Azərbaycan: Yenidən
güclü regional mərkəz
Avropanın “Neurope.eu” informasiya portalında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevlə müsahibə
dərc olunmuşdur. AzərTAc müsahibəni təqdim edir.
NE: Siz
ötən ilin oktyabrında keçirilən prezident
seçkilərində növbəti dəfə qalib gəldiniz.
Bunun başlıca səbəbini necə izah edərdiniz?
İlham
ƏLİYEV: 2013-cü ildə keçirilən prezident
seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında
mühüm hadisə olmuşdur. Bu seçkilər
vətəndaşların son 10 ildə ölkəmizdə həyata
keçirilən siyasi kursa münasibətini göstərdi.
Son 10 ildə biz Heydər Əliyevin əsasını
qoyduğu yolla irəliləmişik və ölkəmiz, cəmiyyətimiz
qarşısında qoyduğumuz məqsədlərin
reallaşmasına nail olmuşuq.
- Yəni
10 il öncə qarşıya qoyduğunuz
vəzifələr artıq reallığa çevrilib?
- Tamamilə
doğrudur. İqtisadi inkişaf templəri
baxımından Azərbaycan dünya liderinə
çevrilmişdir. Bu isə ölkəmizi
daha da gücləndirmişdir.
Düşünülmüş proqramlara əsaslanan məqsədyönlü
fəaliyyət nəticəsində son 10 ildə ümumi
daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru
2,6 dəfə, büdcə gəlirləri 16 dəfə
artmış, həmçinin strateji valyuta
ehtiyatlarının həcmi 50 milyard ABŞ dollarını
keçmişdir. Milli iqtisadiyyata 170 milyard
ABŞ dollarından artıq sərmayə
yatırılmışdır.
-
Bütün bunlar əhalinin yaşayış səviyyəsinə
təsir edibmi?
- Əlbəttə, bu cür sürətli inkişaf vətəndaşlarımızın
rifahının yüksəlməsinə səbəb
olmuşdur.
Son 10 ildə əhalinin gəlirləri 6,5
dəfə, orta aylıq əmək haqqı isə 5,5 dəfə
artmışdır.
- Bu, həqiqətən
yaxşı göstəricidir.
- Həmçinin
yoxsulluğun 49 faizdən 5,3 faizə,
işsizliyin isə 5 faizə düşməsi də
mühüm nailiyyətlər sırasına daxildir. Son 10 ildə ölkəmizin şəhərləri,
qəsəbələri və kəndlərində
tikinti-quruculuq işləri görülmüş,
bütün şəhərlərdə müasir
standartların və qabaqcıl texnologiyaların tətbiqinə
başlanmışdır.
- Bu
nailiyyətlər yalnız Azərbaycanda hiss olunur, yoxsa beynəlxalq
aləmdə də tanınır?
- Azərbaycanın
uğurları beynəlxalq təşkilatlar və nüfuzlu
reytinq agentlikləri tərəfindən də yüksək
qiymətləndirilir. Dünya İqtisadi Forumunun
2013-2014-cü il üzrə Qlobal Rəqabətlilik
Hesabatına əsasən Azərbaycan dünya ölkələri
arasında 39-cu sıradadır.
- Bəs
ölkənizin regionda və dünyada statusu barədə nə
deyə bilərsiniz?
- Bu illər
ərzində ölkəmizin dünyadakı mövqeyi
güclənmişdir. Azərbaycan beynəlxalq
münasibətlər sistemində yaxşı imic və
hörmət qazanmışdır. Bir
çox beynəlxalq tədbirlərin Azərbaycanda
keçirilməsi ölkəmizin artıq regionun siyasi,
iqtisadi və mədəni mərkəzinə çevrildiyinin
sübutudur. Bakı şəhərinin mühüm beynəlxalq
tədbirlərə ev sahibliyi etməsi
artıq ənənə halı almışdır. 2013-cü
ildə İslam Əməkdaşlıq Təşkilatı
çərçivəsində Fələstinə yardım
məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq
Humanitar Forumun, İkinci Mədəniyyətlərarası
Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və digər
yüksək səviyyəli qlobal tədbirlərin
keçirilməsi bunu bir daha təsdiq edir.
- Deməli,
dünyada gedən arzuolunmaz proseslər Azərbaycana
toxunmamışdır...
