Prezident İlham
Əliyev Azərbaycanın haqq səsini
yaydı
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 24-də AŞ PA-nın sessiyasında etdiyi çıxış hər bir ölkə vətəndaşı kimi gəncləri də qürurlandırdı. Dövlətin diqqət və qayğısı sayəsində bu gün istənilən sahədə daha da aktiv fəaliyyət göstərən Azərbaycan gəncləri hesab edirlər ki, dövlət başçısı həmin tarixi çıxışı ilə bir daha ölkəmizi dünyaya təqdim edərək xalqımızın haqq səsini, Azərbaycanın konkret mövqeyini bildirdi. Prezident Azərbaycanda güclü, vətənpərvər, təhsilli gənclərin olduğunu, dünyanın məşhur universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulduğuna da diqqət çəkdi. Ölkə gəncləri düşünürlər ki, bu tarixi çıxış bir çox beynəlxalq qurumların, dövlətlərin Azərbaycanla münasibətlərinə müsbət mənada dəyişiklik etməsi ilə nəticələnəcək.
Leyla KƏRİMOVA,
YAP Gənclər Birliyinin layihələr üzrə koordinatoru
- Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı uğurlu çıxışını dinləyərkən bir Azərbaycan gənci kimi qürur hissi keçirdim və elə o andaca ilk xatırladığım bir məqam oldu. Ulu öndər Heydər Əliyevin cənab İlham Əliyev haqqında dediyi kəlamları yadıma düşdü: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm!” Həqiqətən də, cənab Prezident bu gün ulu öndərin ideyalarını layiqincə həyata keçirir.
Təsadüfi deyil ki, ilk dəfə prezident seçilərkən cənab İlham Əliyev xalqımız qarşısında çıxışında demişdir: “Mənim bir məqsədim, bir amalım vardır. Bu, güclü Azərbaycan dövlətidir”. Bəli, bu gün bu missiyanı cənab Prezidentimizin apardığı daxili və xarici siyasət uğurla isbat edir.
Əslində, bir Azərbaycan gənci olaraq çıxışı izlədiyim anda düşündüyüm məqamlardan biri də o idi ki, müstəqilliyi qazanmaq bizə o qədər asan başa gəlməyib. Zaman boyu çətin sınaqlardan keçən Azərbaycan nəhayət, sonda öz müstəqilliyini 1991-ci il 18 oktyabr tarixində qazana bilmişdir. Lakin 1993-cü ilə qədər cərəyan edən hadisələr Azərbaycana beynəlxalq aləmdə müstəqilliyini təsdiqləməyə mane olurdu. Ancaq Azərbaycanın tarixinin əsas mərhələsi 1993- cü il oktyabrın 3-də Heydər Əliyevin prezident seçilməsi ilə başladı.
Görkəmli alman filosofu Hegelin çox gözəl bir ifadəsi var: “Hər bir tarixi hadisəni, tarixi şəxsiyyətin böyük əməllərini, kəşfləri və ixtiraları qiymətləndirərkən dövrünün mövcud şərtlərindən çıxış edərək qiymətləndirmək gərəkdir”. Bu ifadənin çox böyük bir mənası var. Bu gün təsadüfi deyil ki, dünyanın bütün qitəsində yaşayan azərbaycanlıların düşünən beynində bir müqəddəs kəlmə yaşayır. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Məhz bu gün qeyd etdiyimiz azərbaycançılıq ideologiyasının əsasını da ümummilli liderimiz qoymuş və formalaşdırmışdır. Bu gün həmin ideologiyanı uğurla davam etdirən cənab Prezident hər xarici səfərində ölkəmizin uğurlarından çıxış edərək düşmənə lazımi mesaj verir. Bu, təbii ki, onları narahat edir. Dövlət başçısının çıxışında maraqlı anlardan biri də multikulturalizmlə bağlı söylədiyi fikirlər oldu: “Multikulturalizm uğurlarımızın göstərcisidir. Azərbaycanın ən böyük sərvətlərindən biri - vətəndaşlarımızın etnik və dini mənşəyindən asılı olmayaraq bir ailə kimi yaşamasıdır”. Doğrudan da, bu fikir Azərbaycan xalqının əsrlər boyu zəngin, milli adət-ənənələrə sadiq bir xalq olmasının bariz nümunəsini təsdiqləyir. Sözün əsl mənasında, cənab Prezidentin uğurlu çıxışı insana qürurlu anlar yaşatdı. Biz Prezidentimizlə fəxr etdik. İstər çıxışı, istərsə də suallara mükəmməl cavab verməyi alqışa layiqdır.
