Azərbaycan üzərinə götürdüyü öhdəlikləri
ardıcıl həyata keçirir
Prezident İlham ƏLİYEV: “Azərbaycanda
bütün azadlıqlar təmin edilir”
Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycana qarşı qərəzli mövqedə olan antiazərbaycançı şəbəkə və onların bəzi avropalı havadarları ənənəvi qarayaxma kampaniyası aparmaqla növbəti dəfə iç üzlərini göstərdilər. Onlara dəstək verən “sapı özümüzdən olan balta”ların ikrah doğuran hərəkətləri isə cəmiyyətdə haqlı narazılıq yaratdı.
Sessiyada antiazərbaycançı qüvvələrin siyasi sifariş əsasında yersiz və arqumentsiz çıxışları bu dəfə də bumeranq effekti verdi. Prezident İlham Əliyevin AŞ PA-nın sessiyasında Azərbaycanın inkişaf yolu, həyata keçirilən siyasi və iqtisadi islahatlar, müasir, demokratik cəmiyyət quruculuğu sahəsində əldə olunmuş mühüm uğurlar, respublikanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan nəhəng transmilli layihələrdən danışması həmin bədxah qüvvələrin “siyasi nokaut” vəziyyətinə düşməsinə gətirib çıxardı.
İrlandiyalı deputat Mikael Manknamaranın “siyasi məhbus” məsələsini gündəmə gətirməsi, eləcə də erməni havadarların dəstəyi ilə bir qrup təxribatçının pozuculuq fəaliyyətinin qarşısı çox ustalıqla və konkret arqumentlərlə alındı. Prezident İlham Əliyev sessiyada Azərbaycanın qəsdən ortaya atılmış təxribatın qurbanına çevrildiyindən təəssüfünü ifadə etdi: “Biz dəqiq bilirik ki, bunun səbəbləri heç də insan hüquqları, demokratiya, xüsusən də geopolitik məsələlərlə bağlı deyil. Sizin qəzetlərdə oxuduqlarınız Azərbaycana hücum etməkdə maraqlı qüvvələr tərəfindən təqdim edilib. Bir də deyirəm, Azərbaycanda siyasi məhbus yoxdur. O vaxt cənab Ştrasserin hazırladığı hesabat elə buradaca, bu zalda süquta uğramışdı. Çünki o hesabat böhtan xarakterli, yalan məlumatlar üzərində qurulmuşdu, siz indi eyni şeyi eşitmək istəyirsiniz. Siz assambleyanın mövqeyini dəyişmək istəyirsiniz, amma yenə təkrar edirəm ki, bizdə siyasi məhbus yoxdur”.
Avropadakı müəyyən dairələrin, xüsusən də antiazərbaycançı qüvvələrin sessiyadakı destruktiv addımları onların məqsədli və siyasi sifariş əsasında hərəkət etdiklərini bir daha göstərdi. İnsan hüquqları pərdəsi altında bu kimi halların təkrarlanması bəzi Avropa ölkələrinin “insan hüquqları”, “demokratiya” kimi dəyərlərdən sui-istifadə etdiyini, açıq-aşkar ikili standartlara yol verdiklərini sübuta yetirdi. Azərbaycan bu cür siyahıların müəyyən qərəzli qurumlar tərəfindən hazırlandığını və hüquqi-siyasi baxımdan tam əsassız olduğunu dəfələrlə bəyan edib və bunu konkret sübutlarla təsdiqləyib.
Prezident İlham
Əliyev sessiyada
çıxışında bildirib: “Avropa Şurasına qoşulmaq bizim düşünülmüş seçimimiz oldu. Çünki biz
islahatların genişləndirilməsi üçün
bu təsisatın üzvü
olmaq istəyirdik. Əlbəttə, bilirdik ki, Avropa
Şurasına qoşulmağımız, həmçinin
öhdəlikləri nəzərdə tutacaqdır. Biz isə bunlara hazır idik. Bu günə qədər
biz öhdəlikləri yerinə yetiririk. Biz demək olar ki, 60-a yaxın konvensiyaya qoşulmuşuq.
Qanunvericiliyimizi təkmilləşdirmişik.
Bu gün həyata keçirdiyimiz islahatlar cəmiyyətimizdə
çox müsbət mühit
yaradır. Fundamental azadlıqlara gəldikdə,
Azərbaycanda bütün azadlıqlar təmin
edilir. Siyasi fəaliyyət
azadlığı vardır. Yüzlərlə siyasi təşkilat, partiya
mövcuddur. İfadə
azadlığı, mətbuat azadlığı vardır.
