Azərbaycan-Çin əməkdaşlığının
inkişaf səviyyəsi məmnunluq doğurur
İyulun
1-də Azərbaycan Respublikasının xarici işlər
naziri Elmar Məmmədyarov Çin Xalq Respublikası Dövlət
Şurasının üzvü Yan Tszeçi ilə
görüşmüşdür.
Yan
Tszeçi bu ilin may ayında Şanxayda keçirilmiş
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri
üzrə Müşavirənin Zirvə Toplantısı
çərçivəsində Azərbaycan Prezidenti İlham
Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si
Cinpinin uğurlu görüşünü xatırladaraq, Azərbaycanın
Çinin etibarlı dostu olduğunu bildirmişdir. O, iki
ölkənin xarici işlər nazirlərinin bugünkü
görüşünün əhəmiyyətli olduğunu
söyləmişdir.
Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əməkdaşlığın inkişaf səviyyəsinin məmnunluq doğurduğunu qeyd etmiş, İqtisadi-Ticarət Əməkdaşlığı üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin və birgə səylərlə iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyini bildirmişdir.
E.Məmmədyarov Azərbaycanın bütün ölkələrlə münasibətlərində dostluq, qarşılıqlı hörmət, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsiplərindən çıxış etdiyini demişdir. Nazir Azərbaycanın və Çinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasına dair mövqelərinin eyni olduğunu diqqətə çatdırmışdır.
Y.Tszeçi ölkələrimiz arasında münasibətlərin etimad əsasında qurulduğunu bildirmişdir. O, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət daxil olmaqla bir çox məsələlər üzrə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü demişdir. Y.Tszeçi, həmçinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylərin artırılmasının və işgüzar dairələrin əlaqələrinin fəallaşdırılmasının vacibliyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılmışdır.
Şahin Cəfərov
AzərTAc-ın xüsusi müxbiri
Pekin
Azərbaycan.-2014.- 2 iyul.- S.5.