Hesab edirəm, düşmən bir daha anlamalıdır ki, Azərbaycan güclü ordusu, iqtisadiyyatı və ən əsas da güclü lideri olan bir dövlətdir. Bizim tarixi yolumuz, milli dəyərlərə əsaslanan ideologiyamız var. Düşmən üçün də ən layiqli cavab elə budur. İnanırıq ki, biz yaxın gələcəkdə əzəli torpaqlarımızı işğaldan azad edərək düşmənə layiqli cavab verəcəyik.
Cənab Prezident, Azərbaycan gəncləri Sizin arxanızda dayanıb. Bizə güvəndiyiniz kimi Sizə güvənir və Sizi hər zaman dəstəkləməyə, yolunuzla getməyə hazırıq!
Amal ƏSGƏROV,
Azərbaycan Müəllimlər İnstitutunun (Sumqayıt filialı) IV kurs tələbəsi, YAP Gənclər Birliyinin fəalı
- Azərbaycan Prezidenti İlham Əliyevin AŞ PA-dakı çıxışına diqqət yetirərkən bir gənc kimi mənə ən çox xoş gələn cəhət cənab Prezidentin bu çıxışla Qərbə, eləcə də antiazərbaycan siyasəti yürüdən qüvvələrə ölkəmizin 90-cı illər Azərbaycanından çox kənar olduğunu, xalqla hakimiyyətin birlikdə olduğunu göstərməsi idi. Prezident həm də Avropaya göstərdi ki, bu gün onların qarşısında regional problemlər, siyasi intriqalar arasında boğulan ölkə yox, öz regionunun lider ölkəsi və bu gün Avropanın enerji ilə təmin edilməsində mühüm rol oynayan böyük nüfuz və söz sahibi olan bir dövlət var. Cənab Prezidentin qətiyyətli mövqeyi və zəngin diplomatik təcrübəsi zaldakı antiazərbaycançı qüvvələri o dərəcədə çaşdırdı ki, onlar sual-cavab vaxtı Azərbaycanda hec vaxt rast gəlinməyən problemlərə toxunurdular. Prezident İlham Əliyev isə verilən təxribatçı suallara dərindən düşünülmüş və heç bir qaranlıq nöqtəsi qalmayan cavablarla belə təxribatçılıq niyyətlərinin Azərbaycanı yolundan döndərməyəcəyini bildirdi, həm də antiazərbaycan siyasətinin əlaltılarını gülünc vəziyyətdə qoydu.
Bu çıxış ümumilikdə Azərbaycanın siyasi həyatından xəbər verir. Belə ki, artıq Azərbaycan güclü dövlətçilik və demokratik əsaslarla idarə olunan qüdrətli dövlətə çevrilmiş və bu günün Azərbaycanında istər iqtisadi, istərsə də mədəni həyatda dövlət dəstəyi açıq və aydın şəkildə hiss olunmaqdadır. Cənab Prezident bu çıxışı ilə bir daha göstərdi ki, Azərbaycan xalqı öz liderinə inanmaqda yanılmamışdır və dövlət başçısı hər bir sahədə olduğu kimi, siyasi arenada da ulu öndər Heydər Əliyevin layiqli davamçısıdır.
