Belçikada UNESCO tərəfindən
sualtı mədəni irsin qorunması
üzrə elmi konfrans
keçirilmişdir Konfransda
Azərbaycan da təmsil olunmuşdur
İyunun
26-29-da Belçika Krallığının Brügge şəhərində
UNESCO tərəfindən sualtı mədəni irsin
qorunması üzrə elmi konfrans və Birinci Dünya
müharibəsinin başlanmasının 100-cü
ildönümü ilə bağlı xatirə tədbiri
keçirilmişdir.
AzərTAc xəbər verir ki, Belçika hökumətinin dəstəyi və bu ölkənin UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə sualtı mədəni irsin qorunmasında UNESCO-nun rolu və bu istiqamətdə aparılan fəaliyyət, sülh mədəniyyəti və qeyri-zorakılığın təşviqi kimi məsələlər müzakirə edilmişdir.
Tədbirlərdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva “Azərbaycanın sualtı mədəni irsi” mövzusunda məruzə ilə çıxış etmişdir.
Günay Əfəndiyeva Azərbaycanın zəngin sualtı mədəni irsindən bəhs etmiş, aparılmış hidro-arxeoloji axtarışlar zamanı dənizin dərinliklərində 900-dən çox arxeoloji abidənin aşkar olunduğunu qeyd etmişdir. Milli Komissiyasının birinci katibi bildirmişdir ki, XIII əsrdə Azərbaycan ərazisində inşa olunmuş Bayıl qalasına məxsus yazı lövhələrinin bir qismi su altından çıxarılaraq UNESCO-nun Dünya İrs Siyahısında olan İçərişəhər Qoruğunda sərgilənir. Bununla belə, bəzi çətinliklər üzündən yazı lövhələrinin böyük bir qismi hələ də Xəzərin suları altındadır.
Günay Əfəndiyeva Birinci Dünya müharibəsində neft uğrunda aparılan mübarizədə Xəzər dənizi və Azərbaycan ərazisinin strateji əhəmiyyətini qeyd etmiş, belə tədbirlərdə təcrübə mübadiləsinin genişləndirilməsinin sualtı mədəni irsin öyrənilməsinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir.
Tədbirlərdə Azərbaycan
ilə yanaşı, 50-ə yaxın ölkənin, o cümlədən Fransa,
İngiltərə, İtaliya, ABŞ, Kanada, Meksika, İndoneziya, Avstraliya,
Yunanıstan, İspaniyanın UNESCO üzrə Milli komissiyalarının baş
katib və nümayəndələri,
müxtəlif qurumların mütəxəssisləri iştirak etmişlər.
Azərbaycan.-2014.- 1 iyul.- S.9.