Regionların
inkişafına əsaslanan strategiya davam edir
Regionların
sosial-iqtisadi inkişafı III Dövlət Proqramı
2014-cü
ilin birinci yarısı ölkə həyatında baş verən
digər əhəmiyyətli hadisələrlə
yanaşı, Azərbaycan Prezidentinin 27 fevral 2014-cü il tarixli fərmanı ilə Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiqlənməsi
ilə də əlamətdar oldu. 2004 və
2009-cu illərdə imzalanmış iki müvafiq proqramın
icrasından sonra bu, eyni məqsədi əsas tutan
üçüncü sənəddir.
Regionların
inkişaf səviyyəsi arasında tarazlığın təmin
olunması, ümumi inkişaf dinamikasının mərkəzi
bölgələrlə yanaşı, əyalətləri də
əhatə etməsi üçün lazımi tədbirlərin
həyata keçirilməsi son onilliklərdə
dünyanın bütün qabaqcıl ölkələrinin
iqtisadi inkişaf strategiyasında nəzərə çarpan
aparıcı istiqamətlərdəndir.
Bu məsələ
dövlət müstəqilliyinin bərpasından sonrakı
ilk illərdə əksər postsovet ölkələri kimi,
ağır sosial-iqtisadi təlatümlərlə üzləşən
və yalnız 90-cı illərin ortalarından başlayaraq
xalqımızın ümummilli lideri, ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə azad bazar iqtisadiyyatı yolunda
ilk uğurlarını qazanmağa başlayan Azərbaycan
dövləti üçün də mühüm prioritetlərdən
idi.
1994-cü
ildə imzalanaraq Azərbaycan Respublikasının tarixində
yeni mərhələnin əsasını qoyan “Əsrin
müqaviləsi”nin icrasına
başlanılması xarici investisiyaların ölkəyə
cəlb olunmasına güclü təkan verdi. Uğurlu neft
strategiyasının həyata keçirilməsi sayəsində
ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna
yönəltməklə iqtisadiyyatın tarazlı
inkişafına nail olmaq hələ ötən əsrin
90-cı illərinin ortalarından Azərbaycan dövlətinin
qarşısında duran ən mühüm vəzifələrdən
birinə çevrildi. Elə ölkəmizdə MDB məkanında
ilk dəfə olaraq qısa müddətdə torpaq
islahatlarının həyata keçirilməsi, dövlət əmlakının
özəlləşdirilməsi proqramlarının icrası,
müvafiq qanunvericilik bazasının
formalaşdırılması, əyalətlərdə fəaliyyət
göstərən iqtisadi subyektlər üçün müəyyən
güzəştlərin tətbiqi də regionların
inkişafının sürətləndirilməsi, dövlətin
iqtisadi siyasətinin başlıca hədəflərindən
biri kimi bu istiqamətdə müvafiq nəticələrin əldə
olunması məqsədinə yönəldi.
Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin
fəaliyyəti sayəsində ağır şərtlərə
baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və
dünya təsərrüfatı sisteminə inteqrasiyası
sahəsində çox böyük nailiyyətlər əldə
olundu. Ən əsası isə bu dövrdə ölkəmizdə
aparılan müstəqil dövlət quruculuğu prosesində
iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə
yeni bir modeli - Azərbaycan modeli yaradıldı.
Ulu öndər Heydər Əliyevin strateji inkişaf
kursunu uğurla davam etdirən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə
rəhbərliyinin ilk illərindən bu hədəfə
doğru növbəti tarixi addımlar atıldı. Elmi əsaslara
söykənən iqtisadi siyasət respublikanın
sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlüyü
təmin etdi. Qarşıda duran vəzifələrin
həllinə real imkanlar açdı, cəmiyyətin
ümumi potensialının milli məqsədlər naminə səfərbər
olunmasına etibarlı zəmin formalaşdırdı.
Regionlarda
mövcud olan əmək ehtiyatlarından, təbii və
iqtisadi potensialdan səmərəli istifadə etmək,
iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək
və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin
məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini
azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli
investisiya şəraiti, müasir tipli müəssisələr,
yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin
həyata keçirilməsi məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli fərmanı
ilə “Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci
illər)” təsdiq edildi. Bu proqram Azərbaycan
dövləti üçün misilsiz nəticələrlə
müşayiət olundu.
