İlk əməkdaşlıq proqramı imzalanmışdır

 

İyulun 2-də Vyetnam Sosialist Respublikasının mədəniyyət, idmanturizm naziri Hoanq Tuan Anhın rəhbərlik etdiyi nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.

AzərTAc xəbər verir ki, görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev may ayında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında nümayəndə heyətinin Vyetnama rəsmi səfəri zamanı iki ölkə arasında əməkdaşlığa dair mühüm sənədlərin imzalandığını bildirmişdir.

Nazir Vyetnam nümayəndə heyətinin ölkəmizə səfərinin müvafiq sahələrdə əməkdaşlığın inkişafına öz dəyərli töhfəsini verəcəyini demişdir.

Bu səfərin reallaşmasında göstərdikləri fəallığa görə hər iki ölkənin səfirliklərinə təşəkkürünü bildirən nazir Əbülfəs Qarayev Vyetnam nümayəndə heyətinin təkcə paytaxtımızla deyil, həm də respublikamızın regionları ilə tanış olmaq imkanından məmnunluğunu ifadə etmişdir.

Vyetnam nümayəndə heyətinin ölkəmizə səfərindən Azərbaycan Prezidenti İlham Əliyevin məlumatlı olduğunu deyən nazir Əbülfəs Qarayev dövlət başçısının salamlarını qarşı tərəfə çatdırmışdır.

Görüşdə təcrübə mübadiləsinin vacibliyindən də danışılmış, bir-birindən uzaq məsafədə yerləşən hər iki ölkənin müasir qloballaşma şəraitində əməkdaşlığının əhəmiyyəti vurğulanmışdır.

Vyetnam Sosialist Respublikasının mədəniyyət, idmanturizm naziri Hoanq Tuan Anh xalqlarımızın dostluğundan söz açmış, Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi səfərinin ölkəsində unudulmaz təəssürat yaratdığını demişdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Vyetnam xalqına göstərdiyi köməyi xatırladan qonaq bunun heç vaxt unudulmayacağını demişdir.

Görüşdə Azərbaycan-Vyetnam əlaqələrinin perspektivləri müzakirə olunmuşiki ölkə arasında mədəniyyət sahəsində ilk əməkdaşlıq proqramı imzalanmışdır.

Proqramı Azərbaycan tərəfindən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Vyetnam tərəfindən bu ölkənin mədəniyyət, idmanturizm naziri Hoanq Tuan Anh imzalamışlar.

 

Azərbaycan.-2014.- 3 iyul.- S.4.