- Xeyr.
Bütün dünyada gərginliyin, işsizliyin və
yoxsulluğun artdığı bir dövrdə Azərbaycanda
tamamilə fərqli proseslər – sürətli inkişaf, tərəqqi,
əhalinin rifahının, ictimai və siyasi sabitliyin, milli
birliyin və s. yüksəlməsi müşahidə
edilmişdir. Düşünürəm ki,
bütün bunlar 2013-cü ildə keçirilən
seçkilərdə qazanılan qələbənin də əsas
səbəbləri olmuşdur.
- Bu
seçkilər beynəlxalq birlik tərəfindən necə
qəbul edildi?
-
AŞPA, ATƏT Parlament Assambleyası, İslam Əməkdaşlıq
Təşkilatı, MDB və digər nüfuzlu təşkilatlar
birmənalı olaraq seçkilər barədə yüksək
fikirlər bildirmiş və seçkilərin azad, ədalətli
və şəffaf keçirildiyini vurğulamışlar. Bütün bunlar seçkilərlə bağlı
xalqımızın və beynəlxalq ictimaiyyətin fikirlərinin
üst-üstə düşdüyünü göstərir.
Azərbaycan xalqı verdiyi səslə bu
günədək həyatda müşahidə etdiyi siyasətə
öz dəstəyini nümayiş etdirmiş və bu siyasətin
davamlı olması üçün bizə mandat vermişdir.
- Gələcək
barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Bizim gələcəklə
bağlı planlarımız böyükdür. Gündəliyimizdə bir sıra vacib məsələlər
vardır. Azərbaycanın potensialının inkişaf
etdirilməsi, iqtisadiyyatımızın rəqabətliliyinin
artırılması, müasir cəmiyyət quruculuğu, əhalinin
rifahının yaxşılaşdırılması, xarici
siyasətin prioritetlərinə uyğun olaraq beynəlxalq
mövqeyimizin möhkəmləndirilməsi, korrupsiyaya,
rüşvətxorluğa və digər mənfi hallara
qarşı sistemli mübarizənin daha da gücləndirilməsi,
vətəndaş cəmiyyətinin inkişafı
ardıcıl şəkildə davam etdiriləcəkdir.
-
2013-cü ildə Azərbaycanda həm də İKT-nin
inkişafı sahəsində böyük addımlar
atılmışdır.
- Azərbaycanın
həyata keçirdiyi iqtisadi siyasətin
üstünlüyü ondadır ki, bütün işlər
ölkənin real imkanları, ən yaxşı beynəlxalq
təcrübələr və xüsusi proqramlar üzərində
qurulur. Təcrübə göstərir ki,
müasir texnologiyaların tətbiqi rəqabətədavamlı
iqtisadiyyat üçün ilkin şərtdir. Bu səbəbdən də innovasiyadan təkcə
iqtisadiyyatda deyil, eyni zamanda, digər sahələrdə də
geniş istifadə edilir. İnformasiya-kommunikasiya
texnologiyaları sürətlə inkişaf edir və
böyük gələcəyə malikdir. 2003-cü ildə Milli İKT Strategiyasının,
sonrakı illərdə isə “Elektron Azərbaycan” Dövlət
Proqramının qəbul olunması bu sahənin
inkişafına böyük təkan vermişdir. Müstəqillik illərində Azərbaycanda
İKT-nin inkişafına 3 milyard ABŞ dollarından
artıq vəsait yatırılmışdır. Nəticədə,
son 10 ildə informasiya və rabitə sahəsinin
inkişafı 8,2 dəfə
artmışdır. 2013-cü ildə Azərbaycanın
ilk telekommunikasiya peykinin orbitə buraxılması və
ölkədə kosmik sənayenin əsasının
qoyulması tarixi hadisədir. Növbəti
illərdə daha iki peykin orbitə buraxılması ilə
bağlı işlər aparılır.
-
Bütün bunların fonunda internetin inkişafını necə
qiymətləndirmək olar?
- Son illər
ərzində internet də sürətlə inkişaf
etmişdir. Beynəlxalq Telekommunikasiya Təşkilatının
hesabatına əsasən, Azərbaycan əhalisinin 70 faizi
internetdən istifadə edir. Biz Azərbaycanın
bütün şəhərlərinə genişzolaqlı
internet xətlərinin çəkilməsinə
başlamışıq.