Regionların
inkişafına dair I Dövlət Proqramının uğurla
həyata keçirilməsinin ardınca 2009-cu il
aprelin 14-də ikinci konsepsiya - “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” təsdiqləndi. Həmin proqramda qarşıya qoyulan vəzifələr
də uğurla yerinə yetirildi.
Ötən
onilliklərdə neftdən əldə edilən gəlirlərdən
regionlarda həyata keçirilən layihələrə hər
il milyardlarla manat vəsait ayrıldı. Bu investisiyalar bölgələrdə sosial-iqtisadi
inkişaf üçün ən vacib şərti -
infrastrukturun yenidən qurulmasını və
inkişafını təmin etdi.
“Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin 27 fevral
2014-cü il tarixli fərmanında da qeyd edildiyi kimi, regionların inkişafı sahəsində
qəbul edilmiş və uğurla həyata keçirilmiş
dövlət proqramlarında, habelə regionların
sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə
bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin
icrası ölkədə qeyri-neft sektorunun davamlı
inkişafına, regionlarda kommunal xidmətlərin və sosial
infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə,
sahibkarlıq mühitinin daha da
yaxşılaşdırılmasına, investisiya qoyuluşunun
yüksəlməsinə, yeni müəssisələrin və
iş yerlərinin açılmasına, nəticədə əhalinin
məşğulluğunun artırılmasına və
yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.
Təkcə
bir məqamı xatırlatmaq kifayətdir ki, əvvəlki iki
dövlət proqramının icra olunduğu 10 il ərzində
Azərbaycanda ümumi daxili məhsul 3,2, o cümlədən
qeyri-neft sektoru 2,6, sənaye 2,7, kənd təsərrüfatı
1,5, investisiyalar 6,5, əhalinin gəlirləri 6,5, orta aylıq əməkhaqqı 5,5
dəfə artmışdır. Bu müddətdə həyata
keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində
ölkədə 900 mini daimi olmaqla, 1,2 milyondan çox yeni
iş yeri, 55,6 min müəssisə yaradılmış,
işsizlik 5, yoxsulluq səviyyəsi isə 5,3 faizə
enmişdir. Dövlət proqramları çərçivəsində
görülmüş genişmiqyaslı işlər
regionların qarşıdakı illərdə də
inkişafı üçün möhkəm zəmin
yaratmışdır.
Azərbaycanın əldə etdiyi sosial-iqtisadi
uğurlar beynəlxalq təşkilatların, reytinq agentliklərinin
hesabatlarında da öz əksini tapmış, “Qlobal Rəqabət
Qabiliyyəti İndeksi” hesabatına əsasən dünya
ölkələrinin rəqabətqabiliyyətliyi reytinqində
Azərbaycan 39-cu yeri tutmuşdur. Qeyd edək ki, Azərbaycan
bu hesabatda ardıcıl olaraq 5-ci ildir ki, MDB məkanında
öz liderlik mövqeyini qoruyub saxlayır.
Bu nailiyyətlərin əldə edilməsində,
xüsusilə də regionların inkişafının yeni
keyfiyyət mərhələsinə yüksəlməsində
regionların sosial-iqtisadi inkişafı ilə bağlı
dövlət proqramlarının uğurlu icrası
böyük əhəmiyyət kəsb etmişdir. Məsələyə
kompleks yanaşmanı və ünvanlılığı
özündə əks etdirən 2004-2008-ci və
2009-2013-cü illəri əhatə edən dövlət
proqramları bölgələrin mövcud potensialından səmərəli
istifadə etməklə regionların davamlı sosial-iqtisadi
inkişafına, müasir infrastruktur və sosial xidmətlərlə
təminat səviyyəsinin yaxşılaşmasına, ən
əsası isə əhalinin sosial rifahının daha da
yüksəlməsinə səbəb olmuşdur. Dövlət proqramlarının icrası ölkə
regionlarının sosial-iqtisadi mənzərəsini tamamilə
dəyişmiş, əhalinin işgüzar fəallığı
daha da artmış, sahibkarlığın sürətli
inkişafı təmin edilmişdir. Son 10 il ərzində
regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə
başlamış, 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni
iş yeri yaradılmışdır.
