Azərbaycan polisinin yaranmasının 96-cı

 ildönümü təntənəli mərasimlə qeyd edilmişdir

 

İyulun 2-də Azərbaycan polisi yaranmasının 96-cı ildönümünü qeyd edir. Bu münasibətlə Daxili İşlər Nazirliyinin rəhbərliyi, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə tər çiçək dəstələri qoymuşlar.

 

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunmuş, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsi yad olunmuş, “Əbədi məşəl” abidəsi önünə gül dəstələri qoyulmuşdur.

Daha sonra Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin peşə bayramına və 2013/2014-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Milli Məclisin deputatlarının, yerli icra və hüquq-mühafizə orqanları rəhbərlərinin, Olimpiya Oyunlarının, dünya çempionatlarının mükafatçıları olan daxili işlər orqanları əməkdaşlarının, məzunların valideynlərinin, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin də iştirak etdikləri tədbirdə nazir müavini polis general-leytenantı Əsgər Ələkbərov şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri general-polkovnik Ramil Usubova raport vermişdir.

Sonra nazir Polis Akademiyasının sıra meydanında təntənəli mərasimlə əlaqədar düzülmüş müəllim və müdavim heyətini əlamətdar hadisələr - Azərbaycan Polisi Günü və tədris ilinin buraxılışı münasibətilə təbrik etmişdir.

Əvvəlcə mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Mərasimdə Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.

Nazir general-polkovnik Ramil Usubov təntənəli mərasimdə çıxış edərək demişdir ki, demokratik prinsiplərin və ənənələrin varisliyinə əsaslanan ümummilli lider Heydər Əliyev 1998-ci ildə imzaladığı fərmanla iyulun

2-ni Azərbaycan Polisi Günü elan etmişdir. Çoxminli asayiş keşikçiləri nəslinin vətənə və xalqa xidmətlərini özündə əks etdirən, mərdlik, şücaət və qəhrəmanlıqlarla zəngin olan bu tarix 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində asayişi mühafizə dəstələrinin yaradılması ilə başlanmış, həmin dövrdə polis cümhuriyyətin formalaşmasında, milli mənafelərin qorunmasında xüsusi rol oynamış, sovet hakimiyyəti dönəmində isə ictimai-siyasi quruluşun bütün ziddiyyətlərinə baxmayaraq, böyük inkişaf yolu keçmiş, faşizmə qarşı müharibədə fəal iştirak etmişdir.

Qeyd edilmişdir ki, bu dövrün ən əhəmiyyətli mərhələsi ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər olmuşdur. Daxili İşlər Nazirliyi təşkilati cəhətdən möhkəmlənmiş, şəxsi heyət yüksək peşə hazırlığı əldə etmişdir. 1980-ci illərin sonlarında daxili işlər orqanları özünün birbaşa funksiyalarını həyata keçirməklə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən milli müdafiə vəzifələrini də layiqincə yerinə yetirmişdir.

Bildirilmişdir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yaranmış mürəkkəb vəziyyət, ölkə həyatının bütün sahələrini bürümüş hərc-mərclik və özbaşınalıq hüquq-mühafizə strukturlarından da yan keçməmişdi. Respublikamız yeni bərpa etdiyi müstəqilliyini itirmək təhdidi ilə üzləşmiş, vətəndaşlarımızın azad və təhlükəsiz şəraitdə yaşamaq hüququ  pozulmuşdu.

Belə ağır vəziyyətdə xalqımızın təkidi ilə 1993-cü ilin iyununda Azərbaycanın siyasi rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev ölkəni vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas etmiş, müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu ideologiyasının, habelə milli inkişaf modelinin əsasını qoymuşdur.

Ümummilli liderin 1994-cü ildə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərman isə ölkədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə çox uğurlu bir başlanğıc vermişdir. Ulu öndərin rəhbərliyi və nəzarəti altında görülən tədbirlərlə əllərdə olan on minlərlə odlu silah yığılmış, yüzlərlə cinayətkar dəstə zərərsizləşdirilmiş, bir çox təhlükəli və xüsusilə ağır cinayətlərin, o cümlədən terror aktlarının, dövlət çevrilişinə cəhdlərin qarşısı alınmışdır. Qısa müddətdə cinayətkarlığın dinamikasında müsbət dəyişikliklər müşahidə olunmuşdur. Artıq 2002-ci ildə ölkədə qeydə alınan cinayətlərin açılması 1992-ci illə müqayisədə 67 faizdən 95 faizə yüksəlmiş, ümumi cinayətlərin sayı 31 faiz, bağlı qalmış cinayətlər 13 dəfə azalmışdır.