- Azərbaycanın
müəllifi olduğu innovasiyalar haqqında nə deyə
bilərsiniz?
- Biz
dünyada mövcud olan texnoloji yenilikləri tətbiq etməklə
yanaşı, özümüz də bəzi innovasiyaların
yaradılması ilə bağlı təşəbbüslər
göstəririk. Nümunə kimi Azərbaycan brendi olan Vətəndaşlara
Xidmətlər və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyini və onun “ASAN xidmət” mərkəzlərini qeyd edə
bilərik. “ASAN xidmət” vətəndaşların
məmnunluğu prinsipinə əsaslanan və bir çox xidmətin
bir mərkəzdə cəmləşdirildiyi təsisatdır.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyət
sferasına dövlət orqanları əməkdaşlarının
fəaliyyətinin əlaqələndirilməsi, nəzarət
və qiymətləndirmənin aparılması, dövlət
qurumlarının informasiya bazalarının
qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin
səmərəli təşkili və bu sahədə idarəçilik
sisteminin müasirləşdirilməsi daxildir. Bu mərkəzlər mütərəqqi hökumət-vətəndaş
münasibətlərinin nümunəsidir. Mərkəzlər hazırda 25 sayda ictimai xidmət
təklif edir. Təsadüfi deyil ki, bir il
ərzində bir milyondan çox vətəndaş bu mərkəzlərə
müraciət etmişdir. Buna görə də
“ASAN xidmət” mərkəzlərinin təklif etdiyi xidmətlərin
miqyasını genişləndirmək niyyətindəyik.
- Gələcəyə
nəzər salsaq, innovativ texnologiyalar Azərbaycanın
inkişafında necə rol oynayacaqdır?
-
Qabaqcıl texnologiyaların Azərbaycanın gələcək
inkişafında oynayacağı rol barədə qeyd edə
bilərəm ki, iqtisadiyyatın dinamik inkişafını asanlaşdırmaq
və rəqabətliliyi artırmaq üçün
qabaqcıl elmi və texnoloji nailiyyətlərə əsaslanan
İKT sahələrini inkişaf etdirmək, bu sferaya yerli və
xarici sərmayələri cəlb etmək, ixtisaslı mütəxəssis
bazası yaratmaq və s. üçün xüsusi addımlar
atılır. Bu məqsədlərə nail olmaq
üçün Yüksək Texnologiyalar Parkı və
İnformasiya Texnologiyalarının İnkişafı Fondu təsis
edilmişdir. İnnovasiyaya əsaslanan
güclü iqtisadiyyatın yaradılması əsas məqsədlərimizdən
biridir və biz dayanmadan bu istiqamətdə irəliləyirik.
- Siz
2014-cü ili “Sənaye ili” elan etmisiniz. Bundan məqsəd nədir və hansı işlərin
görülməsi nəzərdə tutulmuşdur?
- Azərbaycan
əvvəllər aqrar ölkə hesab olunurdu. 1970-1980-ci
illərdə sənayenin inkişafı üçün ciddi
addımlar atıldı, yüzlərlə yeni sənaye
müəssisəsi yaradıldı. Amma
SSRİ-nin süqutu keçmiş sovet respublikaları
arasında əlaqələrin itirilməsinə səbəb
oldu. Ümumilikdə, planlı iqtisadiyyat
uğursuzluqla nəticələndi. Eyni
zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü,
həmin dövrdə ölkədə baş alıb gedən
anarxiya, istehsal müəssisələrinin köhnəlməsi,
texnoloji cəhətdən gerilik iqtisadi tənəzzülə
və istehsal prosesinin dayanmasına gətirib
çıxardı. Yalnız ümummilli
lider Heydər Əliyevin səyləri nəticəsində
2000-ci illərin əvvəllərində istehsalı
1990-cı ilin səviyyəsinə qaldırmaq mümkün
oldu.