Prezidentin dövlət proqramlarının icrasını
və regionların inkişafını diqqət mərkəzində
saxlaması həlledici amil olmuşdur. Dövlət
başçısı bölgələrə mütəmadi
səfərlər etmiş, infrastruktur obyektlərinin və
yeni müəssisələrin açılış və təməlqoyma
mərasimlərinə
qatılmış, müəssisələrin fəaliyyəti
ilə yaxından tanış olmuş, tapşırıq və
tövsiyələrini vermişdir. Bütün bunlar
müvafiq dövlət proqramlarının icrası ilə məşğul
olan qurumların işə məsuliyyətini daha da
artırmış, qazanılan nailiyyətlərin
sırasını genişləndirmişdir. Regionların inkişafı ilə
bağlı dövlət proqramlarının icrası ilə əlaqədar
ortaya çıxan müxtəlif məsələlərin həlliylə
bağlı 240 sərəncam imzalanmış, ümumilikdə
proqramların icrasına bütün mənbələr
hesabına 50,7 milyard, o cümlədən birinci proqramın
icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7
milyard manat vəsait yönəldilmişdir.
Görülən
işlər nəticəsində son 10 ildə Azərbaycan
Respublikasının
regionlarında ümumi məhsul buraxılışı
3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1 dəfə
yüksəlmiş, bu dövrdə regionlardan cəlb olunan
vergi ödənişləri 14,2 dəfə artmış,
artıq 5 şəhər və rayonda xərclərin yerli gəlirlər
hesabına maliyyələşdirilməsi təmin
olunmuşdur.
Bölgələrin inkişafının ən
mühüm şərtlərindən biri, heç
şübhəsiz ki, zəruri infrastruktur təminatının
olmasıdır. Bu amili nəzərə almadan
regionların inkişafı istiqamətində mühüm
nailiyyətlərdən söhbət gedə bilməz.
Ona görə də regional dövlət proqramlarının
icra olunduğu 10 il ərzində yerlərdə infrastruktur təminatının
gücləndirilməsi mühüm istiqamət kimi daim diqqət
mərkəzində saxlanılmış, əhalinin daha
keyfiyyətli kommunal xidmətlərlə, o cümlədən
elektrik enerjisi, qaz və su ilə təchizatı, yol-nəqliyyat
infrastrukturunun yaxşılaşdırılması, səhiyyə
və təhsil müəssisələrinin tikintisi istiqamətində
mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə
irihəcmli dövlət investisiyaları yönəldilmişdir.
Müvafiq
dövlət qurumlarının təqdim etdiyi statistik məlumatlara
əsasən, 2004-2013-cü illər ərzində 8332, o
cümlədən 2622 kilometr respublika əhəmiyyətli,
5710 kilometr yerli əhəmiyyətli avtomobil yolları çəkilmiş
və təmir olunmuşdur. Bu dövrdə 222
körpü və yol ötürücüsü tikilmiş,
85 körpü əsaslı təmir edilmişdir. Bundan
başqa, 400 kilometrdən çox dəmir yolu yenidən
qurulmuş, regionlarda 4 hava
limanı tikilmiş, 2 liman tam yenidən qurularaq istismara verilmişdir.
Kənd yollarının yenidən qurulması məsələsi
bu istiqamətdə xüsusilə diqqəti çəkir. Ölkə rəhbəri kənd
yollarının yenidən
qurulmasını mühüm vəzifə kimi müəyyənləşdirmiş,
onun daimi diqqəti, kənd yerlərində yaşayan insanlara
yüksək qayğısı sayəsində təkcə son
5 ildə 1,1 milyon nəfər əhalisi olan 26 rayonun 702
yaşayış məntəqəsi müasir yol infrastrukturu
ilə təmin edilmişdir.