Bununla yanaşı, ümummilli lider daxili işlər orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olan, o cümlədən təşkilati-struktur dəyişiklikləri, ictimai asayişin, insan hüquq və azadlıqlarının qorunması, şəxsi heyətin sosial müdafiəsi kimi mühüm məsələləri əhatə edən 34 qanun, 100-dən çox fərman və sərəncam imzalamışdır.

Sabitliyin etibarlı qorunmasının həyati vacibliyini xüsusi vurğulayan Heydər Əliyev deyirdi: “1995-ci ildən bu yana cinayətkarlıqla mübarizə aybaay, ilbəil güclənib, genişlənibdir. İndi Azərbaycanda insanlar əmin-amanlıq, rahatlıq şəraitində yaşayırlar. Bu, bizim dövlətimizin siyasətinin, ardıcıl surətdə həyata keçirilən tədbirlərin nəticəsidir. Bu, eyni zamanda, hüquq-mühafizə orqanlarının,  o cümlədən Daxili İşlər Nazirliyinin gördüyü işlərin, fəaliyyətinin nəticəsidir”.

Respublikamızın ərazi bütövlüyü uğrunda mübarizədə Azərbaycan polisinin 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olmuş, 1710 nəfər yaralanmış, 68 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür. Bununla bərabər, müstəqillik illərində cinayətkar qrup və dəstələrə qarşı mübarizədə, asayişin qorunmasında 94 əməkdaşımızın həlak olması, 2405 nəfərin xəsarət alması da asayiş keşikçilərinin fədakarlığının və gərgin əməyinin əyani təsdiqidir.

Nazir qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev 2003-cü ilin oktyabrında Prezident seçildikdən sonra Azərbaycanda başlanmış yeni inkişaf mərhələsi Daxili İşlər Nazirliyinin, onun struktur və qurumlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi ilə nəticələnmişdir.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş dövlət proqramı əsasında nazirliyin strukturunun və normativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə əhəmiyyətli işlər görülmüşdür. Ötən 11 ildə fəaliyyətin qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması, cəmiyyətin maraqlarına tam cavab verməsi məqsədilə 332 fərman və sərəncam imzalanmışdır. Bu dövrdə nazirliyin büdcəsi 11 dəfə artmışdır ki, onun da 72 faizi sosialyönümlüdür. Nazirliyin aparatının struktur qurumları, ərazi polis orqanları və Daxili Qoşunlar üçün 319 sosial obyekt tikilmiş, 3 mindən çox avtomobil alınmışdır.

Diqqətə çatdırılmışdır ki, cinayətlərin qarşısının alınması, açılması, istintaqı, təqsirləndirilən şəxslərin axtarışı, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair istiqamətlər üzrə 40-a yaxın informasiya sistemi yaradılmışdır. Dövlət proqramlarına uyğun olaraq, nazirliyin strukturlarının və yerli qurumlarının işində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkili, informasiya əldə olunmasının asanlaşdırılması, etik davranış qaydalarının təkmilləşdirilməsi ilə bağlı konkret tədbirlər görülmüşdür və bu iş bu gün də davam etdirilir. Nazirliyin “102” və “902” “Qaynar xətt”ləri, veb saytı və elektron poçt ünvanı daxil olan müraciətlərin dərhal nəzarətə götürülərək operativ həllinə xidmət etməkdədir. Vətəndaşlara şəxsiyyəti təsdiq edən sənədlərin, sürücülük vəsiqələrinin, məhkumluq haqqında arayışların verilməsində çevikliyin təmin edilməsi məqsədilə bu işlər “ASAN xidmət” mərkəzlərində də həyata keçirilir.