Son 10 ildə neft və qaz sahəsində əldə
edilən gəlirlərin müəyyən qismi xüsusi
proqramlar çərçivəsində milli iqtisadiyyatın
şaxələndirilməsinə, qeyri-neft sektorunun
inkişafına, yüksək texnologiyalı sənayenin
formalaşdırılmasına yönəldilmişdir. Nəticədə, qeyri-neft
sektorunda hər il 10 faiz artım qeydə
alınır. Bundan əlavə, sahibkarlığın
inkişafına göstərilən hərtərəfli dəstək,
iri sərmayə proqramlarının həyata keçirilməsi,
sosial-iqtisadi infrastrukturun yenidən qurulması və
qabaqcıl texnologiyalara əsaslanan rəqabətədavamlı
müəssisələrin yaradılması sənaye
istehsalı həcminin 2,7 dəfə
artmasına səbəb olmuşdur.
Hazırda əsas məqsədlərimizdən biri Azərbaycanı
güclü sənaye ölkəsinə çevirmək
üçün mümkün imkanlardan istifadə etməkdir. Artıq sənayenin
şaxələndirilməsi və modernləşdirilməsi
istiqamətində müəyyən işlər
görülmüşdür. Biz mövcud
təbii və iqtisadi resursları istehsal dövriyyəsinə
cəlb edirik, yeni istehsal sahələri və sənaye
parkları yaradırıq, innovasiyaların tətbiqini sürətləndiririk.
Buna görə də 2014-cü il “Sənaye
ili” elan olunmuş, cari ildə həyata keçiriləcək
tədbirlərin ümumi planı hazırlanmış və
təsdiq edilmişdir. Eyni zamanda, “Sənayenin inkişafına
dair 2015-2020-ci illər üçün Dövlət
Proqramı”nın hazırlanması nəzərdə
tutulur. İnanırıq ki,
topladığımız təcrübə və Azərbaycanın
iqtisadi potensialı bizə məqsədlərimizə
çatmaq imkanı verəcəkdir.
-
Regionların sosial iqtisadi inkişafı ilə bağlı
üçüncü Dövlət Proqramı qəbul
edilmişdir. Bu proqram 2014-2018-ci illəri əhatə
edir. İlk iki proqramın həyata
keçirilməsini necə qiymətləndirirsiniz və
üçüncü proqramdan nə gözlənilir?
- 2004-cü
ildə ilk regional inkişaf proqramını qəbul edərkən
məqsədimiz bölgələrin hərtərəfli
inkişafını təmin etmək və paytaxtla ölkənin
qalan hissəsi arasındakı uyğunsuzluğu aradan
qaldırmaq olmuşdur. Hətta 2003-cü ildə
keçirilən seçkilərdən öncə demişdim
ki, əgər xalq mənə etimad göstərsə, ilk
növbədə regionların inkişafı məsələsi
ilə məşğul olacağıq və bu məqsədlə
xüsusi dövlət proqramı qəbul ediləcək.
Bu baş verdi. 2004-2008-ci və
2009-2013-cü illəri əhatə edən iki Dövlət
Proqramı, bu proqramlara əlavə olaraq 250 sənədin
imzalanması və həyata keçirilməsi regionların
inkişafında dönüş nöqtəsi olmuş və
bölgələrimizn sosial-iqtisadi mənzərəsini dəyişmişdir.
Nəticədə regionlardakı ictimai xidmətlərin
keyfiyyəti və sosial infrastruktur əsaslı dərəcədə
təkmilləşmiş, biznes mühiti daha əlverişli
olmuş, sərmayələr artmış, minlərlə yeni
müəssisə istifadəyə verilmiş və 900 mini
daimi olmaqla, 1,2 milyondan artıq yeni iş yeri
yaradılmışdır. Son 10 ildə regionlarda məhsul
buraxılışı 3,2 dəfə, sənaye
istehsalı isə 3,1 dəfə artmışdır. Azərbaycanın bütün regionları və qəsəbələri
abadlaşmış və müasirləşmişdir. İnamla qeyd edə bilərəm ki, həyata
keçirilmiş proqramlar ölkəmizin regionlarının,
ümumilikdə Azərbaycanın iqtisadi potensialının
inkişafına böyük töhfə vermişdir.
- Qarşınıza
qoyduğunuz strateji məqsəd nədir?
- Gündəliyimizdəki
strateji məqsəd Azərbaycanın müstəqilliyini
bundan sonra da gücləndirmək və ölkəmizi
dünyanın ən inkişaf etmiş və rəqabətə
davamlı ölkələri səviyyəsinə yüksəltməkdir.