Ölkə iqtisadiyyatının dinamik
inkişafının, sənaye potensialının genişlənməsinin,
yeni müəssisələrin açılmasının enerji
tələbatını yüksəltməsi qaçılmaz
zərurətdir. Regional dövlət proqramlarının icrası
zamanı bu məqama xüsusi nəzər yetirilmiş, son 10
ildə Azərbaycanın müxtəlif regionlarında 17 yeni
elektrik stansiyası istismara verilmiş, 10 min kilometrdən
artıq elektrik verilişi xətləri, 1.500-dən çox
yarımstansiya inşa edilmiş və yenidən
qurulmuşdur. Prezident İlham Əliyev
regionların sosial-iqtisadi inkişafı dövlət
proqramlarının icrası vəziyyətinə həsr
olunmuş konfransdakı proqram xarakterli
çıxışında enerji potensialının tələbatı
daim qabaqlamasını, yeni elektrik stansiyalarının
tikintisini, alternativ və bərpa olunan enerji mənbələrindən
istifadənin genişləndirilməsini qarşıdakı
illər üçün vəzifə kimi qarşıya
qoymuşdur.
Regional inkişaf
proqramları yaşayış məntəqələrinin
qazlaşdırılmasını da əhatə etmişdir.
Son 10 il ərzində ölkə üzrə ümumi
uzunluğu 4,8 min kilometrdən artıq magistral qaz kəmərləri,
25 min kilometrdən çox müxtəlif diametrli
daşıyıcı xətt çəkilmişdir. 8 min kilometrə yaxın boru xətti əsaslı təmir
olunmuşdur. 50-yə yaxın
qazpaylayıcı stansiya tikilmiş və ya yenidən
qurulmuşdur. Bütün bu işlər sayəsində
regionlarda qazlaşdırma səviyyəsi 83,4
faizə çatdırılmışdır.
Dövlət
proqramlarına uyğun olaraq su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində
də əhəmiyyətli addımlar atılmış, 10 il ərzində
regionlarda 3430 kilometr içməli su xətti, 1225 kilometr
kanalizasiya kollektorları və şəbəkəsi, 96 su
anbarı, 39 su və kanalizasiya-nasos stansiyaları
tikilmişdir. Əgər dövlət
proqramlarının icrasından əvvəl ölkə
üzrə xidmət göstərilən əhalinin cəmi 26
faizi fasiləsiz içməli su ilə təmin olunurdusa, indi
bu göstərici 55 faiz təşkil edir. Əhalinin
ekoloji cəhətdən təmiz su ilə təminatının
yaxşılaşdırılması məqsədilə 400
mindən çox əhalisi olan 222 yaşayış məntəqəsində
modul tipli sutəmizləyici qurğular
quraşdırılmışdır. Dövlət
başçısının müvafiq sərəncamına
uyğun olaraq 32 rayonun 223 yaşayış məntəqəsində
250 subartezian quyusunun qazılması nəzərdə
tutulmuşdur.
Müasir dövrdə ölkələrin inkişaf səviyyəsini
informasiya-kommunikasiya texnologiyalarının inkişafından kənarda
təsəvvür etmək mümkün deyil. Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə
bağlı ardıcıl dövlət proqramlarının
icrası bu sahədə də davamlı inkişaf proseslərinə
təkan vermişdir. Rabitə xidmətlərinin
keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə
regionlarda 982 poçt şöbəsi, 1395 ATS tikilmiş və
ya əsaslı təmir olunmuş, bütün rayon mərkəzlərinə
fiber-optik kabel çəkilmişdir. Son
statistik məlumatlara görə, hazırda Azərbaycanın
regionlarında hər 100 nəfərdən 60-ı internet,
48-i genişzolaqlı internet istifadəçisidir. Prezident İlham Əliyevin müvafiq sərəncamı
əsasında 2013-cü ilin ölkəmizdə
“İnformasiya-kommunikasiya ili” elan edilməsi, Azərbaycanın
ilk telekommunikasiya peykinin orbitə çıxarılması da
bu sahənin inkişafına mühüm tarixi töhfələr
olmuşdur.
