Azərbaycan
Respublikasının 2014-cü il 30 may tarixli Qanunu
ilə təsdiq edilmişdir “Azərbaycan
Sərhəd Mühafizəsinin 95 illiyi
(1919-2014)” Azərbaycan Respublikasının yubiley
medalı haqqında ƏSASNAMƏ
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2014-cü il avqust ayının 18-dək müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmət keçən, xidməti vəzifələrinin icrasında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə sərhəd xidməti orqanlarının qurulmasında və möhkəmləndirilməsində fəal iştirak etmiş, ehtiyata (istefaya) buraxılmış zabitlər və sərhəd xidməti orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
“Azərbaycan Sərhəd
Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan
Respublikasının yubiley medalı döşün sol tərəfinə,
Azərbaycan Respublikasının digər orden
və medalları olduqda “Azərbaycan Sərhəd
Mühafizəsinin 90 illiyi (1919-2009)” Azərbaycan
Respublikasının yubiley medalından sonra taxılır.
Azərbaycan.-2014.- 2 iyul.- S.2.