Nazir demişdir ki, müasir dövrün çağırış və təhdidləri cinayətkarlığa qarşı mübarizədə yeni, daha səmərəli formaların tətbiqini və davamlı təkmilləşməsini tələb etdiyindən kadr heyətinin peşəkarlıq səviyyəsinin artırılması prosesi daimi əsaslarla həyata keçirilir. BMT, NATO, Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumların təşkil etdiyi müxtəlif forum və müşavirələrdə 6 minə yaxın əməkdaş və hərbi qulluqçu iştirak etmiş, təcrübə mübadiləsi aparılmışdır. Xarici ölkələrin aidiyyəti dövlət strukturları ilə əməkdaşlıq çərçivəsində hər il onlarla gənc Türkiyənin Polis və Hərbi akademiyalarına, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin hüquq universitetlərinə, Böyük Britaniyanın, Çin Xalq Respublikasının və digər dövlətlərin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilir. Orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali hüquq təhsilli əməkdaşların xüsusi çəkisi 1992-ci illə müqayisədə 2,4 dəfə artaraq cari ildə 80 faizə yüksəlmişdir. Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əlaqələrimizin rolu da böyükdür. Bu gün Türkiyə, Rusiya, Gürcüstan, İran, ABŞ, Avstriya, Almaniya, Fransa, Çexiya, Macarıstan, Polşa, İsrail və b. ölkələrin daxili işlər nazirlikləri ilə yaradılmış işgüzar münasibətlər tərəflərin maraqlarına uyğun inkişaf edir.

Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq həyata keçirilən kompleks tədbirlər, o cümlədən vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində sistemli fəaliyyət struktur qurumlarda və hissələrdə qanunçuluğu əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir. 2013-cü ildə və cari ilin ötən dövründə 31 mindən çox ərizə və şikayət araşdırılmış, eləcə də nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda və respublikanın müxtəlif bölgələrində 7 minə yaxın vətəndaş qəbul edilmişdir. Bütün müraciətlər üzrə qanunvericiliyə uyğun zəruri tədbirlər görülmüş, əksəriyyəti yerində həll olunmuşdur.

Daxili işlər naziri ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizənin və ictimai qaydanın nümunəvi təmin edilməsinin uğurlu nəticələri barədə mərasim iştirakçılarına ətraflı məlumat vermişdir. Vurğulanmışdır ki, artıq neçə illərdir Azərbaycan ictimai asayişin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. Respublikamızda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 10 ildə orta hesabla 231 fakt olmaqla əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır. Bu dövrdə cinayətlərin orta illik açılması 90 faiz olmuş, 3 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, axtarışda olan 37 mindən çox təqsirləndirilən şəxs tutulmuşdur. Əllərdə qanunsuz saxlanılan 12 mindən artıq odlu silah yığılmışdır.

Məqsədyönlü profilaktik tədbirlər sayəsində qeydə alınan hüquqazidd əməllərin 90 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edir. Bütün bunlar ölkədə uğurla gedən quruculuq işlərinin, iqtisadi yüksəlişin, digər dövlət strukturları, əhali və vətəndaş cəmiyyəti institutları ilə səmərəli işgüzar əlaqələrimizin müsbət nəticələridir.

Nazir xidməti vəzifələrin icrasında yaxından köməyinə görə vətəndaşlara, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, hökumətin, Milli Məclisin, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların rəhbərlərinə və nümayəndələrinə dərin minnətdarlığını bildirmiş, həmçinin gənc əməkdaşların formalaşmasında və təcrübə əldə etməsində böyük işlər görən veteranlara təşəkkür etmiş, ən xoş arzularını yetirmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan Prezidentinin yüksək diqqət və qayğısı sayəsində nazirlik sistemində gedən inkişaf proseslərinə paralel olaraq, xüsusi təyinatlı təhsil müəssisələri də beynəlxalq təcrübəyə uyğun təkmilləşmişdir. Ötən il polisin yaranmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Mən çox şadam ki, polis orqanlarında islahatlar uğurla gedir, peşəkarlıq artır. Əminəm ki, Polis Akademiyasında hazırlanan kadrlar əsl peşəkarlar olacaqlar”. Daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatında həlledici rol oynayan Polis Akademiyası bu gün ölkəmizin yüksək reytinqə malik ali təhsil ocaqlarından birinə çevrilmişdir.

General-polkovnik Ramil Usubov Polis Akademiyasında beş il mükəmməl təhsil almış, müxtəlif biliklərə yiyələnmiş, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunması kimi çətin, lakin çox şərəfli bir peşəni seçmiş müdavimlərə aldıqları nəzəri bilikləri praktikada uğurla tətbiq etmələrini, qanunçuluğun fəaliyyətlərinin ən əsas və toxunulmaz prinsipi olmasını, peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını, xalqa sədaqətləri ilə polis adını həmişə uca tutmalarını tövsiyə etmişdir.

Nazir akademiyanı müvəffəqiyyətlə bitirmələri münasibətilə müdavimləri, onların valideynlərini və yaxınlarını bir daha ürəkdən  təbrik etmiş, həmçinin bu təhsil müəssisəsinin rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkürlərini çatdırmışdır.