Regionların inkişafı istiqamətində atılan
addımlar Azərbaycanda turizmin inkişafı istiqamətində
də zəngin potensial yaratmışdır. Dövlət proqramları
çərçivəsində Naxçıvanda, Qəbələdə,
Qubada, Qusarda, Mingəçevirdə, Şəkidə, Tovuzda,
Salyanda, Lerikdə, Şəmkirdə, Göygöldə və
digər regionlarda turizm komplekslərinin, hotellərin, istirahət
mərkəzlərinin istifadəyə verilməsi turizmin
inkişafı üçün böyük imkanlar
yaratmışdır. Regionlarda müasir tələblərə
cavab verən 14 hotelin tikintisi, ölkədəki beşulduzlu
hotellərin sayının 35-ə çatdırılması
da son illər bu istiqamətdə əldə olunan ciddi
uğurlardandır.
Dövlət
proqramlarının icrası müddətində əhəmiyyətli
ekoloji tədbirlər də həyata keçirilmiş, mühafizə
olunan təbiət ərazilərinin sahəsi 2 dəfə
artırılaraq 900 min hektara çatdırılmış, 9
milli park yaradılmış, 20 milyon ağac və kol əkilmişdir.
Görülən bütün bu işlərin son məqsədi,
şübhəsiz ki, Azərbaycan vətəndaşlarının
sosial durumu, onların maddi rifah halının daha da
yaxşılaşdırılması, sosial müdafiəsinin
gücləndirilməsidir. Həyata keçirilən
dövlət proqramları Prezident İlham Əliyevin
“İnsan amili bizim siyasətimizin prioritetidir. Bütün bizim siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı dayanır” strateji xəttinə
əsaslanır. Bu xəttə uyğun
olaraq, regionların sosial-iqtisadi inkişafı dövlət
proqramları çərçivəsində əhalinin sosial
müdafiəsi, bölgələrdə sosial layihələrin
reallaşdırılması, yeni sosial obyektlərin tikintisi
geniş vüsət almışdır.
Təhsil
müəssisələrinin inşası, əsaslı təmiri
və maddi-texniki bazasının müasir tələblərə
uyğun qurulması dövlət proqramlarının prioritet
istiqamətlərindən olmuş, son 10 il ərzində 2708 məktəb
tikilmiş, yaxud əsaslı təmir edilmişdir. Bütün bunlar isə ölkəmizdə gələcək
nəslin hərtərəfli inkişafına göstərilən
yüksək diqqətin bariz nümunəsidir.
Əhaliyə
göstərilən tibbi xidmətlərin keyfiyyətinin
yüksəldilməsi məqsədilə regionlarda 38 mərkəzi
xəstəxana olmaqla 500-dən çox səhiyyə obyekti
tikilmiş, yaxud əsaslı təmir edilmiş, müasir
avadanlıqlarla təmin olunmuş, əhalinin istifadəsinə
verilmişdir. İndi Azərbaycanın ən
ucqar regionlarında belə yetərincə mürəkkəb
tibbi əməliyyatların aparılması üçün
hər cür şəraitə malik səhiyyə müəssisələri
fəaliyyət göstərir. Dövlət
proqramları çərçivəsində həmçinin
700-ə yaxın mədəniyyət, 250-dən çox idman
və gənclər obyekti tikilmiş və ya yenidən
qurulmuşdur.
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər
üzrə həyata keçirilən sosial-humanitar layihələr
də regionların inkişafına əhəmiyyətli
töhfələr vermişdir. Bu layihələrin
icrası nəticəsində minlərlə insanın sosial
şəraiti yaxşılaşmışdır.
Son illər
regionlarımızın inkişafına verilən əhəmiyyətli
töhfələrdən biri də
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin tabeliyində yaradılmış “ASAN xidmət” mərkəzlərinin
fəaliyyətə başlamasından ibarət oldu. Bu xidmətin yaradılması vətəndaşlara
göstərilən xidmətlərin keyfiyyətini, şəffaflığını
və operativliyini daha da artırmışdır.