Buna görə də müasir dünyanın
çağırışları da nəzərə
alınmaqla, regionlardakı sürətli inkişaf davam etdiriləcəkdir.
İnanıram ki, “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi
inkişafı Dövlət Proqramı”nın
və digər böyük layihələrin icrası qeyri-neft
sektorunun davamlı inkişafına şərait yaradacaq,
ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşəcək
və Azərbaycan dünyanın aparıcı ölkələri
sırasına çıxacaqdır.
- Yeni
enerji layihələrinin region və dünya üçün əhəmiyyəti
barədə nə deyə bilərsiniz?
- Hazırda Azərbaycan bir sıra yeni transmilli və
regional layihələr irəli sürmüşdür. Ölkəmizin
həyata keçirdiyi enerji siyasəti təkcə bizim
üçün deyil, həm də region və dünya
üçün böyük əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi, 2013-cü il dekabrın 17-də
Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin
qaz ehtiyatlarının hasilatı və dünya bazarlarına
çıxarılması üzrə “Şahdəniz-2” beynəlxalq
yekun investisiya qərarı imzalanmışdır. Hesab edirəm
ki, TAP və TANAP layihələri ilə yanaşı,
“Şahdəniz-2” dünyanın enerji xəritəsində
yeni vəziyyətin yaranmasına səbəb olacaq və tarixə
“XXl əsrin kontraktı” kimi düşəcəkdir.
- Ölkənin
həm iqtisadi, həm də sosial inkişafı, eyni zamanda, həm
də güclü beynəlxalq status deməkdir. Xarici siyasətinizin uğurları barədə nə
deyə bilərsiniz?
- Azərbaycanın
hərtərəfli inkişafı, iqtisadi potensialının
güclənməsi, həyata keçirilən fəal xarici
siyasət ölkəmizin nüfuzunun yüksəlməsini,
beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli
və çoxtərəfli əlaqələrin möhkəmlənməsini
təmin etmişdir. Bu gün Azərbaycan
müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərlə
və beynəlxalq əlaqələr sistemi ilə
bağlı öz mövqeyi olan və böyük beynəlxalq
nüfuza malik bir ölkə hesab edilir. 2011-ci
ildə Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi tarixi nailiyyət
və xarici siyasətimizin böyük uğuru, həmçinin
dünyadakı nüfuzumuzun göstəricisi olmuşdur.
Aydın görünür ki, beynəlxalq aləm
dövlətimizin mövqeyini dəstəkləyir,
addımlarımızı təqdir edir. Azərbaycan
bütün beynəlxalq təşkilatlarda ləyaqətlə
çıxış edir və öz maraqlarını hər
şeydən üstün tutur. BMT Təhlükəsizlik
Şurasına ikiillik üzvlüyümüz, həmçinin
təşkilata sədrlik dövründə Azərbaycan qlobal
təhlükəsizliyə, dünyada sülhün bərpasına
və ölkələr və sivilizasiyalararası dialoqun inkişafına
öz töhfəsini vermişdir.
- Beynəlxalq
təşkilatlarla, xüsusilə Avropa İttifaqı ilə
münasibətlər hansı vəziyyətdədir?
- Bizim
dünyanın aparıcı beynəlxalq təşkilatları
və ayrı-ayrı ölkələrlə münasibətlərimiz
də inkişaf etmişdir. Azərbaycan ATƏT, Avropa
Şurası, İƏT və digər nüfuzlu beynəlxalq
təşkilatlarla səmərəli münasibətlərini
davam etdirmişdir. Ötən il biz viza
qaydalarının sadələşdirilməsi ilə
bağlı Aİ ilə mühüm bir müqavilə
imzaladıq. Bu, Aİ ilə əlaqələrin
göstəricisidir. Əminəm ki, əməkdaşlığımızı
inkişaf etdirmək üçün Aİ ilə strateji tərəfdaşlıq
formatının yaradılmasına nail olacağıq.
- Yeni tərəfdaşlıq
münasibətləri kontekstində Azərbaycanın nailiyyətləri
barədə nə deyə bilərsiniz?
