Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar

 və milli təcrübələr” mövzusunda beynəlxalq konfrans

 işini davam etdirmişdir

 

 

Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakı ilə Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçirilən yüksək səviyyəli beynəlxalq konfrans iyulun 1-də işini üçüncü plenar iclasla davam etdirmişdir.

AzərTAc xəbər verir ki, “Korrupsiyaya qarşı mübarizə sahəsində cinayət təqibi tədbirləri” mövzusundakı üçüncü plenar iclasa moderatorluq edən Avstriya Respublikası baş prokurorunun müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) prezidenti Gerhard YAROŞkonfransın əhəmiyyətindən danışmışdır.

İclasdaKorrupsiya cinayətlərinin səmərəli araşdırılması” mövzusunda məruzə ilə çıxış edən Türkiyə Respublikasının baş prokuroruHasan ERBİL konfransın yüksək səviyyədə təşkil olunduğunu bildirmiş, qonaqpərvərliyə görə minnətdarlıq etmişdir.

Korrupsiyanın insanların ehtiyaclarından deyil, əxlaqi zəifliklərindən irəli gəldiyini bildirən H.Erbil bunun çox ciddi sosial bəla olduğunu diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, məhz bu baxımdan beynəlxalq ictimaiyyət sağlam rəqabətə zərbə vuran, demokratik dəyərlərə və digər mütərəqqi hallara təhlükə olan korrupsiyaya qarşı ciddi mübarizə aparır. Demokratik dəyərlərə ciddi təhdid yaradan korrupsiya digər sosial problemlərə - yoxsulluğa, ədalətsizliyə, haqsız rəqabətə yol açır.

Korrupsiyaya qarşı mübarizənin sistemli şəkildə aparılmasının vacibliyini qeyd edən Türkiyənin baş prokuroru bu bəlanın qarşısının alınması üçün iqtisadi, sosial problemlərin həllinin, dövlət qurumları arasında əlaqələrin gücləndirilməsinin, geniş maarifləndirmə işlərinin aparılmasının, beynəlxalq əməkdaşlığın, təcrübə mübadiləsinin və digər tədbirlərin əhəmiyyətini bildirmişdir.

Lixtenşteyn Knyazlığının baş prokuroru Robert VOLNER “BMT-nin Korrupsiya əleyhinə Konvensiyası: Əmlakın qaytarılması təcrübədə necə tətbiq edilirmövzusunda məruzəsində siyasi iradənin azlığının və vəzifədən sui-istifadə hallarının korrupsiyaya yol açan əsas səbəblər olduğunu demişdir. Korrupsiyaya qarşı mübarizədə səmərəli vasitələrdən olan aktivlərin dondurulmasında, qanunsuz mənimsənilmiş vəsaitin və ya əmlakın qaytarılmasında yeni yanaşmaların tətbiq edildiyini diqqətə çatdıran R.Volner bu sahədə mövcud qanunvericilik bazasından, icra mexanizmlərindən və görülmüş işlərdən danışmışdır. Qanunsuz əldə edilmiş vəsaitin geri qaytarılmasını vacib amil kimi qiymətləndirən Lixtenşteynin baş prokuroru bunun korrupsiyaya qarşı mübarizənin ən mühüm hissələrindən biri olduğunu vurğulamışdır.

Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin rəhbəri Saulius URBANAVİÇİUS “İxtisaslaşmış Antikorrupsiya Qurumları arasında beynəlxalq əməkdaşlıq” mövzusunda çıxışında demişdir ki, korrupsiyaya qarşı mübarizədə prioritetləri, mübarizə metodlarını müəyyən etmək, resursları artırmaq, beynəlxalq əməkdaşlığı gücləndirmək mühüm rol oynayır.

Azərbaycan hökumətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda iştirakından məmnunluğunu vurğulayan S.Urbanaviçius korrupsiya əleyhinə mübarizə departamentinin fəaliyyətinə göstərdiyi fəal dəstəyə və ölkəmizin beynəlxalq antikorrupsiya işinə verdiyi töhfəyə görə azərbaycanlı həmkarlarına təşəkkürünü bildirmişdir. O xüsusi vurğulamışdır: “Biz çox şadıq ki, Azərbaycan bu işdə özünün uğurlu modelini yaratmışdır”.

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi, Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Antikorrupsiya Şəbəkəsi üzrə milli əlaqələndiricisi və GRECO-da nümayəndəsi, Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) İcraiyyə Komitəsinin üzvü Kamran ƏLİYEV “Korrupsiyaya qarşı mübarizədə ixtisaslaşdırılmış orqanlar: Azərbaycan təcrübəsi” mövzusunda məruzəsində korrupsiyaya qarşı mübarizənin kəsərliliyinin ixtisaslaşdırılmış qurumların mövcudluğu və fəaliyyətlərinin nəticəsi ilə ölçüldüyünü bildirmişdir. Ölkəmizdə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış qurum kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin gördüyü işlər barədə məlumat verən K.Əliyev qurumun fəaliyyətinin gücləndirildiyini, şöbələrin və əməkdaşların sayının artırıldığını diqqətə çatdırmışdır. İdarə rəisi rəhbərlik etdiyi qurumun kəşfiyyat məlumatlarının toplanması və tətbiqi funksiyasının korrupsiyaya qarşı mübarizənin səmərəli aparılmasında əhəmiyyətini xüsusi vurğulamışdır.

