Azərbaycanın xarici
işlər naziri Çin
Beynəlxalq
Tədqiqatlar
İnstitutunda çıxış etmişdir
Azərbaycan
Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov
Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində
iyulun 2-də Çin Beynəlxalq Tədqiqatlar İnstitutunda
“Azərbaycan Respublikasının xarici siyasətinin prioritet
istiqamətləri” mövzusunda təşkil olunmuş tədbirdə
çıxış etmişdir.
Tədbirdə Çinin aparıcı elmi-tədqiqat müəssisələrinin tədqiqatçıları və mütəxəssisləri iştirak etmişlər.
Nazir Elmar Məmmədyarov ölkəmizin xarici siyasətinin prioritet istiqamətləri, uğurlu iqtisadi inkişaf modeli, həyata keçirilən siyasi, iqtisadi və sosial islahatlar, icra edilən infrastruktur layihələri barədə ətraflı məlumat vermişdir.
Azərbaycanın coğrafi mövqeyinin strateji əhəmiyyəti haqqında danışan Elmar Məmmədyarov coğrafi mövqeyin, geosiyasi və geostrateji amillərin ölkəmizin xarici siyasətinin istiqamətlərinin formalaşmasında mühüm rol oynadığını vurğulamışdır.
Nazir Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən nəqliyyat-kommunikasiya layihələri barədə danışaraq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini qeyd etmiş, bu layihənin mal dövriyyəsinin artırılması və regionda yaşayan xalqların rifahının yaxşılaşdırılması üçün əlverişli imkanlar yaradacağına əminliyi bildirmişdir.
Azərbaycanın davamlı iqtisadi inkişaf göstəricilərinə malik olduğunu deyən Elmar Məmmədyarov Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi maliyyə təsisatlarının hesabatlarında ölkəmizin iqtisadiyyatının sabit və sağlam şəkildə xarakterizə olunduğunu bildirmiş, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası haqqında məlumat vermişdir.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri barədə danışaraq Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin rəsmi Yerevan tərəfindən hələ də icra edilmədiyini vurğulamışdır.
Nazir tədbir iştirakçılarının Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın region ölkələri və Avropa İttifaqı ilə münasibətləri, Yaxın Şərq və Mərkəzi Asiya regionundakı vəziyyət, qlobal və regional proseslərlə bağlı ölkəmizin mövqeyi haqqında suallarını cavablandırmışdır.
Şahin Cəfərov
AzərTAc-ın xüsusi müxbiri
Pekin
Azərbaycan.-2014.- 3 iyul.- S.4.