Qırxdan artıq gündəlik və təxminən iki yüz həftəlik və
aylıq qəzet çıxır. Respublika
səviyyəsində doqquz televiziya kanalı vardır. On
dörd bölgə və on
dörd kabel televiziya kanalı fəaliyyət göstərir.
Bizdə azad internet vardır. Azərbaycanda internet istifadəçilərinin
sayı 70 faizdən artıqdır”.
Prezident
İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin
səmərəliliyini artırmaq
məqsədilə 2011-ci il dekabrın 27-də
imzaladığı sərəncamla
“Azərbaycan Respublikasında
insan hüquq və azadlıqlarının
müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində
Milli Fəaliyyət Proqramı”nı təsdiq
etmişdir. Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması
və demokratikləşmə
bu sahədə fəaliyyət göstərən
təsisatların quruculuğuna,
aidiyyəti problemlərin
həllinə və zorakılığın qarşısının
alınmasına yönəlmiş
davamlı bir proses kimi dərk
edilir. İnsan hüquqlarının müdafiəsi və demokratikləşmə spontan
şəkildə həyata
keçirilə və
bu sahədə mövcud standartlar tətbiq olunmayana qədər lazımi səmərə verə bilməz. Milli Fəaliyyət Proqramının
“İnsan hüquqları
sahəsində tədris,
elmi-analitik və maarifləndirmə tədbirləri”ndən
bəhs edən dördüncü fəslin
4.11-ci maddəsində insan
hüquq və azadlıqlarına mühüm
təhlükə yaradan
təcavüz, terrorçuluq,
korrupsiya, insan alveri kimi cinayətlərin
qarşısının alınması,
mədəniyyətlər və
dinlərarası dialoqun
uğurlarının təminatında
tolerant münasibətin rolu
xüsusi vurğulanır.
Əlbəttə, Azərbaycan müstəqilliyini bərpa etmiş dövlət kimi insan hüquq və azadlıqlarının təmini sahəsində ən yüksək nailiyyətlərə imza atdığını iddia etmir. Demokratiya təkcə institusional kateqoriya olmayıb, ilk növbədə, həyat və düşüncə tərzidir. Avropa da müxtəlif problemləri dəf edə-edə bu səviyyəyə gəlib çıxmışlar. Bu mənada son illərdə Azərbaycanda iqtisadi, siyasi və hüquqi sahələrdə əldə olunan nailiyyətlərlə yanaşı, həyata keçirilməsi zəruri olan işlər də var.
Həmin qüvvələr başa düşməlidirlər ki, Azərbaycan demokratik inkişaf yolunu Avropanın və Qərbin xoşuna gəlmək üçün seçməmişdir. Bu yol xalqımızın demokratiyanı bərqərar etmək, hüquqi dövlətin yüksək standartlarına nail olmaq əzmi ilə bağlıdır. Qərəzli iddialara, bəyanatlara baxmayaraq, respublikamız demokratiyanın şəksiz üstünlüklərini bundan sonra da gerçəkləşdirərək insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yolundan heç vaxt dönməyəcəkdir.
Avropa Şurası və digər beynəlxalq qurumlar Azərbaycanda cərəyan edən proseslər haqqında kifayət qədər geniş və obyektiv məlumat almaq imkanlarına malikdir. Avropa ölkələrinin böyük əksəriyyəti etiraf edir ki, Azərbaycanda son illərdə iqtisadiyyatın inkişafı, əhalinin sosial rifah halının yaxşılaşdırılması, hüquqi dövlət quruculuğu, ictimai-siyasi proseslərin demokratikləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə olunmuşdur.
Azərbaycana qarşı qərəzli mövqeyinin səbəbləri kifayət qədər üzdədir: son illərdə respublikamız iqtisadi və siyasi baxımdan kifayət qədər güclənərək regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətdir. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən Azərbaycan özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir. İqtisadi sahədə əldə olunan uğurlar ölkədə vətəndaşlarla iqtidarın mənəvi birliyini gücləndirməklə yanaşı, həm də ölkənin xarici siyasət sahəsində inamlı, qətiyyətli mövqeyini təmin edir.
Elnur HACALIYEV,
Azərbaycan.-2014.- 2 iyul.- S.8.