Həyata keçirilən regional dövlət
proqramlarının uğurları əhalinin sosial müdafiəyə
daha çox ehtiyacı olan təbəqəsinin, o cümlədən
əlillərin, müharibə veteranlarının, aztəminatlı
vətəndaşların, qaçqın və məcburi
köçkünlərin sosial müdafiəsinin daha yüksək
səviyyədə təşkilinə imkan
yaratmışdır. Məcburi köçkünlərin mənzil şəraitinin
yaxşılaşdırılması məqsədilə son 10
il ərzində 12 çadır şəhərciyi ləğv
olunaraq 77 qəsəbə salınmış, onlarda 37 min ailə
yerləşdirilmişdir. Eyni zamanda, əlil və şəhid
ailələri üçün 2788, o cümlədən
regionlarda 2041 mənzilli yaşayış binaları və
450-dən çox fərdi ev
tikilmişdir.
Dövlət
proqramlarının icrası istiqamətində
görülmüş işlər Azərbaycan Respublikası
regionlarında sənayenin inkişafı baxımından da əhəmiyyətli
nəticələrlə yaddaqalan olmuşdur. 2004-cü ildən
başlayaraq ölkəmizin müxtəlif regionlarında 500-dən
çox sənaye müəssisəsi fəaliyyətə
başlamış, Azərbaycanda biznes və investisiya
mühitinin yaxşılaşdırılması məqsədilə
davamlı işlər görülmüş, eyni zamanda
dövlətin bu sahəyə maliyyə dəstəyi də
ardıcıl xarakter daşımışdır. Azərbaycan
Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin
açıqladığı rəqəmlərə görə,
təkcə güzəştli kreditlər hesabına bu
dövrdə ümumi dəyəri 730 milyon manat olan 104 sənaye
layihəsi maliyyələşdirilmiş, bu layihələr
üzrə 80 müəssisə istifadəyə
verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı
ilə 2014-cü ilin məhz “Sənaye ili” elan olunması bu
istiqamətdə aparılan işlərin daha da genişləndirilməsinə,
ölkəmizdə sənayeləşmənin sürətləndirilməsinə
təkan verir.
Dövlət proqramlarının uğurlu icrası
regionlarda, bütünlükdə ölkədə özəl
bölmənin inkişafına şərait
yaratmışdır. Biznes və investisiya mühitinin
yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi sahəsində ardıcıl tədbirlərin
həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi,
korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi,
sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi,
vergi yükünün azaldılması, sağlam rəqabətin
təmin edilməsi, 400-dən çox xidmətin elektron
qaydada göstərilməsi, “bir pəncərə” prinsipinin tətbiqi
və s. Azərbaycanda sahibkarlıq fəaliyyətinin daha da
genişlənməsinə səbəb olmuşdur. Bu da Prezident İlham Əliyevin
“Sahibkarlığın inkişafı dövlət siyasətidir
və dövlət siyasəti kimi qalacaqdır” strateji xəttinin
təntənəsidir.
Bütün
bunlar Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı məqsədilə 2004 və
2009-cu illərdə imzalanmış iki dövlət
proqramının icrası istiqamətində
görülmüş işlərin müxtəlif dövlət
qurumlarının hesabatlarında da öz əksini tapan nəticələrinin
yalnız kiçik hissəsidir.
Ölkə Prezidentinin 27 fevral 2014-cü il
tarixli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da əvvəlki proqramların məntiqi
davamı olaraq ölkəmizdə qeyri-neft sektorunun sürətli
inkişafını, ixracyönümlü və rəqabətədavamlı
məhsul istehsalının artmasını, regionlarda,
xüsusilə kəndlərdə infrastruktur və kommunal xidmətlərlə
təminat səviyyəsinin daha da
yaxşılaşdırılmasını,
sahibkarlığın inkişafını, əhalinin məşğulluq
səviyyəsinin yüksəlməsini nəzərdə
tutur.
Prezident
İlham Əliyev bu proqram barədə demişdir: “İlin
birinci rübündə regionların sosial-iqtisadi
inkişafına dair III Dövlət Proqramı qəbul edildi.
Biz ikinci proqramın yekunlarını fevral
ayında müzakirə etmişik.
Üçüncü proqramın qəbul edilməsi, əminəm
ki, qalan sosial və iqtisadi məsələlərin növbəti
beş il ərzində həlli
üçün bizə böyük dəstək
olacaqdır. Bu da əvvəlki proqramlar kimi
çox müfəssəl bir sənəddir. Proqramda bütün məsələlər öz əksini
tapıbdır. Hər bir rayon üzrə
konkret vəzifələr, tapşırıqlar vardır.
