir. “Nə hərb, nə sülh” vəziyyəti xarici dəstək hesabına yaşayan Ermənistana milyonlar bahasına başa gəlsə də, Sarkisyan rejimi hakimiyyətinin ömrünü uzatmaq üçün bundan “yaxşı” variant görmür.
Ölkə başçısı ötən müddətdə Ermənistanın qeyri-konstruktiv mövqedən geri çəkilmədiyini bir daha diqqətə çatdırıb: “Münaqişənin həlli üçün atılacaq addımları aydın şəkildə müəyyən edən ATƏT-in qərarları, xüsusən də Lissabon Zirvə görüşünün qərarları da kağız üzərində qalır. Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar qərar və qətnamələr qəbul ediblər. Ermənistan sadəcə onlara məhəl qoymur. Onlar özlərinə məxsus olmayan ərazilərdən çıxmaq istəmirlər, mövcud vəziyyəti qoruyub saxlamaq fikrindədirlər. Onlar hətta ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının verdiyi bəyanatlara belə məhəl qoymurlar. ABŞ, Rusiya və Fransa prezidentləri aydın şəkildə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Bu o deməkdir ki, status-kvo dəyişilməlidir. Status-kvonu dəyişmək üçün Ermənistan öz qoşunlarını torpaqlarımızdan çıxarmağa başlamalıdır. Lakin Ermənistan bu bəyanatlara məhəl qoymur. Buna görə də beynəlxalq təşkilatların qərarlarının icrası, Azərbaycanın ərazi bütövlüyünün bərpası və münaqişələrin ölkələrin ərazi bütövlüyü əsasında həlli hər hansı qarşıdurmanın uğurla aradan qaldırılması üçün əsas şərtlərdən biridir”.
Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını özünün iqtisadi gücü, qüdrəti və resursları, dünya siyasətindəki yerindən asılı olaraq milli məqsədlər üzərində qurur. Dövlətçiliyin, müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyinin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların firavan, təhlükəsiz yaşayışının təmin olunması həyata keçirilən xarici siyasətin prioritet məqsədləridir. Cənab İlham Əliyevin yürütdüyü praqmatik, çevik, milli maraqların prioritetliyinə əsaslanan diplomatiya Azərbaycanı həm də bütövlükdə Avropa məkanında strateji, önəmi, birmənalı etiraf olunan dövlətə çevirmişdir. Bu uğurlu siyasət Azərbaycanın qarşısında dayanan bütün problemlərin ən qısa zaman içərisində həll olunacağına əminlik yaradır.
Elnur HACALIYEV,
Azərbaycan.-2014.- 1 iyul.- S.7.