İctimai asayişin qorunmasında və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqlənən şəxsi heyətin fədakar əməyinin dövlət başçısı tərəfindən həmişə yüksək qiymətləndirildiyini, müstəqillik dövründə Daxili İşlər Nazirliyinin 992 əməkdaşının və hərbi qulluqçusunun dövlət mükafatlarına layiq görüldüyünü xatırladan nazir bu peşə bayramı ərəfəsində də Azərbaycan Prezidentinin sərəncamları ilə 42 əməkdaşın orden və medallarla təltif edildiyini, 3 rəhbər vəzifəli şəxsə ali xüsusi rütbələrin verildiyini diqqətə çatdırmışdır.

Daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək dəyərləndirdiyinə görə bütün şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlığını bildirən nazir Ramil Usubov dövlət başçısını əmin etmişdir ki, daxili işlər orqanları qanunla müəyyən edilmiş funksiyaları, qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən ali etimadı - andına sadiqliyi xalqına, vətəninə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaqdır.

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov əlamətdar hadisələr - Azərbaycan Polisi Günü və tədris ilinin buraxılışı münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırmışdır.

Fuad Ələsgərov qeyd etmişdir ki, polis orqanları 96 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrilmiş, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynamışdır. Bu dövr ərzində Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə qətiyyətli addımlar atmış, qanunun aliliyinin, insanların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması kimi çətin vəzifənin öhdəsindən layiqincə gəlmişdir.

Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizdə yaranan mürəkkəb vəziyyət, hərc-mərclik, səriştəsiz rəhbərlik nəticəsində ölkəmizdə dövlətçiliyin itirilməsi təhlükəsinin yarandığını söyləyən şöbə müdiri xalqın tələbi ilə siyasi rəhbərliyə qayıdan ümummilli lider Heydər Əliyevin qanunçuluq və dövlətçilik prinsiplərini rəhbər tutaraq ictimai-siyasi sabitliyin təmin olunmasına, dövlətçiliyin qorunub saxlanmasına, demokratik hüquqi dövlətin möhkəm əsaslar üzərində qurulmasına nail olduğunu demişdir.

Prezident Administrasiyasının şöbə müdiri 1990-cı illərin ortalarından ölkəmizdə həyata keçirilən islahatların və quruculuq işlərinin 2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni, daha təkmil və sürətlə davam edən mərhələsinin başlandığını bildirmişdir. Böyük tərəqqi ilə nəticələnən və cəmiyyətdə çox müsbət qarşılanan nailiyyətlər dövlətin mühüm təsisatlarından olan Daxili İşlər Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsinə mühüm təkan vermişdir. Müasir dövrün çağırışlarına cavab olaraq nazirliyin üzərinə qoyulan vəzifələrin dairəsinin genişləndiyini qeyd edən Fuad Ələsgərov polisin inkişafına dövlət qayğısının daha da artdığını, cinayətkarlığa qarşı mübarizənin və asayişin mühafizəsinin yeni formalarının tətbiq edilməsi üçün informasiya-kommunikasiya texnologiyaları ilə təminatın gücləndirildiyini bildirmişdir.

Son on ildə Azərbaycan Prezidenti tərəfindən polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə göstərilən diqqətin daha da artdığını vurğulayan şöbə müdiri bu istiqamətdə 9 sərəncamın imzalandığını qeyd etmişdir.

Akademiyanı fərqlənmə ilə bitirmiş polis baş leytenantı Xosrov Şükürov müdavimlərə olan diqqət və qayğıya, aldıqları mükəmməl təhsilə görə nazirliyin rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkür etmiş, onlara göstərilən yüksək etimadı öz fəaliyyətləri ilə doğruldacaqlarını bildirmişdir.

Tədbirin sonunda daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara - İlkin Almazova, Həbib Həbibliyə və Xosrov Şükürova diplomları və “polis baş leytenantı” xüsusi rütbələrinin paqonlarını təqdim etmişdir.

Akademiyanı əla qiymətlərlə başa vurmuş Rüstəm Xanhüseynov yaş kötüyünə rəmzi xatirə lövhəsini vurmuşdur.

Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilmişdir.

Müdavimlər “Azərbaycan polisi” marşını ifa etmişlər.

Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçmişdir.

 

AzərTAc

Azərbaycan.-2014.- 3 iyul.- S.3.