Korrupsiyaya qarşı mübarizə tədbirləri
gücləndirilir
Akademik Ramiz MEHDİYEV: “Azərbaycanda
olan yüksək səviyyəli qonaqlar respublikamızda
korrupsiyaya qarşı güclü mübarizə sisteminin
yaradıldığını bildirirlər”
Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın iqtisadiyyatı ildən-ilə sürətlə inkişaf edir. Məhz Azərbaycanın güclü iqtisadi inkişafından qaynaqlanan amillərlə əlaqədar korrupsiyaya qarşı mübarizə üsullarının da təkmilləşdirilməsi zərurəti yaranıb.
Ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulmuş, o cümlədən Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” və “Korrupsiya ilə əlaqədar mülki məsuliyyət haqqında”, Birləşmiş Millətlər Təşkilatının “Korrupsiyaya qarşı” konvensiyalarını imzalamaqla ölkəmizdə milli dövlətçilik ənənələrinə və müvafiq dünya standartlarının tələblərinə cavab verən qanunvericilik bazası formalaşmışdır.
Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi korrupsiyaya qarşı mübarizə sahəsində BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı mübarizə aparan Ofisi (UNODC), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (IAACA), Beynəlxalq Prokurorlar Assosiasiyası və digər beynəlxalq təşkilatlar, xarici ölkələrin hüquq-mühafizə orqanları və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumları ilə əməkdaşlıq edir.
Azərbaycan 2011-ci ildə beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biri olmuşdur. Beynəlxalq təşəbbüs kimi fəaliyyətə başlayan Açıq Hökumət Tərəfdaşlığının hədəfi dövlət idarəçiliyində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqini dəstəkləməkdir. Açıq Hökumət Tərəfdaşlığının prinsiplərini rəhbər tutan Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən öz fəaliyyətləri barədə məlumatların ictimaiyyətə daha geniş formada çatdırılması, qərarların qəbulu prosesində vətəndaş cəmiyyətinin rolunun artırılması, elektron xidmətlərin genişləndirilməsi və əhaliyə təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması üçün tədbirlər müəyyən edir.
Ölkəmizdə korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri nüfuzlu beynəlxalq qurumlar tərəfindən də diqqətlə izlənilir və vaxtaşırı bununla bağlı hesabatlar təqdim edilir. 2013-cü ilin sentyabr ayının 23-25-də Paris şəhərində OECD təşkilatının (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində 2010-2013-cü illərdə həyata keçirilmiş tədbirləri dəyərləndirən hesabat qəbul edilmişdir. Hesabatda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən siyasət ümumən təqdirəlayiq hesab edilmiş və bu sahədə əldə olunan nailiyyətlər vurğulanmışdır. Dəyərləndirmə Azərbaycanda antikorrupsiya siyasəti, antikorrupsiya qanunvericiliyi və korrupsiyanın qarşısının alınması istiqamətləri üzrə həyata keçirilmişdir.
2014-cü il mayın 14-dən Azərbaycan Respublikası Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir. Ölkəmiz sədr olduğu dövrdə korrupsiyaya qarşı mübarizəni prioritet elan edib və üzv ölkələrin qarşılaşdığı problemlərlə ciddi şəkildə məşğul olmaq niyyətini bildirib. İyunun 30-da Bakıda Azərbaycan hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakı ilə “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans keçirilib. Konfransda Avropa Şurasına daxil olan 35 ölkədən və 13 nüfuzlu beynəlxalq təşkilatdan 130-dan çox nümayəndənin iştirakı tədbirin böyük əhəmiyyət kəsb etdiyini bir daha göstərdi.
Prezident İlham Əliyevin Bakıda keçirilən “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubda deyilir: “Azərbaycan dinamik və dayanıqlı iqtisadi inkişafa nail olan müasir ölkədir. Həyata keçirilən siyasi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda demokratik və ədalətli cəmiyyət qurulmuş, şəffaf ictimai münasibətlər sistemi formalaşdırılmışdır. Dövlət idarəçiliyində səmərəliyin təmin edilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, elektron xidmətlərin inkişafı, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin başlıca istiqamətləridir. Azərbaycanda korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün möhkəm siyasi iradə mövcuddur. Ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulmaqla qanunvericilik bazasını tam müasirləşdirmiş və institusional islahatlar həyata keçirmişdir”.
Prezident İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib. 2012-2015-ci illəri əhatə edən fəaliyyət planları Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, açıq hökumət prinsiplərinin təşviq edilməsi məqsədini daşıyır.
Ölkə başçısının təşəbbüsü ilə məmurların ümdə vəzifəsi hesab etdiyi vətəndaşlara dövrün tələblərinə müvafiq sivil xidmət göstərmək və yeni müasir, sosialyönümlü innovasiyaların tətbiqindən ibarət Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində “ASAN xidmət” mərkəzlərinin yaradılması mühüm antikorrupsiya tədbirlərindən biridir. Dövlətlə vətəndaş arasında təmas əlaqə xətti olan bu qurum korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində mühüm addım olmaqla onun əsas hədəfi vətəndaş-məmur təmas nöqtələrinin minimuma endirilməsindən, xidmətlərin keyfiyyətinin artırılmasından, icra müddətlərinin qısaldılmasından, vaxt itkisinin azaldılmasından ibarətdir. Artıq bu dövlət qurumunun geniş fəaliyyəti vətəndaşların daha çox və tez-tez müraciət etdiyi xidmət sahələri üzrə narazılıqların məmnunluqla əvəz olunmasına gətirib çıxarmış, ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, artıq bir Azərbaycan brendinə çevrilmişdir. Bu gün Azərbaycan standartları bir çox ölkələr üçün əsl nümunədir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri akademik Ramiz Mehdiyev konfransda çıxışı zamanı bir çox ölkənin korrupsiyaya qarşı mübarizə sahəsində yaxşı təcrübə qazandığını vurğulamışdır. Prezident Administrasiyasının rəhbəri ölkəmizdə də korrupsiyaya qarşı mübarizə sahəsində çox böyük təcrübə qazanıldığını, Azərbaycan Prezidentinin sərəncamı ilə mühüm qurumların yaradıldığını diqqətə çatdırmışdır. Akademik Ramiz Mehdiyev bu qurumlar arasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, dünyada nadir təcrübə olan “ASAN xidmət”in əhəmiyyətini xüsusi vurğulamışdır. Prezident Adminstrasiyasının rəhbəri bildirib: “Azərbaycanda olan yüksək səviyyəli qonaqlar “ASAN xidmət”in fəaliyyətini böyük maraqla müşahidə edirlər, bu qurumun işini yüksək qiymətləndirirlər, respublikada korrupsiyaya qarşı güclü mübarizə sisteminin yaradıldığını bildirirlər. “ASAN xidmət”in yaradılmasını və onun fəaliyyətini Azərbaycan vətəndaşları da böyük razılıqla qarşılayırlar”.
Korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir, bu sahədə ardıcıl və praktiki tədbirlər həyata keçirilir. Ötən on ildə hüquqa və ədalətə söykənən sivil cəmiyyət quruculuğu prosesi uğurla davam etdirilərək korrupsiyaya qarşı mübarizə tədbirlərinin miqyası daha da genişləndirilmişdir.
Elnur HACALIYEV,
Azərbaycan.-2014.- 3 iyul.- S.2.