Təbii ki, icra mexanizmləri, maliyyə
resursları da bu proqramı dəstəkləyir. Əminəm ki, 2018-ci ilə qədər bu
proqramın icrası nəticəsində bölgələrdə
əsas sosial infrastruktur, iqtisadi məsələlər öz
həllini tapacaqdır”.
Dövlət
proqramında qarşıdakı növbəti 5 ildə də
ölkəmizdə
makroiqtisadi sabitliyin qorunması dövlətin əsas
prioritetlərindən biri kimi göstərilmişdir.
Makroiqtisadi sabitliyi nəzərə alaraq ölkənin
büdcə siyasətində iqtisadiyyatın üstün sahələrinin
modernləşdirilməsinə, onun səmərəliyinin,
uzunmüddətli dayanıqlığının təmin edilməsi
üçün şəraitin yaradılmasına, investisiya
mühitinin daha da yaxşılaşdırılmasına
xüsusi diqqət yönəlmişdir.
İqtisadi artımın, məşğulluğun,
davamlı tərəqqinin əsas amili kimi qeyri-neft sektorunun
inkişafının davam etdirilməsi nəzərə
alınmışdır. Makroiqtisadi siyasətin digər
başlıca istiqamətləri orta illik inflyasiya tempinin və
milli valyutanın məzənnəsinin məqbul səviyyədə
saxlanılması, vergi və gömrük dərəcələrinin
optimal həddə müəyyənləşdirilməsi və
ümumi daxili məhsulda qeyri-neft sektoru üzrə büdcə
gəlirlərinin xüsusi çəkisinin yüksəldilməsinə
diqqət yetirilmişdir.
Yeni proqramın əsas hədəfi regionlardakı
iqtisadi gücü tam səfərbər etməklə istifadə
olunmamış iqtisadi resursları, xammal ehtiyatlarını
istehsal prosesinə cəlb etməkdən ibarətdir. Aqrar sektorun
inkişafının təmin olunması burada xüsusilə
böyük rol oynayır. Xatırladaq ki,
regional inkişafla bağlı əvvəlki iki dövlət
proqramı çərçivəsində aqrar sektora dövlət
dəstəyi tədbirləri, o cümlədən vergi
güzəştləri, lizinq xidmətləri, güzəştli
kreditlərin və subsidiyaların verilməsi müntəzəm
olaraq davam etdirilmişdir. Regionlarda
müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı
məhsullarının istehsalı və emalı genişləndirilmiş,
müasir quşçuluq, heyvandarlıq kompleksləri
yaradılmış, aqrar sektorun infrastruktur təminatı əhəmiyyətli
dərəcədə yaxşılaşmışdır.
İntensiv metodlara əsaslanan aqrar sektorun
yaradılmasına yönəlmiş siyasət, həyata
keçirilən dövlət dəstəyi tədbirləri nəticəsində
kənd təsərrüfatı məhsullarının
istehsalı və ixracı artmış, özünütəminat
səviyyəsi yüksəlmişdir.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
verilən güzəştli kreditlərin 64 faizi məhz kənd
təsərrüfatı məhsullarının istehsalı və
emalı layihələrinə yönəldilmişdir. Son 10 ildə ölkə
regionlarında güzəştli kreditlər hesabına ət
və süd, meyvə-tərəvəz istehsalı və
emalı, sənaye, quşçuluq və s. sahələrdə
yeni müəssisələr istifadəyə verilmiş,
intensiv bağçılıq və
üzümçülük təsərrüfatları,
müasir istixana və taxıl anbarı kompleksləri, kənd
təsərrüfatı məhsullarının tədarükü,
saxlanması və satışı üzrə logistik mərkəzlər
yaradılmış, 94 minə yaxın yeni iş yeri
açılmışdır. III Dövlət Proqramı çərçivəsində isə bölgələrdə
istifadə olunmamış iqtisadi təbii ehtiyatların hərəkətə
gətirilməsi üçün kənd təsərrüfatının,
aqrar-sənaye, emal komplekslərinin müasir istehsal prosesinin tələblərinə
uyğun yenidən qurulması işləri həyata
keçiriləcək.