- Region
ölkələri və dünyanın aparıcı dövlətləri
ilə qarşılıqlı etimada əsaslanan münasibətlərin
inkişafına əlavə olaraq biz qeyri-ənənəvi tərəfdaşlarla
da əlaqələr qururuq. Avropa və Asiyanın ənənəvi
ölkələri ilə əməkdaşlıq münasibətlərini
genişləndirməklə yanaşı, biz həm də
Qoşulmama Hərəkatının üzvləri olan
Latın Amerikası və Afrika ölkələri ilə
siyasi, iqtisadi və humanitar əlaqələri inkişaf
etdiririk. Bu, bizim xarici siyasətimizin prioritetlərindən
biridir.
Artıq bəzi Latın Amerikası ölkələri
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində Azərbaycanın ədalətli
mövqeyini dəstəkləmişlər. Ümumilikdə,
dünyanın 10 ölkəsi Ermənistan silahlı qüvvələrinin
1992-ci ildə Azərbaycanın Xocalı şəhərində
törətdiyi qırğını soyqırımı
aktı kimi tanımışdır. Bu
ölkələrin parlamentləri müvafiq qərarlar qəbul
etmişlər. Növbəti illərdə
biz ölkəmizin siyasi və iqtisadi potensialını daha da
gücləndirməyə, beynəlxalq nüfuzumuzu
artırmağa, beynəlxalq təşkilatlarla,
ayrı-ayrı ölkələrlə əməkdaşlığımızı
genişləndirməyə davam edəcəyik. Bizim xarici siyasətimiz milli maraqların qorunması
üzərində qurulmuşdur və bu istiqamətdə
lazımi addımlar atılacaqdır.
- Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində hər
hansı irəliləyişdən danışmaq olarmı?
- Təəssüflə
qeyd edim ki, xarici siyasətimizin mərkəzində dayanan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
heç bir irəliləyiş əldə edilməmişdir.
Ermənistan tərəfi danışıqlar
prosesini gecikdirmək üçün müxtəlif bəhanələrdən
istifadə edir və status-kvonu saxlamağa
çalışır. Ötən ilin sonlarında
danışıqlarda müşahidə edilən canlanma bizə
2014-cü ildə irəliləyiş olacağı ilə
bağlı müəyyən ümidlər verdi.
Ermənistan rəhbərliyi başa düşməlidir
ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin
yaradılmasına heç zaman imkan verməyəcəkdir.
Münaqişə Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll edilməlidir və həll
ediləcəkdir. Münaqişə həll
olunmadıqca, Ermənistan dövləti bütün transmilli
və regional layihələrdən kənarda qalacaq, erməni
xalqının acınacaqlı vəziyyəti daha da pisləşəcək
və ölkənin bütün imkanları tamamilə tükənəcəkdir.
- Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarına ev sahibliyi edəcəkdir. Hazırlıq prosesi necə gedir?
- 2014-cü il Birinci Avropa Oyunlarına
hazırlıq baxımından çox əhəmiyyətli
ildir. Bildiyiniz kimi, bu cür genişmiqyaslı yarışlara
hazırlıq prosesi 7-8 il vaxt tələb edir. Avropa
Oyunlarını keçirmək üçün bizim
yalnız iki il yarım vaxtımız var idi. Əminəm ki,
yarışlarla əlaqədar bütün məqsədlərə
nail olacağıq. Təşkilat Komitəsi
yaradılmışdır və olduqca məhsuldar fəaliyyət
göstərir. Oyunların keçiriləcəyi məkanların
tikintisi bu ilin sonunadək tamamlanacaqdır. Amma hazırlıq
prosesi müxtəlif binaların tikintisi ilə məhdudlaşmır.
Təhlükəsizlik, nəqliyyat, Olimpiya Kəndinin
yaradılması, qonaqların və idmançıların
yerləşdirilməsi, məşqlərin keçirilməsi
və s. məsələlər böyük diqqət və səy
tələb edir. Azərbaycanın mövcud
potensialını, müasir idman infrastrukturunun
mövcudluğunu və beynəlxalq tədbirlərin
keçirilməsi sahəsində təcrübəsini nəzərə
alsaq, əminəm ki, Birinci Avropa Oyunlarını gözləniləndən
də yüksək səviyyədə təşkil edəcəyik.
Faktiki olaraq, Birinci Avropa Oyunları ilə bağlı Azərbaycanda
yaradılmış standartlar gələcək Avropa
Oyunları üçün əsas təşkil edəcəkdir.
Azərbaycan.-2014.- 2 iyul.- S.1.