Əli QƏNBƏRLİ,
Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi, YAP GB-nin üzvü
- AŞ PA Avropada xüsusi çəkisi olan, oradakı insan hüquqlarının, demokratiyanın əsas müzakirə məkanına çevrildiyi siyasi qurumdur. Avropanın aparıcı dövlətlərinin üzv olduğu bu təşkilat demokratik imicini əsas tutaraq fəaliyyət istiqamətini müəyyən edir. Azərbaycan Avropanın aparıcı təşkilatı olan AŞ PA ilə bir çox sahələrdə əməkdaşlıq edir. Bu əməkdaşlığın əsası 21-ci yüzilliyin əvvəlində qoyulmuşdur. Heç şübhəsiz ki, bu əməkdaşlığın möhkəmləndirilməsi Azərbaycan tərəfinin qətiyyəti və demokratik dünya prinsiplərinə, əsas insan hüquq və azadlıqlarına sadiqliyi nəticəsində mümkün olmuşdur.
Bir neçə gün bundan öncə AŞ PA Azərbaycan münasibətlərində daha ehtiyatlı yanaşma tələb edən yeni münasibət formalaşmağa başladı. Bu münasibət AŞ PA-dan ölkəmizə qarşı daha diqqətli və dürüst mövqe sərgiləməyi tələb edir. Bu yanaşma Azərbaycan Prezidenti İlham Əliyevin Strasburqda AŞ PA-nın sessiyasındakı nitqindən sonra formalaşdı. Maraqları naminə qərəz olmayan yerdə qərəz axtaran avropalılar bu dəfə qərəzli mövqelərini ölkəmizə qarşı sərgiləyib, öz ölkələrində olan problemləri bizimki kimi təqdim etməyə başladılar. Amma onlar özləri də bilməzdilər ki, dövlətimizə qarşı yanlış münasibətə, qərəzli mövqeyə, əsası olmayan informasiyaları səsləndirdiklərinə görə peşman olacaqlar. Onların bu əsassız mövqelərinə münasibəti ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən, prezidentliyi dönəmində ölkəmizi dünya demokratiyasının, mədəniyyətinin, elminin, iqtisadiyyatının əsas mərkəzinə çevirmiş cənab İlham Əliyev bildirdi.
Əlbəttə, dahi şəxsiyyət Heydər Əliyev siyasi irsini tam dərk etmiş bir siyasətçinin Maykl Maknamara, Roj Bluanda, Flin, Bedro kimi sifarişçi siyasətçiləri asanlıqla susdurması təəccüblü deyildi. Fransa nümayəndə heyətindən olan Roj Bluandanın Azərbaycanda xarici ölkələrin çirkin sifarişlərini icra etməyə çalışan Leyla Yunusu müdafiə etməsi və əsassız olaraq ona qarşı polisin pis davranmasını söyləməsi onun məlumatsızlığından daha çox qərəzli mövqeyindən irəli gəlirdi. Azərbaycanda insan hüquqlarının lazımi səviyyədə qorunduğunu, bu sahədə hər cür əməkdaşlığa hazır olduğunu isbat edən faktlardan biri elə sessiya zamanı aydın oldu.
Ümumilikdə bu sessiya avropalılara göstərdi ki, Avropanın taleyüklü məsələlərinin həllində mühüm rol oynayan Azərbaycanla istədikləri kimi davranmaq olmaz, Azərbaycan insan hüquqları sahəsində dünyaya örnək ola bilən bir ölkədir, ölkə vətəndaşlarının legitim yolla seçdikləri Azərbaycan Prezidenti ən çətin məqamlarda belə ölkəsinin mövqeyini müdafiə etməyə qadirdir. Eləcə də bu sessiya Avropaya ölkəmizlə hesablaşmağın gələcək yollarını göstərdi. Avropalılar sessiya zamanı yaxşı başa düşdülər ki, Azərbaycan öz sədrliyi dövründə avropalılardan fərqli olaraq, demokratik dəyərlərin sözdə deyil, əməldə tətbiqçisi olacaq.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2014.- 2 iyul.- S.8.