Yeni dövlət proqramında kənd təsərrüfatının
inkişafında yeni texnologiyaların tətbiqi bu baxımdan
mühüm əhəmiyyət kəsb edir. Sənəddə
nəzərdə tutulduğu kimi, fermerlərin birləşməsi
və kooperativlərin yaradılması aqrar sektorda gəlirlərin
və kənd təsərrüfatı məhsullarının
rəqabətqabiliyyətliyinin daha da artırılmasına və
beynəlxalq standartlara uyğunlaşmasına təkan verəcək.
Ənənəvi kənd təsərrüfatı sahələrinin
inkişafının, rəqabətqabiliyyətli və
ixracyönümlü məhsul istehsalının
stimullaşdırılması, əsas ərzaq məhsulları
ilə özünütəminetmə ilə bağlı tədbirlərin
davam etdirilməsi, aqrar bölməyə maliyyə dəstəyinin
artırılması, regionlarda kənd təsərrüfatı
məhsullarının istehsalı, tədarükü,
saxlanması və satışı məqsədilə
istixana, soyuducu və taxıl anbarı komplekslərinin
yaradılmasının davam etdirilməsi, ekoloji təmiz kənd
təsərrüfatı və ərzaq məhsulları
bazarının formalaşması bu sahədə daha
böyük nəticələrin əldə olunması
üçün əlverişli imkanları təmin edəcək.
Qeyri-neft məhsullarının ixracının genişləndirilməsi
və regionların inkişafında böyük rolu olan kənd
təsərrüfatı və emalı məhsullarının
bazarlara çıxış imkanlarının
artırılması, milli istehsalçıların xarici
bazarlarda mövqelərinin möhkəmləndirilməsi də
üçüncü dövlət proqramında irəli
sürülən hədəflərdəndir.
Yeni sənəddə sənaye parklarının
yaradılması da nəzərdə tutulmuşdur. Bu da bölgələrdə
məşğulluq səviyyəsinin yüksəldilməsinə
xidmət göstərəcək. 2014-2018-ci
illər üçün dövlətin investisiya siyasətinin
əsas istiqamətləri investisiyaların qeyri-neft sektorunun və
regionların inkişafına yönəldilməsi, regional
investisiya siyasətinin müasir inkişaf tendensiyalarına
uyğun olaraq prioritetləşdirilməsi, investisiya fəaliyyətinin
sosial istiqamətinin daha da gücləndirilməsi, insan
kapitalına, infrastruktura qoyulan investisiyaların
üstünlüyünün təmin edilməsindən ibarət
olacaq. Eyni zamanda, bölgələrə sərmayə
qoyuluşlarına xarici investorların cəlb edilməsi, o
cümlədən ixracyönümlü və əlavə dəyərin
xüsusi çəkisi yüksək olan sahələrə
yerli və xarici investisiyaların cəlb edilməsi məqsədilə
stimullaşdırıcı tədbirlərin sürətləndirilməsi,
sənaye parklarına yerli və əcnəbi sərmayəçilərin
cəlb edilməsi ilə bağlı stimullaşdırıcı
tədbirlər həyata keçiriləcək.
Sənayeləşdirmə siyasəti çərçivəsində
ölkədə innovativ və yüksək texnologiyalar əsasında
rəqabətqabiliyyətli və ixracyönümlü sənaye
məhsulları istehsalı sahələrinin
yaradılmasının təşviqi, qeyri-neft sənayesinin ənənəvi
istehsal sahələrinin, informasiya-kommunikasiya texnologiyaları
infrastrukturunun inkişafı ilə əlaqədar layihələr
reallaşdırılacaq. Regional siyasətin digər
bir istiqaməti kimi turizmin inkişafı da prioritet olaraq
qalacaq.
Bütün
bunlar deməyə əsas verir ki, əvvəlki regional
inkişaf proqramları kimi, “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın
icrası da mühüm nəticələrlə Azərbaycanın
sosial-iqtisadi inkişafına yeni töhfələr verəcək.
Müşfiq
ATAKİŞİYEV,
iqtisad elmləri
dok toru,
professor
Azərbaycan.-2014.- 1 iyul.- S.8.