Qeyd edilmişdir ki, mövcud normalarinstitusional mexanizmlərlə yanaşı, Baş İdarənin cavabdehliyi ictimai nəzarət üsulları ilə də təmin edilir. Belə ki, iki il əvvəl Baş İdarə ilə Korrupsiyaya qarşı mübarizə aparan QHT-lərin Məlumat Şəbəkəsi arasında imzalanan memorandumda geniş əməkdaşlıq tədbirləri, o cümlədən məlumat mübadiləsi, qarşılıqlı treninqlərin və birgə tədqiqatların həyata keçirilməsi nəzərdə tutulur.

K.Əliyev bildirmişdir ki, korrupsiyaya qarşı mübarizədə ölkə rəhbərliyinin iradəsi və ixtisaslaşmış qurumun fəaliyyəti bu istiqamətdə gələcəkdə daha böyük uğurlar qazanmağa imkan verəcəkdir.

Malayziya Antikorrupsiya Komissiyasının kəşfiyyat şöbəsinin direktoru Azam bin BAKİ “Korrupsiya cinayətlərinin istintaqı zamanı cinayət prosesi iştirakçılarının müdafiəsi” mövzusunda məruzəsində korrupsiya hallarının aşkarlanmasında məxfiliyin təmin olunması ilə istintaqın aparılmasının əhəmiyyətindən danışmışdır.

Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Ərazisinin Korrupsiyaya Qarşı Müstəqil Mübarizə Komissiyası (ICAC) direktorunun köməkçisi Raymond NG “Korrupsiyaya qarşı mübarizə: Honkonq təcrübəsi” mövzularında çıxışında Honkonqda korrupsiyaya qarşı mübarizənin tarixi, mövcud qanunvericilik bazası və bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə məlumat vermişdir. O, bu sahədə uğur qazanmaq üçün ictimaiyyətin də korrupsiyaya qarşı mübarizə işinə cəlb olunması istiqamətində ICAC-ın maarifləndirmə, təbliğat-təşviqat və digər kütləvi tədbirləri həyata keçirdiyini, eləcə də “qaynar xətt”in fəaliyyət göstərdiyini bildirmişdir.

Sonra mövzu və çıxışlar ətrafında müzakirələr aparılmışdır.

Müzakirələrdən sonra Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev plenar iclaslarda maraqlı çıxışların səsləndirildiyini, nəzəri və praktiki baxımdan faydalı müzakirələrin aparıldığını diqqətə çatdırmışdır.

Konfransın yekunları haqqında məruzə ilə çıxış edən Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının Ədliyyə Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsinin baş məsləhətçisi, Böyük Britaniyanın GRECO-dakı nümayəndəsi xanım Fiona Salem Azərbaycanın GRECO-ya üzv olmasının on illik yubileyi, eləcə də bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə ölkəmizə təbriklərini çatdırmışdır.

Azərbaycanın korrupsiyaya qarşı mübarizəni prioritet seçdiyini vurğulayan F.Salem demişdir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasındakı nitqində də bəyan etmişdir.

Azərbaycanda “İctimai iştirakçılıq haqqında” Qanunun qəbulunu, elektron xidmətlərin tətbiqi, ixtisaslaşdırılmış qurumların fəaliyyəti nəticəsində korrupsiyaya qarşı mübarizədə uğurlu nəticələrin əldə edildiyini vurğulayan F.Salem vətəndaş cəmiyyəti institutlarının bu sahədə dövlət qurumları ilə əməkdaşlığın hazırkı səviyyəsindən məmnun olduqlarını bildirmişdir. O, korrupsiyaya qarşı mübarizədə Azərbaycanın və Litvanın da iştirak etdikləri Tvinninq layihəsinin önəmini diqqətə çatdırmışdır.

Ölkəmizdə “ASAN xidmət” modelinin tətbiqini uğurlu təcrübə kimi qiymətləndirən F.Salem bu qurumun məmur-vətəndaş ünsiyyətinin azaldılması, dövlət qurumlarına etimadın artırılması, vətəndaşlara şəffaf və rahat xidmətlərin göstərilməsi baxımından əhəmiyyətini yüksək qiymətləndirmişdir. F.Salem çıxışının sonunda qlobal bəla olan korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və qanunvericilik yolu ilə qalib gəlməyin mümkün olduğunu bildirmişdir.

Plenar iclasa yekun vuran Kamran Əliyev tədbirin təşkilinə görə Avropa Şurasının baş katibinə, IACA-ya, GRECO-ya, iştirakçı ölkələrin nümayəndələrinə, dövlət qurumlarının, QHT-lərin və KİV-lərin təmsilçilərinə minnətdarlığını çatdırmışdır.

 

Azərbaycan.-2014.- 2 iyul.- S.6.